Tərbiyə
Bizdə, "Uşaq əzizdir, tərbiyəsi isə ondan da əzizdir", -deyə bir söz var; necə də doğru sözdür!
* * *
Uşaq tərbiyəsində ana-ata, pəhrizli insan kimi olmalı və tərbiyədə ölçüyə dəqiq riayət etməlidirlər.
* * *
0-5 yaş arası şüuraltının ən açıq olduğu dövrdürsə, bu dövrdə uşaqlara yaxşı nümunə üçün nə edilsə dəyər.
* * *
Hər insanın gələcəyi uşaqlıq və gənclik çağlarındakı münasibət və təsirlərlə sıx əlaqəlidir. Uşaqlar və gənclər yüksək duyğularla coşub yüksələcəkləri bir iqlimdə yetişsələr, zehni və əqli durumları etibarilə canlı, əxlaq və fəzilət etibarilə də nümunə olmağa namizəd sayılırlar.
* * *
İnsan, duyğuları boş, faydasız şeylərdən uzaq olduğu nisbətdə insandır. Ürəyi mənfi duyğuların təzyiqi altında, ruhu eqoistliyin məngənəsinə ilişmiş şəxslər, insan surətində görünsələr də əslində nə olduqları düşündürücüdür. Tərbiyənin bədənə aid olan qismini hər kəs bilə bilər, amma əsl lazım olan fikri və hissi tərbiyəni isə anlayan çox azdır. Halbuki, birinci növ tərbiyə ilə daha çox fizikən güclü insanlar, ikinci üsulla isə ruh və məna insanları yetişər.
* * *
Bir millətin islahına pisləri məhv etməklə deyil, nəsilləri milli mədəniyyət və milli tərbiyə ilə insanlığa yüksəldərək xidmət edilməlidir. Din, tarix şüuru və adət-ənənələr xəlitəsindən ibarət müqəddəs bir toxumu yurdun hər künc-bucağında cücərtmədikdən sonra, məhv edilən hər pisin yerində bir neçəsi yenə ot kimi bitəcək.
* * *
Uşaqlara oxudulacaq kitablar, istər şeir olsun istərsə də nəsr olsun, düşüncəyə qüvvət, ruha mətanət, ümid və əzmə güc verəcək mahiyyətdə olmalıdır ki, iradələri möhkəm, fikirləri sağlam nəsillər yetişsin...
* * *
Qız uşaqlarının gələcəkdə dünyaya gətirəcəkləri uşaqların tərbiyəsinə görə, bir çiçək kimi nəzakətli, incə və şəfqətli yetişdirilməsi əsas olmaqla birlikdə, haqq düşüncəsinə sahib çıxmaları baxımından da mənən polad kimi olmalarına diqqət yetirilməlidir. Yoxsa, yalnız nəzakət və incəlik naminə onların miskin, aciz, iradəsiz kimi formalaşmasına səbəb olarıq.
* * *
Tərbiyə başdan ayağa gözəllikdir və kimdə olursa olsun təqdir edilməlidir. Bəli, cahil də olsa, tərbiyəlidirsə, sevilməyə layiqdir. Milli mədəniyyət və milli tərbiyədən məhrum millətlər kobud, cahil və avara fərdlərə bənzərlər ki, bunların nə dostluğunda vəfa, nə də düşmənliklərində ciddiyət olar. Belələrinə etimad edənlərin həmişə xəyalları puç olar; bunlara söykənənlər, gec-tez dəstəksiz, arxasız qalarlar.
* * *
Bir usta yanında tələbəlik etməmiş və sağlam bir qaynaqdan tərbiyə almamış mürəbbi və mürəbbiyələr (pedaqoq) başqalarının yollarına fənər tutan korlar kimidirlər. Uşaqda müşahidə olunan arsızlıq, ərköyünlük, qoynunda inkişaf etdiyi qaynağın bulanıq olmasından meydana gəlir. Ailədəki duyğu, düşüncə və hərəkət intizamsızlığı uşağın ruhuna əks edər. Təbii ki, ondan da cəmiyyətə...
* * *
Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və milli mədəniyyət üzərində də durulmalıdır ki, vətəni cənnətə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. Təlim başqa, tərbiyə başqadır. İnsanların çoxu müəllim ola bilər, amma mürəbbi ola bilən çox azdır.
* * *
Ən vacib olduğu halda ən az üzərində durulan dərslər milli mədəniyyət və milli tərbiyə dərsləridir. Bir gün bu yolu izləməyə başlasaq, millətin tərəqqisi üçün ən məqsədəuyğun qərarı vermiş olacağıq.
* * *
Şair, yaradılışdan elə şairdir. İmruul-Qeys heç məktəb görməmişdir. Enşteyn məktəbdən qaçarmış, çünki düşüncəsi başqa idi. Nyuton riyaziyyatdan zəif qiymət alarmış, amma nəzəriyyəsini riyaziyyat üzərinə qurmuşdur. Biz el-aləmin qazanı içində öz çömçəmiz ilə qarışdırmağa çalışırıq.
* * *
Ruhları aynalar kimi parlaq, fotoaparat cihazları qədər sürətli qeyd götürən uşaqların ilk məktəbləri, öz xanələri, ilk tərbiyəçiləri də analarıdır. Gələcək anaların yaxşı bir tərbiyəçi olaraq yetişdirilmələri bir millətin varlığı və gələcəyi üçün ən mühüm bir əsasdır.
* * *
- tarixində yaradılmışdır.