Ramazanın ruhani iqlimindən istifadə
Məlim olduğu kimi bəzi mübarək gün, ay və gecələrin müəyyən fəzilətləri var. Məsələn, Quranda da buyurulduğu kimi, Qədr Gecəsini əhya edən, min ayı əhya etmiş kimi savab qazanar. Yenə Əfəndimizin (s.ə.s.) ifadəsi ilə, vətəni qorumaq məqsədi ilə bir saat keşik çəkən, bir il ibadət etmiş kimi savab qazanar; həmçinin bir saat təfəkkür edən, bir illik ibadətin savabını alar.. Deməli, bu cür qısa zaman ərzində, həyati əhəmiyyətli bir məkanda insanın edəcəyi müəyyən xüsusi, cüzi, zilli (kölgəli) şeylər, cüzilikdən çıxıb küllilik kəsb edir, zill (kölgə) olmaqdan çıxıb əslə, gerçəyə çevrilir və Cənabi-Haqqın dərgahında əsli əda edilmiş kimi qəbul edilir.
İmam Rabbani Həzrətlərinin Ramazanla əlaqəli dediklərinə gəlincə; əvvəla bu sətirlərdə Ramazanın əhyasına təşviq vardır. Yəni insan Ramazani-şərifin gecələrini qiyamla, gündüzlərini də orucla keçirsə, Qədr Gecəsində vəd edilən ilahi lütflərə nail ola bilər. Başqa sözlə, belə insan bütün ilini xalis bir mömin kimi keçirmiş olar, xəta və səhvlərini də minimum səviyyəyə endirər. Bu da, o insan üçün bir saleh dairənin təşəkkülüdür ki, belə halda hər xeyir, başqa bir xeyri doğurar və nəticədə insan üçün bir xeyir dairəsi təşəkkül tapar.
Bəli, insan gecə-gündüzü ilə Ramazani-şərifi əhya etməklə bütün il boyu qəlbən xeyrə açıq ola bilər və həmişə xeyir yollarında gəzə bilər. Əlbəttə ki, bu potensial İlahi lütf hər kəsə aiddir. Ramazani-şərifi hər yönü ilə əhya edən bir insana Əfəndimiz (s.ə.s.): "İnanaraq və eyni zamanda savabını da Allahdan umaraq tutarsa, bütün günahları Allah (c.c.) bağışlayar", -deyə buyurur. Deməli bu cür mübarək ibadətlərdə insanın niyyət, səmimiyyət və yəqin (iman dərinliyi) mülahizələri çox əhəmiyyət kəsb edir ki, bunların dərinliyinə görə Allah (c.c.) bəzən birə-on, bəzən yüz və bəzən də milyon verir. Əlbəttə ki, bu cür savab çoxluğu insan ömrünün illərini aşıb keçər.
Gəlin bunu kiçik bir misalla izah edək: Deyək ki, Ramazani-şərifdə Qədr Gecəsini layiqli şəkildə əhya etdiniz. Bunu min aya görə hesab etsək, səksən il edər. Deməli, beləcə insan səksən illik savaba nail olar; başqa sözlə, min ay namaz qılmış, min ay oruc tutmuş kimi olar. Bu isə, bir ömrün hüdudunu aşır, çünki ümməti-Məhəmmədin ən uzun ömürlüləri səksən ildən bir az çox yaşamışdır/yaşayırlar. Yenə də, bu elə min ay və elə səksən ildir ki, içərisində riya, riyakarlıq yox.. məsələn, siz namaz qılar, rükuya əyiləndə içinizdən: "Ətrafdakılar da bu gözəl rükuya getməyimi gördü" -deyə keçirsəniz; yenə də səcdəyə gedər, Cənabi-Haqqın Əfəndimizin səcdəsini təsvir edərkən "Səcdə edənlər arasında, qıvrım-qıvrım halını Allah görür" (Şuəra surəsi, 26/19) buyurduğu kimi, qıvrım-qıvrım bir səcdə etsəniz, lakin ağlınızın bir küncündən: "Qoy insanlar səcdənin necə edildiyini bir görsün", -deyə keçirsəniz, sizin bu düşüncəniz o səcdəni də, rükunu da və bunlara bağlı hər şeyi də silib-süpürər. Sizə qalan da sadəcə əyilib-qalxma və yorğunluq olar. Lakin Qədr Gecəsinin elə bir bəhrəsi var ki, gecənin ortasında, heç kəsin olmadığı bir məkanda etdiyiniz ibadəti riya, riyakarlıq çovğunları apara bilməz. Həmçinin bu ibadətin içində başqa günahlar da yoxdur; məsələn, harama nəzər yetirməmiş, yalan söyləməmiş, dinin əsaslarına üsyan etməmişsiniz.
Bir əhli-təhqiqdən (həqiqət axtaranlar) bu gecə ilə bağlı belə bir dəyərləndirmə eşitmişdim; Onlardan biri belə deyirdi: məsələn kiminsə malını haqsız yerə yemisiniz, birinə söymüsünüz, ya da birinin qeybətini etmisiniz. Axirətdə savablarınızdan alıb, bu insanlara verirlər. Ancaq bu verilənlər sizin əməllərinizdir, yəni Allahın (c.c.) sizə fəzlindən verdiklərindən verilməz. Elə isə, əgər Cənabi-Haqq bir gecədə sizə səksən illik bir əcr (savab) veribsə, səksən min adama borcunuz da olsa və sizin yalnız bu gecəniz varsa, həmin gecənizdən onlara paylanılır, lakin Allahın fəzlindən verdiyi səksən ilə bərabər olaraq bütöv hissə sizə qalar...
Ramazan ayı xeyir və həsənata açıq, eyni zamanda mühüm xeyirlər doğuran bir aydır. Lakin xüsusilə, Qurana xidmət edənlərin Ramazanı da, digər günləri də xüsusi əhəmiyyət kəsb edir. Çünki indiki dövrdə heç kimin görə bilmədiyi hər mövsümə aid işləri, Allah (c.c.) bu insanlara gördürür. Beləcə, onlar sadəcə Ramazan ayını deyil, bütün ömürlərini mücahidə ruhu ilə bir naxış kimi hörürlər. Bu hal İmam Rabbani Həzrətlərinin dediyi, sadəcə bir Ramazanı əhya, onu dəyərləndirmə və Ramazanın qiymətləndirilməsi ilə çox əngin, çox geniş xeyirlərə açılma işini ötüb keçər. Çünki bu insanlar göz oxşayan və çox ehtişamlı işlər görür və hal-hazırda həqiqi dəyərini bilmədiyimiz bir tarixin səhifələrinə imzalarını atırlar. Bu baxımdan da, əgər bir Ramazan ayı ixlaslı bir insana səksən illik ömür qazandırırsa, hər halda onların savablarını hesablamaq mümkün olmayacaq.
- tarixində yaradılmışdır.