İrşad yolu və maneələr

Sual: İrşad və təbliğdə ilahi inayətlə böyük uğurlar qazanan bir insan o yolu buraxıb dünya işlərinin arxasınca düşsə, ümumiyyətlə, uğursuzluğa düçar olur. Bu baxımdan demək olarmı ki, irşad və təbliğdə insana üstün istedad və qabiliyyətlər bəxş edilir; başqa sahələrə meyl göstərdiyində isə bu kimi mövhibələr əlindən alınır? Bu mövzuda nələrə diqqət etməliyik?

Hər mömin istedad və qabiliyyət, məqam və mövqe nisbətində irşad və təbliğlə mükəlləfdir. Bəli, Allahı və Rəsulunu insanlara təbliğ etmək, könüllərə duyurub sevdirmək, hal dili ilə (təmsil ilə) dini təmsil etmək və dinin hər şəraitdə yaşanıldığını göstərmək inanan insanın vəzifəsidir. Düzü, bəzi coğrafiya və bölgələrdə irşad və təbliğ açıq şəkildə mümkün olmaya bilər. Belə ki, orada inananlar öz varlığını belə qorumaqda çətinlik çəkə bilərlər. Lakin o coğrafiyada olmaq ümumun hüququna aid bir məcburiyyətdirsə, bəzi insanlar fədakarlıq edib oralarda duyğu-düşüncələrini öz içində yaşaya bilər. Bəli, hər künc-bucağı tutmuş qulyabaniləri nəzərə alaraq millətinin və bəşəriyyətin gələcəyi üçün sükutu seçə bilər. Kim bilir, bəlkə də onların bu səssizliyi, səmimiyyətin dərəcəsinə görə, ən bəlağətli xütbələrdən daha fəsahətli bəyan çağlayanıdır. Bu kimi xüsusi hallar istisna olmaqla, irşad və təbliğ imam, vaiz və müəzzinin borcu olduğu kimi, hər möminin də mükəlləfiyyətidir.

Xüsusi istedadlı müstəsna qamətlər

Bununla yanaşı, Cənabi-Haqqın ilahi bəyanı bəşəriyyətə çatdırmaq üçün xüsusi seçib dininə məmur etdiyi seçkin qulları da var. Bunların başında Peyğəmbərlər (ala nəbiyyinə və aleyhimüssəlatü vəttəslimat) sonra da əsfiya[1] həzəratı gəlir. Bunlar təkvini və təşri qanunları dərindən bilən, məsələlərə əngin üfüqdən baxan xüsusi istedadlı insanlardır. Belə ki, bizim səbəb-nəticəyə baxıb ayırd etdiyimiz əlaqəni onlar dərhal təsbit edirlər. Bu, onlara bəxş olunan xüsusi lütf, xüsusi üfüqdür. Məsələn, Peyğəmbərimizin (əleyhissalatu vəssalam) həyati-səniyyələrinə nəzər yetirib onun bənzərsiz fətanəti ilə həll etdiyi məsələlərə baxsaq, bunu açıq şəkildə görə bilərik. Pessimist filosof Şopenhauer belə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) haqqında, "Problemlərin çoxaldığı belə bir dövrdə bəşəriyyət problemləri yağdan tük çəkərcəsinə rahatlıqla həll edən Həzrəti Məhəmmədə nə qədər möhtacdır" deyir. Bəli, İnsanlığın İftixarı (əleyhi əkməlüttəhaya) ilahi bəyanın işığında dahilərin müxtəlif yollara baş vururaraq həll yolu tapmağa çalşdığı, tapa bilməyib qarşısında naçar və aciz qaldığı problemləri həll etmişdir. Belə ki, O Şanı Uca Nəbi (sallallahu əleyhi və səlləm) hüzuruna gələn heç bir problemi həlsiz qoymamışdır. Bəli O, fərdi, ailəvi, ictimai, dünyəvi, üxrəvi, iman və əməllə bağlı bütün məsələləri xüsusi istedad və bənzərsiz fətanəti ilə qısa müddətdə çözmüşdür. Mövzumuz olmadığına görə, keçmək istəyirəm.

Başda Nəbilər Sərvəri olmaqla, bütün peyğəmbərlərin başlıca vəzifəsi irşad və təbliğdir. Bunun xaricində hər şey bir mənada onlar üçün ikinci dərəcəli məsələlərdir. Bu müstəsna qamətlər bəşəriyyətə rəhbər, imam olduqlarına görə zahirən dünyəvi işlərlə də məşğul olmuşlar. Məsələn, Həzrəti Davud və Həzrəti Süleyman (ala nəbiyyinə və aleyhiməssəlam) kimi peyğəmbərlər və ola bilsin ki, onların varisləri hökmdar olmuşdur. Lakin bu kimi işlər əsas vəzifə olan peyğəmbərliyin yanında ikinci dərəcədə qalmışdır. Onlar həm məsum, həm də məsundurlar. Dolayısilə hökmdarlıq kimi insanın ağlını başından alan bir məqamda belə Allah onlara inayəti ilə dəstək və siyanət vermişdir. Cənabi-Haqq onların xəta işləməsinə imkan verməmiş və onları peyğəmbərliyə xələl gətirəcək duruma salmamışdır. Xülasə, ilk peyğəmbərdən Xatəmul-Ənbiyaya qədər bu həqiqi mürşidlərin, başqa ifadə ilə bu irşad abidələrinin əsas vəzifəsi Cənabi-Haqqın bəyanını bəşəriyyətə çatdırmaq olmuşdur. Zahirən irşad və təbliğdən uzaq görünən bəzi hallar isə, ifadə etdiyim kimi, ümmətə rəhbərliyin tələbidir. Belə ki, onların izdivac və ailəvi münasibətləri belə təbliğ məqsədi daşıyır.

Yolundan dönməz iradə qəhrəmanları

Cənabi-Haqq peyğəmbərlərlə yanaşı, bəzi böyük şəxsiyyətləri də -hökmdar, dövlət başçısı olmasına baxmayaraq- irşad və təbliğ vəzifəsində istehdam etmişdir. Məsələn, Əməvi xəlifələrindən Ömər b. Əbdüləziz həzrətləri, Abbasi xəlifələrindən Həzrəti Mehdi, Harun Rəşid və xüsusilə Fateh Sultan Mehmet Xan Həzrətlərinə qədər taxta keçən Osmanlı hökmdarları buna misal ola bilər. Onların hər biri bir qütb idi. Lakin onlar nəinki övliyalıq, qütblük iddiasında olmamışlar, hətta sadə bir insan olduğunu özünə inandıran və bununla övliyalıq və qütblüyə bambaşqa bir dərinlik gətirən böyük qamətlərdir. Siz bir insanın içinizdən keçənləri oxumasından, baxışınızdan fikirlərinizi anlamasından və s. qarşıdakı şəxsin övliya olduğunu hiss edə bilərsiniz. Həmin şəxs də bundan agah ola bilər. Lakin mənəvi dərəcəsini bilməyən, özünə heç vaxt bu mövqedə görməyən sözügedən insanlar isə otuz Türkiyə böyüklüyündə bir dövlətin başında olmasına baxmayaraq, mahviyyət və təvazö ilə özlərini sıfırlamış insanlardır.

Məsələn, Sultan Əhməd Məscidi inşa edilərkən Peyğəmbərimizin (əleyhi əlfü əlfi səlatin və salam) qədəmi-pakını tuğtək tacına taxan Sultan Əhməd cənnətməkan əleyhir-rahmətü vəl-ğufran həzrətləri də "Allahım, qulun Əhmədin günahlarını bağışla" deyə dua və niyazlarla ətəyinə daş doldurub işçilərlə daş daşıyırdı. Gördüyümüz kimi padşahlıq onların ağlını başından almamış və hansı mövqedə olur-olsun mahviyyət, təvazö və qulluq şüuru ilə ömür sürmüşlər.

Əgər peyğəmbərlər və peyğəmbərlik yolunun yolçuları bu böyük şəxslər irşad və təbliği həyatın qayəsi seçmiş, duyğu-düşüncələrini o işə yönəltmiş, gözlərinə başqa xəyalın girməsinə izin verməmiş, daim doğru düşünmüş, doğru qərar vermiş və doğru hərəkət etmişlərsə, deməli, onların xələfləri sayılan bu günün mürşidləri də məfkurəyə sadiq olmalı, üzə gülən dünyanın cazibədar gözəlliklərinə baxıb yol və yön dəyişdirməməlidir. Əks halda dinə xidmət etməklə şərəflənən bir insan əsas vəzifəsini unudub dünyanın cazibədar gözəlliklərinə qapılsa, zərbə alar və ömrünü hədər edər. Məsələn, "bismillah" deyib elm və mədəniyyət naminə məktəb, universitet, hazırlıq kursu və mədəniyyət ocaqları açan, dünyanın dörd bir tərəfinə hicrət edərək bu işin rəhbərliyini edən insanlar Allahın rizası və Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) təvəccöhünü bir tərəfə qoyub dünyəvi başqa işlər arxasınca düşsələr, həmin işdə uğur qazana bilməzlər. Bəli, işin başında çox yüksək ideallara talib və dilbəstə olan bu insanlar bu yoldan üz döndərib kiçik şeylərə baş əyər dünyəvi arzulara qapılarsa, axirətə xas vəzifə və işlərini qarışdırarlar. Bu zaman Cənabi-Haqq peyğəmbər vəzifəsi olan irşad və təbliği, bu böyük mənəvi neməti onların əlindən alar və onları dünya işlərində də uğursuzluğa düçar edər. Hətta bəzi uğurlu nailiyyətlər əldə etsə belə bunu bir məkri-ilahi[2] saymalı və bu ağır günahın cəzasının axirətə saxlandığını düşünülməlidir.

Allahım, bizə yüksək istedadlar ver!

Əlbəttə ki, inanan insanlar arasında da ticarətlə məşğul olan, çalışıb-çabalayan, pul qazanan, maddi imkan və sərvətə sahib olan insanlar olacaq. Lakin tale insanı bir yönə sövq etmiş və bu sövq heç bir mənafeyi düşünmədən sırf millət naminə çalışmağı tələb edirsə, insan bunu dərk edib ona görə hərəkət etməlidir. Bəli, İlahi qüdrət bir vəzifə bölgüsü etmiş, hər kəsə bir yer ayırmışdır. Kimi ticarət və sənaye ilə məşğul olur, kimi də müəllimlik, idarəçilik edir. Elə vəzifə, elə mövqelər var ki, orada irşad, təbliğ və təmsildən başqa heç nə düşünmək olmaz. Dolayısilə hər kəs vəzifəsini layiqincə yerinə yetirməyə, olduğu mövqedə səmərəli fəaliyyət göstərməyə çalışmalıdır.

Məsələn, idarəçi, rəhbər, müəllim vəzifəsində olan bir insanın çiynində qiraətdə fərqli üslubun inkişafı, müxtəlif tərkib və təhlillərin formalaşdırılması, mövzuların daha rəngarəng təqdimi və beləliklə qəlb və zehinlərin işıqlandırılması kimi mühüm bir vəzifə var ikən, bütün bunları bir kənara atıb bəzi dünya işlərinin arxasınca düşməsi, arxasınca düşüb qəlbi və zehni dağınıqlığa səbəb olması nə qədər doğrudur, siz düşünün. Bu baxımdan, Allah bəzi insanları bu yönə sövq etmişsə, o talelilər hədəfə kilidlənib, heç bir şeyi təmənna etmədən, sağa-sola baxmadan, büdrəmədən yola davam etməyi bacarmalıdır. Əgər onlar hədəf və qayədən dönməz, saf, səmimi duyğularla səy və cəhdini davam etdirərsə, Cənabi-Haqq da onlara bol-bol lütf edər və çox mühüm xidmətlərdə böyük uğurlar nəsib edər. Çünki Allahın bidayətdə lütf etdiyi istedad və qabiliyyətlər nə Onun qədərinə, nə də ətasına manedir. Cənabi-Haqqın qədərlə yanaşı hökmünü icra edən qəzası, və eyni zamanda da hökmün icrasını dayandıran ətası vardır. Siz buna əlavə və fövqəladə lütf deyə bilərsiniz. Məsələn, qədərinizdə bir məsciddə müəzzinlik, ya da vaizlik var. Siz bu imkanı dəyərləndirər, ağzınızadan çıxan hər sözü səmimi qəlbdən deyər, duyğularınızı qəlbin tellərinə mizrab çəkərcəsinə səsləndirər, Allahın adını yayma, könüllərdə iz qoyma və həyəcan oyatmaq üçün var-güclə səy göstərərsiniz. Özünüzdən danışmaz, millətin təqdiri və alqışından qaçarsınız. Kürsüyə çıxmadan əvvəl, "Allahım nə olar, bəxtinə düşdüm. Sənin rizanın əksinə bir şey danışacağamsa, mənə imkan vermə. Dilim dolaşsın, utana-utana enim aşağı, ancaq Sənin rizana zidd bircə söz ağzımdan çıxmasın!" deyəcək qədər səmimi və mərd olmalısınız. Əgər hər sözünüz bu şəkildə ixlaslı və səmimi olsa, Cənabi-Haqq da sizə qeyri-adi istedadlar bəxş edər, mövcud qabiliyyətlərinizin fövqündə uğurlar qazandırar. Gəlin Alvar İmamının şeirinə bir də bu nöqteyi-nəzərdən baxaq:

Sən Mövlanı sevən də
Mövla səni sevməzmi?
Rizasına ivən də
Haqq rizasın verməzmi?
Sən Haqqın qapısında
Canlar fəda eyləsən,
Əmrincə xidmət etsən,
Allah əcrin verməzmi?
Sular kimi çağlasan,
Eyyub kimi ağlasan,
Ciyərgahı dağlasan,
Əhvalını sormazmı?

Biz dualarımızda, "Allahım, bizə üstün istedadlar ver və bu istedadları inkişaf etdir!" demirikmi? Bəli, bizim hazırkı istedad və qabiliyyətlərimiz Allahın namütənahi qüdrət və təqdirinə mane deyildir. Siz elə bir addım atar, elə samimi bir səy göstərərsiniz ki, fərqinə varmadan Cənabi-Haqqın ətası üstümüzə xüsusi lütflər yağdırar. İndiyə qədər heç düşünmədiyiniz, ağlınıza gəlməyən, qəlbən duymadığınız şeyləri ilham edər. Bəli, üfüqünüzü elə açar ki, yaxından-uzaqdan əlaqəniz olmayan və ağlınızın belə aciz qaldığı plan və lahiyələri sizin vasitənizlə elə həyata keçirər ki, buna siz də çaş-baş qalarsınız.

Bu baxımdan, qabiliyyətləriniz nə səviyyədə olur-olsun, siz haqqa dilbəstə olsanız, Allah da (cəllə cəlaluhu) sizi yarı yolda qoymaz. Elə isə gəlin istedad və qabiliyyətlərimizi Allahın rizasını qazanma və nami-cəlili-sübhanisini bəşəriyyətə çatdırma yolunda zərrəsini hədər etmədən istifadə edək; istifadə edək ki, Cənabi-Haqq da istedad və qabiliyyətlərimizi inkişaf etdirib azı çox, biri min etsin. Amin!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.