Dünyəviləşmə - başqalaşma və özümüz olma

Sual: İbn Halduna görə, insan bir dəfə dünyəviləşəndən sonra yenidən islami əsaslara qayıtması çox çətindir. Bu mülahizəni necə dəyərləndirirsiniz, xüsusilə, bu günə aid yönü ilə izah edə bilərsinizmi?

Cavab: İbn Haldunun yaşadığı dövr İslam aləminin qarışıq, böhranlı dövrüdür. Bu səbəblə, qənaətimcə o, böyük bir alim olsa da, yaşadığı dövrün övladı kimi həmin dövrün ab-havasını nəzərə alaraq bəzi nəticələrə gəlmişdir ki, bu nəticələrin bir qismi uğurlu sayılsa da, bəziləri xətalıdır. Məsələyə bu aspektdən baxanda sözügedən təsbitdə müəyyən həqiqət payı olmaqla yanaşı, bu təsbit nisbidir və onun təshih (düzəliş) olunmalı tərəfləri var. İndi bu məsələni izah etməyə çalışaq.

Bir kərə dəyişən

Dəyişmə və başqalaşma ciddi, çox əhəmiyyətli bir məsələdir. Çünki dəfələrlə ifadə edildiyi kimi, bir cür dəyişən hər cür dəyişə bilər. Bəli, bir dəyişən artıq min dəyişməyə hazırdır. Belə şəxs fərqinə varmadan dəyişə-dəyişə, başqalaşa-başqalaşa tamamilə başqa insana çevrilər. Bu ciddi məsələni təsdiq edən müxtəlif hədisi-şəriflər də vardır. Məsələn, bir hədisdə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə buyurur: "Qul bir günah işləyəndə qəlbində qara bir nöqtə meydana gəlir. Tövbə edib əfv diləsə, qəlbi yenə parlayar. Təkrar günaha dönsə, ləkə böyüyər və bütün qəlbi zəbt edər" (Tirmizi, Tefsir, Mutaffifin). Bu hədisdən belə başa düşürük ki, insan qəlbi bir dəfə kirləndimi bu kirlənmənin hara qədər gedəcəyini əvvəlcədən təxmin etmək mümkün deyil. İnsan bir də baxıb görər ki, mərkəzdən kənara atılan bir addım 100 addımlıq yol olub.

Əslində Ustad Həzrətləri də "hər günahın içində küfrə gedən bir yol var" deyərək bu həqiqətə işarə edir. Çünki günah fitrət və təbiəti aşındıran xəstəlik olduğuna görə fitrət və təbiətdən uzaqlaşma, yəni bir mənada başqalaşma, dəyişmə deməkdir. Hz. Pir eyni həqiqəti başqa yerdə belə dilə gətirir: "Özünü qoru, addımını diqqətlə at, batmaqdan qorx. Bir loğmada, bir kəlmədə, bir dənədə, bir ləmada, bir işarədə, bir öpməkdə batma". Mənası belədir ki: sən dünyaları öz içində batıran, ancaq yenə də doymayan çox ülvi, Allah-taalaya və əbədiyyətə vurğun və yalnız Alahın camalı və kamalı ilə tətmin olan lətaif və duyğularını fani arzu və həvəslərlə kirlətmə. Əks halda, böyüklərimizin dediyi kimi, əl-əldən, ayaq-ayaqdan üzüləndən sonra, yəni can boğaza gələndə: "Nə deyib buna baxmışam, nə deyib bunu dinləmişəm, nə deyib buna getmişəm, nə deyib buna əl uzatmışam kaş ki eləməsəydim!" deyə peşman olarsan.

Bu səbəblə inanan insanın dəyişmə, başqalaşma yoluna girmədən, bunun birinə də fürsət vermədən daim sabitqədəm olması çox mühümdür. Çünki dəyişmə və başqalaşma kor-koranə buz üstündə yeriməkdir. İnsan hər an düşüb yıxıla bilər. Elə isə heç bir məsələni kiçik görmədən geyim-keçimdən şəkil və şəmailə qədər hər şeydə özümüz olma yollarını axtarıb tapmalı və bu yolu getməyə qərarlı olmalıyıq. Əks halda dəyişmə fantaziyasına qapılıb geydiyimiz paltarı dəbdən düşdü deyə bir kənara atsaq, bir azdan o da dəbdən düşəndə onu da bir kənara atmağa məcbur qalarıq. Zamanla bu şəkil və şəmailimizə sirayət edər. Artıq özündən qaçan, özündən uzaqlaşan, az-az saç-başından kəsib doğrayan insana çevrilərik, ancaq dəyişmə və başqalaşma yenə də davam edər. Bundan sonra sıra kirpiyə, yoxsa qaşa gələr bilmirəm, ancaq bir gün qayçı elə bir yerdən kəsər ki, kökümüzü qopardar.

Ən dərin çuxurlardan ən yüksək zirvələrə

Bəlkə də, mərhum İbn Haldun o böhranlı dövrdə belə bir xüsusa diqqət çəkmək istəmişdir. Ancaq İbn Haldun sualda deyildiyi kimi, aşınmaya məruz qalmış cəmiyyətlərin yenidən canlanma mövzusunda ümidsizliyini dilə gətirirsə, qənaətimcə, o yanılmışdır. Çünki yaranandan bu günə qədər bəşəriyyət, bəlkə, əlli dəfə şam kimi əriyib sönmüş, ancaq Allahın izni ilə, məşəl yenidən alovlanmış və bəşəriyyət yenidən nura qovuşmuşdur. Bəli, bəşəriyyət əlli dəfə Lut gölünün dibinə çökmüş, ancaq bu çöküşün arxasınca Everest zirvəsinə yüksəlmiş; sıfır nöqtəyə düşən insanlıq təkrar zirvələrə ucalmağı bacarmışdır.

Məsələn, Mehmet Akif Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) dünyaya təşrif gətirdiyi dövrü belə təsvir edir:

Sırtlanları geçmişti beşer yırtıcılıkta
Dişsiz mi bir insan onu kardeşleri yerdi
Fevza bütün afakını sarmıştı zeminin
Salqındı bu gün Şarkı yıkan tefrika derdi.

Ancaq bu qaranlıq və zülmətə baxmayaraq, Peyğəmbərimiz (s.ə.s.) qeysərləri, kisraları məğlub edib bir həmlədə bu vəziyyətdən bəşəriyyəti qurtarmışdır. Bəşər tarixində bunun o qədər təkrarı var ki, ümidsizliyə düşməyin yeri yoxdur. Buna görə də mömin bir quyuya düşəndə buradan çıxmaq qeyri-mümkündür deyə, ümidsizliyə düşməməlidir. Çünki o hər şeyə gücü çatan Sonsuz Qüdrət Sahibinə inanır. Məsələn, Allahın inayəti ilə oradan keçən bir karvan həmin quyuya vedrəsini sallayıb səni xilas edə bilər. Belə bir ehtimal olmasa da, sən inanan insan olaraq ümidsizliyə qapılmamalı, dırnaqlarınla dırmaşıb oradan çıxmaq üçün bir yol tapmalısan. Necə ki bəşəriyyət Allahın inayəti ilə əlli, bəlkə yüz dəfə düşdüyü o quyudan çıxıb çuxuru zirvəyə çevirmişdir. Mərhum Akifin misraları ilə desək;

Ye's öyle bir bataklıktır ki, düşersen boğulursun
Azmine sarıl sımsıkı bak ne olursun
Yaşayanlar hep ümitle yaşar
Meyus olan ruhunu, vicdanını bağlar.

Həzrəti Pir də: "Ümidsizlik hər kamilliyə manedir" demişdir. Əgər kamillik axtarırsınızsa, ilk işiniz ümidsizliyi ayaqaltına almaq olmalıdır. Çünki ümidsizlik və ümid yelləncək kimidir, ümidsizlik aşağı enməlidir ki, ümid lazımi yerə yüksələ bilsin.

İslah mərhələsi və səbir

Əgər bizdə ciddi mənada bir başqalaşma və dəyişmə varsa, heç kim “bu düzəlməz” deyə bilməz. Lakin bunu da nəzərə almalıyıq ki, iki-üç əsrlik təxribatı bir anda düzəltmək çox çətindir. Biz əsrlərdən bəri çökmüş bir qalanı tikməyə, dirçəltməyə çalışırıq. Belə ki, hətta iman əsasları sarsılmış, ana-ata hüququ tapdanmışdır. Deməli, Allaha inamdan ana-ata hüququna qədər hər şey yerlə-yeksan edilmişdir. Cəmiyyət bütün bunları birdən ayağa qaldıra bilməz. Qaldı ki, bir mədəniyyətə mənsub insanlar belə, başqa bir mədəniyyətlə üzləşəndə inteqrasiya problemi yaşanır. Məsələn, qərb bir vaxtlar fəhlə kimi ölkəsinə gələn insanların uzun illər keçməsinə baxmayaraq, hələ də inteqrasiya olunmamasından şikayət edir. Üstəlik bunlar mədəni və dini cəhətdən o qədər də üstün təbəqənin insanları sayılmır.

Əsri-səadətdə ortaya çıxan mənzərə də bizə bu həqiqəti göstərir. Məsələn, Qurani-Kərim İnsanlığın İftixarına (s.ə.s.) iyirmi üç il ərzində nazil olmuşdur. Halbuki Allah-taala istəsə idi, onu bir dəfəyə bir kitab şəklində nazil edə bilərdi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də insanları bir yerə toplayıb onlara Kitabdan oxuyar və “həyatınızı buna görə tənzimləyin” deyə bilərdi. Ancaq bildiyiniz kimi Qurani-Kərim iyirmi üç ilin aylarına, həftələrinə və günlərinə bölüşdürülməklə endirilmişdir. Vəhyin kəsildiyi vaxtlar da olmuşdu. Böyük ehtimal bu kəsinti də gələn vəhyin mənimsənilməsi üçün verilmiş müddət idi. Məhz 23 il ərzində nazil olan bütün əmrlər insanlar tərəfindən mənimsənilə-mənimsənilə qəbul edilmişdir.

Bu səbəblə deyirik ki, əgər iki-üç əsrdən bəri müəyyən duyğu, düşüncə, anlayış, fəlsəfə, dünyagörüşü və bəlkə də, şəkil və şəmailimiz (xarakter) ciddi mənada aşınmaya məruz qalıbsa, bunun birdən-birə düzəldilməsi çox çətindir. Əslində təşrii əmrlərində (şəriət qanunları) oxuduğumuz bu həqiqəti təqvini əmrlərdə (yaradılış qanunları) də görə bilərik. Məsələn, sürfədən kəpənəyin çıxması kimi, bəzi metamorfozlar (dəyişikliklər) keçirərək varlıq aləmində öz yerini alan heyvanatda belə bu mərhələ birdən-birə baş vermir. Siz dəyişmə təklifini verdiyiniz şəxsin çiyninə üç-dörd mutasiyanı birdən yükləsəniz, o insanı öldürərsiniz. Elə isə düzəltmək istədiyiniz xüsusları alışdıra-alışdıra sevdirməli, sevdirib mənimsətməlisiniz. Səhabə toplumu belə meydana gəlmişdir. Vəhydən əvvəl bu cəmiyyətdə ümmi və bədəvi insanlar var idi. Onlardan bəziləri qapıdan girib "Abdulmuttalibin nəvəsi Məhəmməd buradamı?" deyə xitab edirdilər. Lakin elə gün gəldi ki, bu insanlar Allahın nazil etdiyi vəhyi mənimsəmiş bir mömin olaraq əqlə təlim verən, nəfsə doğru yolu göstərən, qəlbi təmizləyən mədəniyyət müəllimləri halına gəldilər. Elə isə biz də bu yolda qərarlı, əzmli və səbirli olmalıyıq.

Bu günün insanını hansı amillər dəyişmə və başqalaşma kimi fantaziyalara sürükləyir?

Bu cür fantaziyalara meyil edənlər, ola bilsin ki, öz dəyərlərimizin qənaətbəxş olmaması düşüncəsi ilə hərəkət edirlər. Halbuki bu, böyük tarixi yanılmadır. Çünki dəyərlərimizin səmavi və ilahi qaynaqlı olduğuna inanan insanın onun ənginlik və zənginliyini də bilavasitə qəbul etməsi lazımdır. Digər tərəfdən bizim dəyərlərimizin zamanın tələbinə uyğun o qədər imkanları var ki, “qənaətbəxş deyil” demək qeyri-mümkündür. Bəzi məsələlər də var ki, zahirən bu günün ehtiyaclarını cavab vermir, amma onlar da ictihad sayəsində öz həllini rahatlıqla tapa bilər. Əsas odur ki, dinamikliyə malik bu səmavi qaynağa tam iman gətirilərək və etimad edilərək müraciət edilsin. Bəli, bu mövzuda sabit dəyərlərimizə – möhkəmata (dəyişməz qanunlar) aid məsələlər qətiyyən naqis deyil. Bu mövzuda fantaziyalara meyil etmə dəyərlərimizin qiymətini, onların ifadə etdiyi mənaların qədrini bilməməkdən başqa bir şey deyildir.

Dəyişmə fantaziyasının səbəbini orijinallıq axtarmaqla da izah etmək olar. Belə ki, bəzi insanlar uşaqlıqdan eşitdikləri məsələlərə alışır və bu, onlarda fərqli olma, fərqli idealar ortaya ataraq özünüifadə arzu və həvəsini oyadır. Zənnimcə, tənasöh (rearkarnasiya) kimi həşr əqidəmizlə əlaqəsi olmayan mövzuların bizim dünyamızda dilə gətirilməsi də belə bir fantastik düşüncədən qaynaqlanır. Yoxsa həşrin nə olduğunu bilən bir insanın belə bir düşüncəyə saplanması mümkün deyil.

Bu gün, xüsusilə də, ədəbiyyatın şeir sahəsində də buna bənzər şeylərə rast gəlmək mümkündür. Yəni mübhəmdə kəramət axtarma, oxucunu çəkmək üçün fərqli, mübhəm ifadələr işlətmə eqoist düşüncənin nəticəsidir. Deməli, onları təbiilik, ayaqların yerdə olması qane etmir... imkan olsa, uçmaq istəyir və ya elə görünməyə çalışırlar. Halbuki təbiiliyin özünəxas elə bir səmimiliyi və gözəlliyi var ki, heç bir fantaziyada sözügedən dinamiklərin təsirini görmək mümkün deyil.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.