Sənət
Sənət tərəqqinin ruhudur, duyğuları inkişaf etdirən ən mühüm yollardan biridir. Bu yoldan məhrum bəxtsiz insanlar isə məfluc insantək ömürlərini “yarımcan” keçirərlər.
* * *
Sənət gizli xəzinələri kəşf edib açan sehrli bir açardır. Bu qapılar arxasında fikirlər surət libasına bürünər; xəyallar isə cismaniləşər.
* * *
İnsanları dənizlərin sonsuzluğunda və dərinliyində, səmaların yüksəklik və maviliklərində gəzib-dolaşdıran bir düşüncə varsa, o da sənətdir. Sənət sayəsində insan yerin, göyün ənginliyində yelkən açar, fövqəl zaman və fövqəl məkan hiss və duyumlara çatar.
* * *
Bəşər hissiyyatına ən yüksək hədəfi göstərib həssas ruhları dərinlərə nüfuz etdirən amillərin başında sənət durur. Sənət olmasaydı, insanın ixtira dünyasında hazırkı mövcud gözəlliklərin heç birini görə bilməzdik. Və o atəşin sənətkarlar da bütün layihə, plan və fikirlərlə torpağa gömülüb gedərdilər...
* * *
İnsanoğlunun daxili dərinliyini təsvir edən ən birinci mənzərə sənətdir. Bəli, sənət sayəsində ən dərin duyğu və düşüncələr, ən heyrətamiz təsbitlər, ən səmimi arzular zamana həkk edilərək ölümsüzləşdirilir.
* * *
Sənətlə imanın dostluğu sayəsində bu möhtəşəm dünya şaha qalxmış məbədləri, şəhadət barmağıtək məna aləminə yüksələn minarələri, hər biri bir bəyan olan mərmərlərə həkk olunmuş rəsm və motivləri, çeşid-çeşid xəttatlıq nümunələri, işıl-işıl təzhibləri, solmayan işləmələri və kəpənək qanadlarına bənzər gözəl naxışları ilə gözəllik qalereyasına çevrilmişdir.
* * *
Həqiqi elm özünü sənətlə ortaya qoyar. Sənətlə bağlı hər hansı bir əsər ortaya qoya bilməyən insan çox şey bilməsi də mümkün deyil.
* * *
İnsan istedadının canlılığı sənət ruhu ilə yaxından bağlıdır. Sənətsiz insan ölü olmasa da, diri də deyil.
* * *
Sənətkar ruhların təsdiq etmədiyi, onlar tərəfindən rəğbət göstərmədiyi bütün sənət əsərləri şəkil ilə ruhu bir-birindən ayıra bilməyən nümunələrdir.
* * *
Sənət əsərinə göstərilən rəğbət bilavasitə ona deyil, onun ruhundakı sənət və məharətədir.
* * *
Dəmiri qızıldan, misi bürüncdən qiymətli edən sənətdir. Bəli, sənət sayəsində ən dəyərsiz mədənlər qızıl, gümüş və almazdan daha qiymətli olur.
* * *
Düşüncə dünyamızın bütün incəsənət əsərləri nəcib sənətkar ruhların bəşəriyyətə ölümsüz ərməğanı olduğu kimi, vaxtı bizə göstərən saatdan zəif görən gözlərimizə işıq verən eynəklərə, uzaq məsafələri yaxınlaşdıran telefonlardan dünyanın dörd tərəfindəki səsləri, surətləri cəlb edib əks etdirən televiziyalara, bizi bir yerdən başqa yerə aparan qatar, avtobus və təyyarələrdən kosmik gəmilərə qədər bəşəriyyət üçün səadət və rifah gətirən bütün vasitələr də bu incə ruhlu sənətkarların əsərləridir.
* * *
Sənətdən uzaq bütün ruhların varlığı da, yoxluğu da birdir. Onların nə özünə, nə ailəsinə, nə millətə faydası olar. Əksinə zərəri toxunar.
- tarixində yaradılmışdır.