Əməl və cədəl

Sual: Mərufi-Kərhi Həzrətlərinə isnad edilən "Cənabi-Haqq xeyir murad etdiyi qullarına əməl qapısını açıb cədəl qapısını bağlayar" bəyanını necə başa düşməliyik? İzah edər bilərsinizmi?

Cavab: Həzrəti Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) məktəbinin böyük tələbələrindən, məna aləminin qəhrəmanlarından və Asiyanın nurəfşan (nur saçan) abidələrindən biri olan Mərufi-Kərhi Həzrətləri öz dövrünü işıqlandırmış böyük bir şəxsiyyətdir. Eyni zamanda o, təsərrüfü[1] davam edən böyük vəlilərdən biri sayılır. Qəlb və ruh üfüqünün bu böyük qəhrəmanı,

إِذَا أَرَادَ اللّٰهُ بِعَبْدٍ خَيْرًا فَتَحَ عَلَيْهِ بَابًا لِعَمَلٍ وَأَغْلَقَ عَلَيْهِ بَابَ الْجَدَلِ وَإِذَا أَرَادَ اللّٰهُ بِعَبْدٍ شَرًّا اَغْلَقَ عَلَيهِ بَابَ الْعَمَلِ وَفَتَحَ عَلَيْهِ بَابَ الْجَدَلِ

"Cənabi-Haqq bir quluna xeyir murad etdiyi zaman ona əməl qapısını açıb cədəl qapısını bağlayar; şər murad etdiyində isə, əməl qapısını bağlayıb cədəl qapısını açar" (əl-Kazvini, Muhtasaru Şuabi'l-iman, Dımeşk, Daru İbn Kəsr, 1/44-45) buyuraraq bir tərəfdən qəlbi və ruhi həyatın canlılığı üçün əməlin əhəmiyyətinə, digər tərəfdən də həqiqətləri görməyə mane olan və mənəvi həyatın öldürücü virusu sayılan cədəl zəfinə diqqət çəkir.

Əməl və ibadət

Burada qeyd olunan əməl qulluq şüuru ilə Allahın (cəllə cəlaluhu) rizasını qayə seçərək yerinə yetirilən hər cür iş, vəzifə və mükəlləfiyyətdir. İbadətlər üsuli-fiqh[2] termini ilə fərz, vacib, sünnə kimi təsnif olunsa da, Allahın əmri nöqteyi-nəzərindən bunların hər biri çox əhəmiyyətlidir. Bəli, ibadətlərə ibadət çərçivəsində baxanda nisbətə görə bir qisminə "kiçik" deyə bilərsiniz. Lakin unutmamaq lazımdır ki, fərz, vacib, sünnə - hər ibadət böyükdür, "kiçik" deyə səciyyələndirilən heç bir ibadət yoxdur və Allah dərgahında hamısı çox dəyərlidir. Hətta Həzrəti Pirin ifadəsi ilə Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) adəti-səniyyələrinə[3] ittiba edərək adəti ibadətə çevirmə niyyəti ilə edilən əməllər belə çox böyükdür və qətiyyən kiçik sayıla bilməz. Məsələn, yemək yemə, su içmə, istirahət etmə kimi gündəlik məişətdə Həbibi-Kibriya Peyğəmbərimizə ittiba məcburiyyəti olmasa da, bunu tərk edən insan mənən süqut etməsə də, əlfazi-küfr[4] və əfali-küfrlə[5] bağlı bəzi kitablara baxanda görünür ki, Allah Rəsulunun (əleyhi əkməlüttəhaya) bu kimi mübarək adətlərini küçümsəmək, əhəmiyyətsiz saymaq insanı iman dairəsindən çıxara bilər. Küfrə düşən insanın həmin ana qədər elədiyi bütün əməllərinin boşa getdiyini nəzərə alsaq, bu mövzunun nə qədər həssas, nə qədər vacib olduğunu daha yaxşı anlayarıq.

Bu baxımdan insan Allah Rəsulunun adəti-səniyyələrini yerinə yetirməyə məcbur olmasa da, bir mömin kimi qətiyyən onu küçümsəyə, əhəmiyyətsiz saya bilməz. Məsələn, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) istirahət edərkən mübəccəl və müqəddəs əllərini başının altına qoyar, mübarək ayaqlarını sinəsinə çəkib sağ çiyniüstə yatardı. İnsan bu şəkildə yatmasa, məsələn, ayaqlarını uzatsa, arxası üstə yatsa, əlbəttə ki, dindən çıxmaz. Lakin bu insan, -Allah qorusun- İnsanlığın İftixarının (əleyhi salavatullahi və səlamuh) bu yatış şəklinə aid küçümsəyici ifadələr işlətsə, onun mənəvi tənəzzül ehtimalı var. Gördüyümüz kimi bu olduqca həssas məsələdir.

İbadət çərçivəsində ifadə etməyə çalışdığımız kimi, ən böyüyündən böyüyünə, böyüyündən zahirən kiçik görünənə qədər bütün ibadətləri yerinə yetirmək çox əhəmiyyətlidir. Qənaətimcə, Mərufi-Kərhi Həzrətlərinin kəlamında keçən "əməl" sözünə də məhz bu prizmadan baxmaq lazımdır. Yəni deyə bilərik ki, bu kəlamdakı "əməl" sözündən qəsd olunan məna Cənabi-Haqqın əmrlərinə itaət edərək və Onun rizasını qazanamaq istiqamətində edilən hər cür əməldir.

Bu məqamda əsas məsələlərdən biri də budur: İman hər şeyin əsası və təməli olduğuna görə, şübhəsiz, ibadətə gedən yol da imandan keçir. Lakin bilməliyik ki, imanın insan qəlbində kök atması, onun təbiətinə çevrilməsi, ona nüfuz etməsi də ibadətü-taətlə mümkündür. Bəli, insan ibadət edə-edə, xeyir işlər görə-görə imanı təbiətinə hopdura, iman ümmanına baş vura bilər. Bu baxımdan, iman bir əsasdır və ona nisbətən əsas sayılmayan ibadətü-taət də onu möhkəmləndirib gücləndirən amildir. Məsələyə fəlsəfi cəhətdən baxsaq, biri nəzəri, digəri də əməli imandır. Zati-Üluhiyyətin -belə demək mümkünsə- "mahiyyəti-nəfsül-əmriyyə"si ilə[6] tanımaq də əməli imanla mümkündür. Bir bəndə üçün ibadətü-taət bu qədər əhəmiyyətli olduğuna görə, "Cənabi-Haqq bir quluna xeyir murad etdiyində ona əməl qapısını açıb cədəl qapısını bağlayar, şər murad etdiyi zaman isə, əməl qapısını bağlayıb cədəl qapısını açar" deyilmişdir.

Batili haqq göstərmə səyi - Cədəl

Cümlədə keçən cədəl mövzusuna gəlincə o, dilavərliklə, "söz oyunlar"ı ilə batili haqq göstərməyə, həqiqətləri alt-üst etməyə çalışmaq deməkdir. Cədəli ən yaxşı izah edən başqa bir söz də dialektikadır. Cədəl və dialektikanın mənbəyi isə insanın özünü hər kəsdən üstün görməsi və daim özünü hamıdan irəli saymasıdır. Belə ki, bu cür insana "Gözün üstündə qaşın var!" belə deyə bilməzsiniz. Çünki o mütləq mənada -haşa və kəlla- özünü nöqsan və qüsurlardan münəzzəh və mübərra görür. Belə insan heç vaxt üstünə toz qondurmaz və qətiyyən özünə mənfi söz dedirtməz. Həmçinin o, böyük bir qürur abidəsidir. Xülasə, demək olar ki, cədəl və dialektika qürur, fəxr, eqoizm və təkəbbür kimi zəflərdən irəli gəlir.

Məfhum qarışıqlığı olmasın deyə bunu da əlavə edim ki, cədəl və mücadilə kəlmələri eyni kökdən gəlsələr də, ifadə etdikləri məna fərqlidir. Cədəl ərəb dilində "mira" kəlməsi ilə ifadə olunan və insanın həqiqətin ortaya çıxıb təbəllür[7] etməsi məqsədilə deyil, səhv də olsa öz anlayışını, fikir libaslı həvaü-həvəsini -nəyin bahasına olur-olsun- qarşı tərəfə qəbul etdirmə cəhdi, səyidir. Mücadilə kəlməsi isə müsbət-mənfi bir nəticə üçün çalışma, cəhd və səy göstərmə, münaqişə və münazirə etmək… kimi daha ümumi mənada istifadə olunur. Məsələn, Qurani Kərimdə:

وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ

"(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mücadilə et" ("Nəhl" surəsi, 16/125) buyurulur ki, bu ayəni müsbət mücadiləyə örnək kimi göstərmək olar. Bəli, haqqı doğrultmaq, ədaləti təsis etmək naminə bütün cəhd və səylər alqışlanan, təqdirlə yad edilən və Allah nəzdində böyük qiyməti olan mücadilə formalarıdır. Cədəl isə əqli və məntiqi oyunlarla başqalarını aldatma, aldadıb tora salma kimi mənfi mücadilə formasıdır.

Televiziya kanallarında tez-tez gördüyümüz müzakirə proqramlarının üslubu cədəl və dialektikaya canlı misaldır. Məsələn, bir verilişdə etiqadla bağlı söhbət gedir. Bir alim çıxıb Quran və Sünnə işığında imanın dindəki yeri və əhəmiyyətini, inancsızlığın böyük bir bəşəri yara olduğunu dilə gətirir. Lakin baxırsınız ki, bu həqiqətdən narahat olan və onu qəbul etmək istəməyən qarşı tərəf dialektikaya baş vurur və: "Nə demək istəyirsən? Bircə Cənnətə sən girəcəksən", "Allah inananların Rəbbi olduğu kimi, inanmayanların da Rəbbi deyilmi?" və -haşa- Allahı sorğuya çəkərcəsinə "Allah günahkarları da Cənnətə qoysa, nəyi əskik olar?" kimi sözlər deyir. Halbuki bizim o alimin qarşı tərəfi inancsızlıqla ittiham etmək niyyəti yoxdur. O yalnız təməl prinsiplər çərçivəsində imani bir həqiqəti dilə gətirir. Lakin nəslərlə müəyyənləşdirilmiş çərçivəni qəbul etmək istəməyən müxatəb söz oyunları və əsassız ittihamlarla bu imani çərçivəni inkar edib mübahisə/müzakirədən qalib olaraq çıxmaq istəyir ki, məhz bu da cədəl və dialektikadır.

Günah üstünə günah yığmamaq üçün

Bunu da ifadə edim ki, mən belə bir vəziyyətlə qarşılaşanda müxatəbi günaha sövq etməmək üçün: "Kimin Allaha (cəllə cəlaluhu) həqiqətən iman etdiyini O bilər, biz bilmərik. Mən hər gün iki yüz rükət namaz qılsam, gecələrimi əvradu-əzkarla keçirsəm də, bunların heç birini etməyən bir insan Allaha məndən daha çox iman gətirmiş ola bilər" demişdim. Qənaətimcə bu çox əhəmiyyətlidir. Çünki günah üstünə günah yığmamaq üçün qarşıdakına təkrar günah işləmə imkanı verməməli, yeni bir günah qapısı açmamalıyıq.

Dialektikaya əl atan insanlarla bağlı bir başqa əsas məsələ də Allah Rəsulunun cədəllə bərk-bərk yapışanların ilham əsintisindən və vəhyin bərəkətindən məhrum qalacağı barədə xəbərdarlığıdır. Bu xəbərdarlıq nöqteyi-nəzərindən demək olar ki, dialektikaya mübtəla olanların hər sözü həva və həvəsin məhsuludur. Onların heç bir sözü heç vaxt könüllərdə müsbət və daimi təsir oyatmamışdır. Buna görə də, kitabları əzbərləmiş, geniş biliyə, gözəl nitqə malik bir çox insan təəssüflər olsun ki, millətimizin maddi-mənəvi tərəqqisi üçün heç bir ciddi plan və layihə ortaya qoya bilməmiş, millətə uzunmüddətli və daimi bir xidmət təqdim edə bilməmişdir. Deməli, bunlar vəhyin bərəkətindən cüda düşmüş və ilhamdan məhrum qalmış insanlardır.

Bu qədər iş var ikən...

Məsələnin inanan insanlara baxan cəhətinə gəlincə: dialektika və cədəl bombasının partladığı, yəni onun bir sistem, bir metod kimi mənimsənildiyi yerlərdə insanlar o bombanın alfa, beta şüalarının təsirinə məruz qalmışlar. İnananlar içində isə bu bombanın üçüncü dərəcəli qamma şüalarının təsirinə məruz qalan və ondan az-çox təsirlənənlər var. Bu səbəblə onlar da müəyyən səviyyədə vəhyin bərəkətindən, ilhamdan məhrum qalmışlar.

Buna görə baxırsınız ki, bir aksiyon insanı, bir "adanmış" könül belə bu ümumi müasir ab-havadan təsirlənib hədisdə ifadə edildiyi kimi zökəmə yoluxur. Məsələn, hər bir "adanmış" bütün vaxtını plan və proyektə, müsbət hərəkətə həsr etməli olduğu halda, "Biz bu yolun "adanmış" bir fərdiyik" anlayışı ilə başını qaldırıb başqa şeylərə baxmamalı olduğu halda, bəzən cədəl və dialektikaya qulaq şəkləyib zehni və fikrini dağıdır. Bəli, adanmış insanın ümumi şərait, televiziya, internet və qəzetlərin təsiri ilə bu cədəl ab-havasına düşməsi mümkündür. Halbuki Həzrəti Pirin ifadəsi ilə, bizim iki deyil, dörd əlimiz olsa, iman və bəşəriyyətə xidmət üçün yenə də azdır. Bu gün insanımız fədakarlıq, səxavətlilik və adanmışlıq hissi ilə hərəkət edərək dünyanın dörd bir tərəfinə yayılmışdır. Qarşımızda belə geniş bir açılım və bu qədər iş var ikən düşüncələrimizi, hərəkətimizi, cəhdimizi zərrə qədər hədər etmədən elm və sevgi yolunda sərf etməli deyilikmi? Xəyallarımız, düşüncələrimiz daim bu

istiqamətdə olmalı deyilmi? Hətta -üzr istəyirəm- bayıra getdikdən sonra istibra edərkən beş-on addımlıq vaxtda belə "Görəsən, bu məsələni daha tez necə həll edə bilərik, necə sürətləndirə, genişləndirə bilərik?" deyə düşünməli deyilikmi? Bəli, "dünyada getmədiyimiz yer qalsa, Allah bunu bizdən soruşar" deyərək nami-cəlili-Məhəmmədini və Onun sevgi və mərhəmət anlayışını dünyanın hər yerinə yaymağın planı cızılmalıdır. Yoxsa, quru xəyallarla çayxanalarda, sağda-solda gəzməklə ömür çürütmək, boş sözlərlə həyatı tükətmək İnsanlığın İftixarına və Onun vədlərinə inanan bir insanın işi deyildir. Bəli, Onun adını dünyaya yaymaq kimi ülvi, müqəddəs və şərəfli bir yolda olduğumuzu dərk ediriksə, buna inanırıqsa, Onun adını dünyaya hayqırmaq üçün mütləq bir yol tapmalıyıq.

Əgər siz bu duyğu, bu düşüncə ilə coşub-daşarsınızsa, Allahın izni ilə bütün vaxtınızı buna uyğun tənzimləyər, daim bu istiqamətdə çalışıb-vuruşar, beləcə həyatınızda cədəl və dialektika üçün bir boşluq buraxmazsınız.

Bu məqamda belə bir sual gələ bilər: Biz bizi həzm edə bilməyən insanların tənqid, ittiham və böhtanlarına məruz qalırıq. Bununla mübarizədə ortaya qoyulan mücadilə cədəl kateqoriyasına daxil olurmu?

Əgər belə bir vəziyyət varsa, uyğun şəkildə bu yola baş vura bilərsiniz. Hətta yeri gəlsə, bir daha cürət edib böhtan atmasınlar deyə məhkəməyə verib hüquqi yolla iftiraçının ağzını qıfıllaya bilərsiniz. Əlbəttə, bu sizin hüquqi və demokratik haqqınızdır. Buna heç kim, heç nə deyə bilməz. Lakin belə bir düşüncə və məqsəd olmadıqca filankəsin elə deməsi, filankəsin belə deməsi məfkurəsinə kilidlənmiş insanları, qənaətimcə, heç maraqlanıdırmamalıdır. Bəli, adanmış insan xalqımızın əhyası istiqamətində çiyninə düşən vəzifəni düşünməlidir. Həzrəti Pirin ifadəsi ilə, qarşımızda müdhiş bir yanğın var. Alovu göylərə yüksəlir. Övladımız alovun içində od tutub yanır. O yanğını söndürməyə qaçarkən yolda birinin bizə badalaq atmasının nə əhəmiyyəti var? O müdhiş yanğının yanında bu kiçik hadisənin heç bir əhəmiyyəti yoxdur. Məhz bu ruha kilidlənmiş insanlar ömrünü belə keçirir. Bəli, onların həyatı əməl və aksiyondan ibarətdir; Cənabi-Haqq da onların səy və cəhdinə bol-bol mükafat lütf edər, qarşılığını qat-qat verər və Haqqın inayətinə təqdim edilmiş o dəvətnamələrlə yer üzünü başdan ayağa çəmənzara çevirər.


[1] Bəzi böyük mənəviyyat şəxsiyyətlərinin öldükdən sonra da kəramət göstərmələri

[2] Fiqhin əsasları, kökləri

[3] Yüksək, ali adətlər

[4] Küfr ləfzləri, sözləri

[5] Küfr hərəkətlər, feillər

[6] Allahın Zatının əsl mahiyyəti

[7] Açığa çıxmaq

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.