Qadın
Uşaqların təlim və tərbiyəsi, ailə yuvasının nizam-intizamı, əmin-amanlıq və ahəngi baxımından insanlıq məktəbinin ilk müəllimi qadındır. Qadına yeni-yeni məqamlar axtarıldığı dövrümüzdə Qüdrət əlinin ona bəxş etdiyi bu müstəsna və özünəməxsus mövqeyin xatırladılması, ümid edirik ki, bəzi boş və mənasız axtarışların qarşısını alacaq.
* * *
Namuslu, tərbiyəli və yuvasına bağlı bir qadının olduğu ev Cənnət guşələrindən biridir və orada eşidilən səslərin, nəfəslərin huri-qılman nəğmələrindən və Kövsər şırıltısından fərqi yoxdur. Ìnsan bəzən zinətinin altında əzilən bir qadın görəndə öz-özünə: “Görəsən, o, qadının əsl zinəti olan namus, iffət və fəzilətə də bu qədər dəyər verirmi?” −deyə düşünür.
* * *
Qadını mələklərdən də ülvi edən və onu misilsiz bir yaquta çevirən məhz onun daxili ənginliyi, iffət və vüqarıdır. Ìffəti dillərdə dolaşan qadın qəlp pul, vüqarsız, izzətsiz isə istehza edilən bir müqəvvadır ki, belələrinin kəsif atmosferində nə salam yuvadan, nə də sağlam nəsillərdən danışmaq mümkündür.
Xəmiri fəzilətlə yoğrulmuş bir qadının olduğu xanədə (yuvada) o, büllur bir çilçırağa bənzər. Onun hər tərpənişində evin dörd guşəsində işıqlar rəqsə başlar. Öz ruhi-mənəvi aləmində qaranlıq düşüncələrə təslim olmuş qadın qiyafəli bəxtsizə gəlincə, o elə bir duman və çən mənbəyidir ki, ayağı dəyən hər yer çirkaba batar.
* * *
Qadının yeganə stolüstü kitabı ictimai tərbiyə kitabı olmalıdır ki, hələ də belə bir kitabın ən mükəmməli yazılmamışdır.
* * *
Babalarımız “Qadının əlində iynə, döyüşçünün əlində nizə kimidir” deyərdilər. Bu bənzətmə yerində və mübaliğəsizdir.
* * *
Tarixdə qadının həzz əşyası, əyləncə mövzusu və reklam ünsürü olduğu dövrlər az deyildir. Ìndiyə qədər məhz bütün bu talesiz dövrlər onun oyanıb, özünü yeniləməsi və inkişaf etdirməsinin başlanğıcı olmuşdur.
* * *
Fəzilətli qadının bəzəyi, zinəti namus və iffətdir, ən təqdirəlayiq və heyrət doğuran xüsusiyyəti isə ictimai tərbiyəsi və ərinə sədaqətidir.
Oğlana “mahdum”, qız uşağına da “kərimə” deyərdilər. Bu kəlmələr “göz bəbəyi”” mənasında olub, çox qiymətli, qiymətli olduğu qədər lazımlı, lazımlı olduğu qədər də ən zərif bir varlığı bütün əhəmiyyəti ilə ifadə edir.
* * *
Yaxşı qadın – dilində hikmət, ruhunda zəriflik və lətafət, hərəkətlərində hamıya hörmət və izzət təlqin edən qadındır ki, aşina nəzərlər onun bu müqəddəs cəhətini sezərək bəşəri qaynaqlı daxili böhranlarını ibrət və təfəkkürə yozarlar.
* * *
Vücudu ilə inkişaf etdiyi halda, qəlb və ruh tumurcuqlarını inkişaf etdirməyən qadın müəyyən müddət başlarda gəzən çiçək çələngləri olsa da, onun tezliklə solub xəzana dönməsi, ləçək-ləçək tökülüb ayaqlar altında əzilməsi qaçılmazdır. Bu, əbədiləşmə yolunu tapa bilməyənlər üçün necə də kədərli aqibətdir…!
Qadın ləkəyə layiq olmayan müqəddəs cövhərdir. Ümidvarıq ki, gələcəyin elm, ürfan və həqiqətlə yetişdirilmiş xoşbəxt nəsilləri onu göz bəbəyi kimi qoruyacaq.
* * *
Bizim qadınımız milli şərəf və nəcabətimizin də ən sağlam bünövrə daşıdır. Uzun, şanlı və şərəfli keçmişimizin inşa edilməsində onun rolu düşmənlə əlbəyaxa vuruşan mücahidlərin rolundan heç də az olmamışdır.
* * *
Ruhunda kamilliyə çatan bir qadının yetişdirdiyi xeyirli nəsillər sayəsində yuvası daim sevincə qərq olar və insanın daxilini, ruhunu fərəh hissi ilə dolduran ətirlər saçar. Məhz bu ətirlərin əsdiyi axirət məkanı hər cür tərif və təsəvvürün fövqündə bir Cənnət bağçasıdır.
* * *
Qəlbini iman nuru, zehnini də elm və ictimai tərbiyə şüuru ilə işıqlandıran bir qadın evinə hər gün yenidən tikirmiş kimi yeni-yeni gözəlliklər bəxş edər. Səfeh və axmaqlar isə ailələri dağıdıb xarabaya, məzara çerirərlər.
* * *
Qadın bulaşıq bir qab, qiymətsiz bir filiz parçası deyil. Demək ki, onun yeri də bulaşıq qabların, filiz parçalarının yanı deyildir. O, misilsiz bir brilyantdır və sədəf döyməli qutularda mühafizə edilməlidir.
* * *
Qadın zəriflik, lətafət və həssaslıqda tayı-bərabəri olmayan məxluqdur. O bu xüsusiyyətləri ilə öz təbiət və fitrətinin çərçivəsində qaldığı müddətdə yuvasına, beləliklə də, öz cəmiyyətinə faydalı ola bilər.
* * *
Bu günə qədər feministlərin qadınların adından irəli sürdüyü bütün təkliflər onu qabalaşdıran, alçaldan və təbiətini deformasiyaya uğradan təkliflər olmuşdur. Lakin qadın varlıq zəncirində çox əhəmiyyətli bir həlqədir və onun ən əhəmiyyətli cəhəti də öz fitrət və təbiətinin hüdudlarına hər zaman sadiq qalmasıdır.
- tarixində yaradılmışdır.