Dünyada riza, axirətdə rizvan
Sual: Riza və rizvan arasında fərq varmı? Rizvana aparan ən böyük vəsilə nədir?
Cavab: Riza insanın Allahdan və Onun göndərdiyi İslam dinindən razı olması, Allah-taalanın qəzavü-qədərinə məmnuniyyətlə boyun əyməsi, məruz qaldığı bəla və müsibətləri də təvəkkül və təslimiyyətlə qarşılamasıdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də“Rəbb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq da Həzrəti Məhəmməddən razıyıq” (Əbu Davud, “Ədəb” 100,101) kəlamı ilə məhz bu riza məqamını diqqətə çatdırmışdır.
Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu hədisi həm mömin bəndələrin Rəbbi ilə irtibatını ortaya qoyur, həm də bizə bir qayə göstərir. Qurani-Kərimin müxtəlif ayələrində: “Allah onlardan, onlar da Allahdan razıdır” (“Maidə” surəsi, 5/119) ifadəsinin işlənməsi də möminlər üçün ən böyük məqsədin İlahi riza olduğunu göz önünə sərir.
Üstəlik əgər bir insanın dərdi-səri ilahi rizadırsa, bu insan oturub-durub ilahi rizanı düşünürsə, məqsədi yalnız ilahi rizaya çatmaqdırsa və bundan ötrü canla-başla çalışırsa, bu, o deməkdir ki, Allah-taala da ondan razıdır. Çünki Allah (cəllə cəlaluhu) razı olmasa, insanın qəlbində ilahi rizanı qazanma hissi meydana gəlməzdi. O baxımdan, Allahdan razı olmayan, qəzavü-qədərinə etiraz edən, başına gələn xoşagəlməz hadisələri təslim və təvəkküllə qarşılamayan insanın bir mənada Rəbbin dərgahında riza məqamından payı yoxdur.
Rizvan: əbədi riza müjdəsi
Rizvan isə dünyada rizaya nail olmaq üçün verilən əməyin axirətdəki əvəzidir. Bildiyiniz kimi, dünyada yerinə-yetirilən ibadətlərin hər biri axirətdə Cənnət neməti surətində təməssül edəcək. Həzrəti Pirin sözü ilə desək, burada “Subhənallah” deyən orada bir Cənnət meyvəsi yeyəcək (Bədiüzzaman, “Sözlər” səh. 705 (Otuz ikinci söz, üçüncü məvqif)). Burada oruc tutub ac-susuz qalan əbədiyyən susuzluq gətirməyən Rəyyanın başında olacaq (Bax.: Buxari, “Savm”, IV; Müslim, “Zəkat”, 85). Qısaca, insanın dünyadakı inancı və əməlləri axirətdə fərqli mənalara bürünəcək, bəzən gözün gördüyü, əlin tutduğu nemətə çevriləcək, bəzən də ruhda inşirah hasil edəcək, ilahi riza mehi əsdirəcəkdir.
Nəticə etibarilə “rizvan” məfhumu “riza”dan fərqlənir. Riza insanın dünyada öz iradəsi və təbii ki, Allahın inayəti ilə əldə etdiyi lütf və ehsandır. Rizvan isə axirətdə Allah-taalanın mömin bəndələrinə ərməğan etdiyi sonsuz lütf və ehsanın təcəssümüdür. Başqa sözlə desək, rizvan Allah-talanın əbədi səadət yurdu Cənnətdə bəndələrinə bəxş etdiyi fövqəladə bir nemət olub, ruhlarda mənəvi zövq hasil edər. Bu nemətə layiq görülən möminlər onun mənəvi həzzindən Cənnət nemətlərini belə unudacaqlar.
Ən böyük lütf rizvandır, yoxsa röyəti-ilahi?
Bu məqamda ağıla belə bir sual gələ bilər: ən böyük lütf ilahi rizadır, yoxsa ilahi röyət? Çünki Qurani-Kərimə və Sünneyi-səhihəyə dərindən vaqif olan üsuluddin üləmasının sözlərindən belə nəticə çıxarmaq olar ki, Cənnətdə ən böyük nemət röyəti-ilahi, yəni camalullahı seyr etməkdir. Siracəddin Əli ibn Osman əl-Uşi əhli-sünnənin etiqadına dair yazdığı bir şeirdə bu həqiqətə də toxunur:
يَرَاهُ الْمُؤْمِنُونَ بِغَيْرِ كَيْفٍ
وَإِدْرَاكٍ وَضَرْبٍ مِنْ مِثَالٍ
فَيَنْسَوْنَ النَّعِيمَ إِذَا رَأَوْهُ
فَيَا خُسْرَانَ أَهْلَ الْاِعْتِزَالِ
“Möminlər Onu görəcəklər. Bunu bir şeylə müqayisə etmək mümkünsüzdür. Möminlər Onu görəndə bütün Cənnət nemətlərini unudacaqlar. “Allahı görmək olmaz” deyən əhli-mötəzilə qoy peşman olsun!” (əl-Uşi, “Bədül-əmali”, səh. 50-54).
Həzrəti Ustadın sözü ilə desək, min illik xoşbəxt dünya həyatı Cənnətin bir saatına, Cənnətin min illik həyatı isə camalullahı bir dəqiqə seyr etməyə tən deyil (Bax. Bədiüzzamn, “Məktubat” səh. 260 (İyirminci məktub, Birinci məqam)).
Əl-Uşinin şeirindən və Həzrət Ustadın sözündən belə aydın olur ki, röyəti-ilahi Cənnət nemətlərinin fövqündə dayanan böyük bir ilahi lütfdür. Buna baxmayaraq, Allah-taalanın: “Mən sizdən əbədiyyən razıyam. Artıq sizə heç qəzəblənməyəcəyəm” (Buxari, “Riqaq” 52; Müslim, “İman” 302) buyurması elə böyük bir ilahi lütfdür ki, Cənnət əhlinə röyəti-ilahini də unutduracaq və ruha inşirah verəcək. Bu ilahi lütf və ehsan layiq görülən insanın nə cür zövq və həzz duyacağını kəsdirmək mümkünsüzdür. Belə ki, Cənnətdə ən böyük nemətin rizvan olmasından bəhs edən “Tövbə” surəsində açıq-aydın şəkildə buyurulur: “ Allahın razılığı isə (hamısından) daha böyükdür” (“Tövbə” surəsi, 9/72).
Rizanı diləyən rizvan məqamına çatar
Riza və rizvanın hər biri dünya və axirətə aid yönü baxımından fərqli həqiqətlər olsa da, bir-biri ilə sıx əlaqəlidir. Bunu səbəb-nəticə əlaqəsinə bənzətmək də olar. Siz dünyada cüzi iradənizlə bu istiqamətdə çalışsanız, Allah-taala da sizin zəhmətinizi rizvanla mükafatlandırar.
Ancaq burada bir məqam yanlış anlamaşılmamalı, gözdən qaçırılmamalıdır: riza-rizvan əlaqəsi maddi aləmdə mövcud olan səbəb-nəticə prinsipi ilə üst-üstə düşmür. Çünki bu dünyada bir damla riza axirətdə iri bir dəryaya çevrilir. Halbuki, səbəb-nəticə prinsipinə görə, bir damcı dəryaya çevrilə bilməz. Ancaq Allah-taalanın lütfü o qədər sonsuz, mərhəməti o qədər əngindir ki, insanın Ondan bir damla razı olması axirətdə ümmana dönür.
Rizvana aparan iki qanad: ileyi-kəlimətullah və ixlas
Riza və rizvana aparan yollara gəlincə, insanı bu qayəyə aparan ən qısa yoldan, ən böyük vəsilədən biri ileyi-kəlimətullahdır (Allahın adını ucaltmaq). Bəli, insanı ilahi rizaya aparan ən qısa yol Allah-taalanın adını hər yana, hətta ən qaranlıq diyarlara çatdırmaq və Məhəmmədi ruhun dünyanın dörd tərəfinə yayılması uğrunda canla-başla çalışmaqdır. İleyi-kəlimətullah ilahi rizanın bir vəsiləsisi sayılsa da, həm də öz-özlüyündə ülvi amala təndir.
Elə isə insan başqalarını yaşatma hissi ilə oturub-durmalı, bəşəriyyətin yeni ədəb-ərkan öyrənməsinə vəsilə olmağa çalışmalı, hər fürsətdə onları Allaha yönəltməyə cəhd göstərməlidir. İnsan gərək bu qayəyə o qədər vurğun olsun ki, bunsuz yaşamaq ona əbəs görünsün.
Əlbəttə ki, mömin ileyi-kəlimətullah yolunda müxlis olmalıdır ki, savab dəryasından əliboş dönməsin. Müxlis ixlasın canlı təcəssümü sayılır. Ancaq insan ixlas şüurunu əldə etmək üçün var-gücü ilə, canla-başla çalışmalı, hətta ixlas məqamına razı olmamalı, “müxlasin” məqamına çatmağın yollarını axtarmalıdır. Müxləs Allahın arındırıb mənən saflaşdırdığı, ixlasla yoğurduğu insan deməkdir. Bu, başda Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) olmaqla Həzrəti İbrahim, Həzrəti Musa, Həzrəti İdris (aleyhimüssalam) kimi seçilmiş insanlara aid bir fəzilətdir (Bax: “Sad” surəsi, 38/47). Ancaq yenə də möminlər gözlərini bu ülvi məqamdan ayırmamalı, hər şeydə İlahinin muradı düşünməli, bütün ibadətləri yalnız Allah-taala əmr etdiyi üçün yerinə yetirməli, bəndəliyi dünya mənafeyinə dəyişməməli, hətta rizvandan başqa bütün üxrəvi arzularından da keçməli, gördükləri hər işin nəticəsini Allah-taalaya həvalə etməlidir.
İnsan bu şüura yiyələndikdən sonra onun təbiəti ixlasa yad hər şeydən imtina etməyə başlayar. Məsələn, böyük nailiyyətlər əldə etsə də, sözləri ilə insanları cuşa gətirsə də, qüvvətli qələmi ilə təsirli yazılar yazsa da, bunun əvəzində heç vaxt təqdir və alqış ummaz. Nəinki təsəvvür və ağlına, hətta xəyallarına belə Allahdan qeyri bir şey gəldimi, dərhal bir kənara çəkilib “Əstağfirullah, ya Rəbbim, Sənə şərik qoşdum” deyər, nəfsini sorğu-suala çəkər, tövbə, inabə və övbə çeşmələrində yuyunaraq tərtəmiz olar.
Axirətdə rizvan məqamını əldə etməyin bir yolu da məhz bu cür ixlas düşüncəsidir. O baxımdan ixlas düşüncəsi nə qədər dərinə kök atarsa, rizvana gedən yol da bir o qədər qısalar. Kim bilir, bəlkə də, belə insanlar qəbrin dəhşətli mənzərələrini görməyəcək, bərzəx aləmində əzab-əziyyət çəkməyəcəklər. Onları qəbrə qoyan kimi ruhları bir təkanla yüksələcək, ülvi aləmlərdə gəzib-dolaşacaq. O halda hər bir mömin həm ileyi-kəlimətullah vəzifəsini yerinə yetirməli, həm də ixlası əldə etməyə və onu qoruyub saxlamağa olduqca həssaslıq göstərməlidir.
- tarixində yaradılmışdır.