Uşağın haqları
İnsan yaradılarkən həyat yoldaşı ilə birlikdə var edilmişdir. Onun tək başına qaldığı dövr yox deyiləcək qədər azdır. Bu şəkildə, varlığa göz açarkən həyat yoldaşı ilə birlikdə yaradılmaq insan üçün izdivacın fitri olduğunu göstərir. Bu fitri vəzifədə ən mühüm məqsəd isə "tənasül"dür. Buna görə də, nəsillərin yetişdirilməsi məqsəd olmadan qurulan ailə bir əyləncə və macəra, bu evlilikdən dünyaya gələn uşaqlar da bir anlıq hissin qurbanı olan talesizlərdir.
* * *
İnsan nəsli ancaq insanla davam edər, qəlb və ruhun həyat səviyyəsinə doğru qanadlanmış insanla... Tərbiyə görməmiş, mənəvi dünyasını inkişaf etdirə bilməmiş və dolayısilə insanlığa yüksələ bilməmiş nəsillər Adəm soyundan gəlsələr belə, insanlığını itirmiş məxluqlardır. Belələrinə ana və atalıq edənlər isə bağrında insan yox vəhşi böyüdən bədbəxtlərdir.
* * *
Ana-atanın övladlarını fəzilətlərlə yetişdirdikləri nisbətdə onlara "övladımız" deməyə haqqı varsa da, laqeydliyə məhkum edilmiş övladlar haqqında belə bir iddiada olmaq qətiyyən müvafiq deyil. Hələ ona əyri yolları göstərib onu insanlıqdan uzaqlaşdırırlarsa...
* * *
Bir millətin davamı və gələcəyi yaxşı yetişdirilmiş nəsillərə bağlıdır; milli varlığı və milli ruhu mükəmməl nəsillərə... Millətlər gələcəyini əmanət edə biləcəyi mükəmməl bir nəsil yetişdirə bilməyiblərsə, gələcəyi qaranlıq deməkdir. Şübhəsiz ki, nəsillərin yaxşı yetişdirilməsində ən birinci vəzifə, ana və atalara düşür.
* * *
Ana-ata uşaqlarına sahib çıxıb onların duyğu və düşüncələrini həm özləri, həm də cəmiyyətə faydalı olacaq şəkildə inkişaf etdirsələr, millətə yeni və sağlam bir fərd qazandırmış olarlar. Əksinə, onun insani duyğularına laqeyd yanaşıblarsa, cəmiyyətin içinə hər hansı bir təhlükəli cani salmış sayılırlar.
* * *
Bir ağac budandığı, gübrələndiyi zaman, bir canlı da qeydinə qalındığı müddətcə həm səmərə verər, həm də nəslini davam etdirər. Baxılmadığı zaman isə ağac cırlaşır, canlı da faydasız bir varlığa çevrilir. Bəs min bir istedad və qabiliyyətlə dünyaya göndərilən insan? Görəsən, bir ağac qədər də olsa əhəmiyyət verilib qeydinə qalınmalı deyilmi?
* * *
İnsanoğlu! Uşağı dünyaya gətirən sənsən. Ülvi aləmlərə layiq səviyyəyə yüksəltmək də sənin vəzifəndir. Onun bədən sağlamlığına əhəmiyyət verib üzərində titrədiyin kimi, qəlb və ruh həyatı üçün də titrə, mərhəmət et, qurtar o biçarəni Allah üçün! Və puç olub getməsinə fürsət vermə!
* * *
- tarixində yaradılmışdır.