Ağıl və hiss tarazlığı

Sual: Ağıl-hiss-həyəcan tarazlığı necə təmin edilə bilər? Bu mövzuda diqqət ediləsi xüsuslar nələrdir?

Cavab: Ağıl haqqla batili, doğru ilə yanlışı, yaxşı ilə pisi bir-birindən ayırmaq üçün insana bəxş edilən ilahi bir hədiyyədir. Ruhun ən əhəmiyyətli qolundan biri olan bu ilahi mövhibə, hədiyyə hər şeyi anlayıb qavraya bilməsə də, müəyyən ölçüdə bir çox məsələni dərk etmək də ona müyyəssər olmuşdur. O, vəhy ilə qidalanıb səmavi prinsiplərə bağlı qaldığı müddətdə insan üçün işıqlı bir rəhbər mövqeyindədir. Belə bir ağılın əlinə düşünüb dəyərləndirə biləcəyi təməl əsaslar verildiyi təqdirdə Əbu Hənifə kimi bir fiqh, Maturidi kimi bir kəlam və ya Qəzali kimi bir mütəfəkkir abidəsi yetişə bilər.

Bəli, ağıl hər zaman üçün belə bir potensiala malikdir. Lakin ağılın bu potensialı dəyərləndirməsi dinlə münasibətini davam etdirməklə məsələləri onun mühakiməsinə görə aparmasından asılıdır. Çünki ağıl dinin əmrinə girib ona tabe olduğu, məsələləri dinə istinad etdiyi təqdirdə həqiqi mahiyyətini tapa bilər. Bu nöqtədə ağılın qarşılaşdığı mövzuları dinin təfsir və şərhə açıq olan mütəşəbbeh ayələrinə görə dəyərləndirməsi deyil, onun sabit və dəyişməz qanunları – hökmləri əsasında gözdən keçirməsi çox əhəmiyyətlidir. Bu reallaşdığı təqdirdə ağıl öz məhdud potensialı ilə ondan gözlənilən bir çox funksiyanı yerinə yetirə bilər.

Ağıl, eyni zamanda, mükəlləfiyyətin əhəmiyyətli bir əsasıdır. İnsan onunla Allaha müxatəb olma səviyyəsinə yüksəlir, bu onunla müəyyən məsuliyyətlər almağa layiq olur. Bəli, mükəlləfiyyət ağıla bağlıdır, ağılı olmayan insana şəriyyət təklif edilməmişdir. Bu səbəblə, demək olar ki, ağıldan kəm bir şəxsə dünyada heç bir vəzifə və məsuliyyət yükləməyən Rəhməti Sonsuz olan Rəbbimiz, Allah bilir, axirətdə də onu hesaba çəkməyəcək və cəzadan azad edəcəkdir. Hətta belə insanın iman əsaslarından belə cavabdeh olub-olmadığını tam olaraq bilmirik. Güman ki, ağılı olmayan insan bunlara görə belə cavabdeh deyil. Xülasə, biz bir yöndən ağılımız sayəsində dinin əmrləri ilə mükəlləf olur və bunun sayəsində də Cənnəti qazanma və Cəhənnəmdən qorunma ləyaqətini əldə edirik.

Ağılın funksiyaları

Ağılın həyati əhəmiyyətinə diqqət çəkmək üçün ilahi kəlamda bir çox yerdə "Hələ də düşünüb təfəkkür etməyəcəksinizmi? Onlar hələ də tədbir görmürlərmi? Düşünüb anlamayacaqsınızmı? Onlar hələ də ağıllarını istifadə etməyəcəklərmi?" ifadələrlə ayələrin icmalını ona, yəni ağıla bağlandığını görürük. Əslində bu ilahi ifadələr ağılın funksiyası və dərəcəsi ilə bağlı olan bəyanlardır. Məsələn, bir məsələnin əvvəl-axırını düşünmə, ön və arxa planına və ya dünəninə, bu gününə baxaraq ona həqiqi mahiyyəti qazandırma fəaliyyətinə tədəbbür deyilir. Sistemli və prinsipial bir fikir və düşüncə nəticəsində keçmiş vəsaiti bugünkü əldə edilənlərlə birləşdirərək tərkib meydana gətirmə və ya sintezlə bəzi yeni həqiqətlərə nail olma fəaliyyətinə də təfəkkür deyilir. Hər iki söz də təkəllüf mənasına gəlir. Təkəllüf isə bir az özünü zorlama, ağrı çəkmə, böhrana girmə deməkdir. Göründüyü kimi ilahi bəyandakı bu ifadələr sadə bir ağıl fəaliyyətindən çox, həqiqəti tapma yolunda ağıldan ciddi cəhd və səy tələb edir. Bu səbəblə, demək olar ki, necə ki lətifeyi-rəbbaniyənin sirr, xahi, əxfa deyə müxtəlif səviyyə və dərinliyi var, ağılın da tədəbbür, təzəkkür və təfəkkür kimi əqli səviyyə və dərinliyi var və o, bu dərəcə və dərinliklə həqiqi funksiyasını yerinə yetirir. Məhz bu funksiyalar Allahın izni ilə ağıla verilir, ağılla əlaqələndirilirsə, bu, hərəkət və fəaliyyətlərdə, seçim və qərarlarda onun həyati əhəmiyyət kəsb etdiyini, qətiyyən gözardı ediləcək bir məfhum olmadığını göstərir.

Hiss faktoru

Sualda əksini tapan “hiss” də insan üçün çox əhəmiyyətli və həyati bir faktordur. Hərçənd, hal-hazırda onu, insan təbiətinin zərurəti kimi göstərməyə çalışırlar. Lakin hissi mücərrəd olaraq insan təbiətinə həvalə etmək və onu yalnız ilahi sövqün nəticəsi kimi göstərmək doğru deyil. Çünki hər nə qədər onun əsli-əsası insan təbiətində olsa da, insanın yetişdiyi mühitin ona verdiyi və ya onu məhrum etdiyi xüsusları da nəzərə almalıyıq. Məsələn, insan təbiətində şəfqət duyğusu var. Ancaq insani dəyərlərin yox olduğu bir mühitdə şəfqət hissi ölmüş, cəmiyyətin fərdləri vəhşi varlığa çevrilmiş ola bilər. Bu səbəblə, potensial olaraq insan təbiətində olan şəfqət hissinin inkişaf etdirilməsi, möhkəmləndirilib gücləndirilməsi lazımdır.

Hiss eyni zamanda vicdanın dörd təməl əsasından biridir. Duyub hiss etmə mənalarına gələn “ihsas” hadisəsi insanda olan bu qabiliyyətlə reallaşır. Yəni insanın xaricdə olan şeyləri daxilən mənimsəməsi, vicdanlaşdırması vicdanın rüknü olan hiss ünsürünə bağlıdır. “İhtisas” da insanın lətaifi-mənəviyəsinin (mənəvi düyğularının-ruh, ağıl, qəlb, sirr, əxfa) duyub hiss etdiklərini tamamilə mənimsəməsi və təbiətinə hopdurması deməkdir.

Həyəcan dinamikası

Həyəcan məfhumu da, əslində, hiss rüknünün başqa bir tərəfini meydana gətirir və onun insanın daxilində icra etdiyi ayrı bir missiyası, ayrı bir funksiyası var. Bəli, insanın insani məsuliyyət şüuruna varması, həqiqi insanlıq üfüqünə çatması bir mənada onun dünyada baş verən hadisələr qarşısında reaksiyasız və hərəkətsiz qalmaması, iztirab duyub həyəcan yaşaması ilə əlaqəlidir. Başqa söhbətlərdə də ifadə etdiyim kimi: "Filankəs havadan nəm qapır" deyirlər! Ona ruhum fəda olsun! Bəs yağış altında belə islanmayanlara nə deyim!.." mülahizəsini burada da xatırlaya bilərik. Bu səbəblə, əgər bir insan dünyada qopan qiyaməti, çəkilən zülmü və fəlakətləri film kimi seyr edir, bunun qarşısında heç nə hiss etmir, həyəcan duymursa, belə insanın sinədə ürək daşımasına şübhə etmək lazımdır, ciddi mənada həyəcan yorğunluğu var onda, daha doğrusu, həyəcanı ölüb, sönüb bu insanın. Bu vəziyyətdə olan bir insanın qəlbində yenidən həyəcan oyatmaq çox mühüm məsələdir. Lakin ən azı bunun qədər vacib olan digər bir məsələ də, həyəcanın dini hökmlərlə və ağılla gözdən keçirilməsidir. Əks halda ağıl və dinin nəzarətində olmayan həyəcan dolu bir şəxs üsyan əxlaqını səhv şərh edərək, səhv anlayaraq ətrafını yaxıb-yıxar. Bu səbəbdən, həyəcanın müəyyən qəlibə qoyulub tarazlanması, insaniləşdirilməsi çox vacibdir və beləcə o, təxrib amili, zərərli duyğu vəsfini faydalı hala gətirmiş olar. Bu baxımdan, bir tərəfdən hiss və həyəcanı ağılın sahəsinə girən sahələrdə ağılla dəyişmək, tarazlamaq, ağılın əndazəsindən keçirib nizama salmaq; digər tərəfdən də onu İslam dininin məhək daşı ilə yoxlamaq, sınaqdan çıxarmaq çox vacidir.

Fərdi hüquqdan daha geniş haqları əhatə edən, ictimai məsuliyyət məsələlərində isə ağıl-hiss tarazlığı daha çox həssaslıq tələb edir. Belə bir məqamda aqillik hiss və həyəcanla müəyyən edilməli; hiss və həyəcan da ağılla gözdən keçirilib tarazlanmalıdır. Məsələn, müasir dövrdə "mübarizə aparıram" deyib canlı bombalarla günahsız insanları qətl etmək qətiyyən ağılla, məntiqlə izah edilə bilməz. İslamiyyətin yüksəliş qayəsi ilə çalışan bir ağıl əsla bu işə əl atmaz. Hətta burada insani hisdən çox, yalnız kor bir hissilik var. Ağılın süzgəcindən keçməmiş kor hissilik... Belə kor hissiyyata uyaraq İslamın taleyi ilə əlaqəli, bütün müsəlmanların hüququnu əhatə edən həyati və çox əhəmiyyətli bir məsələdə bir çox cinayət işləyir, böyük günahlara girir və nəticədə İslamın nurlu çöhrəsi qaraldırlar. Belə ki, bir neçə gündə edilən bu böyük səhvləri düzəltmək üçün bir neçə il sırf bu yöndə çalışmalıyıq. Bəli, bir neçə il cəhd göstərib çalışmalısınız ki, o bir neçə ağılsızın ucbatından formalaşan imici qəlb və ağıllardan silə biləsiniz.

Həyəcanla dolu məntiq qəhrəmanları

Xüsusilə bir ali heyəti və ya bir hərəkatı təmsil edən və yaxud bir birliyin müəyyən bir vəzifəsini və məsuliyyətini öhdəsinə götürən insanlar qətiyyən hislərlə hərəkət edə bilməzlər. Təbii ki, bu insanlar hissiyyat baxımından dolu olmalıdırlar. Lakin fəaliyyət və çalışmalarını ağıl süzgəcindən keçirməyə laqeyd yanaşmamalı, əsla məntiqsiz və mühakiməsiz hərəkət etməməlidirlər. Çünki vəzifə və məsuliyyət sahəsi böyüdükcə günahı da buna müvafiq böyüyür. Siz bir ictimai heyətdə belə bir səhv etsəniz, o heyəti iflic etmiş olarsınız, eyni səhvi dövlət miqyasında etsəniz, dövlət səviyyəsində bir tənəzzülə səbəb olarsınız. Bəli, dövləti idarə edirsinizsə və ya siyasi bir təşəbbüsünüz varsa, kor-koranə hər yerdə istədiyiniz kimi danışıb, istədiyiniz kimi hərəkət edə bilməzsiniz. Dahiyanə zəkanız olsa, güclü mühakiməyə, qabiliyyətə malik olsanız belə yenə də bu şəkildə davrana bilməzsiniz. Nəinki dahi olsanız, sizdə hətta yüz dahi zəkası olsa belə, sizin o dahiliyinizə dahilik qatan xüsus istişarədir, məşvərətdir. Çünki İnsanlığın İftixarı Əfəndimiz mübarək bəyanlarında: "Dahi olan insan məyus, istəyindən məhrum qalmaz," demir: "İstişarə edən məyus olmaz" buyurur. Bir ərəb atalar sözündə deyildiyi kimi, iki ağıl bir ağıldan üstündüsə, elə isə üç ağıl, dörd ağıl, on ağıl bir ağıldan qat-qat üstündür.

Hissi boşluqlara düşməməyin yolu: Məşvərət

Mövzunu misalla bir qədər də açmağa çalışaq. Deyək ki, sizin ümumi hüquqa aid bir vəzifəniz, bir məsuliyyətiniz var. Siyasi və ya qeyri-siyasi böyük bir kütlənin məsuliyyətini daşıyır, onları bəzi xeyir işlərə istiqamətləndirmə mövqeyindəsiniz. Əgər iş yalnız sizə həvalə edilibsə, dahi də olsanız bəzən nəfsinizə uyub yanıla bilərsiniz, hislərin təsirində qalıb əhval-ruhiyyənizi həmin qarışdıra bilərsiniz. Məsələn, yuxudan doymadan qalxdığınız və əsəbi olduğunuz bir gündə görəcəyiniz həmin işə gərginliyinizi və əsəbinizi qarışdıra bilərsiniz. Və ya uşağınızın sizi əsəbləşdirdiyi, sizi üzdüyü bir gün o əhval-ruhiyyənizi işə də əks etdirə bilərsiniz. Halbuki, o işin içində Allah haqqı var, ümumi bir kütlənin hüququ var. Dolayısilə, haqq və hüququn əzəmətini və böyüklüyünü düşünüb gördüyünüz işdə səhv etməməyə çalışmalısınız. Tələskənlik nəticəsində bir çox insanın hüququna təcavüz etmə ehtimalınızın olduğunu, üstəlik hüquqlarını tapdaladığınız o insanların axirətdə sizdən şikayətçi ola biləcəyini və bundan yaxa qurtara bilməyəcəyinizi nəzərə almalısınız. Bütün bunların çarəsi istişarədir, məşvərətin haqqını verməkdir. O dahilər dahisi Həzrəti Əli bir çox məsələni ətrafındakı insanlarla müzakirə etdisə, hətta məşvərətə heç ehtiyacı olmayan, vəhy alan Əfəndilər Əfəndisi (sallallahu əleyhi və səlləm) bizə rəhbərlik etmək üçün səhabələrlə məşvərət etdisə, bizə də öz ağlımıza, zəkamıza baxmadan məşvərət etməliyik.

Bildiyiniz kimi Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hudeybiyə sülhündən sonra səhabəyə qurbanları kəsməyi əmr etsə də onlar "Bəlkə, Allah Rəsulu fikrini dəyişər, təkrar Kəbəyə gedərik" ümidi ilə bu əmri yerinə yetirməkdə bir az ləngimişdilər. Peyğəmbər Əfəndimiz (əleyhissalatu vəsəlləm) isə Ümmü Sələmə anamızla məşvərət etmişdi. Ümmü Sələmə anamız: "Ya Rəsulullah! Onlara baxma. Sən qurbanını kəs və ehramdan çıx. Zənnimcə, onlar da verdiyin qərarın qəti olduğunu anlayınca sənə itaət edəcəklər" demişdi. Onun (əleyhissalatu vəsəlləm) mülahizələri də eyni yöndə idi və çıxıb qurbanını kəsincə hər kəs qollarını çırmalayıb qurbanlarını kəsmişdilər.

Əlbəttə ki, Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) bu vəziyyətdə nə edəcəyini bilirdi. Çünki vəhylə təminat altına alınmış əzəmətli fətanətə malik bir Peyğəmbərin belə halda çıxış yolunu bilməməsi qeyri-mümkündür. Bu səbəblə, hər mövzuda bizə rəhbər olan Allah Rəsulunun (əleyhissalatu vəsəlləm) bu davranışını məşvərət mövzusunda da bizə nümunə olması kimi anlamalıyıq.

Bu hadisədə bir çox vacib həqiqət və alınası dərs var. Məsələn, "Qadının ruhu varmı, qadın insanmı, deyilmi?" mabahisəsinin bir dövrdə Əfəndimizin (sallallahu əleyhi və səlləm) bir peyğəmbər kimi, üstəlik həyat yoldaşı ilə – bir qadınla istişarə etməsi, zənnimcə, müasir qadın hüquq müdafiəçilərini belə heyran edən davranışdır. Bu hadisədə, eyni zamanda, qadın şəfqətinə müraciət etmə məsələsi də var.

Bəli, hiss və həyəcan Allahın lütf etdiyi, şükür tələb edən çox vacib nemətdir. Lakin o nemətdən daha böyük bir nemət var ki, o da, bu nemətlərin ağıl süzgəcindən keçirilməsidir. Yəni təfəkkür, təzəkkür, təəmmüllə dərinləşdirilməsi, zəmanələşdirilməsi, yəni hər yerdə tətbiqata uyğun hala gətirilib ümumbəşəri bir hərəkətverici qüvvəyə çevrilməsidir.

Bu baxımdan, ən kiçik mövzudan ən böyük məsələyə qədər hiss, həyəcan və ağıl tarazlığı çox vacibdir. Müsəlman müvazinəti insandır. Quran tarazlığı sirati-müstəqim sayır. Tarazlıq isə, ifrat və təfritdən uzaq həyat deməkdir. Fatihə surəsində olan "  اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ" ayəsi də gündə qırx dəfə bizə bunu təlqin edir. Allah (c.c.) Quranın xülasəsi olan ilk surədə, vəsfini, güc və qüdrətini ifadə etdikdən, bizi qulluğa çağırdıqdan və bir bunu layiqli yerinə yetirmək üçün Ondan kömək istəməyə dəvət etdikdən sonra ən böyük köməyin sirati-müstəqim olduğunu buyurur. Məlum olduğu kimi, mömin beş vaxt namazı ilə gündə ən az qırx dəfə Cənabi-Haqqdan bunu istəyir. Ancaq tarazlıq mömin həyatında o qədər əhəmiyyətlidir ki, onu gündə qırx dəfə deyil, min dəfə tələb etsək, zənnimcə yenə də azdır.

Son olaraq bunu da ifadə etməliyəm ki, hiss, həyəcan və ağıl tarazlığı dinimiz baxımından çox əhəmiyyətli olduğuna görə, sirati-müstəqimi tapma mövzusunda göstərilən hər cəhd və səy ibadət sayılır. Bu səbəblə, biz bir məsələdə özümüzə görə qərar vermə əvəzinə o məsələdə baş yorar, ətraflı müzakirə edər, ətrafımızdakı insanlarla istişarə edər, beləcə yeni nəticələr əldə edərik. Məhz bundan sonra bir seçimimiz olsa, hər fəaliyyətimiz, hər işimiz, hər fikri təşəbbüsümüz inşallah bizə ibadət savabı qazandıracaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.