Düşüncə ənginliyi
Sual: “Düşüncə üfüqünün ənginləşməsi” ifadəsi hansı mənalara gəlir? “Əngin düşüncə üfüqü”nü necə əldə etmək mümküdür?
Cavab: Əvvəla qeyd edim ki, bu gün “əngin düşüncə üfüqü”nə nail olan, araşdırma (tədqiqat) və həqiqət eşqi ilə alışıb-yanan, analiz və sintez qabiliyyətinnə malik, araşdırdığı məsələləri elmi cəhətdən əsaslandıran insanlara ciddi ehtiyac var. Ancaq əvvəlcədən razılaşmalıyıq ki, müasir insanın bu sahədə ənginləşməsi və dərinləşməsi heç də asan deyil. Çünki Qərbin elm, düşüncə və sənaye inqilabını həyata keçirdiyi bir dövrdə, biz həm xarici qüvvələrin amansız və insafsız hücumlarına məruz qalmışıq, həm də öz qüsur və problemlərimizin öhdəsindən gələ bilməmişik. Bu səbəbdən, Tənzimatla birlikdə qol-qanadımız qırılmış, vurulan zərbələrdən dilimiz tutulmuş, səsimiz batmış, danışmağa gücümüz qalmamışdı. Sonrakı hadisələr isə daha böyük bəla və müsibətlər gətirmişdi. Və beləcə dar bir əraziyə həbs edilmiş, dünyadan təcrid olunmuş, başqa millətlərin dərdi ilə maraqlanmayan, heç bir regionda gələcək soraqlı addımlar atmayan bir millətə çevrilmişik. Üstəlik bu hadisələr şovinistlik doğurmuşdur. Quru sözlər kükrəyib hamıya yumruq göstərməyi, “hədd bildirməyi” qoçuluq, qoluzorluluq eləməyi məharət saymağa başlamışıq.
Birinci addım ‒ natamamlıq kompleksindən qurtulmaq
Qorxu, məzlumluq və natamamlıq kompleksi Tənzimatdan sonrakı nəsillərin/babalarımızın genlərinə işləyib. Biz də bu genlərin daşıyıcısı olduğumuza görə, hələ də o sarsıntının təsirindən çıxa bilməmişik. Hiss etsək də, etməsək də, bu duyğu və düşüncələr bizi iflic hala salıb. Bu səbəbdən də bu cür məşum düşüncələri bir kənara atmalı, “əngin düşüncə üfüqü”nə qanad açmalı, öz düşüncə sistemimizi qurmalı, Allah və Rəsulunun göstərdiyi qayələrə yönəlməli, Quranın göstərdiyi yolda gedərək hər anı təzəkkür, tədəbbür və təfəkkürlə yoğurmalı, mütəmadi şəkildə yeni-yeni sintez və analizlər aparmalıyıq... bəli, natamamlıq və məzlumluq kompleksi ilə qol-qanadı qırılan nəsillərin bütün bunları həyata keçirməsi çox çətindir. Amma unutmayaq ki, mümkünsüz də deyil.
Hər şeydən əvvəl Tənzimatla üstümüzə gələn və günbəgün artan bu bəladan ‒ natamamlıq kompleksindən qurtulmalıyıq. Əgər buna nail ola bilsək, “əngin və dərin düşüncə üfüqlər”inə sarı ilk addımı atmış olarıq.
Ad deyil, məziyyət vacibdir
İkincisi, heç vaxt unutmayaq ki, Allahın (cəllə cəlaluhu) övsafi-insaniyəyə (insan sifətləri, xüsusiyyətləri) qarşı xüsusi iltifatı var. Ona görə də, qeyri-müsəlman da olsa, əgər bir insan çalışqanlıq, sistemli araşdırma, həqiqət və araşdırma eşqi ilə əşya və hadisələri ələk-vələk etmə, sintez etmə kimi qabiliyyətlərdə sizdən irəlidədirsə, Allah-taala bu məziyyətlərinə görə onu mükafatlandıracaq. Çünki bu xüsusiyyətlər Allah dərgahında məqbul sifətlərdir. Qeyri-məqbul insanlarda olması xüsusiyyətləri dəyərdən salmır. Palçığa düşən almazın dəyərini itirmədiyi kimi...
Xüsusiyyətlərə bu aspektdən yanaşmaq lazımdır. Əgər mömin sifəti sizdə deyil, başqalarındadırsa, dünyada onlar paydar olacaq, onlar uğur qazanacaq, İntibah dövründən bəri elədikləri kimi, elmlə əldə etdikləri texnoloji güc və imkanlarla sizə hökm edəcəklər. Sizdə də bir gün həqiqət eşqi, araşdırma eşqi alovlansa, əşya və hadisələri dəlicəsinə ələk-vələk etsəniz, o zaman Allah-taala sizə də iltifat edər. Beləcə həm dünyanızı abab edər, həm də əbədi səadətə aparan yola qədəm basmış olarsınız.
Quran və sünnənin kriteriləri
Digər tərəfdən istər qəlbi və ruhi-mənəvi həyatımızla, istər müsəlmanlığı qavramaqla, istərsə də gələcək plan və xəyallarımızla əlaqədar məsələlər olsun, fərqi yoxdur, hadisələrə mahruti (konik) aspektdən yanaşmalı, bir bütöv kimi baxmalı, ətraflı nəzər yetirməli, başdan sonadək hər şeyi gözdən keçirməli, görə bilmədiyimiz şeylər üçün də alternativ fikirlər irəli sürməli və bu fikirlərimizi Quran və Sünnə süzgəcindən keçirməliyik. Daim əsas mənbələrlə müasir həyatın tələbləri arasında var-gəl etməliyik ki, Quran və Sünnənin kriterilərinə uyğun gələn və zəmanənin reallığı kimi ortaya çıxan “təfsir”ləri müəyyən edə bilək. Çünki zaman və konyektura ən böyük müfəssirdir.
Məsələn, müasir dünyanı gözünüzün qabağına gətirin; biz əmin-aman bir gələcək naminə irq, rəng, inanc, məzhəb ayrı-seçkiliyi etmədən bütün bəşəriyyətə qucaq açmağa, fərqli millət və xalqların dostluğunu təmin etməyə çalışmalıyıq. Təkcə İslam dünyasında deyil, bütün bəşəriyyətdə ümumbəşəri dəyərləri bərqərar etməyə çalışmalıyıq. Dəhşətli silahların hər yanda ayaq açıb yeridiyi bir dövrdə bu cür əngin dünyagörüşünə, böyüklər demişkən əşəddi-ehtiyac var. Əks halda bir bölgədə bəzi adamların şər əməllərə əl atması başqa şər əməllərə də təkan verər və dünyanı viranəyə döndərər.
Bu məsələnin nə qədər ciddi olduğunu görən bəzi mütəfəkkir və ziyalılar fikirlərini dilə gətirməli, bəşəriyyəti birliyə-bərabərliyə, həmrəyliyə səsləməli və insanları bu düşüncə ətrafında birləşdirməyə çalışmalıdır. Ona görə də, sözügedən məsələni həyata keçirmək üçün bunu təmin edən faktorlar gözdən keçirilməli, əngəllər qabaqcadan müəyyənləşdirilməli, fərqli kəsimlər arasında müştərək bir fikir formalaşdırılmalı və hər yeni fikir bu “müştərək ağıl hovuzu”na atılıb kollektiv şüurla həll edilməlidir. Bu gün reallaşıdırlması mümkün olmayan bəzi təklif və layihələr isə gələcək nəsillərə əmanət edilməlidir.
Yeni şərait və yolun təhlükəsizliyi
Gedilən yolu təhlükələrdən qorumaq üçün lazımi tədbirlər görmək də “əngin düşüncə üfüqü”nün bir başqa cəhətidir. İmanınız möhkəm, əxlaqınız nöqsansız ola bilər. Oturuş-duruşunuza dünya heyran qala bilər. Hətta Allahın inayətinə (yardım), riayətinə (qoruma) və kilaətinə (hifz) zərrə qədər şəkk-şübhə etməyə də bilərsiniz. Bu, məsələnin bir yanı, digər cəhəti isə hər işdə qarşı tərəfin hissiyat, düşüncə və hərəkətlərini nəzərə almaqdır. Əks halda, siz bu əmanəti etibarlı əllərə vermək üçün yola düşüb addımlayanda qulyabani sürüsü üz-üzə gələ bilərsiniz. Əgər siz dəyərlərinizi insanlara çatdırmaqla yanaşı, əleyhdarlarınızın güc və qüvvəsini, barənizdəki düşüncələrini diqqətə almasanız, onların bir gün sizin illərlə çalışıb-çabalayaraq əldə etdiyiniz nailiyyətləri qəsb eləmək istəyini görəndə təəccüb eləməməlisiniz. O baxımdan yolunuzda əngəllərlə qarşılaşmamaq üçün yol təhlükəsizliyi barədə hədsiz həssas olmalı, şəraitə görə də lazımi və yeni tədbirlər görməlisiniz.
Dərin düşüncənin bir cəhəti də zəmanəni düzgün analiz etməkdir. Hizmət könüllüləri dünyanın 170 ölkəsinə qədəm basmışdır. Bu, o deməkdir ki, 170 fərqli mədəni mühitin insanları ilə təmasdadırlar. Bu ölkələrdə müəyyən həddədək sizi qəbul eləsələr də, müəyyən mərhələdən sonra mədəniyyət və fikir fərqi qarşıdurmalara səbəb ola bilər. Məsələn, o ölkənin xalqı sizi insanları assimilyasiya etməkdə günahlandıra bilər. Bütün bu məsələləri əvvəlcədən analiz eləmək, bu barədə düzgün qərarlar vermək, insanları şəkk-şübhəyə salan, narahat edən davranışlardan uzaq durmaq lazımdır.
Düşüncə aksiyon (əməl) torpağında cücərir
Ruhi-mənəvi dünyamızın dirçəlişi naminə yazılan əsərləri oxumaq, orada əksini tapan bəyanların indiki dövrə aid mənalarını, gələcəyə dair göstərdiyi hədəfləri müəyyənləşdirmək, orada təsvir edilən gələcəyi düzgün analiz etmək mühüm əhəmiyyət kəsb edir. Həzrət Piri-Muğan “mövcudla iktifa etmək dunhimmətlikdir (mövcud vəziyyətlə kifayətlənmək kiçik qayələr dalınca qaçmaqdır)” deyir (Bax: Bədiüzzaman, “Sözlər”, səh. 791 (Ləmaat)). O baxımdan mənbələri hər dəfə: “Görəsən, burada başqa hansı mənalar gizlidir?” düşüncəsi ilə oxumalıyıq. Çay-qəhvə məclisləri buna kifayət etmir. Bu əsərlər ciddi şəkildə müzakirə etmək və orada göstərilən hədəfləri tapıb çıxarmaq lazımdır.
Ancaq bütün bunlar aksiyonla, fəaliyyətlə paralel getməlidir. Əgər fikirlər aksiyona çevrilərsə, daha rasional qərarlar almaqda çətinlik çəkmərik. Praktiki həyatda özünü doğrultmadıqdan sonra utopik yazıçılar kimi masa başında parlaq dünyaları təsvir etməyin kimsəyə faydası yoxdur. Bugünədək neçə-neçə parlaq fikirlər ortaya atılmış, lakin əmələ çevrilmədiyi üçün tezliklə sönüb getmişdir. Belə ki, Qurani-Kərim imandan bəhs etdiyi, demək olar ki, hər yerdə saleh əmələ də toxunaraq aksiyon və düşüncənin qoşa adddımlamasının zəruriliyini diqqətə çadırmışdır (Bax: “Bəqərə” surəsi, 2/25; “Ali İmran” surəsi, 3/57; “Nisa” surəsi, 4/57...).
Müştərək ağıl
Ağlımıza gələn fikir və düşüncələr vəhy məhsulu deyildir, keçmiş biliklərimizə söykənir, buna görə də nöqsanlıdır. Yəni bəzi yanlış biliklərimiz bizi səhv analiz və düşüncələrə sövq edə bilər. Şəxsi ictihad və istinbatlarda yanıla bilərik. Ortaya qoyulan bəzi fikirlər hər zaman və hər kəs üçün keçərli olmaya bilər. Ona görə də fikirlərimizin, gələcəklə əlaqədar plan və layihələrimizin düzəlişə ehtiyac olduğunu düşünmək, onları məşvərətə ərz etmək düşüncə ənginliyini əldə etməkdə vacib prinsipdir.
Azad düşüncə mühiti və beyin köçü
Bununla yanaşı, elmi təcrübələrimizə əsaslanan məhsulları ortaya qoyaraq beyin köçünün üzünü öz dünyamıza tərəf çevirməyə çalışmalıyıq ki, bu da məsələnin bir yönünü təşkil edir. Əslində, el-aləmə dilənçilik etməkdən qurtulmaq, başqalarına əl açmadan yaşamaq, azad düşüncə ilə yeni-yeni fikirlər irəli sürmək istəyiriksə, bu, yalnız cavan və gümrah beyinlərin vətənə xidmətinə zəmin hazırlamaqla mümkündür.
Bütün müvəffəqiyyətlər Ondandır!
İnsan “düşüncə üfüqü”ndə nə qədər ənginləşsə də, nə qədər nailiyyətlər qazansa da, hətta başı göylərə dəysə də, bütün bunların həqiqi sahibi olan Allahı unutmamalıdır, Allahın ehsan və lütfü qarşısında daim əmrə-müntəzir dayanmalıdır. Çünki böyüklük təvazökarlığı tələb edir. Belə ki, aləmlərə rəhmət olaraq göndərilən və bəşər tarixində dönüş nöqtəsi meydana gətirən İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) olduqca təvazökar və məhviyyətli idi (Bax: Müslim, “Fəzail”, 76; Əbu Davud, “Ədəb”, 12; İbn Macə, “Zöhd”, 16). Bar gətitən ağac başını aşağı əydiyi kimi, insanlar da Allahın lütfü artdıqca daha çox təvazökar olmalıdırlar.
Allah-taalanın bəxş etdiyi ilahi ərməğanları öz adına çıxanlar və şəxsi mənafeyinə alət edənlər özləri də bilmədən mənən tənəzzül edərlər. Bu cür insanlar bir ölkənin xilaskarı olsalar belə, Allah-taalanın lütf etdiyi uğurları özlərindən bildikləri və bunun əvəzində xalqdan alqış umduqları tədirdə gec-tez ilahi cəzaya tuş gələr və bir gün başaşağı dərin quyuya yuvalanarlar. Üstəlik, Həzrət Pirin sözləri ilə desək, ixlas/xillət qülləsindən başaşağı yıxılan adam yerə deyil, dərin quyuya düşər (Bax: Bədiüzzaman, “Ləmalar” s.204 (İyirmi birinci ləma)). Başqa sözlə desək, Everest zirvəsindən yıxılan Lut gölünün dibinə düşər. Əksər hallarda yüksəkliklə alçaqlıq yan-yana durur. Əgər insan yüksəkliyə layiqdirsə, orada qalır, layiq olmadıqda, üzü aşağı yumalanır.
- tarixində yaradılmışdır.