İman bizə nə vəd edir?

Fəthullah Gülən: İman bizə nə vəd edir?

Sual: İman insana hansı gözəlliklər vəd edir? Bu gözəlliklərin vicdanda duyulub hiss edilməsində insanlar arasında bir fərq varmı?

Cavab: Ələlxüsus da, Həzrət Bədiüzzaman əsərlərinin müxtəlif yerlərində bu mövzuya təfsilatlı şəkildə aydınlıq gətirmişdir. Bütün bunlara baxanda imanın insana həyatı və varlığı doğru anlayıb qiymətləndirmək üçün əngin bir dünyagörüşü qazandırdığı aydın görünür. Məsələn, imanlı bir insan varlığa nəzər yetirəndə hər şeyi mehriban bir dost, səmimi bir yoldaş kimi görür. Dolayısilə, o, nə yolun, nə də yoldaşın ayrılığını hiss edir. Eyni zamanda o, imanın həyatına saçdığı nur sayəsində keçmiş və gələcəyi işıqlı görür. Belə ki, onun nəzərində nə keçmiş qorxunc bir qəbirstanlıqdır, nə də gələcək qaranlıq bir ölüm çuxuru.

Əslində insanın gələcəklə bağlı qorxu və nigarançılığının olması təbii haldır. Fəqət imandan gələn ümid və nur gələcəklə bağlı qorxulara qələbə çalır. Belə ki, inancını sağlam bünövrəyə oturdan insan bu qorxu və nigarançılığın çarəsiz, müşkül şeylər olmadığını anlayaraq bu cəfadan və iztirabdan qurtuluş yolu tapır. İnsan bərzəx və qəbir qaranlığındanmı nigarandır? İman orada bir nurdur. Siratdanmı nigarançılıq keçirir? İman onu körpüdən keçirəcək bir Buraqdır. Yoxsa aqibətindən narahatdır? İman onu Cənnətə aparan əmin-aman bir yoldur. Aqibətindən qorxur? İman onu Cəhənnəmdən qoruyan ən etibarlı bir sığınacaqdır. Bəli, iman insanın çıxdığı bu uzun səfərdə yolun sağında və solunda durub ona düzgün istiqaməti göstərən, onu qoruyan bir rəhbər və mürşiddir.

Ölüm həqiqəti və dəvəquşu

Həzrəti Pirin ifadəsi ilə desək, iman mahiyyətində mənəvi bir tubayi-Cənnətin (Cənnətdəki bir ağacın adıdır) çəyirdəyini daşıdığına görə, imanlı insan dünyada da hüzur içində yaşayır. Belə ki, o, imanı sayəsində çürüyüb yox olmaq qorxusundan, heçliyə qarışıb getmək nigarançılığından qurtulur. Kim nə deyir desin, kim necə yanaşır yanaşsın, bu, bir həqiqətdir ki, Allaha inanmayan insanın yox olmaq əndişəsini fikrindən və qəlbindən yerli-dibli çıxarıb atması mümkün deyildir. Hətta bəzən bu qorxu və nigarançılıq o insanı elə sıxır ki, bu dünyada ola-ola cəhənnəm həyatını yaşayır. O da bu sıxıntılardan uzaqlaşmaq üçün çox vaxt özünü əyləncə və zövqü-səfanın qoynuna atır. Bəzən sərxoşluq edərək, bəzən cismani arzulara dalaraq, bəzən də narkotikdən istifadə edərək yox olma, heçliyə getmə, çürüyüb torpağa qarışma düşüncəsinin ruhunda meydana gətirdiyi təlatümlərdən xilas olmağa çalışır. Başqa sözlə, kefdə-damaqda, başıboş və nəfsani həyat yaşayaraq aqibətini düşünmək, hiss etmək istəmir. Bu, insanın bir növ öz-özünü hipnoz etmə cəhdidir. Bu çırpınışlar insanı müvəqqəti olaraq yüngülləşdirsə də, əslində, onun narahatlığına heç bir fayda vermir. Ovçunun gözündən yayınmaq istəyən dəvəquşu başını quma soxmaqla gizlənə bilmədiyi kimi, bu cür əyləncələrdə vaxt keçirmək də insanı aqibət narahatlığından qurtarmır. İnsanı bütün bu qorxu və nigarançılıqdan qurtaracaq və onu sahilə salamat çıxardacaq sağlam bir gəmi, dürüst və etibarlı bir rəhbər və güclü bir ümid qaynağı varsa, o da imandır.

Bir insan nə qədər günahkar olur-olsun, imanı varsa, aqibətinə daim ümidlə baxar. Çünki bu həqiqət imanın mahiyyətində var. Əhli-sünnə əqidəsinə görə, qəlbində zərrə qədər iman olan şəxs əbədi cəhənnəmlə cəzlandırılmayacaq. Belə ki, insanda iman kimi bir gözəllik varsa, demək, günahlar da fitri deyildir, sonradan işlənmişdir, yəni günahların kökündə iman dayanmır. Günahlar iman zəyifliyindən törəyən viruslardır. Küfrə gəlincə, günahlar və üsyanlar onun (küfrün) mahiyyətindən qaynaqlanır. Bir daha qeyd edək ki, əhli-sünnənin əqidəsinə görə zərrə qədər iman sahibi olan şəxs Cənnətə girəcək. Yəni ki, Allah qorusun, insan zina etsə, oğurluq etsə, ya da başqa bir günah işləsə belə, əgər imanı varsa, nəticə etibarilə əbədi xoşbəxtlik yurduna qovuşacaq. Əgər pis əməllərindən tövbə eləsə, Cənabi-Həqq da onun tövbəsini qəbul edib bağışlasa, günahlarının cəzasını görmədən də Cənnətə gedə bilər. Məhz bunlar imanın insana vəd etdiyi əvəzsiz gözəlliklərdir. Demək, iman insan üçün çox güclü bir ümid qaynağıdır. İnsan bu tükənməz güc qaynağı ilə istənilən vaxt öz dar dünyasından ayrılıb əbədi həyatın gözəlliklərinə yelkən aça bilər.

Səmimi qardaşlığın axirətdə əksi

Digər tərəfdən iman sayəsində insan cəmiyyətə, hətta bütün varlığa qarşı etibarlı bir fərdə çevrilir. Onun dar dünyası iman sayəsində cahanşümul dünyaya dönür. Mömin kainata mehdi-üxuvvət (qardaşlıq beşiyi) nəzəri ilə baxır. Dolayısilə, hər kəsi müəyyən mənada qardaş kimi görür. Həzrəti Əlinin sözləri ilə desək, müsəlmanları dində qardaş, müsəlman olmayanları da bir insan kimi qardaş sanır. Əlbəttə, onun müsəlmanlara münasibəti tamam fərqli olmalıdır. Çünki müsəlmanlarla eyni duyğu və düşüncəni daşıyır, bərzəxdə və məhşərdə din qardaşları ilə bir yerə toplanacağına, birlikdə sorğu-suala çəkiləcəyinə, siratı onlarla birgə keçəcəyinə inanır. Bu əqidəyə sahib bir insan ətrafı ilə münasibətlərini müvəqqəti mənfəət və mənafe üzərində qurmayacaq, əksinə, onlarla axirətdə də davam edən bir münasibət qurmağa çalışacaq. İşdi, bu cür axirət mehvərli münasibətə Cənabi-Allahın fərqli bir nəzəri varsa, bu, insanı Rəbbinə yaxınlaşdıracaq, həm bu dünyada, həm də o biri tərəfdə müvəffəq edəcək. Bu da imanın vəd etdiyi bir başqa gözəllikdir.

“Allahın əli camaatın üstündədir” (Tirmizi, “Fitən” 7) qüdsi bəyanına bir də bu prizmadan baxaq. Yəni Allah (c.c.) camaat şəklində hərəkət edən insanları bu dünyada şərdən hifz buyurduğu, onlara fəaliyyətlərində müvəffəqiyyət lütf etdiyi kimi, axirətdə də müxtəlif nemətlər bəxş edəcəkdir. Başqa sözlə desək, birlikdə hərəkət etmək dünyada müsbət nəticələr verməklə yanaşı, o biri tərəfə də öz meyvələrini əks etdirir. Qurani-Kərimin: “Bir gün Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq” (“İbrahim” surəsi, 14\48) məallı ayəsindən də gördüyümüz kimi, o biri tərəfdə zərrədən planetlərədək hər şey dəyişikliyə məruz qalacaq. Dolayısilə, insanların duyğu-düşüncələri də fərqli bir mahiyyət kəsb edəcək, ərsəyə gətirilən gözəlliklər, qardaşlıq münasibətləri orada ayrı bir mahiyyətə bürünəcəkdir. Kim bilir, orada bundan necə zövq duyacaq və mömin qardaşlarınızla necə gözəl münasibətdə olacaqsınız! Bəlkə də, dostlarla üz-üzə gəlmək, onun göyçək üzünə baxmaq sizə elə bir könül rahatlığı verəcəkdir ki, onu Cənnət nemətləri ilə bərabər tutacaqsınız.

Onsuz: “Əməli-salehlərə gözlərin görmədiyi, qulaqların eşitmədiyi və qəlblərin təsəvvürə gətirmədiyi nemətlər hazırlamışam.” (Buxari, “Bədül-xəlq” 8; Müslim, “İman” 312) hədisində də ifadə edildiyi kimi, oranın nemətləri vəsfəgəlməzdir. Allah orada insana ağılagəlməz nemətlər lütf edəcəkdir. Məhz bu nemətlər sizin burada\dünyada ortaya qoyduğunuz saleh əməllərin dəfələrlə dəyişərək fərqli bir mahiyyətə bürünüb qarşınıza çıxmasıdır.

Sualın ikinci hissəsi ilə əlaqədər qısaca bu xüsuslara yer vermək olar. İmanın gözəlliklərini hər bir insan imanının ənginliyi və dərinliyi nisbətində hiss edir və yaşayır. Bəziləri bunu yalnız nəzəri planda duyur və hiss edir. Bu insanlar iman həqiqətlərinə dair ilk dəfə müəllimdən eşidib öyrəndiyi şeylərlə kifayətlənirlər. Halbuki bu, hələ işin başlanığıcıdır. Bəziləri isə nəzəri biliyinə elm və təfəkkürlə dəlillər tapır, sağlam əsaslarla əsaslandırır, əməl və ibadətlə xarakterinə mənimsədir və onu mərifətə çevirir. Başqa sözlə desək, nəzəri bilkdən elmül-yəqinə yüksəlir və oradan da eynül-yəqinə pərvazlanırlar. Eynül-yəqin mərtəbəsinə çatanda orada ehsan həqiqəti öz sirrini açır. Yəni insan bu mərtəbədə Haqq-Təalanın hər an onu gördüyünü düşünərək və Onu görürmüş kimi oturub-durur və daima bu səviyyədə ömür sürür. Siz buna heyvani hislərdən uzaqlaşma, cismani istəklərdən əl çəkmə, tən qəfəsindən azad olma və ruha xas həyat mərtəbəsinə səyahət etmə kimi də baxa bilərsiniz. Burada hər şey daha ətraflı, daha aydın və özünəxas cazibədar gözəllikləri ilə daha parlaq görünür və hiss edilir. Bu həyat mərtəbəsində cismani və dünyəvi həyat onun gözündə öz əhəmiyyətini itirir. Bu məqamdaki insan sırf əmr edildiyi və vəzifə verildiyi üçün burada (dünyada) qalır. Tərxis əmri gələndə isə böyük şadlıq hissi keçirir, ölüm bir bayram sevinci kimi qarşlanır və insan axirətə imanın vəd etdiyi bu gözəlliklərlə gedir, Rəbbinə qovuşur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.