Kültür
* * *
Kültür bir cəmiyyətin dil, tərbiyə, adət-ənənə və sənət kimi duyğularından meydana gəlmiş, sonra da tədricən o cəmiyyətin həyat tərzinə çevrilmiş hər hissəsi çox vacib olan əsasların cəmidir. Bu əsasları görməməzliyə vurmaq korluq, cəmiyyəti onlardan uzaqlaşdırmağa cəhd etməksə, onu yolsuz, üsulsuz hala gətirib çaş-baş qoymaq deməkdir.
* * *
Kültür millətlərin az-çox bir-biri ilə təması nəticəsində bir yönü ilə mədəniyyət kimi, bir cəmiyyətdən digər cəmiyyətə də keçə bilər. Ancaq bu keçişdə milli ruh süzgəcləri yaxşı işləməz, lazımi təsfiyə (saflaşdırma, durultma; süzmə) görülməz, bir-bir seçilməzsə, nəticədə kültür və mədəniyyət böhranı qaçılmaz olar.
* * *
Həqiqi kültür həqiqi din, yüksək əxlaq, fəzilət və həzm olunmuş elmin qazanında qaynaya-qaynaya kamilləşər. Dinsizlik, əxlaqsızlıq və cəhalətin hakim olduğu bir atmosferdə nə həqiqi mədəniyyətdən bəhs etməyə imkan, nə də o atmosferdə yetişən insanın bu qaynaqdan faydalanmasına şərait var.
* * *
Başqa millətlərin kültür və mədəniyyəti ilə guya gərdəyə girib öz varlıq və bəqasını davam etdirməyə çalışan toplumlar budaqlarına başqasına aid meyvələr asılmış ağaclar kimidirlər ki, bu, həm gülünc, həm də aldadıcıdır.
* * *
Kültür millət və cəmiyyətin təbiətindən doğulur və inkişaf edir. Bir ağacın çiçək və meyvələri nədirsə, toplumun mədəniyyəti də odur. Öz kültürünü kamilləşdirə bilməmiş və ya onu itirmiş millətlər meyvə verə bilməmiş və ya meyvələri tökülmüş ağaclara bənzəyirlər. Bu gün olmasa da, sabah kəsilib odun kimi istifadə edilməsi qaçılmazdır.
* * *
Hər millətin həyatında "kültür" çox əhəmiyyətli yerə malikdir. Bir millətin keçmişi ilə iç-içə və ruh kökünə möhkəm bağlı olan bir "kültür" o millətin yaşama və yüksəlmə yollarını açar və işıqlandırar. Əksinə, hər gün müxtəlif anlayış və düşüncə ilə ziqzaqlar yaşamaq o milləti çürüdər, yerlə-yeksan edər.
- tarixində yaradılmışdır.