İnsan iradəsiz olmamalıdır

İnsan daim möhkəm iradə ilə nəfsinə qarşı mübarizə aparmalı və qətiyyən tərki-silah olmamalıdır. Başqa sözlə, nəfs insana onu cilovlayıb - üzr istəyirəm - istədiyi yerə aparacaq qədər hakim olmamalı və insan bu qədər zəif, bu dərəcədə gücsüz və iqtidarsız olmamalıdır. Əslində insan heç vaxt iradəsiz ola bilməz və olmamalıdır da. İnsan daim içindəki vəsvəsələrə, qəlbinin laqeydliyi və duyğularının hissizliyi ilə mabarizə aparmalıdır.

Ancaq bununla yanaşı, insan təbiətinə görə bəzən büdrəyə, bəzən də yıxıla bilər. Səhih bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu həqiqətlə bağlı buyurur: "Hz. Adəm yanıldı, övladları da yanıldı". (Tirmizi, Tefsir (7) 8) Buna binaən yanılma, unutma və xəta etmə bəşəriyyətin fitrətinə xas həqiqətdir. Beləliklə, insan həmişə yanıla bilər. Ancaq ümumən iradəli və mətanətli, sarsılmaz insanlar daha az yanılır. Özünə çəmi-düzən verməyən insan isə tez-tez üzüstə yıxıla bilər, şeytanın əsiri və zəbununa çevrilə bilər. Beləliklə, nəfsi-əmmarənin fürsət tapan kimi bizə badalaq vurması qaçılmazdır. - Allah nəfsin bu hiylələrindən bizi hifz etsin - ancaq "möminəm" deyən hər kəs ömür boyu bu badalaqlara məruz qalacağını da əsla unutmamalıdır. Çünki Kab b. Malikin Peyğəmbərimizdən (əleyhissalatu vəssalam) rəvayət etdiyi səhih bir hədisdə bildirildiyi kimi: "Mömin əkin kimidir. Külək onu əyər. Bəzən yıxar, bəzən ayağa qaldırar. Nəhayət, qalxıb belini dikəldər. Kafir isə kökü üstündə dimdik dayanan "ərzə" (şam ağacı) kimidir. Onu heç nə əyə bilməz. Yıxılanda da bir daha qalxa bilməz" (Müslim, Sıfatu'l-münafikin, 69) Buna görə də mömin hər an "Aman, ya Rəbbi!" deyib Allaha yönələr, kafir isə guruldasa da, çox heybətli görünsə də, bir dəfə yıxıldımı bir daha dikələ bilməz. Bu mənada mömin yıxılsa da, qalxacaq, yeriyəcək və Allaha doğru səfərini davam etdirəcək. Hər mömin yıxılmağı və nəfsi-əmmarəyə məğlubiyyəti bu şəkildə qəbul etməlidir ki, məsələnin bir cəhəti də bundan ibarətdir.

Nəfsinə güvənən aldanmışdır

Digər cəhəti, insan nəfsinə qalib gəldiyini düşündüyü an - Allah qorusun - məhz bu zaman aldanmışdır. Bəli, insan "Artıq nəfsimi məğlub etdim, onun hiylə və oyunlarından qurtuldum," deyirsə, aldanmışdır. Əksinə insan ömrün axırına qədər həmişə içində bir düşmən olduğunu düşünür, buna görə də qorxudan titrəyirsə, demək ki, o, Allahın lütfü-kərəmi ilə ilahi əmin-amanlıqdadır. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qüdsi bir hədisdə buyurur ki, Haqq-Təala iki əmniyyəti bir yerdə verməyəcəyi kimi iki qorxunu da birdən verməyəcək. (Heysemi, Mecmau'z-Zevaid, 10/308) Yəni bir insan dünyada "şeytan hər an ağlımı başdan alar, üzüstə cəhənnəmə yuvarlanaram" qorxusu ilə yaşayırsa, Allahın izni, inayəti və diləyi ilə axirətdə heç bir qorxu ilə üzləşməz. Əksinə, burada əndişəsiz və qorxusuz həyat sürən, hər an izləyən şeytandan, ağlı başdan alan, tovlayan nəfsdən bixəbər insan - Allah qorusun - axirət və qəbrə aid rahatlığı burada istifadə edib qurtarar. Bu mənada hər iki tərəfdə əmin-amanlıqda olacağını düşünənlər aldandığı kimi, hər iki dünyada da qorxu içində yaşayacağını zənn edənlər də səhv düşünürlər.

Həsən Bəsri və Şahi-Geylani kimi din alimlərinin əvradi-əzkarına baxsaq, bu insanların daim xövfü-xəşyətlə yaşadığını görərik. Bir dəfə Şahi-Geylaninin virdini oxuyan təqvalı bir müəllim mənə belə demişdi: "Böyük insanların əvradü-əzkarını oxuyarkən "Mən məhv oldum, yandım, bitdim. Mənim halım Cəhənnəmdə susuz yanıb qovrulanın, səhrada tək-tənha qalıb vahiməyə düşənin halından betərdir" sözləri ilə ifadə edilən həyəcanı özümüzdə görə bilmirik. Şahi-Geylani niyə belə dua edirdi?"

Əslində o gözəl qardaşımız "Səhrada qalıb yanmamışıq, vahimə içində heç olmamışıq, bu duaları niyə oxuyuruq?" demək istəyirdi, ancaq o bir mənda düz desə də, digər mənada həm o, həm də biz yanılırdıq. Əslində məsələyə belə baxmalı və belə düşünməliyik: "Şahi-Geylani kimi bir insan belə deyirsə, görəsən biz nə deməliyik?" Çünki nəfsi-əmmarə əyyar, hiyləgər və fəndgirdir. İnsana bir üzüm giləsi yedirər, əlli şillə vurdurar. Dilinə bir dəfə bal sürtər, əlli dəfə yolda qoyar, ömür boyu süründürər. Beləliklə, "Nəfsimə hər an məğlub ola bilərəm" düşüncəsi ilə yaşayan insan düşmənini tanıyıb Allaha sığındığı üçün nəfsinə arxayın olan insandan daha əmindir. İnşallah, Rəbbimiz bizə nəfis kimi bir düşməni dərk etdirər...

Üstəlik sələfi-salehin arxayın olmağı və ümidsizliyi, "onsuz da cənnətə gedəcəyəm" deyib laqeydləşməyi, Allahın mərhəmətinə ümid etməyib "mənim yerim cəhənnəmdir, mənim axırım yoxdur" kimi düşüncələrə qapılmağı küfr bilmişlər. Bu iki şey arasındakı tarazlığı görmək üçün Hz. Ömərin (r.a.) sözünə qulaq asaq: "Əgər "Bircə nəfərdən başqa bütün insanlar cənnətə gedəcək" desələr, qorxuram ki, o qalan mən olam. Yenə "Bircə nəfərdən başqa hər kəs cəhənnəmə gedəcək" desələr, ilahi rəhmətə ümid edirəm ki, o qalan mən olum".

Xülasə

  • İnsan ömür boyu nəfsi ilə əlbəyaxa olmalı, nəfsə əsir olmağın insan şərəfinə yaraşmadığını bilməlidir.
  • Allahın əngin rəhməti ola-ola ümidsizliyə düşmək doğru olmadığı kimi, tamamilə əndişəsiz və qorxusuz yaşamaq da doğru deyil.
  • Nəfslə mübarizədə bəzən büdrəyib yıxılmaq insanlığa xas xüsusiyyətdir. Bu durumda özümüzə gəlməli və mübarizəni davam etdirməliyik.

İnsanın mələkut yönü

Bilindiyi kimi, insanın bir mülk (zahiri, maddi yönü), bir də mələkut (hər şeyin özünəxas ruhu, canı, həqiqəti) yönü var. Yəni onun fiziki yönü olduğu kimi, xarici, mənəvi aləmə açıq mahiyyəti də var. Bəli, onun həm bəhimi hisdən, şəhvətdən, qəzəbdən, kindən, nifrətdən ibarət heyvani, cismani yönü, həm də izan, ürfan, mərifət, sevgi, qulluq və təvazökarlıq kimi mələkuti bir cəhəti, yönü var. İnsan potensial insanlıqdan həqiqi insanlıq üfüqünə mahiyyətindəki mələki yönü inkişaf etdirməklə yüksələ bilər. Əksinə nə qədər cismaniyyətinə bağlı qalar, heyvani yönünün əsarətində yaşayar, yəni yeyib-içib yan yatarsa, o qədər maddi aləmin dar çərçivəsində sıxılıb qalar və əhsəni-təqvimə (Cənabi-Haqqın hər şeyi ən gözəl mahiyyətdə yaratması) məzhər (yaxın, layiq) bir varlıq ola-ola heyvandan da aşağı düşər. Lakin o heyvani yönündən uzaqlaşıb cismaniyyəti buraxsa, yəni nəfsani, heyvani və cismani çirkabdan təmizlənərək Cənabi-Haqqın əsmeyi-ilahiyyə (Allahın isimləri), əvsafi-sübhaniyə və şüunu-rabbaniyənin (Allahın şanı) nuru ilə tənəvvür etsə (nurlansa, parıldasa), fərqli mahiyyətə bürünər, fərqli möhtəva qazanar.

Ayə və hədislərdə mələklərin bu qədər zikr edilməsinin bir hikməti də insanda potensial mələki yönü hərəkətə gətirmək, nəşvü-nümasına zəmin hazırlamaq və beləcə onu mələk üfüqünə yüksəltməkdir. Bəli, mələklərin xüsusiyyətlərindən bəhs etməkdə məqsəd insanı mələkləşməyə təşviq və dəvət etmək, onu potensial olan mələkut yönünü inkişaf etdirməyə yönəltməkdir.

Mələklər və sonsuzluq duyğusu

Bir az əvvəl də ifadə edildiyi kimi, insan bədənin və cismaniyyətin dar çərçivəsində qalıb aləmi-mələkuta qanad açmasa, çuval içində qalıb cücərə bilməyən və çürüyüb gedən toxumun halına düşər. Bu toxumun çoxalması, artması və bərəkətlənməsi qeyri-mümkün olduğu kimi, mövcud halı dəyişmədiyi müddətdə də çürüməyə və məhvə məhkumdur. Toxum nə vaxt torpaq altına düşər və nəşvü-nüma mərhələsinə qədəm qoyarsa, məhz o zaman boy atar, boy atdıqca sünbüllənər və Allahın izni ilə anbar-anbar buğdaya çevrilər. Bunun kimi insan maddiyyatın dar məhbəsində qurd basıb çürümək üçün deyil, sonsuzluq üçün yaradılmışdır. Bu səbəblə o öz mahiyyətinə olan əbədiliyi duymalı, ölümsüzlüyü dərk etməli, dərk edib qəlb və ruhunu sonsuzluğa istiqamətləndirməlidir. Məhz insanın bütün bunları qəlbən duyub hiss edə bilməsi, hiss edib həyata keçirə bilməsi üçün mələklərin Allahla daimi münasibətindən, aktiv, canlı və fasiləsiz ibadətindən söz açılmışdır . Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bizə Merac zamanı keçdiyi yerlərə məxsus mələkləri qulluqla bütünləşmiş halda müşahidə etdiyini və bəzi mələklərin rükuda, bəzisinin səcdədə və bəzisinin də qiyamda yarandıqları gündən bəri eyni ibadətlə Rəbbə ibadət etdiyini bildirir. Onların bu qulluğu, Allahla olan münasibəti bizim üçün canlı, əbədi bir varlığa çağırış, səsələniş kimidir.

Həftənin duası

Ey elmi və mərhəməti hüdudsuz olan Uca Rəbbim! Bizə elmin və mərhəmətin vüsəti qədər şəfqət və mərhəmət et... ruzitək bəxş etdiyin nemətlərə bərəkət ver... Bizi elə könlü-gözü tox et ki, Səndən başqa heç kimdən, heç nədən heç nə ummayaq, - Səndən qeyri heç kimə möhtac olmayaq -... bizə əngin lütfünlə lütf et və (ən gözəl libas olan) təqvanı geydir... bizi zühdlə dünyəvi həzlərdən, cismani təmayüllərdən ictinab etməklə və vəra ilə bütün şübhəli şeylərdən uzaqlaşmaqla zinətləndir...

Sözün cövhəri

İxlası qazanmağın bir başqa yolu saleh sələflərin həyatını nümunə götürməkdir. Onlar həqiqi imanı, həqiqi İslam şüurunu, vəfanı.. təmsil edən insanlardır. Dolayısilə, onları nümunə və öndər bilənlər sağlam yerdən yapışmış sayılırlar. Acizanə qənaətim bu olduğuna görə, illərlə insanlara Səhabə, Tabiun, Təbeyi-Tabiun və bu davanın ilkləri olan Ustadın tələbələrini örnək vermiş və onların nümunəvi həyatından bəhs etmişəm..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.