Etibar və şəffaflıq
Sual: Buyurursunuz ki: "Müxatəblərə güvən, etibar təlqin etmək, eyni zamanda gələcək nəsillərin tənqidinə səbəb olan xüsuslardan uzaqlaşmaq lazımdır”. "Müxatəblərə güvən, etibar təlqin etmək” nə deməkdir və bunu edərkən gələcək nəsillərin tənqid və ittihamına məruz qalmamaq üçün hansı xüsuslara diqqət yetirməliyik?
Cavab: Əvvəlki söhbətlərdə də qeyd etdiyim kimi, mömin Allaha, Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) və Onun xəbər verdiklərinə səmimi qəlbdən inanıb qəbul və təsdiq edən insan deməkdir. Eyni zamanda o, –sözün kökündən də göründüyü kimi– gizli-açıq hər cəhətdən insanlara güvən təlqin edən, yer üzündə əmin-amanlığın timsalıtək yalançılıqdan uzaq, içi-çölü bir olan əmniyyət və güvən insanı deməkdir. Bu səbəblə biz "güvən təlqin etmə" deyəndə qətiyyən "işi pis-yaxşı yola vermək, opportunistləşmək, etibarlı insan təəssüratı formalaşdırıb insanları idarə etməyə çalışmaq" kimi bir anlayışı nəzərdə tutmur və bunu qəbul etmirik; qəbul etmirik, çünki belə bir anlayışın müsəlmanlıqla, dinimizin təməl prinsipləri ilə heç bir əlaqəsi yoxdur. Dolayısilə, imanımızın tələbi olaraq hər hal-hərəkətimiz, rəftar və davranışımız doğru olmalı, doğru oturub doğru durmalı və hər kəsin müraciət etdiyi etibarlı qapı olmalıyıq ki, “güvən təlqin etmək” də məhz budur.
Vahiməni aradan qaldırmaq və müştərək platformlar
Lakin bu gün güvən, etibar duyğusu yerlə-yeksan olduğu üçün fikirlər, düşüncələr çox qarışıqdır və hər yerdə bir paranoyya hökm sürür. Dolayısilə, insanlar bir-birinə ciddi mənada qərəzli yanaşır və bir-birinə güvənmir. Bu şəraitdə siz inancınıza uyğun həmişə doğruluq istiqamətinə yönəlsəniz olsanız və yalandan iyrənib həyatınızı daim doğru yolda davam etdirsəniz də, yenə də dünyanın müxtəlif coğrafiyalarında bəzi insanlar sözügedən qəsvətli havanın təsiri ilə sizə qorxu, əndişə və qərəzlə yanaşacaqlar. Məhz bu səbəblə bir yol tapıb həm hal-hərəkət dili, həm də bəyanla doğruluğa kilidli, əmin-amanlıq vəd edən bu iç dünyanızı, təbii halınızı ifadə etməli, ortaya qoymalı və beləcə güvən insanı olduğunuzu insanlara çatdırmalısınız. Əks halda nə olursunuz olun – istər övliya, istər əsfiya, əgər müxatəbinizdə sizə qarşı bir güvən duyğusu, inam, etibar hissi hasil olmasa, heç kimə heç nə izah edə bilməz, ruhunuzun ilhamlarını boşalda bilməz və dəyərlərinizi olduğu kimi çatdıra bilməzsiniz.
Görüləsi işlərdən biri fərqli mədəniyyət və dünyagörüşə malik insanlarla bir yerdə olub, dəyərləri bölüşmək məqsədilə müştərək platformlar təsis etməkdir. Məsələn, müxatəblərinizə baş çəkməli çayını içib onları çaya dəvət etməli; yeməyini yeyib yeməyə çağırmalısınız; birgə keçirdiyiniz vaxtları dəyərləndirib yanlış anlaşılmanın qarşısını almağa çalışmalısınız. Bəli, fərqli mədəniyyət və anlayışa malik insanlarla münasibət qurmaq çox əhəmiyyətlidir. Çünki dil ilə hər istədiyinizi ifadə edə bilməsəniz də, müştərək zəmin və müştərək platformlarda çox vaxt davranışlarınızla, hal və hərəkətlərinizlə güvən insanı olduğunuzu ortaya qoya bilərsiniz.
Həmçinin asayiş və təhlükəsizlik tədbirləri görmək şərtilə, olduqca şəffaf olmalı, şəffaf hərəkət etməli və məhrəm sayılan xüsuslarda belə həmsöhbətlərinizi “məhrəmiraz” (sirdaş) qəbul etməlisiniz. Beləcə hər kəsə çox güvəndiyinizi, heç kimdən əndişələnmədiyinizi göstərmiş və bu surətlə insanların etibarını qazanmış, onların narahatçılığını aradan qaldırmış olarsınız. Qənaətimcə, cürbəcür paranoyyaların olduğu bir dövrdə belə bir anlayışa ciddi mənada ehtiyac var. Bəli, medyadan məktəbə, ailələrin bir-birinə gəliş-gedişindən müəssisələrarası körpülər qurmağa qədər hər sahədə belə bir etimad hissinə zərurət dərəcəsində ehtiyac var.
Cənnət saraylarını düşünmək belə…
Çünki daha əvvəl də bildirdiyim kimi, bəzi insanlar dünyanın müxtəlif yerlərində müəyyən yollarla iqtidara gəlmiş, iqtidar olmuş və xalq üstündə hakimiyyət qurmuşlar. Onlar bu uğurda qanuni - qeyri-qanuni hər cür yola əl atmış, müəyyən yerlərə gizlicə nüfuz etmiş və həmin ölkə sərvətlərini ələ keçirmişlər. Məhz belə insanlar ətrafa daim öz daxili dünyalarından baxır, müxtəlif hərəkət və fəaliyyətləri öz əməlləri ilə müqayisə edib dəyərləndirir və nəticə olaraq öz kirli işlərini başqalarına da aid edirlər.
Bir oğru dükanın qarşısından keçərkən "bu dükanın qapısını necə aça bilərəm, qıfılını necə qıra bilərəm, hansı yolla içəri girib malları götürə bilərəm" kimi şeyləri düşünür. Yəni oradan keçərkən əvvəlcə göz oğurluğu ilə oğurluq üçün şərait hazırlayır, onu fikrində götür-qoy edir. Lakin dükan sahibi dükanının qarşısından keçərkən qıfıla baxır,
Bu misala binaən “qırx quldur” kimi millətin müqəddəratına hakim olan, müəyyən yerlərə sızan və oraları ələ keçirib öz aralarında bölüşən insanlar məsum düşüncələrlə insani fəzilətlərin əhyasına canlanmasına, dirçəlməsinə çalışan insanlara da eyni gözlə baxarlar. Halbuki o fədailər son dərəcə məsum düşüncələrlə hərəkət edirlər. Belə ki, iqtidar, şan, şöhrət kimi dünyəvi arzu və istəklər onların heç yuxusuna da girməz. İnsan qeyri-mümkün, istəmədiyi şeyləri yuxuda görə bilər. Lakin onlar bu cür arzu və istəklərdən o qədər uzaqdır ki, –bəzi yuxular şüuraltının təzahürü olsa da– onların şüuraltında bu kimi mülahizələr belə yoxdur. Ancaq bəzi insanlar belə yuxu və xülyalarla oturub durduğuna görə məsum insanları da öz anlayışına görə dəyərlənidirir, dünyagörüşünə görə yozurlar. Məhz bu yanlış fikirləri düzəltmək üçün insanlarla görüşməli, onlara sizi müşahidə etmək və daxili dünyanızı anlamaq imkan verməli, narahat olduqları xüsusiyyətlərin sizdə olmadığını görməsi üçün zəmin hazırlamalısınız. Bəli, siz dayanmadan söz və hərəkətlərinizlə göstərməlisiniz ki, sizin onların dünyasına əl uzatmaq niyyətiniz, onların dünyəvi imkan və iqtidarını əllərindən almaq məqsədiniz yoxdur.
Dəfələrlə dilə gətirilən bu məsələ üsuluna uyğun şəkildə lazım gələn hər yerdə təkrar-təkrar səsləndirilməlidir; bizim dünyəvi məqam və mənsəb əldə etmək məqsədimiz yoxdur. Nə o insanların dünyalarına talibik, nə də sərvətə, mal-mülkə. Əgər Allah-Təala bizə məşru dairədə qazanc imkanı versə, izzətlə qazanar və iffətlə həyatımızı davam etdirməyə çalışarıq. El-aləmə əl açaraq dilənçi həyatı yaşamağı, əlbəttə ki, istəmərik, nəinki istəmək, bunu ölümdən betər sayarıq. Bu səbəblə məşru dairədə alın təri tökər və qazandığımızı da Allahın izni ilə Allahın yolunda, xalqımız üçün istifadə edərik. Ancaq vəzifə başına keçib mal-mülk yığmaq, sərvət toplamaq kimi arzu və həvəslər yuxumuza da girməz. Nəinki fani, dünyəvi şeyləri düşünmək, biz Cənnət saraylarını düşünməyi belə vaxt israfı sayırıq. Əlbəttə ki, Cənnəti istəyir, Cəhənnəmdən Allaha sığınırıq, lakin xəyallarımızı təmənna ummaqla kirlətmək istəmirik. Madam, bizim axirət düşüncəmiz budur, dünyəvi işlərlə xəyal və röyalarımızı belə kirlətmərik. Bizim axirət düşüncəmizə baxan bunu daha yaxşı anlayar.
Ancaq bu səmimi düşüncələrinizi bir dəfə dilə gətirməklə kifayətlənməməlisiniz. Yəni "Biz səmimiyik, dünyəvi bir təmənnamız yoxdur və bunu dəfələrlə dilə gətirdik" deməməliyik. Bizi izləyən insanlar mütəmadi şəkildə hal və hərəkətimizdə bu məna və məzmunu oxumalı, söz və bəyanlarımızda da bu məna və məzmuna tərcüman olan ifadələr eşitməlidir.
Bu vəziyyət bəşəriyyətin səadəti uğrunda çalışan, var-gücü ilə xidmət edən insanların yol güvənliyi və təhlükəsizliyi üçün çox vacibdir. Çünki yol narahatdırsa, hətta bu əndişə paranoyya səviyyəsinə çatırsa, o insanlar böyük manelər törədər, hər künc-bucağa bir qulyabani qoyar, məsum, gözəl fəaliyyətlərə belə əngəl olar və “adanmış ruhlar”ı üzüstə yıxmağa çalışarlar. Buna görə bir tərəfdən ömür boyu etibarlı insan olmalı; bununla kifayətlənməyib məqsəd və niyyətlər dilə gətirilməli, yersiz əndişə və narahatlıqlar aradan qaldırılmalıdır.
Gələcək nəsillər və fəaliyyətlərin yazıya alınması
Sualın ikinci hissəsində “gələcək nəsillərin tənqidinə səbəb olan məsələlərdən uzaq durmaq üçün nə etməliyik, deyə soruşulur. Siz Allahın izni ilə qəlbinizdə insan sevgisi, mərhəmət düşüncəsi; dilinizdə "xoşgörü, dialoq, hər kəsə hörmət" deyib bir yola yolçu olmusunuz. Qəlbinizin hər kəsə açıq olduğunu, orada hər kəsə bir yer olduğunu və heç kəsin ayaq üstə qalmayacağını ifadə edirsiniz. Bu xoş niyyətli fəaliyyətlərin gələcəkdə, ittiham və böhtanlarla üzləşməməsi üçün görülən işləri və səmimi niyyətləri yazıya alıb, arxivə keçirmək olar. Bu yazılarınızda fəaliyyətlərdə heç kimi idarə etmək və ya heç kimdən, heç nədən istifadə etmək niyyətinizin olmadığını, təqiyyə etmədiyinizi, dini duyğu və düşüncənizdən güzəştə getmək anlayışınızın olmadığını, insanların əndişə və paranoyyalarını aradan qaldırmaq üçün və insanlığa duyduğunuz ehtirama görə müştərək platform və məkanlarda dialoq qurmağa çalışdığınızı ifadə etməlisiniz. Bununla gələcək nəsillərin sözügedən fəaliyyətləri ilk qələmdən və ilk mənbədən oxuyub düzgün dəyərləndirməsinə imkan hazırlamış olarsınız. Bəli, bu gün və gələcəkdə bəziləri bu məsələlərdən istifadə edəcək. Elə isə belə insanların həmişə olduğunu nəzərə alaraq onların ittiham və nahaq sui-zənninə məruz qalmamaq üçün bu gündən mütləq ortaya bir şey qoymalısınız. Bir az əvvəl ifadə edildiyi kimi, bunları dünyəvi məqam və imkanlara sahib insanları hissi rəqabət və qısqanclığa sövq etməmək, onlarda imkanları itirmə qorxusuna səbəb olmamaq, sizin o yerlərdə gözünüz olmadığını demək üçün gördüyünüzü və bunun zəruri olduğunu yazar, yazıb gələcək nəsillərin ağıl və vicdanına həvalə edərsiniz. Həmçinin hüsnü-zənn bəslədiyiniz insaflı, vicdanlı insanların yanına gedər, onlara xalis niyyət və səmimi düşüncələrinizi bilavasitə bildirər və o səsinizi insanlar vasitəsilə də gələcək nəsillərə çatdıra bilərsiniz.
Bu məqamda ağlınıza belə bir sual gələ bilər: "Biz sırf Allah rizası üçün və səmimi niyyətlə bu işi gördüyümüzə inanırıq. Gələcək nəsillərin haqqımızda suizənn etməsinə görə biz cavabdehlik daşıyarıq?"
“Obyektiv mükəlləfiyyət” etibarilə sırf zənnə əsaslanıb yanlış hökm verən insanların işlədiyi günaha görə siz bir məsuliyyət daşımaya bilərsiniz. Ancaq “subyektiv mükəlləfiyyət” baxımından bu məsələnin bir də mərhəmət və şəfqət yönü var. Əgər biz bütün möminlərə dərin şəfqət və mərhəmətlə yanaşır, onların ağız, dil-dodağından mənfi bir şeyin çıxmasına, göz və qulağının mənfi bir şeyə şahid olmasına səbəb olmamağı düşünürüksə, bu mövzuda başqa insanların günah işləməsinə imkan verməmək də -subyektiv mükəlləfiyyət baxımından- bizim üçün çox vacibdir. Möminə mərhəmət və şəfqət hisləri tələb edir ki, əgər insanlarda qorxu, şübhə və tərəddüd varsa, aradan qaldırılsın. Bu baxımdan insanların sui-zənn etməsinə və həsəd çəkməsinə imkan verməmək, qısqanclıq və “qibtə damarlarını təhrik etməmək” üçün çox diqqətli və həssas olmalıyıq.
Çünki insan bəzən özü fərqində olmasa da, başqalarının qibtə damarını təhrik edib eqoist və şeytani duyğularını oyadır. Məsələn, könüllülər fəaliyyətində fədakar bir yoldaşınızı fədakarlığına görə elə təqdir edər, elə alqışlayarsınız ki, –fərqinə varmasanız da– bu alqış və təqdirlərlə eyni qibləyə yönəldiyiniz, eyni səcdəyə baş qoyduğunuz başqa bir mömin qardaşınızın qibtə hisləri körüklənər. Buna görə də hər kəsin hissiyyatını nəzərə almaq, sizi həzm edə bilməyən insanların həsəd, qibtə, rəqabət hislərini oyatmamaq çox əhəmiyyətlidir. Bunun üçün də biz bütün möminlərə zillət səviyyəsində dərin təvazö və mahviyyət anlayışı ilə baxmalı, aidiyyət mülahizəsindən və ya aidiyyət mülahizəsi kimi başa düşüləcək söz və bəyanlardan, hərəkət və davranışlardan olduqca uzaq olmalıyıq. Bəli, bizim mömin qardaşlarımıza olan mərhəmət və şəfqətimiz tələb edir ki, heç bir möminə mənfi bir söz dedirtdirməyək, onları yanlış fikirlərə sövq etdirməyək. O halda Allah rizası istiqamətində görülən ən məsum işlərdə belə bu məsələ mütləq nəzərə alınmalıdır.
- tarixində yaradılmışdır.