Hizmət hərəkatı və “dövlətə sızma” iddiaları

Hizmət hərəkatı və “dövlətə sızma” iddiaları

Sual: Hizmət hərəkatı haqqında “dövlətə sızma və ya dövləti ələ keçirmə” ittihamları irəli sürülür. Hizmət könüllüləri və onları yaxından tanıyanlar bu iddiaların iftira olduğunu bilsələr də, bəzi insanların beynini qarışdırır. Bu kimi ittihamlara necə cavab verilməlidir?

Cavab: İnsanlara sual versələr ki, “İşin əhli olan, oğruluq etməyən, vəzifəsindən sui-istifadə etməyən, dövlətin əmlakını talamaya, həmvətənlərinə dəyər verən, işini layiqincə görən, ədalətli, dürüst müəllim, müdir, həkim, mühəndis, hakim, vəkil, nazir, baş nazir istəyirəsiniz, yoxsa işini yola verən, haqq-hüquqa riayət etməyən, peşəsini, vəzifəsini düz-əməlli bilməyən, vətəndaşlara hörmət eləməyən məmura?” Yəqin ki, birinciləri seçərlər. Fərqli kəsimlərdən minlərlə elm adamı, mütəfəkkir, sosioloq, jurnalist və pedaqoqun etiraf etdiyi kimi Hizmət hərəkatı sözügedən məziyyətlərə malik insanlar yetişdirir. Bu baxımdan Anadolu insanının əməyi ilə ərsəyə gələn təhsil yuvalarında bu xüsusiyyətlərə malik insanlar yetişdirilmiş və bu insanlar öz bacarığı ilə işə girdikləri müəssisələrdə müəyyən bir məqama yüksəlmişlər. İndi siz deyin, bu, dövlətə sızma və ya dövləti ələ keçirməkdir, yoxsa xalqa, dövlətə və vətənə xidmətdir?

İkincisi: insanlara elmi, əxlaqı, mənəviyyatı, həqiqi dindarlığı öyrətmək, din, əxlaq, elm və mənəviyyata xidmət etmək kiminsə inhisarında deyil, nəticə etibarilə özünü müsəlman bilən insanların bu məsuliyyəti öhdələrinə götürməyi inandıqları dəyərlərə ehtiramlarının əlamətidir. Bu ölkəni və bu xalqı qəlbən sevən təhsil könüllüləri cəmiyyətin, demək olar ki, hər kəsiminə səslərini çatdırmağa çalışırlar. Və əgər cəmiyyətin müxtəlif kəsimlərindən bu səsə səs verilirsə, indi deyin görək, bu, dövlətə sızmaq və ya onu ələ keçirməkdir, yoxsa xalqa və bəşəriyyətə xidmət etməkdir?

Üçüncüsü: təəssüf ki, bu gün dövlət idarələrində vəzifədən sui-istifadə, rüşvətxorluq, klançılıq kimi qeyri-hüquqi və qeyri-əxlaqi davranışlar adi hal aldığına görə, işini layiqincə yerinə yetirməyə, aldığı maaşa layiq olmağa çalışan, hüquqa və qanunlara riayət edən, vəzifəsindən sui-istifadəyə yol verməyən və rüşvətə bulaşmayan məmurlar işlədikləri yerlərdə sevilmir. Bəli, bəzi əxlaqlı və fəzilətli məmurların qanun-qaydaya əməl etməyi məqam-mənsəbi gəlir qapısı sanan insanları “zərərə” salır. Yaxşı, belə bir halda, vəzifəsini layiqincə yerinə yetirmək istəyənlər neyləməli? Hüquq və qanun tanımayan bəzi insanlardan zərər görəcəklər deyə öz vəzifələrini ədalətlə və haqpərəstliklə yerinə yetirməsinlər? Yəni insanın yüksək bəşəri dəyərlərə və hüquqa müvafiq olaraq öz vəzifəsini yerinə yetirməsi dövlətə sızmaq və onu ələ keçirməyə çalışmaqdır?

Günahkarlıq psixalogiyası və onun təzahürü

Qaldı ki, bu ölkənin hər bir şəxsi, həmçinin mən və Hizmət könüllüləri də bu dövlətin vətəndaşıdır. Mən Anadolunun övladıyam. İrqçi deyiləm və bu zehniyyətin əleyhiniyəm. Xalqıma böyük məhəbbətim var. Elə isə, necə olur ki, bir vətəndaşın öz ölkəsinin idarələrində işləməsi, başqalarını da buna təşviq etməsi dövlətə sızma sayırlar? Əslində, sızma qanuna və hüquqa zidd işlər görən və ya vəzifə səlahiyyətlərindən öz mənafeyinə istifadə edənlərin işidir. Bu cür insanlar öz əməllərini gizlətmək üçün özlərindən başqa hamını bu cinayətdə günahlandırırlar.

Bəli, bu xalqın hər bir fərdinin tələb və qanunlara riayət etmək şərti ilə dövlətin hər hansı qurumunda işləməyə haqqı var. Ancaq bu və ya digər yollarla bu xalqın gələcəyi ilə əlaqədar olan həyati əhəmiyyətli vəzifələri tutan, “hipofiz” vəzini ələ keçirən, xalqın hadisələri düzgün görüb qiymətləndirməsinə mane olanlar sizin davranış və hərəkətlərinizi də sızma sanar və hamıya bu cür göstərməyə çalışarlar. Onlar sızma məsələsinə o qədər inanırlar ki, oturub durub bunu düşünməkdən “sızma paranoyyakı” olublar.

Həm haqq, həm də məsuliyyət

Halbuki bir vətəndaş öz ölkəsinin müəssisələrinə sızmaz, oraya işə girər, çünki bu, onun haqqıdır; mülki idarələrə də, ədliyyə orqanlarına da, xarici işlər nazirliyinə də işə girə bilər. Niyə girməsin, bu vətənin övladı deyil? Anadolu insanı ancaq Quran kurslarında oxumalıdır? Onları təkcə buraya təşviq edək; “Yalnız imam-xətibdə oxuyun” deyək? Xeyr, dünən dediyim kimi, ondan əvvəlki gün dediyim kimi, bu gün də deyirəm, son nəfəsimədək, sabah, o biri gün də deyəcəyəm: Anadolu insanının, bu ölkə vətəndaşının hər qurumda işləmək haqqı var və bu hüququndan istifadə edəcəkdir. Buna mane olmaq açıq-aşkar haqsızlıqdır, zülmdür, şərdir. Yeri gəlmişkən deyim ki, Anadolu insanına öz ölkəsinin qurumlarında işləməsinə mane olmaqla bir gün xalqı hövsələdən çıxara bilərsiniz: “Zalımın zülmü varsa, məzlumun Allahı var/Bu gün xalqa cövr (əziyyə vermək) qolaydır, sabah Haqqın divanı var”.

Səsim çatsaydı, ən ucqar bölgələrindən tutmuş bütün Anadoluya hayqırardım: övladlarını Quran kurslarına göndərdiyiniz kimi, imam-xətib liseylərinə də göndərin; tibdə, mühəndislikdə, polis məktəblərində, hüquq fakültələrində, hərbi məktəblərdə də oxutdurun! Bu ölkə sizin ölkənizdir, bu səbəbdən də onun qurumlarına sahib çıxmaq həm haqqınızdır, həm də buna görə məsuliyyət daşıyırsınız.

Özlərindən başqa hamı “düşmən”dir

Əslində bu cür iddialar, təəssüf ki, xalqa xidmət naminə deyil, vəzifəsindən şəxsi mənafeyi üçün istifadə edən, “kreslo”sunu əldən verməmək üçün Türkiyənin hazırkı xaos, qarmaqarışıq və hüquqsuz vəziyyətindən faydalanan, bu situasiyanın davam etməsini arzulayan, həqiqətlərin üzə çıxmasına mane olan, ələ keçirdikləri məqam və mənsəbi əldən vermək istəməyən, onu övladlarına, hətta nəvələrinə ötürməyə çalışan, ölkənin demokratiyaya keçməsindən ciddi qorxan, hüquq dövləti, demokratik dövlət naminə atılan addımların qarışını almağa çalışan müəyyən insanların ortaya atdıqları "arqument"lərdir.

Xalqın yüksəlişini özlərinin tənəzzülü hesab edən, işini sevən insanları öz gələcəyi üçün təhlükə sayan, dünən filankəslərlə, bu gün bəhməksələrlə ittifaq quran müəyyən kəsim və ya kəsimlər mənfəətlərinin əllərindən çıxmasından narahatdırlar və zəbt elədikləri “kreslo”lara, qanunsuz işlərinə, talançılıq, oğruluq, rüşvətxorluq kimi əməllərinə görə məhkəmə qarşısına çıxmaqdan qorxduqları üçün bu cür iddialar ortaya atırlar. Özləri kimi olmayan insanlardan narahatdırlar, onları sərbəst hərəkət etmələrinə və kef-damaqda yaşamalarına əngəl görürlər. Sonra da şeytani hislərinə fikir donu geyindirərək: “Çevriliş eləmək istəyirlər, hər tərəfə yayılıblar, hər yerə sızıblar!..” kimi cəfəngiyyatlarla ortalığa vəlvələ salırlar. Bu sözləri deyə-deyə paranoyya xəstəsi olublar və özlərindən savayı hamını düşmən hesab edirlər.

Digər tərəfdən unutmamaq lazımdır ki, bu cür iddialar “psixoloji müharibənin” bir parçasıdır. Bəzi insanlar “-çı, -çu” iftiralarından dövlətə təhdid, şantaj kimi istifadə edirlər. Ölkə və dövlət üçün faydalı işlər görən insanları günahlandırıb gözünün odunu alır və xeyirli bir iş görmələrinə imkan vermirlər. Bu cür bahanələrlə vətən övladlarının birdəfəlik önünü kəsməyə çalışırlar.

“Aləmi necə tanıyırsan? Özün kimi...”

Bəzi insanlar da var ki, demokratik qayda-qanunları pozaraq ölkənin “kapilyar damarlaına” qədər soxulmuş və hakimiyyətlərini qurmuşlar. Bu insanlar məqsədlərinə çatmaq üçün qanuni və ya qeyri-qanuni hər yola əl atmış, müəyyən vəzifələrə gizlincə sızmış və ölkənin sərvətlərini ələ keçirmişlər. Belə insanlar dünyaya öz pəncərəsindən baxırlar; hərəkat və qruplaşmaları, fəaliyyət və inkişafı öz əməlləri ilə müqayisə edib qiymətləndirir və beləcə başqalarını da öz çirkli əməlləri ilə ittiham edirlər. Özləri “sızdıqlarına” görə, qanuni yollarla, qabiliyyət və çalışqanlıqları ilə müəyyən vəzifələrə gələn şəxsləri də sızmaqla günahlandırırlar.

Deyirlər, bir oğru dükanın qarşısından keçəndə qapısına baxır, “Necə aça bilərəm, qıfılını necə sındıraram, haradan içəri girib malları boşaldaram?” deyə düşünür. Yəni əvvəlcə göz oğurluğu ilə özünə zəmin hazırlayır, beynində planlar qurur. Dükanın sahibi də dükanı bağlayıb evə gedəndə çevrilib baxır, gözünü qapıdan çəkmir, oğruluğa qarşı tədbir görüb-görmədiyini, qıfılın möhkəm olub-olmadığını yoxlayır. Onun dükan sahibi olduğunu bilməyən oğru isə onu özü ilə müqayisə edib “Bu da, yəqin, bizim tayfadandır!” - deyir.

Bu misaldakı kimi, 40 quldur kimi xalqın taleyini ələ keçirən, müəssisələrə nüfuz edən və o məqamları zəbt edərək öz aralarında bölüşən insanlar saf niyyətlə fəziləti ucaltmağa çalışanları da özləri kimi sanırlar. Halbuki, onlar çox məsum düşüncələrlə hərəkət edirlər. Məqam, mənsəb, iqtidar kimi dünyəvi arzular onların heç yuxusuna da girmir. İnsanın uzaq durduğu, istəmədiyi şeyləri də yuxusunuda görməsi mümkündür. Lakin onlar bu cür arzulardan elə uzaqdırlar ki, bu cür şeylər heç yuxularına da girmir. Halbuki, bəzi yuxular təhtəlşüurun üzə vurmasıdır. Demək, onların təhtəlşüurunda da belə düşüncələr yoxdur. Lakin bəzi insanlar ancaq bunun xəyallarını qurduqlarına görə məsum insanları da öz prizmasından dəyərləndirirlər, beləcə iftira və böhtanlar ataraq onların fəaliyyətlərinə mane olmağa çalışırlar.