İrşad yolu və mülayimlik

Fəthullah Gülən: İrşad yolu və mülayimlik

Sual: Qurani-Kərimdə Allah-taala buyurur: “Allahın mərhəməti səbəbinə Sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar Sənin ətrafından dağılıb gedərdilər” (“Ali İmran” surəsi, 3/159). İrşadla mülayimlik arasındakı əlaqəni bu ayənin fonunda izah edə bilərsiniz?

Cavab: Bu ayə Uhud döyüşündən sonra nazil olmuşdur. Bildiyiniz kimi, müsəlmanlar Uhudda müvəqqəti məğlub olmuşdular. Ancaq başlanğıcdakı nisbi və müvəqqəti həzimət (məğlubiyyət) sonda zəfərlə nəticələnmişdir.

Əvvəla, sözügedən ayənin qısa məalını verək. Allah-taala ayənin başlanğıcında “فَبِمَا رَحْمَةٍ مِنَ اللّهِ لِنْتَ لَهُمْ” buyurur. “فَبِمَا” sözündəki “bə” hərfi-cərinin daşıdığı mənanı nəzərə alsaq, ayənin məalını bu cür vermək olar: “Sən Allahın rəhməti, inayəti və kilayəti sayəsində onlarla yumşaq rəftar etdin”. Burada Allah-taala ilk öncə Rəsulunun (sallallahu aleyhi vəsəlləm) ilahi inayət və riayət altında olduğunu qabaqcadan bildirmişdir. Yəni Allah Onu xəta işləməkdən qoruyur, buna şübhəniz olmasın.

Bu məsələdə Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) üstün məqamını anlamaq üçün Allah-taalanın Həzrət Musa (aleyhissalam) və Həzrət Haruna (aleyhissalam) xitabına nəzər yetirmək faydalı olar. Allah-taala Həzrət Musa və Harunu irşad üçün Fironun yanına göndərərkən “فَقُولَا لَهُ قَوْلًا لَيِّنًا” “Onunla yumşaq danışın!” (“Ta ha” surəsi, 20/44) buyurduğu halda, İnsanlığın İftixarı Peyğəmbərimiz haqda “لِنْتَ لَهُمْ” (yumşaq rəftar etdin) sözlərini işlədərək Onun elə əvvəldən belə bir əxlaqa malik olduğunu xatırladır.

Allah-taala Nəbilər Sultanının (aleyhi əkməlüttəhaya) uca əxlaqını otaya qoyduqdan sonra “وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ” “Əgər Sən – haşa – sərt, kobud və qaba ürəkli olsaydın, onlar Sənin ətrafından dağılıb gedərdilər” buyuraraq Onun uca əxlaqından doğan gözəllikləri diqqətə çatdırır. Ardınca “فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ” “O halda onların qüsurlarını əfv et, onlar üçün bağışlanma dilə. Onlarla məşvərət et” buyuraraq sıra ilə onları əfv etməyi, onlar üçün isteğfar diləməyi və görüləsi işlərdə onlarla məsləhətləşməyi əmr edir.

Həziməti zəfərə çevirən iksir

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Uhud döyüşündən əvvəl səhabələrlə məşvərət etmiş və məşvərətin ədəbinə əməl edərək səhabələrin təklifi ilə hərbə çıxmışdır (Bax: Darimi, “Yuxu”, III; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, III/351). Ancaq müsəlmanlar müvəqqəti həzimətə məruz qalmış, ciddi itki vermişdilər (Bax: Buxari, “Məğazi”, 26; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, I/30). Belə bir vəziyyətdə Allah Rəsulu səhabələrindən incik düşə bilərdi. Bu səbəbdən də Allah-taala Peyğəmbərinə səhabələrini əfvü-səfh etməyi, onlar üçün isteğfar diləməyi, onlarla bir daha məşvərət eləməyi əmr buyurmuşdur.

Müşriklərin təşəxxüs sata-sata Məkkəyə qayıtdığı bir vaxtda Allah Rəsulu (aleyhissalatu vəsəlləm) səhabələri yığıb müşriklərin arxasınca düşməyi təklif eləmiş və onlar da razı olmuşdular. Döyüşdə iştirak edən səhabələrdən bircə nəfər də bu səfərdən geri qalmamışdır. (Bax: İbn Hişam, “əs-Siratün-nəbəviyyə”, IV/52; İbn Kəsir, “əl-Bidayə vən-Nəhayə”, IV/49). Bu hadisədə məşvərətin bərəkətli nəticəsini görmək mümkündür. Səhabələr döyüşdən əvvəlki məşvərətdə azacıq da olsa inadkarlıq etmələrinin fəlakətə səbəb olduğunu görmüşdülər. Ayaq üstə durmağa tabı olmayanlar belə bir-birinə dayaq verib müşrik ordusunun izinə düşmüşdülər. Hamraül-əsədədək məkkəliləri qovdular və zəfəryab halda geri döndülər.

O halda, əgər qarşı tərəfin rəğbətini qazanmaq istəyiriksə, tövri-leyyin, hali-leyyin və qövli-leyyindən (hərəkət, davranış və söz yumşaqlığı) ayrılmamalıyıq. Çünki ayədə də buyurulduğu kimi, qaba, kobud və sərt davranışlar insanları uzaqlaşdırar.

Sərtliyin, kobudluğun cürbəcür növləri var. Bir natiqin ədəbsiz sözləri, səs ahəngini tənzimləmədən insanlara xitab etməsi, lüzumsuz yerə səsini yüksəltməsi kobudluğun əlaməti olduğu kimi, "tənqid edirəm" deyib insanları yıxıb sürümək və ya qapını vurub getmək də qabalığın göstəricidisir. Bütün bunlar insanları uzaqlaşdıran, bağları qoparan əməllərdir.

Bu məsələdə ən etibarlı yol ilahi əxlaq və peğəmbərlərin həyatıdır. Əgər Allah-taala Həzrət Musa və Həzrət Haruna (aleyhissalam) özünü ilah bilən Firona qarşı belə yumşaqlığı əmr edirsə, Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) yumşaq rəftar və yumşaq dilinə görə təbcil (ucaltma, tərifləmə) və təqdir edirsə, demək, budur hər dövr üçün keçərli olan əsas ilahi düstur. Ona görə də, möminlər qeydsiz-şərtsiz insanlara qarşı mülayim olmalıdır.

Mülayimliyin sərhədi Haqqın xatiridir

Bununla yanaşı, utanmadan eyni xəta və qüsurları işləyən, nəsihətdən anlamayan inadkarlara da münasib şəkildə etiraz edilməlidir. Əks halda bu, Haqqa hörmətsizlik olar. Daha ətraflı desək, halal-harama baxmadan hər şeyə əl uzadan, sərsərilər kimi yaşayan, başqalarına zərər verən insanlar əvvəlcə yumşaq bir üslubla tənbeh edilməlidir. Əgər sözdən anlamırlarsa, münasib bir yolla etiraz bildirilməlidir. Bildiyiniz kimi “Və geri qalmış üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, dünya onlara dar olmuş, vicdan onlara əzab çəkdirmişdi. Onlar Allahdan yalnız Allaha sığınmaqdan başqa çarələri olmadığını başa düşdülər” (“Tövbə” surəsi, 9/118) ayəsi Təbuk səfərində iştirak etməyən üç səhabə haqqında nazil olmuşdur (Bax: Buxari, “Təfsirü-surə” (9) 17-18; Müslim, “Tövbə”, 53). Çünki bu, bir sınaq, bir imtahan idi. Xoşbəxtlikdən Təbuk səfərində döyüş baş tutmamışdı. Əgər döyüş olsa idi, onlar fərari sayılacaq və daha böyük günaha girmiş olacaqdılar. Allah-taala əlli gün sonra onları əfv etdiyini buyurmuşdu. Ancaq bu əlli gün ərzində Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onlarla salam-kalamı kəsmiş, səhabələrə də onlarla görüşməyi qadağan etmişdi. Çünki onlar dindaşlarının Allah üçün getdikləri səfərdə iştirak etməmişdilər. O vaxtlar münafiqlər səfərə qatılmırdılar. Bu səbəbdən Təbuk səfərində olmayan möminlər müvəqqəti olsa da bu kateqoriyaya aid edilirdilər. Ona görə də etirazla qarşılandılar. Kimsə onlara nə salam verdi, nə də onlarla kəlmə kəsdi. Bu cür münasibət Haqqa hörmətin və ehtiramın bir ifadəsidir.

Əslində möminin əsas əxlaqı mülayimlik və yumşaqlıqdır. İnsanlar söz, hərəkət və davranışları mülayim olan adamlara rəğbət bəsləyirlər. Məqam-mənsəbi nəzərə alaraq insanlardan layiq olduqları iltifatı əsirgəməmək lazımdır. Əlbəttə hər insanla eyni cür rəftar etməzlər. Ancaq hamı sizdən öz səviyyəsinə görə iltifat görməlidir. “Himməti millət olan” könül ərəni ilə də, adi bir möminlə də, fərqli dünyagörüşündən olan bir insanla da münasibət qurmaq, bundan ötrü yollar axtarıb tapmaq lazımdır.

Könül körpüləri qurmağın yeganə yolu

Bəli, fərqli yollardan istifadə edərək bütün insanlarla münasibət qurulmalı, hamıya qucaq açılmalıdır. Elə diaoloqun əsası da budur. İnsanlarla münasibət qurmaq istəyiriksə, mülayim rəftar göstərməli, onlarla münasibətdə hali-leyyin, tövri-leyyin və qövli-leyyin olmalıyıq. Bu məsələni həll etmədən, fikirlərinizi, düşüncələrinizi istədiyiniz kimi insanlara çatdıra bilməzsiniz. Əgər insanların fikirlərinizdən azacıq da olsa faydalanmasını, sizə hüsnü-rəğbət göstərməsini, ya da heç olmasa əleyhinizə olmamasını və əleydarlarınıza əngəl olmağa çalışmasını istəyirsinizsə, malayimliklə körpülər qurmalı və sizi düzgün tanımalarına zəmin hazırlamalısınız.

Əgər ileyi-kəlimətullah (Allah adını ucaltmaq), Allah Rəsulunu hər kəsə tanıtmaq, bəziləri ləkələsələr də, İslamın parlaq üzünü göstərmək, ruh və məna köklərimizdən süzülüb gələn dəyərləri insanlara çatdırmaq istəyirsinizsə, ayrı-seçkilik etmədən hamıya qucaq açmalısınız. Unutmayın, duyğu və düşüncənizi insanlara çatdırmaq xatirinə lazım gəlsə başınızı onların ayaqları altına qoysanız, yenə azdır. Çünki burada Allahın, Peyğəmbərimizin xatiri, dinimizi yaşayan, yaşadan və dünyanın hər tərəfinə aparan insanların xatiri var.

Başa qayıdaq, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) hər sözü, hərəkət və davranışı ilə rəhmət mücəssəməsidir. “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” (“Ənbiya” surəsi, 21/107) ayəsi də bunu göstərir. Onun həyatında bunun bir çox təzahürünü görmək mümkündür. Məsələn, O (sallallahu aleyhi vəsəlləm), Məkkəyə daxil olanda ogünədək Ona hər cür pisliyi rəva görən, hətta Məkkəyə girişdə belə müqavimət göstərən insanlara Həzrət Yusifin öz qardaşlarına dediyi kimi “لَا تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ يَغْفِرُ اللهُ لَكُمْ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ” “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir” (“Yusuf” surəsi, 12/92) söyləməklə biz müsəlmanlara mülayimlik, bağışlama, mərhəmət və xoşgörü nümunəsini ortaya qoymuşdur.

Mücəssəm bir rəhmət

Nəbilər Sərvəri Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) mülayimliyi mükəmməl nəticə vermişdir. Bu sayədə “Nəsr” surəsində də qeyd edildiyi kimi, insanlar dəstə-dəstə İslamiyyətə daxil olmuşdur. Məsələyə “tarix təkrar edir” aspektindən baxanda görürük ki, dünən insanların İslamiyyəti qəbul etməsinə səbəb olan faktorlar bu gün də mövcuddur. Həzrət Pirin sözü ilə desək, əgər biz İslamın uca əxlaqına yiyələnsək və imanın ali həqiqətlərinə əməl etsək, digər din mənsubları dəstə-dəstə İslamiyyətə daxil olarlar. Bəlkə də, dünyanın bəzi qitələri və dövlətləri də İslamiyyəti qəbul edər (Bax: Bədiüzzaman, “Tarixçeyi-həyat”, səh. 80 (Həyatının ilk illəri)).

Bəli, həqiqətdə əsl rəhmət mücəssəməsi Peyğəmbərimiz sallallahu aleyhi vəsəlləmdir. Heç kim bu məqama çata bilməz. Ancaq insanın gözü gərək həmişə bu idealda olsun. Gərək bu xüsusiyyətləri əldə etməyə çalışsın. Gərək şəfqətli və mərhəmətli bəndə olmaq üçün Allaha dua etsin. Çünki bu, Allahın insana mərhəmət etməsinə də bir vəsilə olur. Allah Rəsulu bir hədisində buyurur ki: “İnsanlara mərhəmət etməyənə Allah mərhəmət etməz!” (Müslim, “Fəzail” 66; Tirmizi, “Birr” 16). Bir başqa hədisində isə: “Yer əhlinə mərhəmət edin ki, səma əhli də sizə mərhəmət etsin!” (Tirmizi, “Birr” 16; Əbu Davud, “Ədəb”, 58) buyurur.

O baxımdan könül ərənləri gözünü “mücəssəm rəhmət” məqamına dikməli və bu yoldan ayrılmamalıdırlar. Onlar bu məfkurə ilə yaşasalar, axirətdə Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) ilə birlikdə olarlar.