Din adından işlənən cinayətlərin vəbalı-2
Osmanlı dövlətinin süqutundan sonra İslam dünyası dalbadal parçalanmağa başlamışdı. Bu gün isə bu dünya artıq yavaş-yavaş özünə gəlməyə, öz dəyərlərinə qayıtmağa və itirdiyi ruhu tapmağa çalışır. İslam dünyası bir tərəfə qalsın, təkcə Türkiyəyə baxanda belə heç bir şeyin əvvəlki kimi olmadığını, son qırx-əlli ildə çox şeyin dəyişdiyini görürük. İslam dünyasında gedən inkişafdan narahat olan bəzi qüvvələr dinin əsaslarından bixəbər, dəyərlərin kriteri və meyarlarını bilməyən, eyni zamanda hislərlə hərəkət edən bəzi “qəhrəman”ları öz bədxah əməllərinə alət etmək istəmişdilər.
Parannoyaya olan tələb və aldadılan kütlələr
Təəssüf ki, hal-hazırda İslam coğrafiyasında yaşayan insanların hamısı ağıllı-kamallı, doğru düşünən, islami qaynaqlara aşina insanlar deyillər. İnsanları parannoyaya sövq edərək beynəlxalq arenada öz mənafelərinə uyğun ictimai rəy formalaşdırmağa çalışanlar isə bizim cəhalət və yoxsulluqdan qaynaqlanan zəif cəhətlərimizi görmüş, buna müvafiq müəyyən ssenarilər hazırlamış və beləcə “yatqın” insanları ya aldadaraq, ya da dərmanla “robotlaşdıraraq” bu ssenarilərdə aktyor kimi oynatmışlar. Bəli, qayğıdan məhrum edilən, cəhalətə qurban verilən nəsillərdən sui-istifadə edərək kütlələri aldatmışlar. Aladanmaq istəmiriksə, gərək güclü “immunitet sisteminə” sahib olaq. Əgər müqavimət sisteminiz möhkəmdirsə, bünyəyə soxulan virus və mikrobların öhdəsindən gəlmək çətin olmaz. Əgər bünyənin “immunitet sistemi” zəifdirsə, məqsədli şəkildə viruslar yoluxdurub onu çökdürməyə çalışacaqlar, bünyə də buna tab gətirə bilməyəcək.
O baxımdan, kiçilib büzüşən müasir dunyada Allah Rəsulunun yolunu tutan hər bir müsəlman daha ağıllı hərəkət etməli, hər addımını ölçüb-biçməli, bir söz danışmazdan əvvəl həmin sözün necə qarşılanacağını və necə reaksiya doğuracağını düşünməlidir. Ağzını açmadan, deyəcəyi sözlərin zərərini, faydasını yaxşı hesablamalı və on kərə düşünmədən bircə söz də deməməlidir. Ələlxüsus da, bir heyəti təmsil edən insanlar daha həsssas olmalıdır. Çünki belə insanlar bir xətaya yol verəndə əziyyətini bütün heyət çəkir. Məsələn, sıravi bir adam çıxıb: “Filankəslər sizə hörmətsizlik etdilər. Siz də onlara ziyan verin!” − desə, heç kim buna əhəmiyyət verməz. Ancaq hörmətli, nüfuzlu bir sərgərdan belə bir cümlə söyləsə, sözləri əks-səda doğurar və dərin yaralar açar. Bəli, elm, hikmət, bəsirət və fərasət, şücaət və cəsarətlə qoşa addımlamasa, bu hislər insana elə ağılsız işlər gördürər ki, artıq edilən səhvləri düzəltmə və nəticələrini aradan qaldırmaq mümkün olmaz.
O baxımdan başımıza gələn fəlakətlərdə təkcə qarşı tərəfi gunahlandırmaq doğru deyil. Əslində insanların islami gözəllikləri yaşamasını istəməyən düşmən cəbhəsi bu hiylə və oyunlarını İslamiyyətin ta ilk dövrlərindən gerçəkləşdirməyə can atmışdır. Ancaq Rəşid xəlifələr və onları örnək götürən bəsirətli rəhbərlər buna imkan verməmişdir. Buna baxmayaraq, xüsusən son iki-üç əsrdə xarici qüvvələr aramzıdan bəzi insanları öz mənafeyinə alət etmiş və təəssüf ki, İslamın nurlu üzünə qara ləkə yaxmışdır. İslam, demək olar, tarixi boyu heç bir dövrdə hal-hazırda “din” adından törədilən vəhşətə şahid olmamışdır. Bir vaxtlar Əlmohadlar, Qərmətilər, daha sonralar Batiniliyə uyan bəzi insanlar bu cür vəhşətə əl atmışdılar. Ancaq onlar belə kamikadzelik etməmiş, qadın, qoca, uşaq demədən kütləvi qətliama səbəb olan intihar hadisələri törətməmişlər.
Möminin mübarizə metodu
Yeri gəlmişkən, bir xatirəmi danışmaq istəyirəm. Ziyarətə gələn bir qonaq islamfobiyadan söhbət açaraq avropalıların müsəlmanlara vəhşi gözü ilə baxdıqlarını söyləmiş və İslam əleyhinə karikaturalar çəkdiklərini, qəzetlərdə yazılar yazdıqlarını və televiziya kanallarında verilişlər verdiklərini demişdi. Mən də dedim ki, İslam əleyhinə bu cür çıxışlara, təəssüf ki, bizdən də hissi hərəkət edib, − İslamda yeri olmasa da, − eyni şəkildə cavab verən insanlar var, buna görə də özümüzü təmizə çıxarmaq doğru deyil. O, belə bir cavab gözləmədiyindən təəccüblənsə də, bu, danılmaz bir həqiqətdir. Halbuki, biz pis əməllərə möminə yaraşan davranışlarla cavab verməli, mömin kimi mübarizə aparmalıyıq. Əksinə, hər bir səhv hərəkət yer üzünün bütün müsəlmanlarını çətin vəziyyətdə qoyur. Çünki bəzi qara qüvvələr belə hadisələrdən müsəlmanların əleyhinə istifadə edirlər. Bizim yolumuz: üslubu namus bilib dinin əsaslarına sadiq qalaraq hücumların qarşısını almaqdır.
Vəhşilik törədənlərin müsəlmanlıqla əlaqəsi yoxdur
Üstəlik harda görülüb ki, din insanlara zorakılıq və təzyiqlərlə sevdirilsin? İnsanlar İslama zorla isinişdirilsin? Bildiyiniz kimi, dinin tərifində bu ifadələrə yer verilir: “Din Allahın qoyduğu sistemlər məcmusu olub ağıl sahiblərini bilavasitə öz azad iradələri ilə xeyrə sövq edir”. (Əbdüləziz əl-Buxari, “Kəşfül-əsrar”, 1\13).
Məncə, dinə verilən bu tərif ən inkişaf etmiş demokratik sistemləri belə geridə qoyur. Çünki insan iradəsini əsas götürür, onu öz azad iradəsinin ixtiyarına buraxır. İslama görə, insan yaradılış etibarilə ali və qədirbilən varlıqdır. Əgər din düzgün təmsil olunsa və dinin insanın istiqbalı ilə əlaqədar gözəllikləri ortaya qoyulsa, insanların seçimi bu yöndə olacaq.
Bəli, əgər siz dinin gözəlliyini göstərsəniz, sevdirsəniz və ona qarşı rəğbət hissi oyatsanız, insanlar da azad iradələri ilə onu seçərlər. Kimsə buna etiraz edə bilməz. İstəyən istədiyi dini seçməkdə sərbəstdir. Mühüm olan dinin layiqincə təmsil edilməsidir. Bildiyiniz kimi, İnsanlığın İftixarı Peyğəmbərimizin dini yaşaması, yəni təmsili Onun əngin təbliğ anlayışı ilə yanaşı addımlamışdır. O (sallallahu aleyhi vəsəlləm), söylədiyi hər şeyə “nöqtəsinə”, “vergülünə” kimi əməl eləmiş və beləcə könüllərdə taxt qurmuşdur.
Əslində Onun ümməti olaraq bizlər də bir vaxtlar belə idik. Ancaq son bir-iki əsrdə bəzi qüvvələr bizim genlərimizi pozdular. Və təəssüf ki, bəziləri üstəlik din adından neçə-neçə günahlar işlədilər. Halbuki vəhşət törədənin müsəlmanlıqdan nəsibi yoxdur. Əvvələr də dəfələrlə dediyim kimi, terroristdən müsəlman, müsəlmandan da terrorist olmaz. Müsəlmanların içindən terrorist çıxsa da, o, müsəlmana aid xüsusiyyətlərini itirmiş sayılır. Belə adama heç vaxt sağlam müsəlman demək olmaz. Necə deyilsin?! Müharibənin belə müəyyən qayda-qanunları var. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir qoşunu yola salanda buyurduğu kimi, dinimiz qadınlara, uşaqlara, məbədə pənah gətirən insanlara silah çəkməyi qadağan etmişdir. O baxımdan bu gün din adından törədilən cinayətləri Quran və Sünnə ilə izah etmək mümkün deyil.
Xülasə, bizim vəzifəmiz dini doğru təmsil etməklə yanaşı, hər kəsə hörmət etmək, hər bir düşüncəyə ehtiram göstərməkdir. Zira bir insanın öz inancını başqalarına zorla qəbul etdirməsi dinin ruhuna ziddir. Topla, tüfənglə, zorakılıqla və çığır-bağırla insanların üstünə getmək, öz ağlına görə müharibə elan edərək bir ticarət mərkəzini ələ keçirmək, məsum insanları əsir götürmək müsəlmanlıqla bir araya sığmır. Sülh və əmin-amanlıq dininə mənsub olan bizlər zülmə zülmlə cavab verməyi zalımanə bir yol sayır və insan kimi davranmağı vəhşilik etməkdən üstün tuturuq. Elə inanclı insan da bu cür hərəkətlərə tənəzzül edərək özünü alçaltmaz, alçalda bilməz.
Cənabi-Allah qəlblərimizi hikməti ilə abad etsin. Muradına zidd olan hər şeydən bizi qorusun, hifz etsin! Peyğəmbər yolunda getməyi, Onun yolu ilə gedənlərin ardınca getməyi cümləmizə nəsib etsin!
- tarixində yaradılmışdır.