Məşvərət

"Bir bilənə soruş! İki məlumat, bir bilgidən xeyirlidir."

Məşvərət - qərarların məqsədəuyğun verilə bilməsi üçün ilk şərtdir. Bir məsələ haqqında yaxşıca düşünülmədən, başqalarının fikir və tənqidləri nəzərə alınmadan verilən qərarlar çox vaxt faydasız olur və uğursuzluqla nəticələnir. Düşüncələrində qapalı, başqalarının fikrinə hörmət etməyən "sərbəst bir insan", hətta dahi də olsa, hər düşüncəni məşvərətə ərz edən başqa bir insana nisbətən daha çox yanılır.

* * *

Ən ağıllı insan məşvərətə ən çox hörmət edən və başqalarının fikirlərindən ən çox istifadə edən insandır. Görəcəyi işlərdə öz düşüncələri ilə kifayətlənən və hətta onları başqalarına da qəbul etdirməyə çalışan təcrübəsiz, yetişməmiş insanlar ətrafından həmişə nifrət və ikrah görərlər.

* * *

Gözəl nəticələrin əldə edilməsinin ilk şərti məşvərət olduğu kimi, pis aqibət və məğlubiyyətlərdən qorunmanın əhəmiyyətli bir səbəbi də, dostların yüksək fikirlərindən istifadəyə laqeyd yanaşmamaqdır.

* * *

Bir işə başlamazdan əvvəl lazımlı olan hər məsləhət edilib tədbirdə qüsura yol verilməməlidir ki, nəticədə başqalarını günahlandırma və qədəri tənqid etmə kimi, müsibəti artıran səhv yollara gedilməsin. Bəli, bir şeyə təşəbbüs göstərməzdən əvvəl aqibəti yaxşıca düşünüb təcrübəli insanlarla görüşülməzsə, nəticədə xəyalların puç olması və peşmançılıq qaçınılmaz olar.

* * *

Əvvəli-axırı ətraflı düşünülmədən başlanmış o qədər iş var ki, bir addım irəliyə gedə bilməməklə yanaşı, o işə təşəbbüs göstərənlərin etibarını itirmələri ilə nəticələnmişdir. Bəli, ağlına gələn hər işə əl atan, buna bənzər səhv yollarla içinə düşən boşluqlara görə, edə biləcəyi şeylərdə də tez-gec ümidsizliyə düçar olar.

* * *

İnsan örtməkdə aciz olduğu qapıları qətiyyən açmamalıdır. Yoxsa, açılan qapıdan içəriyə sızan şərlər, gulyabanilər həm başqalarını tələf edər, həm də onun şərəfini, izzətini götürüb aparar. Çoxbilmişlik edib heç kəslə məsləhətləşmədən bəzi sevdalara qapılmış bir çox insan var ki, hərəkətə gətirdikləri ilanlar tərəfindən həm sancılmış, həm də sıradan çıxarılmışdır. Kaş ki, sıradan çıxan sadəcə özləri olsa idi..!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.