Halal ruzi üçün çəkilən çətinliklər və əfv edilən günahlar
Sual: Bir hədisi-şərifdə bildirilir ki, bəzi günahlara namaz, oruc və həcc kimi ibadətlər belə kəffarə ola bilməsə də, halal dolanışıq üçün çəkilən sıxıntılar onları silib süpürəcək. Bu hədisi-şərifi necə anlamalıyıq?
Cevab: Bəli, rəvayətə görə, bir hədisi-şərifdə Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) səhabeyi-kirama;
إِنَّ مِنَ الذُّنُوبِ ذُنُوبًا لَا يُكَفِّرُهَا الصَّلَاةُ وَلَا الصِّيَامُ وَلَا الْحَجُّ وَلَا الْعُمْرَةُ
"Elə günahlar var ki, onlara namaz, oruc, həcc, ümrə belə kəffarə ola bilməz" buyurur. Əshabi-kiram: "Ey Allahın Rəsulu! O günahlara nə kəffarə olar?" deyə soruşur. Buna müqabil Rəsuli-Zişan (əleyhissalatu vəssalam):
اَلْهُمُومُ فِي طَلَبِ الْمَعِيشَةِ
"Məişət (dolanışıq) üçün çəkilən sıxıntı və kədər," - deyə cavab verir". (et-Taberani, əl-Mu'cemü'l-evsat 1/38)
Hədisi-şərifin izahına keçmədən əvvəl Quran və Sünnənin doğru oxunub düzgün şərh olunmasında üləmayi-mühəqqiqinin zəruri saydığı bir təməl düsturu xatırlatmaq istəyirəm. Müəyyən yerlərdə dilə gətirdiyim kimi, bir ayeyi-kəriməni və ya hədisi-şərifi doğru anlayıb doğru şərh etmək üçün onları bütöv şəkildə götürmək lazımdır. Bu bütöv yanaşma düsturuna əsasən digər nəsləri də nəzərə alaraq, ümumi mənada Quran və Sünnəyə baxanda ruzi üçün çəkilən əziyyətin namaz, oruc və həccə bərabər olmadığını görürük. Amma ümrə nafilə ibadət olduğuna görə, onun haqqında belə qəti qərar ermək çətindir? Ancaq bildiyiniz kimi namaz dinin dirəyi, nurudur; namaz səfineyi-dini[1] çəkir və namaz bütün ibadətlərin piridir. Oruca gəlincə, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ona:
اَلصِّيَامُ جُنَّةٌ مَا لَمْ يَخْرِقْهَا
"Nə qədər ki, oruc, (riya və süma[2] ilə və ya bədən orqanlarının bir qisminin oruc tutmaması ilə) hədər edilməyib, yırtılıb dəlinməyib, insanın qoruyucu zirehi və qalxanıdır" (Ali el-Müttaki, Kenzü'l-ummal 8/443) buyurur. Həcc isə insanın bütün günahlardan arınıb təmizləndiyi bir "arınma qurnası"dır. Xüsusən də Ərafat bütün günahların sovrulduğu ülvi və müqəddəs bir məkandır. Dolayısilə, bir mənada heç bir şey həccə müadil ola bilməz. O halda namaz, oruc və həcc kimi ibadətlərin dindəki müəlla yerini nəzərə alaraq, bu və ya digər hədisi-şəriflərin məna və məqsədini anlamağa çalışmaq lazımdır.
Məişət dərdi və Allahla irtibat
Məsələyə bu nöqteyi-nəzərdən baxanda, əvvəla bilməliyik ki, hədisi-şərifdə keçən "humum" sözü yalnız "dolanışıq dərdindən çəkilən kədər və çətinlik" mənasını ifadə etmir. Bu söz daha geniş və şümullu bir çərçivədə araşdırılmalıdır. Bəli, insanın harama girməmək üçün göstərdiyi həssaslıq və çəkdiyi dərd, iztirab da hədisi-şərifdə keçən "humum" ifadəsinin məzmununa daxildir. Tarix boyu bir çox Allah dostu belə bu əndişə içində tir-tir əsmiş və ruzi əndişəsinin qulluğa, Allahla irtibata mane olmaması üçün Cənabi-Haqqa təzərrö və dua etmişlər. Məsələn, Həsən Şazili, Abdülqadir Geylani və İstanbulun abidə şəxsiyyətlərindən Əbul-Vəfa Həzrətləri ruzi dərdindən qurtulmaq üçün Cənabi-Haqqa yalvarıb yaxarmışdı. Çünki ruzi dərdi bir mənada insana "bu günüm, sabahım" dedirdib onda Allaha təvəkkül hissini sarsıda bilər, sarsıdıb Allahla münasibətə zərər yetirə bilər. Beləcə insan bu gün oturub sabahı, o biri günləri düşünər, "necə yaşayacağam" deyə ah-vay edər. Bu qorxu və əndişə onu səcdə də rahat buraxmaz. Belə ki, insan Allaha ən yaxın olduğu səcdə anında belə bir tərəfdən Allaha dua edər, digər tərəfdən də güzəran dərdi ilə məşğul olar. Mövzumuzla bağlı Əbu Hənifə Həzrətlərinin bir mənqibəsini dinləyək: O dövrdə Həzrəti İmam ictihadları ilə o qədər məşhur olmuşdu ki, hər kəs ona müraciət edirdi. Bir gün əşyasını itirən bir şəxs onun yanına gəlir. Hz.Hənifə onun dərdini dinlədikdən sonra: "Get, dəstəmaz al, iki rükət namaz qıl, sonra gəl!" - buyurur. Həmin şəxs dəstəmaz alıb namaz qılarkən əşyanı harada itirdiyini dərhal xatırlayır.
Bu mənqibədə olduğu kimi, hafizənizdən silinib getmiş elə şeylər var ki, ibadətü-taətə başladığınız an şeytan oxlarını uzaqdan lümmeyi-şeytaniyənizə[3] atar və sizi onunla məşğul edər. Normal vaxtlarda ağıla gəlməyən şeylər namazda gəlir. Eyni şey ruzi dərdinə də aiddir. O da sizinlə namazınız arasına girərək qəlblərin Allahla irtibatına mane ola bilər. Halbuki məsələyə Rabiətül-Adəviyyə fəlsəfəsi ilə baxanda bir insanın bu gün yeməyə bir şey ola-ola sabah nə yeyəcəyini düşünməsi Allaha təvəkkülsüzlükdür. Bu baxımdan o böyük insanlar Allahdan (cəllə cəlaluhu) bu kimi arzu və duyğudan uzaq olmağı, bunun əvəzinə qəlblərində yalnız
إِنَّ اللّٰهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ
"Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!" ("Zəriyət" surəsi, 51/58) həqiqətinin kök salmasını istəmişlər. Bəli, o böyük insanlar "ruzi verən Rəzzaqi-Kərimdir" həqiqətini hər zaman hiss etmək, o duyğu ilə dolub-daşmaq istəmiş, qəlb və zehnin yalnız və yalnız Onunla məşğul və məşbu[4] olmasını diləmişlər. Əgər insan bu cür təcrid mülahizəsi ilə ruzi dərdinin Allahla irtibatın yerinə keçməməsi, Onunla münasibəti zədələməməsi, sarsıtmaması üçün Cənabi-Haqqa yalvarıb yaxarır və bu istiqamətdə içdən dərd və iztirab çəkirsə, məhz bu, bir mənada orucdan da, namazdan da, həcdən də üstün ola bilər.
Əlbəttə, halal ruzi arxasınca gedən insanın çəkdiyi hər bir çətinlik, məşəqqət və hüzn bu çərçivədə olmaya bilər. Çünki hər bir ibadətin iki yönü var: xarici rükn və şərtləri, hudu və huşu[5] kimi iç zənginliyi və iç dərinliyinə aid xüsusiyyətlər. Zahirə görə hökm verməyə məcbur olan bizlər zahiri şərt və rüknləri yerinə yetirilən bütün ibadətlərin səhih olduğunu düşünər, iç dərinliyi və keyfiyyəti ilə bağlı heç bir fikir irəli sürə bilmərik. Məsələn, namaz qılan bir insan görəndə zahirə görə hökm veririk. Yoxsa bu şəxs "Görəsən, namazı içdən, səmimi qılır? Qiyamda kimin qarşısında olduğunu hiss edir? Səcdənin Allaha ən yaxın an olduğunu dərk edir?" və s. bu kimi şeylər haqqında fikir yürütmək bizə aid deyil. Çünki biz
نَحْنُ نَحْكُمُ بِالظَّاهِرِ
qaydası ilə insanların zahirə əks olunan davranışlarına baxar, başqa şeyə qarışmarıq.
Halal ruzi və ailə üzvləri
İkincisi, indiki kimi, bəzən elə dövr olur ki, halal ruzi qazanmaq çox çətinləşir, hər şey haramın kirinə, pasına bulaşıb süfrəmizə gəlir. Halbuki haram-halal məsələsi dinimizdə o qədər mühümdür ki, hətta füqəhayi-kiram müsəlmanlığın halal və haramdan ibarət olması qənaətinə gəlmişdir. Namaz qılıb oruc tutan insana halal ruzi qazanmağa diqqət yetirmədiyi təqdirdə kamil müsəlman demək olmaz. Bəli, kamil müsəlman ruzinin haradan və necə gəldiyinə çox diqqət yetirməli, ona bir arpa qədər də haram qarışmasına qətiyyən imkan verməməlidir. İnsan halal qazancın olduqca çətin olduğu belə bir zəmanədə fikrini buna cəmləşdirər, bu mövzuda diqqət kəsilər, əl uzatdığı hər şeyin halal olmasına maksimum dərəcədə həssaslıq göstərərsə, Cənabi-Haqq da bir mənada onun bu dərdini, səyini və iztirabını namaz, oruc və həccə bərabər qəbul edər.
Üçüncüsü, İslami ənənə və ailə quruluşumuz nöqteyi-nəzərindən bir insan həm özünün, həm də mükəlləf olduğu kimsələrin ruzisinin halallığına görə cavabdehdir. Belə ki, kütubi-fiqhiyədə ailənin dolanışığını halal yolla təmin edib-edə bilməmə vəziyyətinə görə, fərdin izdivacının hökmü araşdırılmışdır. Bəzi Hənəfi füqəhasına görə haram işləmə ehtimalı olan bir insanın evlənməsi fərzdir; harama girmə ehtimalı olmayan, lakin özünə hakim ola bilməyən insana izdivac vacibdir. Harama girmə əndişəsi olmayan və özünə nəzarət edə bilən üçün izdivac sünnətdir. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm):
تَنَاكَحُوا تَكْثُرُوا فَإِنِّي أُبَاهِي بِكُمْ الْأُمَمَ يَوْمَ الْقِيَامَةِ
"Evlənin, çoxalın, çünki mən qiyamət günündə sizin çox olmağınızla fəxr edərəm" (Abdürrezzak, el-Musannef 6/173) buyurur.
Dövrün şəraitinə görə izdivac və ailənin əhəmiyyəti
Fiqh kitablarının evlilik hökmü ilə bağlı bölümlərində bir məsələ keçir: Əgər bir insan yoldaşına, uşaqlarına şübhəli, ya da haram ruzi yedirəcəksə, onun evlənməsi məkruhdur və belə insanın evlənməməsi daha yaxşıdır. Bu hökm halal qazancın əhəmiyyətini vurğulaması baxımından əhəmiyyət kəsb etsə və ailəsinə şübhəli (halal olmayan) rizi yedirmə ehtimalı olanların evlənməsi bir vəbal olsa da, müasir şəraiti nəzərə alanda, qənaətimcə, bəzi füqəhanın bu mülahizəsinə qatılmaq mümkün deyil. Bəli, kaş bütün ömür boyu şübhəli olan bircə noxud dənəsi də boğazımızdan keçməsin, mədəmizə düşməsin, kaş yemə, içmə və həyatımızın digər sahələrində zərrə qədər haram olmasın! Lakin digər tərəfdən, indiki dövrdə subay qalmağın elə təhlükəli məqamları var ki, qətiyyən ehmal edilməməlidir. Bu zaman hər iki vəziyyətdə də sözügedən təhlükələri ölçüb-biçmək və hansı (evlənməmək və ya haram ruzi) daha çox haqq dairədən uzaqlaşdırır və ruhi-mənəvi həyata daha çox təhlükəlidirsə, seçim ona uyğun aparılmalıdır.
Bəli, bəzi füqəhayi-kiram ailə üzvlərinə haram yedirmə ehtimalı olan insanın evlənməməsini məsləhət bilmişdir. Zənnimcə, üləmayi-kiramın "üzzab"[6] qismi də bu mülahizəyə əsasən ömrünü yalqız keçirmişdir. Ancaq bu insanlar az yemiş, az içmiş, heyrətə varmış, Allahı tapmış, Onda fani olmuş və Onun izni, inayəti ilə, günahlara batmadan bu istiqamətdə ömür sürmüşlər. Ancaq küçələrdə lövsiyatın[7] axdığı, əxlaqsızlığın cızığından çıxdığı, insanın gözünə-qulağına, dilinə-dodağına hakim ola bilmədiyi bir dövrdə bir insana "ailəsinə şübhəli şey yedirmə ehtimalı var" deyə "evlənməmək daha uyğundur" deyə bilmərik. Çünki bu, - Allah qorusun - insanları daha böyük bir təhlükəyə atmaq, cismaniyyət və nəfslə üz-üzə qoyub daha böyük fəlakətə sürükləməkdir. Bəli, mən belə bir dövrdə, yuxarıda diqqət çəkdiyim, bəzi füqəhanın ifadə etdiyi prinsipə əsasən subay qalmağı təhlükəli sayıram. Hətta Ömər b. Əbdüləziz Həzrətlərinin icraatını əsas götürərək məsələni daha da irəli aparıb deyirəm ki, gənclərimiz bədəni və cismani həyatı dərk etməyə başladığı dövrdə, harama addım da atmağa imkan vermədən dərhal onların əlindən tutmaq və onlara evlilik barədə hər cür kömək göstərmək lazımdır. Bildiyiniz kimi, qaynaqlarda Ömər b. Əbdüləziz Həzrətlərinin gəncləri evləndirmə mövzusu ilə bağlı belə bir icraatından bəhs olunur: Dövlət adamları xəlifə Ömər b. Əbdüləziz Həzrətlərinin hüzuruna gəlib büdcənin çoxaldığını, dövlət xəzinəsində çoxlu pul olduğunu xəbər verirlər. O, əvvəla nə qədər fəqir-füqəra varsa, onlara paylamağı əmr edir. Bütün kasıblara, fəqir-füqəraya pul paylanılır. Axırda zəkat verməyə adam tapmırlar, ancaq yenə də xəzinə dolub daşır. Bu zaman Ömər b. Əbdüləziz Həzrətləri xəzinədə qalan pulun on beş yaşına çatan gənclərin ailə qurmasına xərlənməsini əmr edir.
Bu mövzu ilə bağlı bir nümunə də Məhəmməd Bahauddin Nəqşibənd Həzrətləri haqqında rəvayət edilən hadisədir: O, bir gecə mübarək xanəsinə qayıdanda nəcib xanımı: "Əfəndi, qızımız bu gecə həddi-büluğa çatdı", - deyir. Həzrət gecə vaxtı durub müridlərinin qaldığı mədrəsələri gəzir. Gecənin yarısı hər kəsin yuxuda ikən Ələddin Əttar Həzrətlərinin otağında şam yandığını görür. İçəri girən Həzrət ona "Oğlum, mənim qızım bu gecə həddi-büluğa çatdı. Onu səninlə evləndirmək istəyirəm", - deyir. O da bu təklifi böyük əmir bilib məmnuniyyətlə qəbul edir. Bəlkə də, elə bir sultanın müəlla qızını almaq üçün minlərlə insan yarışa girərdi. Ancaq bu lütf sonralar qızıl silsilənin əsas halqalarından biri olan Ələddin Əttar Həzrətlərinə nəsib olur və həqiqətən, o qızıl halqadan neçə-neçə halqalar meydana gəlir. Gördüyümüz kimi, bu mənqibəyə görə, Məhəmməd Bahauddin Naqşibənd Həzrətləri mübarək qızının özünü dərk etdiyi, özünü bir bəşər və bir qadın kimi hiss etdiyi andan etibarən gözünə yad xəyal girməsin deyə dərhal onu evləndirmək istəmişdir.
Cəhalət və ya dağılan ailələr
Mənə qalsa, əlimdən gəlsə, mən də bu mövzuda mövcud imkanları səfərbər edər, gənclərə kömək etməyə çalışardım. Əlbəttə, bununla yanaşı, bu günün gənc nəsillərinin izdivac, ailə, uşaq kimi mövzularda zəruri məlumat və biliyə yiyələnməsi üçün də əlimdən gələni əsirgəməzdim. Çünki gənclər bu mövzuda lazımnca məlumatlandırılmır, bu istiqamətdə ciddi təlim verilmir. Ağlıma belə bir fikir gəlir: universitet, hətta orta məktəblərdə ailə və evlilik haqqında, səviyyə və mövqeyə görə seminarlar verilsin. Hətta dövlətin uyğun hesab etdiyi şəkildə, bu məsələdə müəyyən şərtlər qoyulsa, yalnız tələb olunan məlumat, bilik və səlahiyyətə malik olanı, bunu isbat edib bir növ evlilik sertifikatı alan gənclərin ailə qurulmasına icazə verilsə. Məsələn, bu seminarlarda evliliyin məsuliyyəti, ailə üzvləri arasında münasibət, uşaq yetişdirmə və tərbiyə üsulları, evlilikdə bəzi çətinliklərə səbir etmənin Allah qatındakı qiyməti, boşanmanın hər iki tərəf, uşaqlar üçün necə böyük bir fəlakət, bəla olması… kimi məsələlər elmi təcrübələrin işığında evlənəcək gənclərə izah edilə bilər. Çünki bildiyiniz kimi, xüsusilə Qərbdə boşanma səviyyəsi ciddi mənada çoxalıb və ailə dərbədər vəziyyətdədir. Əslində bizim vəziyyətimiz də o qədər ürəkaçan deyil. Çünki bizim toplumda da boşanma səviyyəsi ciddi mənada artmaqdadır və tam çöküş olmasa da, bizdə də ailə strukturu ciddi sarsıntı keçirir. Ümid edirəm ki, cəmiyyət olaraq tezliklə bu təhlükənin fərqinə varaq lazımi tədbirlər görməyə başlayacağıq.
[1] Din gəmisi
[2] Riya başqalarına göstərmək, süma eşitdirmək
[3] Qəlbdə şeytana məxsus yer
[4] Dolmaq
[5] Bir qulun Cənabi-Haqqın əzəmət, cəlal və cəbərutu ilə öz əcz, fəqr, ehtiyac və kiçikliyini nəzərə alaraq qəlbinin daim ehtiram və təzimlə döyünməsi, halət və bəyanlarının da bu anlayışa tərcüman olmasıdır.
[6] Bekar
[7] Murdarlıq, çirkab
- tarixində yaradılmışdır.