Ziddiyyətlər
Duyğu və düşüncədə saflaşıb özünə qayıtmağı, insani istedadlarını inkişaf etdirib rəbbaniləşməyi (elmi ilə əməl edən arif) düşünürsən; cismani zövqlərdən qurtulub bəhimi arzulara üsyan etmədən bu necə mümkün olacaq..!?
* * *
Könül həyatında "Tövhid"ə çatmağı və ruhani zövqlərə qərq olmağı arzulayırsan; içində min bir pis duyğu dolaşarkən və sən hər yol ayrıcında cismani həzlərinə "buyur" deyərkən bu necə mümkün olacaq..!?
* * *
Qanadlanıb pərvaz etməni, yüksəlib mənəvi aləmlərə qanad çalmağın xəyallarını qurursan; uşaq kimi bu dünyanın kir-pasına bağlı qalırsansa, bu necə mümkün olacaq..!?
* * *
Üfüqündə elə hey yeni şəfəqlərin saçıb tüllənməsini gözləyirsən; uca ideallarla könlünü süsləmədən, kükrəyib keçmiş yerini almadan və bir haray olub dünyanın bağrında inləmədən bu necə mümkün olacaq..!?
* * *
Əsrlərdən bəri üst-üstə yığılmış problemləri həll etmək istəyirsən; əzm deyib, ümid deyib o yolda illərlə, əsrlərlə getməyə qərarlı olmadıqdan sonra bu necə mümkün olacaq..!?
* * *
Vətənin yüksəlməsindən, xalqımızın xoşbəxtliyindən danışırsan; məktəb, kazarma, xanəgah (ruhu) üçlüyü ilə nəsilləri qanadlandırıb, bütün şeytan üçbucaqlarının üzərinə yürümədikcə bu necə mümkün olacaq..!?
* * *
Könlüncə var olmağa və duyğu dünyan etibarilə həyatdan kam almağa darıxırsan; gün batana qədər orucunu pozmadan bu bəzmi davam etdirməsən, bu necə mümkün olacaq..!?
* * *
Dünya dövlətlərinin boyun bükərək əmrinə tabe olmasını istəyirsən; özünə gəlib miskinliyi üstündən atmadan, şahlanıb bir Fateh və Yavuz olmadan bu necə mümkün olacaq..!?
* * *
Daim gözlərdə və könüllərdə olmağı, alqışlanıb göylərə yüksəldilməyi ümid edir və təmənna edirsən; hər gün əlli dəfə əhdü-peymanını pozduqdan sonra bu necə mümkün olacaq..!?
* * *
Özünü nöqsansız və qüsursuz görür və hər kəsin də bunu belə bilməsini istəyirsən; hər gün çiynində min günahla cəmiyyət içindəki bu halınla və davranışlarındakı bu əsassızlığınla bu necə olacaq..!?
- tarixində yaradılmışdır.