Ümidsizlik bataqlığı
Sual: Dünyanın və xüsusilə, ölkəmizin bugünkü vəziyyəti insanı məyus edir. Bu mövzuda tövsiyə və fikirləriniz nədir?
Mövzunun təhlilinə keçmədən əvvəl bunu deməliyəm ki, dünyanın və Türkiyənin hal-hazırkı vəziyyəti ümidsiz və bədbin olmadığı kimi, hazırda baş verən böhran da bu günə xas bir problem deyil. Keçmişdə də buna bənzər hallar yaşanmış və nəticə etibarilə hamısı da aradan qaldırılmışdır... Bəli, hal-hazırki vəziyyət nə ilkdir, nə də son.
İndiyə qədər kim ürəkdən və səmimi qəlbdən məfkurəsinə bağlı olubsa, Allah ona zəfər və uğur lütf etmişdir. Tarix buna bənzər nümunələrlə doludur. Məsələn, həvarilərin Hz. Məsihdən öyrəndiyi həqiqətlə böyük Roma imperiyasını sarsıtması buna gözəl bir nümunədir. Hz. Məsih Eylədə və ya bir qisim xristianların iddia etdiyi kimi əgər İzmir ətrafında nəşət edibsə, bu insanların ogünkü şərtlərdə çoxalmasını, Roma imperiyasını sarsıtmasını və aslanlara yem edilmələrinə baxmayaraq, necə əzmkarlıq göstərdiyini düşünəndə həmişə heyrətə gəlirəm. Bir ovuc insanın bəşəriyyət tarixinin axarını dəyişdirərək ən mütəğəllib, ən mütəhəkkim, ən müstəbid hökmdarların hökm sürdüyü və amansız legionerləri olan bir ölkəni kökündən sarsıtması ağlasığmaz bir hadisədir. Məhz bu Allahın gücü, Hz. Məsihin müqəddəsliyi və onun gətirdiyi yolun da nuraniliyidir.
İkincisi, imanlı bir insan heç vaxt bu məyus və bədbin vəziyyət qarşısında ümidsizliyə düşməməlidir. Çünki Allahın sonsuz qüdrəti var ikən ümidsizliyə düşməyə nə haqqımız var, nə də həddimiz. Çünki bizi öz mülkündə istehdam edən, vəzifələndirən Odur. Mülk Onundur və O mülkündən dilədiyi kimi idarə, istifadə edər. İstəsə gecə vaxtı gündüzü, qışda da baharı xəlq edər... Və istəsə gündüzü gecəyə, yazı da qışa çevirər. Üstəlik ayənin ifadəsi ilə: "Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!" (“Yusuf” surəsi, 12/87). Söz açılmışkən mövzumuzla əlaqəli M. Akifin yaşadığı dövrdə müxtəlif hadisələrlə sarsılan xalqımıza yazdığı tez-tez təkrar etdiyim misraları oxumaq istəyirəm:
Ye's öyle batak(lık)tır ki: Düşersen boğulursun.
Ümmide sarıl sımsıkı, seyret ne olursun!
Azmiyle, ümidiyle yaşar hep yaşayanlar;
Me'yus olanın ruhunu, vicdanını bağlar.
Hz. Sahibi-Zamanın ifadəsi ilə: "Ümidsizlik kamilliyə menedir". Beləliklə, kamillik yolunda və yüksəlmə hələzonunda yürüyən insanlar: "Bu əngəli aşa bilərəmmi!" deyə tərəddüd etməməlidir. Himmət fövqəladə ali, ruh çox fatehanə, əzm peyğəmbəranə olmalı və "Allah bizimlə bərabərdirsə, keçə bilməyəcəyimiz maneə yoxdur" duyğu və düşüncəsi ilə hərəkət edilməlidir. Yenə də o “Ümid Günəşi” qaldığı “Marmara Oteli”nin dənizə baxan pəncərəsindən barmağını üfüqə uzadaraq: "Qardaşlarım, ümidsizliyə düşməyin, dinsizliyin bel sümüyü qırılmışdır. O, ölüm həyəcanı ilə çırpınır", deyərək ətrafa daim ümid aşılamışdır. Bu söz bundan illər əvvəl deyilmişdir və o dövrün şərtləri ilə bu günün şəraiti arasında müqayisə edilməyəcək qədər böyük fərq var. Bu gün dünyanın hər tərəfində ümid tumurcuqları -Allahın inayət və kərəmi ilə- boy atıb cücərir. Elə isə ruhlarımızı coşduran bu qədər ümidverici inkişaf var ikən niyə məyus olaq?!
Bir yöndən: "Dünyada; şərqdə və qərbdə 20-ci əsrdə qan seli insanları kötük kimi sürüyüb aparır və 21-ci əsrə də yenə belə giririk. Belə bir halda necə ümidli olaq?" sualı ağıla gələ bilər. Zənnimcə, sualda nəzərdə tutulan da elə budur. Bütün səmimiyyətimlə deyə bilərəm ki, Allah bir gün Quranın almaz düsturlarını özünə rəhbər edən insanlara mütləq dünyaya özlərini ifadə etmə fürsət və imkanını verəcək. Bundan heç kəsin zərrə qədər şübhəsi olmasın. Bu gün dünyanın müxtəlif yerlərində öldürülən o günahsız və çarəsiz insanlar baharda ağacların budanmasına bənzəyir, bir gün onlar bir-bir cücərəcək.. bu səbəblə 21-ci əsr, inşaallah, 20-ci əsr kimi olmayacaq. İndi biz müxtəlif yerlərdə çiçəyi başqa, rəngi başqa, gülü və bülbülü başqa bahar ədalı yamaclar görürük. İnşaallah, hər yerdə fərqli-fərqli baharlar gələcək və on əsrlik o müsamihəkar müsəlmanlığımızla müxtəlif yerlərdə toxunan bu naxışı bir-birinə bağlayıb bütünləşdirəcəyik. Lakin bütün bunlar qəflətən, öz-özünə də baş verməyəcək. Bunun üçün çox iztirab, dua, əzm və səy lazımdır. Bəli, Allahdan inayətin gəlməsi üçün səy göstərmək şərtdir. Əgər lazımi cəhd və səy göstərilsə, Cənabi-Haqq, inşallah, bu son dünya qışını da bahara çevirəcək.
- tarixində yaradılmışdır.