Dövlət-cəmiyyət münasibətlərinə dair mülahizələr

Fəthullah Gülən: Dövlət-cəmiyyət münasibətlərinə dair mülahizələr

Sual: İslam dini insan həyatını tarazlayan prinsipləri ehtiva edir. Cəmiyyət-dövlət münasibətlərində dövlətin rolu və yerini bu aspektdən izah edə bilərsiniz?

Cavab: Bəşər tarixinin bəzi dövrlərində dövlət müqəddəs sayılmışdır. Məsələn, saray hakimiyyətinin din adamlarına təzyiqlərinin bir nəticəsi olaraq “Roma imperiyası” “Müqəddəs Roma imperiyası”na çevrilmişdir. Beləcə, Roma imperiyası tarixə teokratik dövlət kimi düşmüşdür.

Müqəddəs Roma imperiyasının idarəçilik sisteminin təməlində ilahi kitablar və ilahi mənbələr deyil, bəzi din adamlarının dövrün şərtlərinə görə ortaya qoyduğu ictihadlardan ibarət qanunlar məcmuəsi dayanır. Belə bir sistemdə kilsə xadimləri siyasi hakimiyyətdə iştirak edir. Bu, bir mənada “teokratik rejim”dir. Sonrakı dövrlərdə də dövləti müqəddəsləşdirilmişdir. Hətta müsəlman əhalinin üstünlük təşkil etdiyi bəzi ölkələrdə dövləti və höküməti hücumlardan qorumaq məqsədi ilə dövlət müqəddəsləşdirilmişdir.

İdeal dövlətin qayəsi

Müsəlmanlıqda isə ruhani sinif yoxdur. Din adamının ağzından çıxan hər söz “nəss” deyildir. Onların həva-həvəsinə[1] görə verdikləri qanunların da heç bir əsası yoxdur. İslamda nə ruhani sinif var, nə də ruhani sinfin qərarı ilə müqəddəsləşdirilən “müqəddəs dövlət”.

İslamda dövlət məqsəd deyil, insanların iki dünya səadətini əldə etməsində bir vasitədir. Vəzifəsi isə insanların dünya və axirət səadətinini qazanmasına zəmin hazırlamaqdır.

“Dövlət” nəticə etibarilə insanların qurduğu bir sistemdir. Bu sistemi quranlar haqqa-həqiqətə nə qədər yaxın olursa, onların qurduqları dövlət də haqq və həqiqətə o qədər yaxın olur. Onlar haqq və həqiqətdən uzaq olursa, dövlət də haqq və həqiqətdən uzaq olur.

Bəzən dövlətlər öz vəzifəsini tam yerinə yetirə bilmir və ya nöqsanlara yol verir. Bütün dövlətlərin bəzi xəta və nöqsanları olur. Ancaq Rəşidi xəlifələri istisnadır. Əməvilərin də, Abbasilərin də, Elxanlıların da, Zəngilərin də, Əyyubilərin də, Səlcuqluların da, dörd əsr böyük bir ərazidə sülh və əmin-amanlığın carçısı olan Osmanlının da xəta və nöqsanları olmuşdur.

Nizamı xaosla bərqərar etməzlər

Bu məqamda məsələyə ifrat-təfritə yol vermədən ümumi prinsiplər aspektindən və bir bütöv kimi baxmaq lazımdır. İslam bir fərdi yaxşı əməllərinnə görə alqışlayıb mükafatlandırır, pis əməllərdən çəkindirməyə çalışır. Xətasına görə fərdin üstündən birdəfəlik xətt çəkmir. Məsələn, İslamda mömin xəta, günah, pis əməl işləmiş ola bilər, ancaq buna görə kafir olmaz. Haramı halal saymadıqca möminlikdən çıxmaz. Nəticə etibarilə günah işləyən mömin ya fasiq, ya facir ya da zalım mömin sayılır. Xalq da, dövlət də savabı, xətası və günahı olan bu fərdlərdən ibarətdir. Demək, dövlətlərin də təqdirəşayan işləri kimi, xəta və qüsurları da ola bilər.

Bir dövlət haqqa, hüquqa və ədalətə riayət edirsə, ona ehtiram göstərmək, icraatlarını alqışlamaq və dəstək vermək lazımdır. Yox əgər açıq-aşkar zülm, ədalətsizlik edirsə, “Dövlət müqəddəsdir. Ona ehtiram göstərilməlidir” deyib susmaq olmaz. Əksinə zülm və ədalətsizliklə qanun çərçivəsində mübarizə aparmaq lazımdır. Ancaq həddən artıq diqqətli olmaq şərtilə. Belə ki, belə məsələlərdə bir yanlışı düzəldərkən başqa xətlara yol verilməməlidir. hakimiyyətin xətalarına etiraz edənlər əsla asayişə xələl gətirməməli, qeyri-qanuni yollara baş vurmamalıdırlar. Mömin etibarlı insandır, sülh və əmin-amanlığın carçısıdır. Ancaq qanun-qaydalara görə hərəkət edər. O, çox yaxşı bilir ki, nizamı xaosla bərqərar etməzlər. Nizamı ancaq nizamla ərsəyə gətirmək mümkündür. Nizamı, qayda-qanunu və asayişi qorumaq istəyirsinizsə, nizam-intizamlı olmalı, qayda-qaunlara əməl etməli və nizama arxa çıxmalısınız.

Mömin daima, şəraitdən asılı olmayaraq, ölkədə sabitlik və əmin-amanlığın bərqrərar edilməsində dövlətə dəstək verməlidir. Dövlətə ziyan vermək, onu zəiflətmək, dövlətdən nəsə qoparamaq istəyən anarxistlərə imkan verilməməlidir. Ölkədə xaos çıxsa, anarxiya baş alıb getsə, hamı zərər çəkər. Anarxiya azğın sel kimi hamını – dövləti də, milləti də qabağına qatıb sürükləyər. Onun vurduğu zərəri də kimsə bərpa edə bilməz. Aydın fikirləriniz, parlaq layihələriniz olsa da, belə bir şəraitdə onları həyata keçirə bilıməzsiniz. Bir şeyin daha mükəmməlini əldə etmək istəyirsinizsə, işə az-çox mükəmməl olanla başlamalısınız. Mükəmmməllik tədrici bir proseslə əldə edilir. Kamilliyə addım-addım irəliləməklə çatmaq olur. Ona görə də, xətaların düzəldilməsində dövlətə arxa çıxmaq, dövlətin tərəfini tutmaq, gələcəyə dair layihələri dövlət rəsmilərinə çatdırmaq möminin şüarı olmalıdır.

Dövlət bizə qarşıdır?

Deyə bilərsiniz ki: “Ən səmərəli işlərə qarşı çıxırlar, ən təmiz işlərdə belə qəsd-qərəz axtarırlar!” Şəxsən mən dövlət müəssisələrinin sizin, bizim, filanın, fəsmənin əleyhinə olduğunu düşünmürəm. Bəzi qurumlarda mərəkə qoparan, səsi-küyü hamından çox gələn, əməlindən çox, hay-huyu görünən insanları dövlət sana bilərsiniz. Əleyhinizə olan dövlət deyil, xalqı aldadaraq dövlətin içinə soxulan mənfəətpərəst bir qrupdur. Həyati əhəmiyyətli bir dövlət qurumunun əleyhinizə olduğunu düşünürsünüzsə, böyük xəta edirsiniz. Onu qınamaq, pisləmək, elə hey tənqid etmək isə ikinci böyük xətadır.

Digər tərəfdən ölkəsini və xalqını sevən, beynəlxalq hüquq normalarına riayət edən dövlət rəsmiləri heç bir fəaliyyətimizə qarşı çıxmır, əksinə alqışlayıb dəstək verirlər. Çünki Allaha şükür, biz xalqını sevən, qəlbi xalqın səadəti üçün döyünən, ona xidmət etməkdən başqa bir şey düşünməyən insanlarıq. Bu yolda zərrə qədər mənfəət güdmüşüksə, sübut eləsinlər. Sübut eləsinlər, biz Qaf dağının o üzünə getək, bizdən canları qurtarsın. Ancaq bunu kimsə sübut edə bilməyəcək. Çünki zərrə qədər mənfəət güdməmişik. Allah rizasından başqa bir şey istəmirik. Buna da başqa yolla deyil, ancaq Allahın adını hər yanda dalğalandırmaqla nail olmağa çalışırıq. Qoy bunu el-aləm bilsin, qoy bütün dünya bundan agah olsun... Çox şükür üzümüz ağ, alnımız açıqdır. Xalqımıza və bəşəriyyətə xidmət yolunda ilahi rizasnı qazanmaqdan başqa bir niyyətimiz olmayıb, olmayacaq da, inşallah.

Ona görə də, heç kim bizim əleyhimizə olmağa, bizi istəməməyə haqqı yoxdur. Narazı olanlar varsa da, bunlar kaprizlərinə, yüngül hislərinə qapılaraq fəziləti öz inhisarında saxlamağa çalışan, “O kimdir ki, dünya miqyaslı işlər görsün? Varsa da, yoxsa da biz” deyən, başqalarının məziyyətlərini gözü götürməyən xəstə ruhlu insanlardır. Üç-beş sərgərdanın, oliqarx bir azlığın hərəkətlərinə görə dövlət qurumları haqqında mənfi düşünmək doğru deyil.

İttihamlar və qürbət

Sual: Dövlət və dövlət adamları haqqında görüşləriniz hamıya məlumdur. Hətta buna görə bəzi dindar insanların ağır tənqidlərinə belə məruz qalmısınız. Buna baxmayaraq, bəzi insanlar sizi “dövləti bölməkdə” ittiham edirlər. Bu məsələ haqqında nə düşünürsünüz?

Cavab: Mən zülmə məruz qalan nə ilk, nə də son insanam. Bəşər tarixi bu cür məzlumlarla doludur. Həzrət Nuh (aleyhissalam) məşəqqətli dəniz səyahətinə sinə gərmişdir. Yoluna sularda davam etmişdir. Vətənindən ayrılmağa məcbur olmuş və bir dağın üstündə aram eyləmişdir. Həzrət İbrahim (aleyhissalam) Babil, Hicaz, Kənan diyarlarını qarış-qarış gəzmiş, müqəddəs köçə vadar edilmişdir. Həzrət Musa (aleyhissalam) qundaqdaykən ana qucağından Firon sarayına köçmüş, Misir və Eykə arasında var-gəl etmişdir. Həzrət İsa (aleyhissalam) hələ əziz anasının qucağındaykən yollara düşmüş, əvvəlki peyğəmbərlərin keçdiyi yolları keçmişdir. Həzrət Zəkəriyyə (əleyhissalam) və Həzrət Yəhya (əleyhissalam) isə köçməyə belə imkan tapmamış, edam edilmişlər. Nəbilərin və övliyaların alın yazısı olan müqəddəs köçün vaxtı gəlib çatanda Peyğəmbərimiz də (aleyhi əkməlüttəhaya) Məkkədən ayrılmışdır. Sevr dağından vətəninə baxanda “Ey Məkkə, qövmüm məcbur eləməsəydi, səndən ayrlmazdım”, - demiş və (Tirmizi, “Mənaqib”, 68; İbn Macə, “Mənasiq”, 103; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, 4/305) hicranla hicrət etmişdir.

Bəli, ileyi-kəlimətullah yolunun yolçuları “bir an bəlayi-dərddən cüda” olmamışdır. Əbu Hənifə həqarətlərə məruz qalmış, zindana atılmışdı... Əhməd ibn Hənbəl illərlə əziyyət çəkmiş, işgəncələrə məruz qalmışdı... Sərahsi “əl-Məbsud” adlı əsərini zindanda yazmışdı... Və nəhayət, Bədiüzzaman həzrətləri... öz sözü ilə desək: “Səksən illik həyatında dünya zövqü dadmamış. Bütün ömrü hərb meydanlarında, əsarət zindanlarında, yaxud məmləkət həbsxanalarında keçmişdir. Çəkmədiyi cəfa, görmədiyi əza qalmadı. Divani-hərblərdə (hərbi məhkəmə) onunla bir cani kimi rəftar etdilər, bir sərsəri kimi məmləkət-məmləkət sürgünə göndərdilər. Vətənin zindanlarında aylarla heç kimlə görüşməyə icazə vermədilər. Dəfələrlə zəhərləndi, təhqirlərə məruz qaldı” (Bədiüzzaman, “Tarixçeyi-həyat”, səh.616, (Təhlillər))...

Əzab, əziyyət və qürbət... Bu, təbliğ və təmsil yolçularının dəyişməz taleyidir. Hal-hazırda mən də sələflərimin çəkdiyini çəkirəm. Bu yerdə bir məqamə anlayışsız insanların və təhrif "ustadları”ın nəzərinə çatdırmağı özümü məcbur bilirəm: mən özümü nə peyğəmbər, nə də övliya məqamında görürəm. Sadəcə olaraq onların həyatını çatdırmağa çalışıram. Çünki onlar bütün möminlərə nümunədir, rəhbərdir. Onların yolunda getmək, onları nümunə götürmək nicata vəsilədir.

Mən aciz, fəqir, adi bir insanam. Əlbəttə, bəzi ittihamlar məni incidir, ağır gəlir. Ancaq mömin mümkün qədər Allah əxlaqı ilə bəzənməlidir. Allah-taala asi və günahkar bəndələrini belə yedirib-içirdiyi kimi, mömin də başqa insanlara bu nəzərlə baxmalıdır. Haqsızlıq, zülm və zorbalıqdan cana yığılsa da, ona düşmənçilik edənləri Allaha həvalə etməlidir. “Allahım, iman əhlinə düşmənçilik edənləri Sənə həvalə edirik” deməlidir. Heç kimə fikir vermədən, baş yormadan öz işinə baxmalı, doğru yoldan ayrılmamalıdır.

[1]Həva-həvəs – nəfsani hislər, həvəslər.