Fəal və işlək hizmət
Sual: Bildiyimiz kimi, fərd və cəmiyyət həyatının fəal və işlək olması İslamiyyətin əsas hədəflərindən biridir. Buna nail olmaq üçün nə etməliyik?
Cavab: İslamın ortaya qoyduğu dünyagörüşündə və həyat anlayışında ətalətə yer yoxdur: insandan torpağa, əşyadan zamana hər şey fəaldır, hərəkətdədir. Məsələn, İslam fərdləri daima saleh əməl işləməyə səslədiyi kimi, pul, torpaq, zaman və sairədən də səmərəli şəkildə istifadə eləməyi, onlardan maksumum qazanc əldə etməyi əmr buyurur.
Müsəlman ilk öncə iman əsaslarında fəal olmalıdır. Buna görə biz həmişə dualarımızda “Ey Rəbbimiz! Elmimizi, imanımızı və yəqinimizi artır” deyirik. Bu səbəbdən də möminlər bəzən kitablara müraciət edərək, bəzən sələfi-salehinin bərəkətli həyatını mütaliə edərək, bəzən təfəkkürlə, bəzən söhbəti-Cananla, bəzən də övradü-əzkarla imanını ətalətdən qorumağa və yəqinini artırmağa çalışmalıdır. “Qulubud-daria”da yer alan duaların mənasını düşünmək, onların məna qatlarına nüfuz etmək belə insana fərqli dünyaların qapılarını açar.
Əslində İslam aləminin son əsrlərdə üzləşdiyi problemlərin həll olunmasında və möminlərin əzilmədən, kiminsə hakimiyyəti altına düşmədən öz varlığını qoruyub saxlamasında fəal yaşanan həyatın və yüksək əhval-ruhiyyənin xüsusi çəkisi vardır. Təəssüf ki, müsəlmanlar bir neçə əsrdir, bu şövq və fəallığı itirib ətalətə düşdüklərinə görə güclü mövqeyini qoruyub saxlaya bilməmişdir. Beləcə, əvvəlcə “cilovu” əldən vermiş, sonra da həyatın siyasi, mədəni, iqtisadi və s. sahələrində başqalarının əsarəti altına düşmüşdür.
“Avar çəkməyə” məhkum olan xalq
Həzrəti Pir “Ey hər iki həyatın ruhu İslamiyyətdən imtina edən ikiayaqlı canlı meyidlər! Gələn nəslin yolunu kəsməyin. Çəkilin yoldan, qəbir sizi gözləyir. Qoyun İslam həqiqətini kainatda layiqincə dalğalandırmağa namizəd olan yeni nəsil gəlsin!” (Bədiüzzamn, “Tarihçe-i Hayat”, səh. 82 (İlk Hayatı)) xitabı ilə bu həqiqəti vurğulamışdır. Çünki bu son və ümumbəşəri dinin köhnələn insanlarla, nimdaş düşüncələrlə və dunhimmətlə (cılız məqsədlərlə) təmsil edilməsi mümkün deyil. Məhz bu səbəbdən Həzrəti Bədiüzzaman gələcək nəslə pis nümunə olan şövqsüz, ruhsuz və ölgün insanlara “Kənara çəkilin!” deyir. Ta ki yeni fəal nəsil öz yerini alsın və vəzifəsini layiqincə yerinə yetirsin.
Bəli, pis nümunə olmamaq da vacib məsələdir. Mən atalarımızın xətalarını yad edərək günaha girmək istəmirəm. Ancaq, izninizlə, bir həqiqəti söyləməyə özümü məcbur hesab edirəm: bugünkü ətalətimizin kökündə bir mənada atalarımızın, analarımızın, babalarımız və nənələrimizin həyatı dayanır. Onların ətalətinin kökündə də əvvəlki böyüklərin xətaları dayanır... Düzdür, onlar Allaha iman gətirib ibadətləri yerinə yetirməklə bir mənada öhdələrinə düşəni eləyiblər. Ancaq hadisələrin təhlilində bəsit düşüncə qəliblərindən kənara çıxa və dövrün təlabatına uyğun düşüncə sistemini formalaşdıra bilməmiş, nəticədə də həm fikir, həm də əməl sahəsində susuz və quraq bir dövrün təməllərini qoymuşlar.
Bu baxımdan, biz özümüzü bir mənada hədər olan nəsillər hesab edə bilərik. Çünki biz öz dövrümüzün dünyagörüşünə müvafiq yetişdilmədiyimizə görə, “gələcəyin layiqli varisləri” ünvanına layiq ola bilməmişik, gəminin sükanına keçə bilməmişik. Bu səbəbdən də bizə həmişə avar çəkdiriblər. Məsələyə sosioloji aspektdən baxanda iki hal ortaya çıxır: hegemon dövlətlər arasında siz ya sükan arxasına keçəcəksiniz, ya da avar çəkməyə məhkum olacaqsınız. Başqa sözlə desək, ya siz dünya dövlətləri arasında “balans amili” olmalı, güclü mövqe tutmalı, ya da başqalarının çəkdiyi sərhədlər daxilində yaşamalısınız. Balansı müəyyənləşdirən siz olarsanız, “müəyyənedici” olarsınız, əks halda sizə “müəyyən edilən” damğası vurular. Bu isə əsarət deməkdir, yəni boynu halqalı, ayağı buxovlu köləyə çevrilməkdir. Əslində bu halın Afrikadan Avropaya aparılıb satılan kölələrdən bir fərqi yoxdur. Təəssüf ki, bir neçə əsrdir, biz müsəlmanların vəziyyəti budur.
İslam layiqincə təmsil edilmədiyinə görə, belə bir vəziyyətə düşüb. Bu isə İslamın etibar və şərəfinə, müsəlmanlığın izzətinə xələl gətirmək deməkdir. Əgər bu acınacaqlı vəziyyətiniz üzündən İslam hörmətdən düşübsə, buna baiskar olduğunuza görə, siz də Allahın dərgahında həqir sayılırsınız. Bu səbəbdən, nəyin bahasına olur-olsun layiq olduğunuz məqama gəlməlisiniz. Buna görə də insanın gərək gözü həmişə zirvələrdə olsun, qayəsi ali və idealları yüksək olsun.
İradə qəhrəmanları və İslamın etibarı
Allah insana iradə verib, o, nə heyvandır, nə də cansız əşya. İnsan öz iradəsini ortaya qoyaraq Allahın bəxş etdiyi güc-qüvvədən səmərəli şəkildə istifadə edərsə, Allahın izni ilə bütün dünyanı dirçəldə bilər. Molla Nəsrəddin kimi, iradəsi ilə dənizləri mayalaya bilər. İradələri cuşa gətirməklə və məşəlləri alovlandırmaqla bütün dünyanı toy-büsata çevirmək olar. Gəlin, Səadət əsrinə bir də bu gözlə baxaq: Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) neçə əsrin işini iyirmi üç ildə görməyibmi? Həzrəti Əbu Bəkir iyirmi min insanla iki hegemon dövləti diz çökdürməyibmi? Üstəlik, on bir irtidad üsyanını yatırtmayıbmı? Bu hadisələrdən biri – Müseylimətül-Kəzzabın başçılıq etdiyi üsyan ölkəmizdə illərdir, öhdəsindən gələ bilmədikləri terror təşkilatından on qat güclü idi. Həzrəti Əbu Bəkir iradəsini ortaya qoyaraq Allahın izni və inayətilə, bütün bu problemlərin öhdəsindən gəlmişdi ki, bu da fəallığa və aktivliyə bariz nümunədir.
Mənəvi gümrahlığın əsasları
Mənəvi gümrahlığın əsaslarına gəlincə, bu şəkildə xülasə etmək olar:
Hər kəsə bir yol göstərmək, bir sahəyə yönəltmək və “Sənin işin budur” demək fəallıq üçün mühüm əsasdır. İnsan ənaniyyətli olmasa və heyət naminə hərəkət etsə belə, psixoloji olaraq gördüyü işin sərhədlərini və əldə etdiyi nəticələri bilmək istəyir. Görülən işin təqdir edilməsi də insanı ayrıca şövqə gətirir. Bəzi insanlar əldə etdiyi uğurlara ənaniyyətini qarışdırsalar da, uyğun bir üslubla onlara da ixlas düşüncəsini aşılamaq lazımdır.
Bir məsələ də var: başqalarının mənəvi dirçəlişinə vəsilə olsanız, özünüz də mənən təravətli qalarsınız. Aləmi dirildən bir adamın ölü qalması mümkünsüzdür. Bir adam kiminsə əlindən tutur, ayağa qaldırır, təkan verir və onu yarış meydanına salırsa, o qaçanın ardınca durub baxa bilməz?!
İzafi varlığı olan vaxtın qiymətini bilmək də aktiv həyatın əsas düsturlarındandır. Biz uzun müddət zamanın da bir qiyməti olduğunu bilməmişik. Ancaq əslində o, misilsiz bir xəzinədir, səmərəli istifadə edilsə, insana cənnəti qazandırar. Bəli, insan vaxtdan səmərəli istifadə etməklə qısa müddətdə zamansız aləmlərə qanad aça və əbədi səadətə çata bilər. Bu baxımdan zamanın qiymətini bilmək, onun hər anını saleh əməl və fəaliyyətlə diriltmək aktiv və fəal hizmət üçün vacib düsturdur.
- tarixində yaradılmışdır.