Tərəqqi

Bir millətin inkişaf edib dirçəlməsi o millətin fərdlərinin fikir və hiss planda tərbiyə almasından asılıdır. Düşüncə və daxili aləmi inkişaf etməmiş fərdlərdən ibarət millətlərin tərəqqi etməsi də qeyri-mümkündür.

* * *

Millətlərin yüksəlməsi üçün fərdlərin qayə və hədəfdə həmrəy olması şərtdir. Birinin ağ dediyinə digərinin qara dediyi bir cəmiyyətdə gah sağa, gah sola meyillər olsa da, yüksəlmə və inkişafdan söhbət gedə bilməz.

* * *

Müştərək tərbiyə görməmiş nəsillər aldıqları fərqli kültürə görə hər zaman ayrı-ayrı təbəqələrə bölünmüş və bir-birinə düşmən gözü ilə baxmışlar. Öz içində belə didik-didik olmuş bir cəmiyyətdən tərəqqi gözləmək xəyal olmasa da, bunun gerçəkləşməsi olduqca çətindir.

* * *

Hər tərəqqi əvvəlcə təsəvvür və düşüncə şəklində ortaya çıxır, sonra kütlələrə mənimsədilir; daha sonra isə, əl-ələ və könül-könülə vermiş fərdlərin himməti ilə həyata keçirilir. Əksinə düşüncə planında elmə söykənməyən və ya ifadə edilməmiş hər tərəqqi həmləsi nəticəsiz qalmağa məhkumdur.

* * *

Bir şeyin daha təmiz, daha parlaq, daha nizamlı və daha yaxşısı onun tərəqqi etmiş formasıdır. Buna görə, var olanla kifayətlənmə ətalət, mövcud vəziyyəti aşaraq daha intizamlı, daha səviyyəli əsərlər ortaya qoymaq isə tərəqqidir.

* * *

El-obanı quraqlığa, bağ-bağçanı zibilliyə çevirmək alçaqlıq və tənəzzül; quraqlığa su çiləmək, zibilliyi də bağ-bağçaya çevirmək bir tərəqqidir. İnkişaf etmiş millətlərin torpaqları cənnət, dağları bağ, məbədləri də sanki möhtəşəm bir saraydır. Bunun əksinə, geridə qalmış ölkələrin şəhərləri xaraba, küçələri zibillik, ibadətxanaları da kifli bir dəhlizdir.

* * *

Cəmiyyətin inkişaf edib yüksəlməsində oxuma yazmanın rolunun böyük əhəmiyyət kəsb etməsilə yanaşı, nəsillər milli mədəniyyətlə müəyyən bir istiqamətdə tərbiyə edilmədiyi üçün gözlənilən nəticəni əldə etmək mümkün olmamışdır və ola bilməyəcək də...

* * *

Hər tərəqqi həmləsi mövcud vəziyyətin yaxşı dəyərləndirilməsinə və keçmiş nəsillərin təcrübəsindən istifadə edilməsinə əhəmiyyət verildiyi nisbətdə gözəl nəticə verir. Əksinə, yeni nəsil əvvəlki nəslin təcrübəsindən istifadə etməyi düşünmür və özünə görə bir yol tutub gedirsə, bu gülünc davranışlarla didişsələr də bir addım yol gedə bilməzlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.