“Cins dimağlar” və qabiliyyətətlərin inkişafı
Sual: Yazı və söhbətlərdə “cins dimağlar”dan bəhs edilir. “Cins dimağlar” deyəndə kimləri nəzərdə tutursunuz? Bu cür insanlar mənən kamilləşmək üçün hansı xüsuslara diqqət yetirməlidir?
Cavab: “Cins dimağ”lar yaşadığı dövrü, cəmiyyəti, insanı, kainatı, əşya və hadisələri – qısaca hər şeyi qavramağa, anlamağa çalışan, əldə etdiyi nəzəri biliyi əmələ çevirməyə çalışan və bu haqda mütəmadi düşünən, bu məsələləri araşdıran insanlardır. Bu cür insanlar həyatlarını ancaq həqiqət eşqi, elm və araşdırma sevdasına həsr etdikləri üçün həllini axtardığı problemlərə, Allahın izni ilə cavab tapar, gözlənilməz nailiyyətlər əldə edər, düşüncədə meydana gələn tıxanıqlığı açar və beləcə yaşadığı cəmiyyətin maariflənməsinə vəsilə olar.
İstedad və qabiliyyətlər bir imtahandır
Ancaq, qeyd etmək lazımdır ki, bu məqama yüksələn insanları bəzi potensial təhlükələr də gözləyir. Məsələn, bu insanlar istedad və qabiliyyətlərinə güvənərək və özlərini fərqli görərək qarşılarına çıxan hər bir problemi öz ağıl və qabiliyyəti ilə həll edəcəyinə və hər məsələninin öhdəsindən gələcəyinə inanmağa başlayırlar. Bu cür düşünən insanlar “Ancaq mən deyən doğrudur” düşüncəsi ilə hərəkət edə və ya öz üstünlüklərini sübuta yetirmək üçün fərqli düşüncə və görüşlərə biganəliK və sərtlik göstərə bilər. Başqa sözlə desək, bəzi məsələləri daha dərindən bilmək onları başqa insanlara və onların fikirlərinə yuxarıdan aşağı baxmağa sövq edə bilər. Hətta bu cür insanlar tədricən özlərinin “etiraz fəlsəfəsini” ortaya qoyaraq ciddi təfəkkür nəticəsində ərsəyə gələn çox məntiqli düşüncələri belə dərhal etirazla qarşılaya və Haqqın hər şeydən üstün olduğunu unuda bilərlər.
Bu cür yanlış düşüncələrin kökündə natamam tərbiyə dayanır. Keçmişdə elm öyrədən insanlar eyni zamanda həm də çox gözəl tərbiyəçi idilər. Yəni həqiqi mürəbbilər oturuşları, duruşları, inancları, düşüncə və dünyagörüşləri ilə ətrafındakı insanlara hər cəhətdən nümunə olub onları (sözlə deyil) “hal dili” ilə tərbiyə edirdilər. Lakin güman etmirəm ki, bugünkü təhsil sistemində təlim və tərbiyə qoşa addımlasın. Təhsil sahəsində yüksək nailiyyətlər əldə etdiyimizi düşünsək belə, bu, mövcud nöqsanları aradan qaldırmağa kifayət eləmir. Təhsil insanı həqiqi insanlığa yüksəltməkdir. Həqiqi pedaqoqlar isə mahir bir heykəltəraş kimi ideal insan abidəsini ucaldan şəxslərdir. Əgər “cins dimağlar” gözəl pedaqoqlardan tərbiyə almır və onların nəzarətində yetişmirsə, “hər şeyi ən yaxşı bilən mənəm” psixozundan qurtulmaları və başqalarının düşüncələrindən faydalanmağı bacarmaları olduqca çətindir.
Eqosunun altında qalıb əzilənlər
Bu məsələ ilə əlaqədar daha əvvəl də sizə Həzrəti Pirə ömrü boyu xidmət edən və səffi-əvvəldən (bir məfkurəyə ilk dəfə arxa çıxanlar mənasında işlədilir) olan qəhrəmanlardan birinin nümunəvi bir hərəkətindən danışmışdım. Bir məşvərət əsnasında bir nəfər onun fikrinə etiraz edir. Ancaq bu böyük insan təbəssümlə ona: “Elədir qardaşım. Bəlkə də, haqlısan”, − deyir. Çünki o, qarşıdakı şəxsin həmin anda həqiqəti qəbul edib deyilənləri anlayacaq əhval-ruhiyyədə olmadığını hiss edir. Ancaq etiraz edən adam bir müddət sonra öz fikrinin yanlış olduğunu görüb həmin böyük insanın yanına gəlir və: “Əfəndim! Mən filan düşüncədə yanılmışam. Sizin fikriniz doğru imiş” deyir. O da əhvalını heç pozmadan yenə: “Elədir, qardaşım”, − deyir.
Mən də, bəlkə, yüz dəfə oxşar hadisələrlə qarşılaşmışam və hər dəfə də əhəmiyyət verməmişəm. Çünki bu cür insanlar hər şeyi bildiklərini sanıb hər sözə etiraz edirlər. Belə hallarda siz problemi böyütməmək üçün məsələni zamanın axarına buraxırsınız. Əks halda bu insanların haralara gedib çıxacağını kəsdirmək çətindir. Bəşər tarixində bunun bir çox acınacaqlı örnəyi var. Məsələn, Hitler istedadlı bir şəxs olmaqla yanaşı, özü haqda həmişə yüksək fikirdə olduğuna görə, heç bir qəlibə sığmamış, heç bir sözə qulaq asmamış və nəticədə o boyda milləti bir macəra uğrunda nə qədər bəlaya mübtəla etmişdir. Belə ki, hələ də öz xalqından onu lənət edənlər var.
“Cins dimağlar”ı cəmiyyətə faydalı fərd kimi yetişdirmək xüsusi diqqət tələb edir
İnsanları bu yanlış üsyankarlıq fəlsəfəsindən qorumağın yeganə yolu onları tərbiyə və reabilitasiya (yenidən bərpa) edərək heyətlə ələ-ələ, çiyin-çiyinə çalışmağı öyrətməkdir. Fərqli üslub və metodlardan istifadə edərək onlara vifaq və ittifaqın (həmrəylik və birlik) əhəmiyyətini çatdırmaq lazımdır. Vifaq və ittifaqın Allahın bəndələrinə xüsusi lütf və inayət etməsinə vəsilə olduğunu dilə gətirmək, insanın şəxsi düşüncələri nə qədər dəyərli olursa-olsun ümumi ahəngi pozmamaq xatirinə öz fikirlərindən dönməsinin bir fəzilət sayıldığını vurğulamaq vacibdir.
Ancaq ümum hüquqa aid olmayan şəxsi məsələlərdə belə insanlara bəzən tərbiyə məqsədi ilə, yanlışlarını görüb anlasınlar deyə sərbəstlik vermək lazımdır. Qoy öz bildiklərini etsinlər, başları daşa dəyəndə gəlib: “Siz haqlı imişsiniz” desinlər. Çünki insanların öz fikirlərinin yanlış olduğunu məhz öz seçimləri və azad iradələri ilə görmələrinə zəmin hazırlamaq onları yetişdirmək baxımından vacib düsturdur.
Ömrünü mənəm-mənəmlik hissinin, həvaü-həvəsinin əsarətində puç edən insanları görəndə adam “Kaş ki!” deməkdən özünü saxlaya bilmir. Kaş yüksək istedada malik, fərqli məsələlərdən başı çıxan, problemlərə həll etməyi bacaran cəsur və mərd insanlar bu güc və potensialını özünü sübuta yetirməyə, ona-buna etiraz etməyə deyil, İslamiyyətin adını ucaltmaqda, milli kültürümüzü təbliğdə istifadə edəydilər. Çünki “cins dimağ”lar Cənabi-Allahın bəxş etdiyi qabiliyyətlərdən mənsub olduqları heyətlə ahəng içində uca bir məfkurə naminə istifadə etməklə bir çox faydalı işlərin ərsəyə gəməsinə vəsilə ola bilərlər.
Bu baxımdan bu cür insanlara rəhbərlik edən və cavabdeh sayılan şəxslər onlara görə ciddi məsuliyyət daşıyır. Bəli, idarəçilər və rəhbərlər bu cür insanların qəlbinə yol tapmaq, onların mənsub olduqları heyətlə əl-ələ verib çalışmasını təmin etmək və beləcə qabiliyyətlərindən faydalanmaq üçün ciddi səy göstərməlidir. Əgər bu cür insanlardan biri on nəfərin işini görə bilərsə, o rəhbərlər də on nəfərə sərf etdiyi vaxt və əməyi həmin şəxsə ayırmalıdır. Çünki bildiyiniz kimi, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Xalid ibn Vəlid, Amr ibn As, Muğirə ibn Şubə kimi müstəsna qabiliyyətə malik insanların müsəlmanlığı qəbul etməsi üçün ciddi səy göstərmişdir. Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) cahiliyyə dövründəki bu cür qabiliyyətli insanları ehtimamla yoğurmuş, hazırlamış, sonra da dinin əmrinə vermişdir. Nəticə etibarilə bu səhabələrin hər birinin İslamiyyətə böyük xidmətləri olmuşdur.
Osmanlı tarixinə baxanda da sultanların bir insanda dahilik əlamətləri sezər-sezməz dərhal ondan səmərəli şəkildə istifadə etməyə çalışdığını görürük. O dövrün idarəçiləri fərasətləri ilə bu cür istedadlı insanları − başqa din və mədəniyyətlərə mənsub olsalar da, − üzə çıxarmış və onlardan faydalanmağın yollarını axtarmışlar. Bunun sayəsində Zağanoslar, Evrənoslar, Qazi Mixaillər, Memar Sinanlar, Sokullular (Allah hamısından razı olsun) müsəlmanlığı qəbul etmiş, Osmanlı Dövlətinə və bəşəriyyətə xidmət etmişlər. Onlardan kimisi sərkərdə, kimisi sədrəzəm, kimisi memar olmuş və millətimiz üçün çox faydalı işlər görmüşlər.
İfrata yol vermədən yeri gələndə könüllərini xoş edərək, bəzən alqışlayaraq, bəzən də mükafatlandıraraq “cins dimağ”lardan millətimiz naminə səmərəli istifadənin yollarını axtarmaq lazımdır. Əslində bu cür hərəkət etmək də ilahi bir əxlaqdır. Çünki O (cəllə cəlaluhu), heç bir müvəfəqiyyəti mükafatsız qoymur. Bu baxımdan bir tərəfdən “cins dimağ”ların müstəsna qabiliyyət və istedadını inkişaf etdirmək üçün onları təqdir edib mükafatlandırmaq, digər tərəfdən də onların qəlbinə bəşəriyyətə faydalılıq duyğu-düşüncəsini nəqş eləmək lazımdır.
- tarixində yaradılmışdır.