Hikmət damlaları və ya Fəlsəfənin “məncəsi”
Acizlik yalnız qüvvətsiz və iqtidarsızlıq deyildir. Nə qədər qüvvətli və istedadlı insanlar var ki, dəyələndirilib istifadə edilmədiyindən aciz mövqeyindədirlər.
* * *
İşığı özündən olanların ziyasını zülmətlə söndürmək mümkün olmadığı kimi, başqa bir ziya ilə də məğlub etmək mümkün deyildir. Bu işıq mənbəyi ömür boyu par-par yanar və ətrafı işıqlandırar.
* * *
Ağıl özünü imanla süsləməyənlərə cəza alətidir.
* * *
Görüb edən bilib edən qədər müvəffəq ola bilmədiyi kimi, bilib edən də vicdanən duyub edən qədər müvəffəq ola bilməz.
* * *
Yalnız pulsuzluq deyil, elmsizlik, düşüncəsizlik, hünərsizlik də kasıblıqdır. Elmsiz, fikirsiz, hünərsiz varlılar da bir mənada kasıb sayılırlar.
* * *
Bəzən eynəklər gözün, göz ağılın, ağıl bəsirətin, bəsirət vicdanın, vicdan da ruhun müşahidə mənfəzi və görmə vasitəsidir.
* * *
Dəlixanada ən acınacaqlı insan ağıllı insandır. Dəli bizim içimizə girsə, acınacaqlı vəziyyətə düşər. Hər kəs dəlidir, amma dəlilik keyfiyyəti fərqlidir.
* * *
Bəşəriyyət bir ağacdır; millətlər də onun budaqları.. sərt küləklərə bənzər hadisələr onları bir-birinə vurdurur, vuruşdurur. Şübhəsiz, zərər də ağaca dəyir. "Kim nə edir, özünə edir"in mənası da elə budur.
* * *
Gecələr insanın tərəqqisi, bəşəriyyətin xoşbəxtlik və səadəti üçün açılmış meydandır. Ali fikir və yüksək əsərlər daima o qaranlıq bətndə böyümüş və bəşəriyyətə bəxş edilmişdir.
* * *
Məna aləminə səyahətə dəvət edilənlər sübh çağı yola tökülənlərdən seçilmişdir.
* * *
Mədə həzm olunmayan və faydasız qidaları çölə atır, sonra da üzünə tüpürür. Zaman və tarix də faydasız insanları...
* * *
Pas dəmirin, qurğuşun almazın, səfillik də ruhun düşmənidir. Bu gün olmasa da, sabah mütləq onu çürüdər və məhv edər.
* * *
Hər sarı qızıl, hər parlayan işıq, hər axan su deyil...
* * *
Hər bir sel əhəmiyyət verilməyən kiçik damcılardan meydana gəlir və qarşısıalınmaz olur. Toplumun bünyəsi də daim bu kimi sellərə məruz qala bilər; bəzən bu sel "bənd" olmaq istəyənləri də sürüyib aparar.
* * *
Mədəniyyətsizə elmi, həqiqəti izah etmək dəlilərlə məşğul olmaq qədər çətin olsa da, irşad ərənləri bunu sevə-sevə etməlidir.
* * *
Ən təhlükəli bəla üzə gülə-gülə gələndir.
* * *
Həqiqəti hər kəs eyni səviyyədə anlaya bilmədiyinə görə, təcrid yolu deyil, təşxis (canlandırma) və təmsil yolu seçilmişdir.
* * *
Şikayət həmişə zaman və məkandan edilir. Halbuki əsl günahkar cəhalətdir. Zaman və fələk məsum, insan isə çox nankor və cahildir.
* * *
Vətən orman deyil, bağdır. Orada meyvəli fidan və çiçəkləri çoxaltmaq zəruridir.
* * *
Bağı alaq otlarına qurban verib sonra da, "Ah fələk!" deyib şikayət edənə nə deyəsən..!?
* * *
O qədər günəşli, çəmənli, çiçəkli, tərtəmiz yollar var ki, ölü çöllərə aparır. Və neçə-neçə tikanlı sarp cığırlar var ki, gedib siratın Cənnət sahilinə çıxır.
* * *
Ən böyük hikmətlərdən biri guman ki, "İnsan dilinin altında gizlənib" sözüdür... Məncə, bundan daha üstünü, "Dost istəyirsənsə, Allah yetər; yoldaş istəyirsənsə, Quran" kəlamıdır.
* * *
İnsanlar idrakı və idrak olunanı bilirlər, amma idrak edəni bilmirlər. Bilən ruhdur, ağıl vasitə, görən ruhdur, göz vasitə...
* * *
Hərəkət əqli və ya təbii səbəblərlə meydana gəlirsə, heyvani, iradi və vicdani səbəblərə söykənirsə, ruhi və insanidir.
* * *
Yoxluq qorxunc bir “heç”dir. Heçlik elə sonsuz və ağılalmaz bir meydandır ki, onda varlıqdan xəbər verən bir zərrə də tapmaq mümkün deyil.
* * *
İndi dindara "təəssübkeş (fanatik)" deyirlər. Təəssübkeşlik, batil fikirləri kor-koranə israrla müdafiə etməkdir. Haqı müdafiədə israrlı olmaq fəzilətdir və möminin elə davranışı da qətiyyən fanatizm deyil.
* * *
İlahi mənbəyə əsaslanmayan fəlsəfə düşüncənin iflasıdır.
* * *
Həqiqi fəlsəfə ancaq və ancaq Allahın insanı hikmətə sövq etməsi ilə meydana gələn bir ruh və düşüncə keşməkeşidir.
- tarixində yaradılmışdır.