Fəzilət

Əbədiyyətə qədər davam edəcək olan ruhun üçün həmişə yeni-yeni şərəflər, məqamlar axtar! Qazandığın şərəfi itirməmək üçün də həmişə diqqətli ol!

* * *

Əgər bir cəmiyyətdə çirkinlərin və çirkinliklərin çoxalıb inkişaf etməsinə göz yumulur, gözəllər və gözəlliklər quldurlar kimi təqib olunur, həqiqət və fəzilət aşiqləri təhqir edilib təzyiqə məruz qalır, əxlaqsızlıq rahatlıqla hər yerə girə bilirsə, o ölkədə fəzilət üçün yaşayanlara yerin altı, üstündən daha xeyirlidir.

* * *

Fəzilət, insanların təqdir edib, heyvanların xoşlanmadığı; rəzalət də, insanların ürpərib uzaqlaşdıqları, heyvanların heç çəkinmədən etdikləri davranışlara deyilir ki, bu qısa tərif yerindədir.

* * *

Din, millət, vətən, namus və dövlət kimi yüksək məfhumlara duyulan şiddətli məhəbbət,alicənab ruhların işidir. Onlar, bu yüksək həqiqətləri ayaqaltına almaz, tapdalatmaz; lazım olanda tərəddüd etmədən bu uğurda sevə-sevə ruhlarını fəda edərlər. Belə bir ruh ucalığından məhrum olan talesizlər isə, buna divanəlik deyərlər.

* * *

Fəzilət, bəzi durum və şərtlərə görə zərərə səbəb olsa da, yenə fəzilətdir. Onu əhəmiyyətsiz görüb, ondan peşmanlıq duymaq, hər zaman haqsızlıqdır. Fəzilət üzündən gələn zərərlər, yenə fəzilətlə uzaqlaşdırılmağa çalışılmalıdır.

* * *

Fəzilət, haqq edilən hörmətə əhəmiyyət verməmə; qürur(təkəbbür) isə, layiq olmadığı yerlərdə belə hörmət gözləmə ruh halətidir. Fəzilət dilə gələrkən, qürur, mənliyin bağrına sığınıb iztirabla qulaq asar.

* * *

Keçmiş böyüklərimizi xeyirlə yad etmək onların haqqı, bizim üçün də qədirbilənliyin ifadəsidir. Çünki onların hər biri milləti bəsləyən kök kimidirlər; onları çürütməyə çalışmaq, milləti şərəfli keçmişindən ürküdüb uzaqlaşdırmaq deməkdir.

* * *

Gözəl ad qazanmış insanları təqdir edən və onları hörmətlə yad edənlər, bir gün mütləq hörmətlə yad edilərlər. Belə insanları tənqid etməklə və gözdən salmaqla məşhur olmaq istəyənlər isə, çox pis bir şöhrət qazanarlar...

* * *

Özünü dərk etmək, bəsirət; sadəcə özünü görmək isə, korluqdur. Özünü dərk edən həm Haqqa, həm də xalqa yaxınlaşar; özünü görən isə, mənliyindən başqa hər şeydən uzaqlaşar.

* * *

Keçmişə aid səhvləri nəzərə alıb onlardan dərs almaq və keçmişdəki insanları bir ölçüdə bağışlayıb onlarla məşğul olmamaq ağıllı bir davranış, gərəksiz yerə keçmiş və keçmişdəkiləri qaralamaq isə bir növ axmaqlıqdır.

* * *

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.