Adanmışlıq ruhu və həyat standartları

Sual: Adanmışlıq prinsipi üstündə qurulan müəssisələrdə belə bəzən işin çoxluğu və keyfiyyətinə görə yüksək maaş və həyat standartı istəyənlər olur. Bu mövzuda nə düşünürsünüz?

Cavab: İlk öncə bunu qeyd edək ki, digər əxlaqi xüsusiyyətlərdə olduğu kimi, adanmışlıq məsələsində də bütün insanlar eyni səviyyədə olmaz. Hətta ən qatı qəlblərə təsir edən mürşid belə olsa, yenə də irşad etdiyi insanları eyni səviyyəyə gətirməsi mümkün deyil. Çünki verən çox mükəmməl verməklə yanaşı, qəbul edən də ‒ istedad və qabiliyyətləri ilə ‒ veriləni qəbul etməyə müsaid olmalıdır. Deyək ki, böyük bir su tankeri ilə birinin köməyinə tələsdiniz, onun əlində isə bircə vedrə var. Siz bütün tankeri boşaltsanız da, vedrə dolandan sonra qalan su axıb gedəcək. Bir şair bunu nə gözəl dilə gətirir: "Hər kəsin istedadına vabəstədir əsəri-feyzi" Yəni əxzü-əta (vermə-alma) qabiliyyətdən asılıdır.

Əsri-Səadətə baxanda müəssirliyin zirvəsində dayanan və hər cəhətdən nur və nurani olan Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) səhabeyi-kiramı arasında belə ciddi səviyyə fərqini görürük. Halbuki onların hər biri bir ulduzdur və hansının izi ilə getsək, hidayətə çatarıq. Belə nurani şəxsləri müəyyən pillələrə və səviyyələrə ayırmaq hərçənd bizim kimi adi insanların işi deyil. Buna baxmayaraq bir Həzrəti Əbu Bəkir və ya bir Həzrəti Ömərlə başqa bir səhabəni eyni səviyyədə görmək doğru deyil. Belə demək mümkünsə, səhabeyi-kiramın hər biri ilahi təcəllilərin cövlangahı olan Həbibi-Kibriya Peyğəmbərimizdən öz istedad və qabiliyyətləri səviyyəsində faydalanmışdır.

Bu cür səviyyə fərqi bu günün adanmışlarına da şamil olunur. Məsələn, bəziləri bir-iki tikə ilə keçinsə, hətta ac-susuz qalsa da, heç kimə əl açmaz və kiminsə üzünün suyunu tökməz. Kimisi də bu fədakarlığı bacarmaz; yemə, içmə və rahat yaşama kimi zəflərin təsiri ilə istiğna (gözütoxluq) prinsipinə zidd hərəkət edə bilər. O cümlədən kimi ciddi rabiteyi-mövt şüuru ilə ömür sürür, kimisi də tuli-əməl (bitməyən arzu-istəklər) və təvəhhümü-əbədiyyət (xəyali əbədiyyət) hissinin təsirindən qurtula bilmir. Bu yaxınlarda: xalq dili ilə desək, bir ayağı gorda, dünyanı yorub yola salmış biri həkimə gəlib soruşurmuş ki: "Qulağımıza bəzi söz-söhbətlər dəyir. Görəsən, həqiqətən, ölümsüzlük iksiri var?" Halbuki bu yaşa gəlmiş bir insanın təvəhhümü-əbədiyyət hissinə qapılıb bir az da yaşamaq istəməsi, qənaətimcə, rəzaləti arzulamaqdan başqa bir şey deyil. Tuli-əməl hissi, yəni sonsuz arzularla yanaşı bitməyən ömür istəyi insan təbiətində var, bunu danmaq olmaz. Ancaq unutmayaq ki, bu hiss insana o biri aləm üçün verilmişdir.

Digər xüsusiyyətlərdə olduğu kimi, adanmışlıq məsələsində də bəzi insanlar sizinlə oturub-dursa da, ruh dünyası sizin üfüqünüzlə üst-üstə düşməyə bilər. Bəzi insanların gözü həmişə yuxarılardadır. Buna görə də aldığı maaş, vəzifə və ya məqam onları qane etməz, vaxtaşırı maaşın artırılmasını, vəzifəsinin yüksəldilməsini və daha çox maddi imkanlar verilməsini istəyirlər. İstəyinə nail olanda da, gözünü ondan da yuxarı vəzifəyə dikirlər. Göz-könül toxluğu olmadığına görə də daim şikayət edirlər. Bu səbəbdən də bu dairədə belə insanların ola biləcəyini bir reallıq kimi qəbul etməliyik.

Əmanət layiq olana verilməlidir

Bu reallıqdır, yaxşı bəs neyləməliyik? İlk növbədə insanlara vəzifə verməklə məsul olan şəxslər vəzifə verəcəyi insanların xarakter və təbiətini yaxşı bilməli, mümkün qədər “ortaq ağıl”a baş vurmalıdır. Bu ortaq ağıl uzaqgörənliklə hərəkət edib həyat pillələrini bir-bir çıxan insanları hər mərhələdə sınaqdan keçirməli və "Bu, filan səviyyədədir" deməyi bacarmalıdır. Buna əməl olunsa, bəzi insanların müəyyən vəzifələrə gəlib ifrat istəkləri ilə istiğna prinsipinə zidd hərəkət etməsinə imkan verilməz.

Elə olur ki, mühüm bir yerdə işləmək uçun bir insana ehtiyac olur, amma kriterilərinizə uyğun adam tapa bilmirsiniz. O işə uyğun bir-iki nəfər tanıyırsınız, lakin onların da hərislik və həsəd kimi zəif cəhətləri var. Ancaq o vəzifəyə uyğun başqa adamınız da yoxdur. Belə hallarda da "İki şərdən daha az zərəri olana üstünlük verilir" deyərək həmin vəzifəni sizin anlayışınız çərçivəsində iffətli, müstəğni (gözütox) və fədakar olmayan bir adama müvəqqəti əmanət edirsiniz. Yəni o boş yerə layiqli adam tapa bilmədiyinizə görə, bu zəruri işi başqa bir nəfərlə yerinə yetirməyə çalışırsınız. Ancaq o işə layiq adamı tapanda da müvəqqəti yerləşdirdiyiniz şəxsi başqa uyğun bir işə keçirir, əmanəti həqiqi sahibinə təhvil verirsiniz. Çünki əmanəti ona layiq insan dura-dura başqasına vermək olmaz. Əks halda həmin vəzifəyə xəyanət olar.

Həbibi Kibriya (sallallahu əleyhi və səlləm) qiyamətin vaxtını soruşana:

فَإِذَا ضُيِّعَتْ الْأَمَانَةُ فَانْتَظِرْ السَّاعَةَ

"Əmanət hədər ediləndə qiyaməti gözlə!" cavabını vermişdir. Əmanətin necə hədər ediləcəyi barədə də:

إِذَا وُسِّدَ الْأَمْرُ إِلَى غَيْرِ أَهْلِهِ فَانْتَظِرْ السَّاعَةَ

"Bir iş layiq olmayan bir insana tapşırılanda qiyaməti gözlə!" (Buxari, Elm, 2)

Buna görə siz layiq olmadığı halda birinə iş tapşırırsınızsa, demək ki, o işin qiyaməti qopmuşdur. Əgər bu iş həmişəlik layiq olmayanların əlində qalsa, onda ümumi qiyamət qopa bilər. Yəqin ki, dünyanın axırında əmanətə xəyanət məsələsi çoxalacaq və bu mərəz bütün dünyaya yayılacaq.

İmkanların çoxalması və həqiqi qənaət

Əlində olana qane olmayan, gözünü həmişə yuxarılara dikən insanlara fədakarlıq və qənaətin təkcə ağır şəraitdə yerinə yetirilən prinsiplər olmadığını xatırlatmaq və qənaət-istiğna prinsiplərini onların xarakterinə çevirmək lazımdır. Bəli, imkanların artması, sərvətin çoxalması bizim ümumi nizam-intizamımızı dəyişdirməməlidir. Çünki çayın kənarında dəstəmaz alan insanın belə israf etməməsinə dair Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) xəbərdarlığı var. Buna görə də, çayın kənarında dəstəmaz alan insanın qolunu suya salıb iki-üç dəqiqə saxlaması israf olduğu kimi, üzvlərini dörd və ya beş dəfə yuması da israfdır. İnsan orada sadəcə suyu ovcuna alıb üç dəfə üzvlərini yumalıdır. Bu səviyyədə qənaətkarlığa söykənən bir dinin digər məsələlərdə də eyni diqqəti tələb etməsi təbiidir. Yəni dənizin kənarında insanın qənaətli olması şərtdirsə, dəniz boyda sərvətin kənarında gəzən insan da qənaətkar olmalı, müstəğni ömür sürməli və həyat tərzini heç vaxt dəyişdirməməlidir. Məsələn, İslamın yemək və içməklə bağlı meyarlarına həmişə riayət etməli, əsla israfa yol verməməlidir. Bildiyiniz kimi, Həzrəti Pir tənəvvü-ətimənin (yeməklərin çeşidliliyi) insanda süni iştaha əmələ gətirdiyini deyir. Demək ki, bir növ yemək kifayət etdiyi halda, təmtəraqlı süfrələr açıb bir loğma ondan, bir qaşıq bundan, bir tikə də o birindən yemək süni iştaha oyadır. Bu, xoşagəlməz haldır. Dolayısilə Cənabi Allah nə qədər sərvət verir-versin, insan gərək ehtiyacı qədər yeyib-içsin, heç vaxt həddini aşmasın.

Səhabeyi-kiramdan bəziləri böyük sərvətə sahib olsalar da, çox sadə yaşayırdılar. Məsələn, Həzrəti Osman Təbük səfərindən əvvəl üç yüz dəvə bağışlayır, ancaq bundan əlavə on minlik ordunun silah-sursatının dəyərinə bərabər sərvəti vardı. Amma Həzrət Osman ömrünün sonuna qədər həyat standartını dəyişdirmədi. Ömrünün çoxunu Məscidi-Nəbəvidə qumların üstündə keçirdi. Qumdan yastıq düzəldir, uzanıb üstündə yatırdı. Xalq nə yeyirdisə, o da ondan yeyirdi. Bu qədər sadə yaşayan Həzrəti Əlinin də bircə dəst paltarı vardı. Yay-qış onu geyinirdi. Halbuki, o, iyirmi Türkiyə boyda bir dövlətin xəlifəsi idi və bu dövlətin xəzinəsinə hər tərəfdən qənimət axırdı. Lakin o və onun timsalında digər böyüklər Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) seçdiyi həyat tərzinə üstünlük verərək sadə ömür sürdülər. Bu, bizim üçün də örnəkdir. Əgər imkanlarımız çoxalanda həyat tərzimiz dəyişəcəksə, Allah eləməsin, demək ki, namütənahi dəyişikliyin fasid dairəsinə girmişik.

Bəhimi həyatın axırı yoxdur

Bu mövzuda o qədər qətiyyətli olmalısınız ki, Cənabi Allah göydən pul yağdırsa, gözünüzün qabağında puldan dağ əmələ gəlsə belə, yenə də "Nə qədər gəlirsən gəl, məndən heç nə ala, qəlbimə girə bilməzsən. Mən səni harada istifadə edəcəyəmi bilirəm" deməyi bacarmalısınız. Bəzi Haqq dostları səhəri gözləmədən Allahın verdiyi mal-mülkün hamısını son qəpiyinə qədər Onun yolunda xərcləmişlər. Buxaridə keçən bir hədis bu məsələdə bizə yol göstərir. Bir gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Məscidi-Nəbəvidə namaza hazırlaşarkən birdən həyəcanla hücrəsinə girir və bir qədər sonra qayıdıb gəlir, namazı qıldırır. Namazdan sonra sual dolu baxışlarla baxan camaata üz tutub deyir: "Namaza dururdum ki, birdən evə gələn hədiyyəni xatırladım. Evdəki dünya malı fikrimi məşğul edər deyə Həzrəti Aişəyə birinə verməyi tapşırdım ki, rahat qəlblə Allahın hüzuruna çıxım". Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu mükəmməl yaşayışı, nuraniyyəti və insibağının (mənəvi boyası) təsiri sayəsində var-dövlət səhabənin həyat tərzini dəyişdirmirdi.

“İqtisad risaləsi” bu mövzuda böyük bir rəhbərdir. Qənaətlə yaşamağa alışmaq üçün onu mütəmadi oxumaq faydalıdır. Yoxsa rifah içində, kef-damaqda və bəhimi həyat yaşamağın axırı yoxdur. İnsan özünü bu həyatın qoynuna atsa, Allah eləməsin, bütün ömrü cismaniyyətin cilovunda puç olar. Bu baxımdan istər kasıb, istər zəngin, ‒ qənaət hər kəs üçün mühüm bir dəyərdir.

Qənaət, xüsusən, Quran və iman xidmətinə könül vermiş inananlar üçün daha böyük əhəmiyyət kəsb edir. Onların özlərinin və ailələrinin dolanışığını təmin edəcək qədər maaş kəsmək onlara iş tapşıranların vəzifəsidir. Ancaq adanmışlıq yoluna baş qoyanlar da ömür boyu qənaətkar olmalı və həyatını kənardakı insanların həyatı ilə müqayisə etməməlidir. İstər ölkə daxilində, istər xaricdə, harada olur-olsun adanmış ruhlar özlərini təqaüd miqdarında maaşa öyrəşdirməlidirlər. Kənardakı insanların yüksək maaşla işləməsi fədakarlıq üfüqündə pərvaz edənlərə örnək deyildir. Onlar ev-eşik haqda düşünməz, daldalanmaq üçün kirayə bir ev tutar və ailəsinin dolanışığını təmin edəcək miqdarla keçinərlər.

Adanmışlığın əsas prinsipi budur. Maaş, vəzifə dalınca düşənləri əsas götürmək bu prinsipə ziddir. Bəzi insanlar yeyib, içib, yatıb qəflətdə yaşaya bilər. Lakin adanmış ruhun meyarı bu, deyildir. Cənabi Allah bu haqq yolçularının bəzilərinə halal yollarla müəyyən imkanlar bəxş edə bilər. Bu, başqa məsələ. Lakin haqqa xidmət yolunun imkanlarından istifadə edən insanlar buna çox diqqət etməlidirlər. Heç kim layiq olduğundan artığını götürməməlidir. Həzrəti Əbu Bəkir xilafəti dövründə ailəsinin dolanışığını təmin edir, maaşının qalan hissəsini də saxsı qaba yığırdı. Yığdığı bu pulları da dünyasını dəyişəndən sonra gələn xəlifəyə verilməsini vəsiyyət etmişdi. Həzrəti Ömər göz yaşlarını saxlaya bilməmiş və: "O qədər həssas və məsuliyyətli ömür sürdün ki, başqalarının bu cür həyat yaşaması mümkün deyil" deyərək onun böyüklüyünü dilə gətirmişdir. Əslində adanmış ruhlar da belə olmağa məcburdurlar.

Əgər başqa insanların imkanına və ya maaşına baxıb "Yəqin ki, bu vəzifənin haqqı bu imiş" desələr, bilsinlər ki, Allah yolunda tər töksələr də, bu düşüncələrinə görə axirət nemətlərini dünyada yeyib qurtarırlar.

Özünüzü daim sorğu-suala çəkin

Bir başqa mühüm məsələ də "Görəsən aldığım maaşa layiqəmmi?" fikrini ağıldan çıxarmamaqdır. Hətta hər kəsə açıq bir yerdə namaz qılanda, bir müəssisənin yeməyini yeyəndə belə layiq olub-olmadığımızı düşünməliyik. Məsələn, biz burada namaz qılır, buranın suyu ilə dəstəmaz alır, yeməyini yeyirik. Həyatımızı xidmətə həsr etsək də, yenə "görəsən" əndişəsi ilə qıvrılmalıyıq.

Allahın adını yaymaq uğrunda mübarizədə əldə edilən qənimət belə, müəyyən qayda-qanunla məşru və mübah sayılır. Məsələn, bir döyüşdə Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm):

مَنْ قَتَلَ قَتِيلًا لَهُ عَلَيْهِ بَيِّنَةٌ فَلَهُ سَلَبُهُ

"(Döyüşdə) kim bir düşməni öldürüb bunu isbatlasa, öldürülənin üstündəki mallar onundur" (Buxari, Hums 18) buyurmuşdur. Lakin adını bilmədiyimiz bir səhabəyə qənimət təklif edəndə o: "Mən buna görə müsəlman olmamışam. Mən (boğazını göstərərək) burdan bir ox dəysin deyə müsəlman oldum" demiş və qənimətə gözünün ucu ilə də baxmamışdı. Mən bu düşüncəni bizim haqq yolunda xidmətimizin əsası kimi görürəm. Bu yolun yolçuları daima müstəğni olmalılar. Belə insanları xalq da rəğbətlə qarşılayar. Onların hərəkət və davranışların insanlara təsir edər. Onlara baxan Allahı xatırlayar. Onların nəsə anlatmağa ehtiyacı yoxdur. Çünki onların həyatı aydın bir dil və səlis bir xitabdır. Bu səviyyədə olmayan insanların çığır-bağırı heç kimə təsir etməz. Sözlərini müvəqqəti dinlətsələr də, onları Allaha sarı bir addım da atdıra bilməzlər.

Bəlkə, bəzi insanlar üçün belə həyat çox ağır gələ bilər. Ancaq biz çətin olanını seçmişik. Unutmayaq ki, Cənabi Allahın Peyğəmbərimizə xitabən buyurduğu:

وَلَلْآَخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى

"Axirət sənin üçün daha xeyirlidir" (“Duha” surəsi, 93/4) ayəsi bizə də şamildir. Bir başqa ayədə də Allah-taala əksini düşünənlərə xəbərdarlıq edir:

كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ وَتَذَرُونَ الْآَخِرَةَ

"Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. Onun üçün də axirəti tərk edirsiniz.." (“Qiyamə” surəsi, 75/21)

Həzrəti Pir də “Lahiqə”lərdə يَسْتَحِبُّونَ الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآَخِرَةِ ayəsinə istinadən "Bu əsrdə əhli-İslam bilə-bilə, sevə-sevə dünya həyatını üxrəvi həyatdan üstün tutdu" deyir. Yəni o, axırzamanın ən böyük fəlakətini dünya sevgisinin axirət sevgisindən üstün tutulmasında görür və sözügedən ayənin bu əsrə işarə etdiyini bildirir. يَسْتَحِبُّونَ müzarə feilinə baxanda bunun uzun müddət çəkəcəyini başa düşürük. Dolayısilə yaxın illərdə də dünya həyatını bilərək axirət həyatından üstün tutma anlayışı davam edəcək. Yəqin Seyid Qütb bu məsələni nəzərə alaraq bir kitabına مُسْلِمُونَ نَحْنُ هَلْ "Biz müsəlmanıqmı?" adını vermişdir. Hərçənd Əbu Hənifənin “Fiqhi Əkbərdə”ki sözlərinə görə, belə bir tərəddüd insanı küfrə salar. Lakin "Biz necə müsəlmanıq!" mənasında işlətməkdə, yəqin, bir qəbahət olmaz. Və ya buna "İslamiyyət hara, biz hara" anlayışı da demək olar. İstiqlal şairimiz də: "Müsəlmanlıq nərədə, bizdən keçmiş insanlıq belə; Aləm aldatmaqsa, məqsəd, aldanan yox nafilə! Neçə həqiqi müsəlman gördümsə, həp məqbərdədir, Müsəlmanlıq, bilməm amma, deyəsən göylərdədir!" misraları ilə eyni dərdi dilə gətirmişdir.

Bəli, bu əsrin ifrit əsri olmasına şübhə yoxdur. Yeyib, içib, yatan insanların çağında yaşayırıq. Axirət hissini qətlə yetirib üstünə nəhəng daşlar qoydular, bir də ayağa qalxmasın deyə lap dərinə basdırdılar. Heç vaxt unutmayaq ki, belə bir vaxtda təsir gücümüz yerə düşən kölgəmizdən çox asılıdır. Biz nə qədər doğruyuqsa, kölgəmiz də bir o qədər doğru olacaq və o nisbətdə könüllərə təsir edəcək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.