Yenidən Diriliş Keyfiyyəti

Məhşər, bəşər övladının əsas (ruh - tərcüməçi) və cəsəd etibarı ilə diriləcəyi bir yerdir. “Qur’ani-Kərim” məsələni bizə təqdim edərkən ayrı-ayrı təsvirlər halında da olsa bu şəkildə təqdim edir. Ruhun əhəmiyyət kəsb etdiyi yerdə ruhdan, cəsədin əhəmiyyət kəsb etdiyi yerdə də cəsəddən bəhs edilmişdir.

”Ey səadətə çatan nəfs! Razıedici və razı edilmiş (gördüyün işlərlə Allahı məmnun etmiş və aldığın nemətlərlə Allah tərəfindən məmnun edilmiş) olaraq Rabbinə dön! (Yaxşı ) qullarımın arasına gir! Cənnətimə gir!” (“Fəcr”, 89/27-30) deyərkən, sadəcə ruhun Cənabi-Haqqa dönüşünü və qayıdışını izah edir. Ancaq Qqiyamətin ümumi təsvirində, baharın, agaçların, maddi və bərk cismlərin misal verilməsində bədənlərin və cəsədlərin həşr və nəsr olacağı dilə gətirilir.

Biz burada bu kimi məsələlər barədə münaqişə edib iki ayri görüşdə olanların dəlillərini təhlil etməyəcəyik. İslam alimləri arasında bir-iki adam “həşr yalnız ruhlara məxsusdur,” desə də, alimlərin böyük əksəriyyəti ruh və cəsədin bir yerdə həşr olacağı fikrində həmrəydirlər.

Bundan başqa, “cəsəddəki zərrələrin hamısımı, yoxsa insanın rüşeyimi mahiyətində olan əsl zərrələrmi həşr olacaq?” məzmunundakı sualların və şərhlərin uzun-uzadı təfsilatına da girişməyəcəyik. Bu mövzuda İmam Qəzali ilə İmam Fəxrəddin ər-Razi arasında ortaya fərqli düşüncələr atılmışdır. Biz həşrin həqiqətinə “Qur’an” və hədislərin izah etdiyi şəkildə inanır və məsələnin bizə aid olmayan yönünü Cənabi-Haqqın elminə havalə edirik.

Cənnət və Cəhənnəm iki mühüm nəticədir. Cənabi-Haqqın isim və sifətləri hər ikisini də gərəkli edir və inanan adam üçün hər ikisi - Cənnət də, Cəhənnəm də Allahın mərhəmətidir. ”Rəhman” Surəsindəki: ”İkinizin də üzərinə atəşdən yalın alov və qıpqırmızı bir tüstü (yaxud ərimiş mis) göndərilər, özünüzü qoruya bilməzsiniz. İndi Rabbinizin hansı nemətlərini yalanlayırsınız?“ (“Rəhman”, 55/35,36) Ayəsi bizə bunu başa salır.

Onların üzərinə atom bombasının partlayışındakı və ya günəşin mərkəzindəki hərarət kimi (bu təsvir sizə bir fikir, müqayisə olsun deyə təqdim edilir) qorxunc atəşlər yağdırılacaq. Beləcə “Qur’ani-Kərim” belə bir atəşin yağdırılmasının ardınca dərhal cin və insana “Rəbbinizin hansı nemətlərini yalanlarsınız?” deyə xitab edir. Burada haqqında bəhs edilən nemət nədir? Əgər Cəhənnəm bütün dəhşətilə insanın içində bir ürpərti əmələ gətirir, möminin həyatını tənzim etmək məqsədilə ona bir fikir verirsə, artıq bu, onun üçün bir nemətdir.

Cənnət ülvi duyğulu insanlar üçün onları yüksək zirvələrə sövq edən amil olduğu kimi, Cəhənnəm də səviyyəsi yetrəli həddə çatmamış insanların ondan qorxmaları baxımından həyatlarını ciddi bir nəzarət altına almalarına səbəbdir. Bəli, Cəhənnəm təhlükəli bir yolda yandırılmış atəş kimidir, insanı o yola düşməkdən qoruyur. Cənnət isə düz yola açılmış bir süfrədir, insanı o yola dəvət edir. Beləliklə, hər ikisi də nəticəni düşünə bilən insanlar üçün ayrı-ayrı nemətlərdir.

“Qur’ani-Kərim”də Cənnət və Cəhənnəm həqiqəti yüz iyirmidən çox yerdə bəhs edilir, ümumi və ya müfəssəl qaydada başa salınır. Söz anlamyanlara həm Cəhənnəmi həm də Cənnəti təsvir edərkən ruh və cəsəd bərabərliyinə də işarə edir. Cənnətə girən insanın siması gülüş içindədir və bu, ən xoşbəxt olmağın ifadəsidir. Bir də orada ürəyinin istədiyi hər cür yeməklər və içkilər hazırdır. Ətrafı dünyadakı xanımları ilə yanaşı, həm də saysız-hesabsız hurilərlə doludur. Bunlar isə yalnız aid yönü ilə Onun verdiyi nemətlərin bir hissəsidir.

Cəhənnəm əhlinin peşimançiliq çəkmələri, vicdanlarını qanadan iztirabların hamısı ruhidir, ancaq, alov-alov atəşin içinə girmələri, əzabın təzələnməsi üçün yanan dərilərinin yerinə dərhal başqa dəri geydirilməsi və əzalarının öz əleyhlərində şahidlik etməsi kimi xüsusiyyətlər isə tamamilə cəsədə məxsus əzab növləridir.

Bizim bu başlıq içində Cənnət və Cəhənnəm mövzusuna toxunmamız, yalnız ruh və cəsəd birliyi, bərabərliyi haqqında “Qur’ani-Kərim”in verdiyi işarələrə diqqətinizi cəlb etmək üçündür. Yoxsa, bu mövzu ayrı, müstəqil və uzun bir mövzudur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.