Fani imkanlarla əbədi nemətləri qazanmağın yolu

Fəthullah Gülən: Fani imkanlarla əbədi nemətləri qazanmağın yolu

Sual: Dünyanın fani imkanları ilə əbədi həyatın sonsuz nemətlərini qazanmaq üçün möminin dünyaya yanaşması necə olmalıdır?

Cavab: Əbədiyyət üçün yaradılan, əbədiyyətə namizəd olan və sonsuz səadət xülyaları ilə yaşayan bəşər övladı fani dünyaya onun faniliyi qədər, sonsuz axirət həyatına da onun sonsuzluğu dəyərində qiymət verməlidir. Əgər insanın fitrəti əlverişli olsa, dini hökmlər də caiz görsə idi, zənnimcə, əbədi həyatı düşünəndə öz-özümüzə: “Dünyadan tamamən əl-ətək çəkək, yalnız axirət üçün çalışaq” deyəcəkdik. Ancaq insanın təbiəti, cismani arzuları, bəşəri zəfləri və nəfsani boşluqları buna imkan vermədiyi kimi, bəşər fitrətini nəzərə alaraq hökmlər verən Quran və Sünnə də belə bir həyat tərzini münasib görməmişdir. Ona görə də insan bir tərəfdən bəşər fitrətinin xüsusiyyətlərini diqqətə almalı, digər tərəfdən də nəyə namizəd olduğunu və axirətdə onu necə nemətlərin gözlədiyini düşünüb qavramağa çalışmalıdır. Yəni Quranın göstərdiyi yolda Allahın bəxş etdiyi hər bir neməti axirət üçün sərf etməli, gözünü ondan ayırmamalı, ancaq dünyadan da payına düşəni götürməlidir.

Məhz bu məqamda insan dünyəvi arzu və istəklərini,– bənzətmə gözəl olmasa da – nəfsin qabağına atılan bir sümük və ya bir tikə çörək kimi görməli və dünyanın cazibədar gözəlliklərinə aldanmadan yoluna davam etməlidir. Belə ki, bir insanın mərifət (ürfan) sahibi olmadan dünya və axirətin özünəxas rəng və naxışlarını hərtərəfli duyub sezməsi mümkünsüzdür. İmanını mərifətlə bəzəməyən bir insan, müsəlman da olsa, keşməkeşli əbədiyyət yolunun gözəlliyini hiss edə və dolayısilə “yorulub yollarda qalmaqdan” qurtula bilməz.

Mərifətin qoynunda əngin dəryaların şahə qalxan dalğaları kimi, məhəbbət çağlayır. Məhəbbət isə insanı Həqiqi Sevgiliyə səsləyir. İnsan da bunun sayəsində cismaniliyin qaranlıq dünyasından çıxıb daima cismani arzu-istəklər təlqin edən və təzyiq göstərən nəfsinin qabağına bir sümük atıb yoluna davam edir. Nə qədər cazibədar görünsə də, dünyaya bel bağlamır. Onun gözündə fani dünyada yalnız bir amal qiymətlidir: Allah Rəsulunun şanlı adını dünyanın dörd tərəfinə çatdırmaq, itirilən və ayaqlar altında tapdalanan İslamın etibarını yüksək bürclərdə yenidən dalğalandırmaq.

Belə bir məfkurəyə dilbəstə olandana sonra dünyada qalmağın bir qiyməti var. Bir insanın amalı Allahın adını ucaltmaq, Həzrət Məhəmməd (sallallahu aleyhi və səlləm) ruhunu dirçəltmək və Onun nəfəsini bütün qəlblərə çatdırmaqdırsa, Həzrət Nuh kimi 950 il yaşasa, yenə də dəyər. Çünki dünya həyatını ancaq bu amal uğrunda ən səmərəli şəkildə dəyərləndirmiş olar. Belə bir idealdan məhrum insanların yaşadığı həyat isə həlakətlə qoşa addımlayan bir qafillik sayılır.

Heyhat aldandıq! Zahirə və alqışlara inandıq!

Təəssüflər olsun ki, çox adam bu dünyada aldanır. Ümumən insan nəyə nə qədər qiymət verməli olduğunu müəyyən etməyəndə məqsədəuyğun qərarlar verə bilmir. Bu səbəbdən də son nöqtədə umduğu nəticə ilə qarşılaşmır və Şeyx Qalib kimi: “Vardıq dəri-səadətinə yarı görmədik / Girdik behiştə, heyif ki, dildarı görmədik” (Səadət diyarına çatdıq, Cənnətə girdik, lakin sevgili yarı görə bilmədik) deyir. Yəni dünya-axirət müvazinətini qura bilməyənlər bəzən din uğrunda iş gördüklərini sanaraq ömür boyu bihudə çırpınırlar. Ancaq axirətə gedəndə yarı, dildarı, Sevgilini görə bilmirlər.

Bəzən də insan gördüyü işlərə riya (insanlar görsünlər deyə edilən əməl), süma (insanlar eşitsinlər deyə işlənən əməl), ücb (özündən razılıq, təkəbbür), fəxr (öyünmək), təqdir və alqış umma kimi hisləri qarışdırmaqla özünü aldadır və beləcə ömür boyu işlədiyi xeyir əməllər puça gedir. Rəsuli-Əkrəm bir hədisi-şərifində buyurur: “Neçə-neçə oruc tutan insanlar var ki, bu əməllərindən onlara aclıq və susuzluqdan başqa bir şey qalmaz. Neçə-neçə namaz qılanlar var ki, bu əməllərindən onlara yorğunluq və zəhmətdən başqa bir şey qalmaz” (İbn Macə, “Siyam”, 21; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, II/373).

Örnəkləri çoxaltmaq olar. Məsələn; Haqq yolunda çalışan neçə-neçə insan mənzilə çatanda nə yarı, nə də dildarı görəcək. Çünki onlar bu yolda əməllərinə çirkab bulaşdırıblar. Yolun ədəbinə riayət etməmiş, doğru yolu (istiqaməti) tapa bilməmiş, var-gəl edə-edə addımlamışlar. Burada var-gəl edənlər, yıxıla-dura yeriyənlər, yəni doğru yolu tutub getməyənlər orada, Allah eləməsin, elə birdəfəlik yıxılarlar. Allah-taala: “Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar.O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir)” (“Qamər” surəsi, 54/47-48) fərmanı ilə dünyada nəfsani arzu-istəkləri ilə (mənən) sürüm-sürüm sürünənlərin o bir tərəfdə də üzüstə Cəhənnəmə sürüklənəcəyini xəbər verir. Bəli, burada nəfsani arzularının əsiri olan, nəfsinin əli-qolu bağlı köləsinə çevrilən və bu cür əsarətdə yaşayan insanların o bir tərəfdə heç bir şəfaət köməyinə çatmaz. Belə ki, Cənabi-Allahın: “Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!” (“Mudəssir” surəsi, 74/48) kəlamı da belələrinin aqibətini təsvir edir.

Məhz bu cür acınacaqlı aqibətə düçar olmamaq üçün Allahın ipindən yapışmaq lazımdır. İnsandan Allaha bir şey getməlidir ki, Ondan da insana bir şey gəlsin. Əgər insan bu dünyada Allaha qarşı ehtiram, təzim və təbcil hisləri bəslərsə, orada bu əməlləri Allahın inayətinə çevrilib ən çətin anda dadına çatar və onu üzüstə Cəhənnəmə sürüklənməkdən qurtarar.

Bu səbəbdən də verilən həyat nemətindən səmərəli şəkildə istifadə etmək, boş qalan yerləri də əngin və pak niyyətlərlə doldurmaq lazımdır. Çünki niyyət adlı sirli iksirin bir damlası dəryaları doldura bilər. Ona görə də insanın niyyəti gərək böyük və əngin olsun. Məsələn: “Allahım, mənə elə bir imkan ver ki, dünyanın mehvərini, yönünü dəyişdirim. Dəyişdirim ki, Allah Rəsulunun uca adı bütün aləmdə dalğalansın”, − deməlidir. Bəli, bu məsələdə bir damla niyyət insana dəryalar qədər savab qazandırar. Yəni insan bir tərəfdən öhdəsinə düşəni var-gücü ilə yerinə yetirməyə çalışmalı, gücü çatmayanda da: “Allahım, mən bu işi görməyə əhd etmişdim, amma qüvvəm yetmədi. Bundan artığını bacarmıram” − deyib niyyətini şəfaətçi kimi ilahi hüzura göndərməlidir. Sonsuz Qüdrət, Sonsuz Məşiət və İradə Sahibi Allah da: “Sənin bacarmadığını mən həyata keçirəcəyəm” deyəcəkdir.

“Dünya sevən, axirəti bulamaz”

Gəlin görək Alvar İmamı bu barədə nə deyir:

Sən Mövlanı sevəndə / Mövla səni sevməzmi?
Rizasına ivən də / Haqq rizasın verməzmi?
Sən Haqqın qapısında / Canlar fəda eyləsən
Əmrində xidmət etsən / Allah əcrin verməzmi?
Sular kimi çağlasan / Eyyub kimi ağlasan,
Ciyərgahı dağlasan / Əhvalını sormazmı?
Dərdə dərmandır bu dərd / Dərdlini sevər Saməd,
Dərdə dərmandır Əhəd / Fəzli səni bulmazmı?

Bəli, sözümün canı budur.

İnsanın ruhunda, hislərində və fikirlərində Allaha qarşı duyduğu yaxınlıq orada real şəkildə təzahür edəcəkdir. Burada birlikdə yaşayanlar orada da bir olacaqlar. Bu səbəbdən, daim Onun məiyyətini diləməliyik. Dua, təzərrö və niyazlarda daim “Allahım, nə olar, mənə Sənin və Həbibinin məiyyətini lütf et” deməliyik. Hər an Onunla olun, Onun adı dilinizdən düşməsin, ağlınızdan çıxmasın. Ta ki axirətdə bu məiyyət qabağınıza çıxsın... Əgər burada Onunla birlikdə olsanız, oraya gedəndə qarşınıza çıxan mükafatları görüb bu yalan və fani dünyanı unudarsınız. Ancaq təəssüflər olsun ki, müasir çağda fikirlər qarışmış, duyğu və düşüncələr dərbədər olmuşdur, insanlar sonsuz həyat və Əbədi Zatdan çox, dünyanı düşünürlər.

Böyük şəxsiyyətlərin sözlərinə bir baxın, görün onlar dünyadan nə qədər şikayət ediblər. Məsələn, Yunus Əmrə deyir:.

Aciz qaldım zalım nəfsin əlindən
Şol dünyanın ləzzətindən doyamaz.
Eynini (gözünü) almışdır (bürümüşdür) qəflət köynəyin
Ömrün gəlib keçdiyini biləməz.
İlahi, qəflət köynəyin geyənə,
“Müsəlman” dermisən nəfsə uyana?
Qazanıb, qazanıb verir ziyana
Haqq yoluna bir pulunu qiyammaz.
İlahi, qəflətdən uyar gözümü,
Dərgahında qara etmə üzümü
Yunus eydür, gəlin tutun sözümü
Dünya sevən, axirəti bulamaz.

Bəli, yarı görməyə, dildarla həmdəm olmağa hazır olmaq lazımdır. Burada ömrünüz “eşq məktubları” yazmaqla keçibsə, orada bu namələrin biri də hədər olmaz. Oraya gedəndə: “Bu məktub səndən gəlmişdi” deyərlər. Oradakı “Mənə Haqdan nida gəldi / Gəl ey aşiq ki, məhrəmsən / Bura məhrəm məqamıdır / Səni əhli-vəfa gördüm” kimi iltifatlar hara, dünyadakı iltifatlar hara?! Allahın bəxş etdiyi sultanlığın yanında – canım ona fəda olsun – Fatehliyin nə qiyməti var?! Belə şeylər günəşin yanında sayrışan ulduzlar belə ola bilməz.

Xülasə, əlindəki sərmayəni fani dünya nemtlərinə sərf edənlərin axirəti qazanmağa bir şeyi qalmaz və oraya əliboş gedərlər. Ancaq bütün imkanlarını axirət üçün sərf edənlər oraya gedəndə bambaşqa mükafatlarla qarşılaşacaqlar. Allah-taala “Qiyamə” surəsində insan təbiətindən bəhs etdikdən sonra hər iki zümrənin aqibətini belə təsvir edir:

“Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. Axirəti isə tərk edirsiniz. O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır! O gün neçə-neçə üzlər tutulub qaralacaq, (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!” (“Qiyamə” surəsi, 75/20-25)

Rəbbim hamımızı o dəhşətli gündə üzü ağ, alnı açıq bəndələrdən eləsin!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.