Dünyəvi İmkanlara Fərqli Yanaşmalar
Sual: Bir qurum və ya bir şirkətdə eyni imkanlara sahib şəxslər arasında malı ilə, canı ilə xidmət etməyə çalışanlar olduğu kimi, ev, torpaq, mal-mülk əldə edənlər də çıxır. Bu cür şəxsi yatırımlar maddi imkanı olmayan insanların fikrini məşğul edə bilir. Belə məsələlərdə sui-zənnə və uxuvvətin zədələnməsinə səbəb olmamaq üçün hansı xüsuslara diqqət yetirilməlidir?
Cavab: Əvvəla, qəbul etməliyik ki, hər kəsdə eyni təbiət və xarakterin olmaması bir reallıqdır. Bəli, sualda verilən fərqlilik və müxtəliflik bir həqiqət kimi bəşər tarixi boyu insanların təbiət və fitrətində müşahidə edilmiş və həyatında öz əksini tapmışdır. Peyğəmbərlərə ən yaxın insanlar arasında belə mal-mülk, sərvət, zənginlik baxımından bir-birindən fərqli insanlar vardı. Kimi ömür boyu zahidanə həyat sürmüş, daşı-daş üstünə qoymamış, kimi Allahın (cəllə cəlaluhu) verdiyi imkanları Onun yolunda sərf edərək bununla Cənnəti qazanmış, bəzi talesizlər isə lütf edilən malla, mülklə, sərvətlə həddi aşaraq yolunu azmışdır. Məsələn, bir tərəfdə Hz. Musanın yanında Yuşa b. Nun kimi fütüvvət (qəhrəmanlıq) timsalı bir gənc qəhrəman var. Digər tərəfdən,
إِنَّ قَارُونَ كَانَ مِنْ قَوْمِ مُوسٰى
"Həqiqətən, Qarun Musa qövmündən idi” (“Qasas” surəsi, 28/76) ayəsindən də aydın olduğu kimi Qaruntək Hz. Musaya yaxınlıq şərəfinə çatan, amma məqamına layiq ola bilmədiyinə görə yerin dibinə batırılan insanlar da var.
Yaxın Halqadan Uzağa Sovrulan Qarun və Samirilər
Hz. Musa ulul-əzm peyğəmbərlərdən biridir. O, Kəlimullah ünvanı ilə şərəfləndirilmişdir. Haqq Təala Hz. Musanı Fironun yanına göndərərkən Hz. Harun kimi insanları ovsunlayan güclü xatibi də onunla göndərərək fikirlərini birlikdə səsləndirməsinə zəmin yaratmışdı. Ancaq Hz. Musa kimi böyük bir peyğəmbərin qövmündən də Qarunlar və Samirilər çıxmışdı. Kim bilir, bəlkə də, onun qövmündə bu iki nəfərdən başqa hələ neçə-neçə insan qazanma məqamında itirmişdir. Çünki o toplumun içində elələri var idi ki, Hz. Musa ilə birlikdə çayı keçəndən sonra, "Bizə də bir ilah düzəlt, ona tapınaq" demişdi. Yəni dənizin yarılması və Firon ordusunun sulara qərq edilməsi kimi ağıla qapı açıb insanı imana gətirən açıq-aşkar möcüzələrdən sonra bütpərəstlərlə qarşılaşan kimi tapınmaq üçün büt tələb etmişdilər.
Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) dövrünə baxanda da fərqli fitrət və xarakterlərə şahid oluruq. Məsələn, İnsanlığın İftixarının yanında Hz. Əbu Bəkir kimi İslam davasını zirvədə bayraqlaşdıran, Hz. Ömər kimi, Hz. Əbu Bəkirdən bir addım arxada dayanan, amma demək olar, ondan geri qalmayan, bəlkə də, onunla yanaşı gedən nəhəng insanlar vardı. Belə ki, Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əlfü əlfi salatin və salam) bir hədisində bu iki böyük səhabə haqqında belə buyurmuşdu: "Şübhəsiz, mənim yer əhlindən iki, göy əhlindən də iki vəzirim var. Yer əhlindən vəzirlərim Əbu Bəkir (radiyallahu anh) və Ömər (radiyallahu anh), göy əhlindən vəzirlərim isə Cəbrail (əleyhissalam) və Mikaildir (əleyhissalam)" (Tirmizi, Menakıb 16). Cəbrail və Mikaildən geri qalmayıb onlarla yanaşı addımlayan bu iki insanla bərabər, bir də baxırsan ki, ortaya irtidat (dindən çıxma) hadisələrinə qarışan insanlar çıxır. Məsələn, Yəmamə döyüşündə qardaşını itirən bir səhabə bir gün Hz. Ömərin yanına gələndə onun ağladığını görür. Səbəbini soruşur, Hz. Ömərin qardaşı Zeydin bu döyüşdə şəhid olduğunu öyrənəndə ona belə deyir: "Ey əmirəl-möminin! Sənin qardaşın Allah yolunda şəhid oldu. Mənim qardaşım isə Müseyləmənin ordusunda idi. Sən dayan, qoy mən ağlayım". Dolayısilə, o dövrdə belə ziqzaqlı hadisələr baş verdiyinə görə, ilk öncə bunu bir reallıq kimi qəbul etmək lazımdır. Bəli, o gün olduğu kimi, bu gün də dinə xidmət edən bir toplumdan yanlış hərəkət edən insanlar çıxa bilər. Məsələn, biri zahirən millət yolunda xidmət etsə də, əslində öz hesab-kitabı, “dəftərində” başqa planları var. Bu şəxs belə bir hərəkatın içində bəzi dünyəvi məqsədlərinin arxasınca düşmüş ola bilər. Ancaq bu, özünü mənfi şəkildə büruzə vermirsə, həmin insanın içini bilmədiyimizə görə haqqında mənfi düşünə, sui-zənn edə bilmərik. Əlimizdən gəlirsə, bu adamı – hissiyyatını da nəzərə alaraq – düşdüyü bataqlıqdan qurtarmağa çalışmalıyıq.
Məşru Dairədə Dünyəvi Qazanclar
Məsələnin digər yönü isə budur: bəziləri, həqiqətən, canla-başla xidmət edir və dünya işlərini də çox yaxşı bilirlər. Bəli, bəzi insanlar xidmətdən geri qalmama və Allah yolunda köhlən kimi ölənədək çalışıb-çabalamaqla yanaşı, dünya işlərində də qabiliyyətli olurlar. Məsələn, Səadət Əsrində Haqq Təala dünya malını Əbdürrəhman b. Avf və Hz. Osman (radiyallahu anhuma) kimi böyük səhabələrin başına leysan kimi tökmüş, onları imkanlı, var-dövlətli etmişdir.
Eyni hal sonrakı dövrlərə də olmuş və olacaqdır da. Bu məqamda unutmamaq lazımdır ki, dünyəvi imkan və var-dövlətə sahib olan bu insanlar Allahın hüzuruna özləri, öz düşüncə və niyyətləri ilə çıxacaqlar. Ona görə də bu kimi hallarda möminin düşüncə tərzi belə olmalıdır: "Görüb-bildiyimiz qədər bu qardaşlarımızın bu yola girərkən heç bir dünyəvi təmənnası yox idi. Lakin ağıllı, qabiliyyətli insanlardır. Demək ki, onlar səbəblərə baş vurdu, Allah da (cəllə cəlaluhu) bu lütfü onlara ehsan etdi".
Siyərə baxanda Hz. Osmanın 300 dəvəni yükü ilə birlikdə bağışladığını görürük. Bu dəvələrin hər biri Hz. Osmanı insaniyyətin ən yüksək zirvəsinə ucaltmağa kifayət edir. Onun eyni zamanda Məscidi-Nəbəvidə qumun üstündə uzanmasına, Allah Rəsulu (əleyhissalatu vəssalam) kimi həsirdə yatmasına şahid oluruq. Bəli, Hz. Osmanın (r.a.) həyatına bir bütöv kimi baxanda o qədər imkan və sərvətə baxmayaraq sadə həyata üstünlük verdiyini, var-dövlətini Allah yolunda verib dəbdəbəli həyatdan və israfdan uzaq olduğunu açıq-aşkar görürük.
Lakin bəşər təbiətinin tələbi olaraq, ömrünü haqq və həqiqət yolunda xidmətə həsr etmiş insanlar arasından belə bəzi dünyəvi imkanlardan istifadə etmək istəyənlər çıxa bilər. Bu, cüzi zeyğ (istiqamətdən sapmaq, doğruluqdan və sirati-müstəqimdən inhiraf etmək) olan Uhud döyüşündə "Madam, insanlar qənimət yığır, biz də yığaq!" demək kimidir. Ancaq digər tərəfdən Amr ibn As kimi qənimət veriləndə: "Ya Rəsulullah! Mən qənimətə görə Müsəlman olmamışam!" (Ahmed b. Hanbel, el-Müsned, 4/197) deyən insanlar da vardı. Eyni şəkildə, adını bilmədiyimiz bir səhabə İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) ona qənimətdən pay vermək istəyəndə: "Ya Rəsulullah! Mən bunu qəbul edə bilmərəm. Mən (boğazını göstərərək) buradan bir ox zərbəsi ilə şəhid olmaq üçün Müsəlman oldum" demiş və arzu etdiyi kimi şəhid olmuşdu. Bunun kimi neçə-neçə qəhrəmanlar var.
Əsliyət planında İslamiyyəti təmsil edən, hər kəsi insibağı ilə boyayan, mələkləri belə geridə qoyan İnsanlığın İftixarının haləsində maddi cəhətdən müxtəlif səviyyəli insanlar olmuşsa, demək, bu gün də bu cür insanlar ola bilər. Məsələn, bəzi insanlar özlərini tamamilə xidmətə həsr edir, ömür boyu daşı daş üstə qoymağı ağlından keçirmir. Bir əlinə gələn neməti o biri əli ilə verir, zahidanə ömür sürür. Bununla yanaşı, kimisi də öhdəsinə düşən vəzifəni yerinə yetirməklə halal dairədə qazanmaqdan da imtina etmir. Burada əsas məsələ halal dairə ilə kifayətlənmək, yarım addım da olsa, o dairədən kənara çıxmamaq, spekuliyasiyalara səbəb olmamaq, həmçinin əldə edilən maddi imkanları haqq yolunda sərf etmək, başqa insanların da bundan yararlanmasını təmin etməkdir.
Əsl Təhlükə Niyyətin Kirli Olmasıdır
Burada bir başqa xüsusa da təmas etmək istəyirəm: İnanan və inandığı dəyərləri başqa könüllərə də çatdırmaq istəyən mömin insanların ölkəsi iqtisadi cəhətdən də qibtə ediləsi səviyyədə olmalı, bir mənada hər kəsin sərmayə qoymağa can atdığı ölkəyə çevrilməlidir. Çünki bunlar Müsəlmanlığın təbliğində mühüm faktorlardan biri ola bilər. Əgər sizi elmi və iqtisadi sahədə zəif, ona-buna əl açan, Dünya Bankından mədəd uman insanlar kimi görürlərsə, unutmayın ki, onlar sizin dininizə də, dini dəyərlərinizə də eyni gözlə baxacaqlar. Bu baxımdan, məncə, uca bir dinin mənsubları hər sahədə uca və ali olmalıdırlar. Mal-dövlət qazanma məsələsinə bir də bu gözlə baxsaq, onun mərdud (rədd olunan) bir xüsus olmadığını görərik, məncə.
Bəli, mal-mülk qazanmada təhlükəli məqam niyyətin kirli olması və insanın bəzi şəxsi məqsədlərinə xidmət etməsidir. Bir insan: "Görəsən, mən bu axına girib ondan nə qopara bilərəm?" düşüncəsi ilə hərəkət edir və xidmətdə arxada, mükafatda öndə olmaq istəyirsə, bu insanın nifaqa (münafiqliyə) düşməsindən əndişə edilir. Halbuki bu mövzuda Hz. Pirin verdiyi meyarı əsas götürmək, xidmətdə öndə, mükafatda arxada olmaq lazımdır. Bəli, inanan insan canını, malını itirmək bahasına da olsa, xidmətdə öndə olmalı, mükafat veriləndə də, arxaya, arxanın arxasına, ən arxaya çəkilməli, səy və mücahidəsinə görə heç bir təmənna ummamalıdır. Haqq Təala belə davranışa elə bərəkət lütf edər ki, mükafatı o biri tərəfdə riza və xoşnudluq sürətində, bəlkə də, Fəxri-Kainat Peyğəmbərimizlə (əleyhi salavatullahi və salamuh) maiyyət (yaxınlıq) şəklində və ya Raşid Xəlifələrlə üz-üzə eyni süfrədə əyləşmə formasında təcəlli edər. Məncə, belə bir hüsnü-aqibət üçün nə edilsə, dəyər!
Belə gözəl aqibət üçün, məncə, niyyətlərimizi və qəlbimizi daim nəzərdən keçirməli və öz-özümüzü hesaba çəkməliyik. Bəli, azan oxumadan qamət gətirməyə, namaz qıldırmadan haqq və həqiqətin təbliğinə qədər hər bir məsələdə "Görəsən, mən burada nəfsimə bir pay ayırdımmı, qənimətdən özümə bir pay götürdümmü?" deyib özümüzü hesaba çəkməli, əsla bundan güzəştə getməməliyik. Çünki xeyirli işləri nə qədər özümüzə aid etməsək, bir o qədər o işin içində olarıq. Əksinə, biz o işin içinə nə qədər girsək (yəni özümüzə aid etsək), onu doldurduğumuza görə, həqiqət də o qədər kənarda qalar.
Bu mövzuda istiqaməti tapmaq insanın daim özünü “reabilitasiya” etməsindən, dini mövzuları aramsız müzakirə etməsindən, bir birliyin, heyətin içində öhdəsinə bir vəzifə və məsuliyyət götürməsindən və verilən vəzifəni axıra qədər itqan (bir işi qüsursuz şəkildə yerinə yetirmə) ruhu ilə layiqincə yerinə yetirməsindən asılıdır. Rəbbim hamımızı ömrünü bu yolda keçirənlərdən eləsin!
- tarixində yaradılmışdır.