İsar
Sual: Bəşəriyyətin problemlərinin həllində isar xüsisiyyəti hansı əhəmiyyətə malikdir? İsar xüsusiyyətini necə əldə etmək olar?
Cavab: Başqalarını öz nəfsindən üstün tutma mənasına gələn “isar” itirdiyimiz ən əsas dəyərlərdən biridir. Bu gün fərdlər və toplumlar arasında baş verən hərcmərclik, ixtilaf və iftiraqın, insanların bir-birini qəbul etməmələrinin və bir-birini sinirə bilməmələrinin kökündə isar ruhunun ölümü dayanır. Bu ruhun ölməyinə səbəb isə qəlbə aid (mənəvi) dəyərlərin pozulmasıdır. Çünki qəlb fəsada uğrayanda bütün insani dəyərlər, insandakı əhsəni-təqvimə aid “yazı” və “tuğra”lar sinilib gedir və beləcə şeytan bəşərin düşüncə dünyasına rahatlıqla nüfuz edir. O baxımdan Allaha Rəsulu (sallallahu aleyhi və səlləm) “Halallar məlumdur, haramlar da məlumdur” sözləri ilə başlayan hədisinin sonunda bu cür buyurur: “Diqqət edin! Bədəndə elə bir ət parçası var ki, o sağlam olarsa, bədən də sağlam olar, o pozularsa (xəstələnərsə), bədən də pozular. Ağlınızı başınıza alın! Bu, ürəkdir (qəlbdir)!” (Buxahir, “İman”, 39; Müslim, “Müsaqat”, 107).
Demək ki, mənəviyyatın pozulmaması üçün insan qəlbini tozdan, kirdən təmizləməli, hər gün bir neçə dəfə onu gözdən keçirməlidir. Bu məsələdə insan çox diqqətli olmalı və çoxlu dua etməlidir. Hətta qəlbdə çirkin izlər qoyan xoşagəlməz xəyal və düşüncələrdən belə uzaq durmalıdır. Çünki hədisin də ifadə etdiyi kimi, Allah (cəllə cəlaluhu) insanın qəlbinə baxır və qəlbinə görə ona qiymət verir (Bax: Müslim, “Birr”, 32-33; İbn Macə, “Zöhd”, 9). Allah-taala insanın çəkisinə, rənginə, boy-buxununa, nəşət etdiyi mədəni mühitə görə deyil, qəlbin paklığına və təmizliyinə görə dəyər verir. Axirətdə hesab günündə də qəlbin çəkisinə baxılacaq; baxılacaq ki, Allahı nə qədər sevir, Ondan ötrü nə qədər çırpınır? (Bax: “Şuəra” surəsi, 26/88-89).
İsar ruhunun qızıl dövrü Səadət Əsri
Qəlbi pak və təmiz olanlar həm də bəşəriyyətə mərhəmət və şəfqət göstərəcək, yaşamaqdan çox yaşatmağa üstünlük verəcəklər. Əslində isar ruhu da bundan asılıdır. Qurani-Kərim isar xüsusiyyətini bu cür təsvir edir: “Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar!” (“Həşr” surəsi, 59/9). Səadət Əsrində bu ruh və bu düşüncə çox geniş yayılmışdı. Məsələn, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ac olan bir qonağa öz evində yemək yedirmək istəmiş, ancaq sudan başqa bir şey tapa bilmədiyinə görə, qonağı bir səhabənin evinə göndərmişdi. Onun evində də yalnız bir nəfərlik yemək olduğuna görə, ər-arvad uşaqları yuxuya vermiş, işığı söndürmüş, qaşıqları qaba boş aparıb boş gətimişdilər. Özləri ac qalsalar da, qonağın qarnını doyurmuşdular (Buxari, “Mənaqibul-ənsar”, 10, “Təfsiru surə” (59) 6; Müslim, “Əşribə”, 172, 173).
Mehmet Akif isar ruhunu Yermuk müharibəsində keçən bir hadisə ilə təsvir edir. Yermuk müharibəsində səhabələrdən Haris ibn Hişam, İkrimə ibn Əbi Cəhil və Ayyaş ibn Rəbia (radiyallahu anhum) bərk yaralanmışdılar. Ölüm ayağındakı Həzrət Haris su istədi. Sahəbələrdən bir nəfər tez mətərəni götürüb onun köməyinə gəldi. Son anları idi. Bəlkə də bircə söz deməyə taqəti qalmışdı. Mətərəni ağzına götürdü, birdən Həzrət İkrimənin “Su!” iniltisini eşitdi. İşarə ilə onu göstərdi. Səhabə suyu Həzrət İkriməyə apardı, ancaq o da mətərəni ağzına götürür-götürməz bir başqa inilti səsi eşitdi. Bu Həzrət Ayyaşın səsi idi, o da ölüm ayağında bir qurtum su istəyirdi. Həzrət İkrimə suyu içmədi, gözü ilə onu işarət etdi. Səhabə Həzrət Ayyaşın yanına çatanda artıq o şəhid olmuşdu. Səhabə buna qismət olmadı, barı o birilərinə çatdırım deyə qaçaraq yanlarına gələndə onlar da artıq şəhid olmuşdular (əl-Hakim, “əl-Müstədrək”, III/270; İbn Abdilbərr, “əl-İstiab”, III/1084).
Buca düşərgəsində, heç yadımdan çıxmır, buna oxşar bir hadisə baş vermişdi. Yeməkdə boşqabıma bir ət parçası qoymuşdular. Mən onu yanımdakı qonaq müəllimin boşqabına qoydum. O da yanındakının boşqabına qoydu və beləcə bu ət parçası on-on iki boşqab gəzib yenə onun önünə gəldi. Bu məqamda həmin hazırcavab müəllim “Yusuf” surəsində keçən bir ayəni oxudu: “Bidaa (sərmayə, pul) hərlənib-fırlanıb bizi tapdı (bizə gəldi)” (“Yusuf” surəsi, 12/65). İnsanlar arasında bu duyğu və düşüncənin yayılması cəmiyyətin əmin-amanlığı, birlik ruhunun bərqərarı üçün vacibdir.
Məqam və mənsəbdə qardaşını üstün tutmaq
Bunlar isara gözəl örnəklər olsa da, o təkcə yemək-içmək, geymək kimi məsələrlərdən ibarət deyildir. Müəyyən bir məqam, mənsəb və vəzifəyə gəlmək üzrə ikə qardaşını öz nəfsindən üstün tutmaq da isarın mühum cəhətlərindən biridir. Bu məsələdə Həzrət Ömər ən gözəl nümunədir. İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) dünyasını dəyişəndən sonra birlik pozulmasın və İslam cəmiyyəti dağılmasın deyə səhabələr bir imam seçmək üçün toplaşmışdılar. Həzrət Əbu Bəkir Həzrət Ömərin fəzilətindən bəhs edərək ona beyət etmək istədiyini və xiləfəliyə onun layiq olduğunu söyləmişdi. Ancaq Həzrət Ömər dərhal Hərzrət Əbu Bəkirin əlini tutmuş və “Allah Rəsulundan sonra başa keçməyə layiq bir nəfər varsa, o, Əbu Bəkirdir” deyərək ona beyət etmişdi. Özünü arxaya verib qardaşını qabağa çəkmək isarın mühüm bir cəhətidir (Bax: Buxari, “Fəzail əshab” 5, “Cənaiz”, 3, “Məğazi”, 83; Nəsai, “Cənaiz”, 11; İbn Macə, “Cənaiz”, 65).
Yeri gəlmişkən deyim, bizim Həzrət Əbu Bəkirlə Həzrət Ömərin (radiyallahu anhum) böyüklüyünü ölçməyə gücümüz çatmaz. Çünki əlimizdə onları ölçən bir meyarımız yoxdur. Zənnimcə, axirətdə belə Əbu Bəkiri, Öməri, Osmanı və Əlini (radiyallahu anhum) savabları ilə birilikdə mizana qoysalar, mizan sınar. Onların hər biri çox qiymətlidir. Hətta onlar elə bir fəzilətə yüksəlmişdilər ki, peyğəmbərliyə çatmağa bir pillə qalmışdı, Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) sonra peyğəmbərlik olmadığı üçün bu məqama çata bilməmişdilər. Əgər İnsanlığın İftixarı Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) sonra bir peyğəmbər gəlsə idi, onlar olardı
Bəli, Həzrət Əbu Bəkir xəlifəliyə Həzrət Öməri layiq görür, Həzrət Ömər də yerini özündən sonrakına verirdi. Heç biri qətiyyən “Bu işə mən layiqəm. Filankəs barmağı ilə məni göstərdi” deməmişdir. Müəyyən məqama gətirildikdə başqalarını özündən üstün tutmaq, elə bir isardır ki, maddi mənafedə....
Bu xüsusiyyətə sahib insanlar yaşamağa deyil, yaşatmağa üstünlük verənlərdir, onlar o qədər ürəklidirlər ki, “Lazımsa, mən ölüm, amma kimsəyə zərər gəlməsin. Əgər canımı qurban verməyim bir milləti dirçəldəcəksə, razıyam, qoy, Allah canımı alsın!” deməkdən çəkinmirlər. Əksinə özünü yeri buynuzlarında gəzdirən öküz zənn edənlər, kənara çəkilsələr, dünyanın dağılacağını, qiyamətin qopacağını düşünənlər isə bu ruhdan məhrum bədbəxtlərdir.
Cənnət qapısının önündə belə...
Axirətə aid bu isar mənzərəsi necə də ibrətamizdir. Rəvayətlərə görə, Allah Rəsulu qeybdə zənginlərlə alimlərin Cənnət qapısında qarşılaşmasını görmüş və bizə xəbər vermişdir. Bu qarşılaşmada – bir qədər ətraflı izah edək – alimlər zənginlərə?: “Buyurun, birincilik sizin haqqınızdır, əvvəlcə sizi girin. Çünki siz sərvətinizi Allah yoluna sərf etməsə idiniz, elm ocaqları açmasa idiniz və təhsil imkanları hazırlamasa idiniz, biz elmə yiyələnə və doğru yolu tapa bilməzdik. Biz elm yolunu sizin sayənizdə tapdıq, biz sizə borcluyuq. Bu səbəbdən birincilik sizin haqqınızdır, buyurun!” deyəcək və ehtiramla bir addım geri çəkiləcəklər. Ancaq səxavətli zənginlər “Əslində biz sizə borcluyuq, çünki əgər siz elminizlə gözlərimizi açmasa idiniz, bizə rəhbərlik etməsə idiniz, təkvini və təşrii qanunları öyrətməsə idiniz və halal qazanıb Allah yoluna sərf etməyin gözəlliyini göstərməsə idiniz, biz, sərvətimizi bu cür xeyirli iş üçün sərf edə biməzdik. Siz bizə yol göstərdiniz, bir verib min qazanmağı öyrətdiniz. Bu səbəbdən dünyada olduğu kimi, burada da rəhbərimiz sizsiniz, buyurun, əvvəla siz girin!” deyəcəklər. Bu şirin söhbətdən sonra alimlər önə keçəcək və sıra ilə səxavətli zənginlərlə birlikdə Cənnətə girəcəklər.
Alimlərlə zənginlərin bu söhbəti təkcə gələcəyin təsvirini deyil, əksinə isarın yüksək dərəcəsi də diqqətə çatdırılır. Təsəvvür edin ki, o insanlar Cənnətin qapısına ağır bir hesab (sorğu-sualdan) və çətin bir körpüdən keçib gəliblər. Qarşılarında isə Cənnətin gözün görmədiyi, qulağın eşitmədiyi, xəyala gəlməyən cazibədar, ağlasığmaz gözəllikləri var. İnsan o gözəllikləri görsə, məst olar. Düşünün ki, onlar bu mənzərə qarşısında belə isar nümayiş etdirirlər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu mənzərə təsvir edərək isar ruhunun ən yüksək dərəcəsini göstərmişdir.
Dövrümüzün nadir şəxsiyyəti və Peyğəmbər varisinin: “Səksən illik ömrümdə dünya zövqü adına heç nə bilmirəm. Bütün ömrüm müharibə meydanlarında, əsarət zindanlarında, yaxud məmləkət həbsxanalarında, məmləkət məhkəmələrində keçdi. Çəkmədiyim cəfa, görmədiyim əziyyət qalmadı... Gözümdə nə Cənnət sevdası, nə də Cəhənnəm qorxusu var; millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam!” (Bədiüzzaman, “Tarihçey-i Hayat” s.616 (Tahliller)) sözlərini eşidən elə sanar ki, on dörd əsr əvvəldən gəlir. Mənə elə gəlir, cəmiyyətin hava-sudan çox bu cür əngin isar ruhuna ehtiyacı var.
Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Merac səfərindən sonra təkrar bu möhnət yurduna qayıtması isar ruhunun zirvə nöqtəsinə ən yaxşı nümunədir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu səfərdə Həzrət Məsih, Həzrət Musa, Həzrət İbrahim və Həzrət Adəmlə (aleyhimussalam) qarşılaşmış, onlar tərəfindən şərəfli bir müsafir kimi qarşılanmış sonra Cənnətə girərək oranın başgicəlləndirici gözəlliklərini görmüşdür (Bax: Buxari, “Bədül-xalq”, 6, “Ənbiya”, 43, “Mənaqibul-ənsar” 42; Müslim, “İman” 259, 264). Ardınca da Allah-taalanın camalını müaşhidə etmişdir. Kim bilir, insan ruhu röyatullahı necə duyur, necə hiss edir! “Bədul-əmali”də buyurulur ki, röyətüllahla şərəflənən möminlər Cənnət nemətlərini belə unudacaqlar (əl-Uşi, “Bədul-əmali” s.41). Yəni bu əsnada insan Cənnətin bütün sarayları və malikanələrini, camalının nuru bütün dünyanı işıqlandırmağa bəs edən huriləri, meyvələri, yeməkləri və s. hər şeyi unudur. Bütün bu gözəlliklərə nail olan və vücub və imkan arasındakı nöqtəyə çatan Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) gördüyü, eşitdiyi və hiss etdiyi nemətləri ümmətinə də bildirmək üçün təkrar bəşəriyyətin arasına qayıtmışdır.
Əbdülqüds Allah Rəsulunun (sallahu aleyhi və səlləm) qayıdışını danışdıqdan sonra: “Vallah, billah mən o məqamlara çatsa idim, geri qayıtmazdım”, - demişdir. Bir başqası isə onun bu sözünü belə şərh edir: “Peyğəmbərlərlə övliya arasında fərq budur”. Bəli, Peyğəmbərlər sırf yaşatmaq üçün yaşayırlar. Övliyalar isə bəzən mənən yüksəlməyi və ruhani zövqləri arzulayırlar.
Üstəlik hələ dünyada ola-ola bu məqama yüksələn Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ümmətinə əl uzatmaq üçün geri qayıtdığı kimi, axirətdə də Cəhənnəmə düşən ümmətinin səsini eşidib bəlkə də onlara əl uzadaq, onları xilas etmək istəyəcəkdir. Bütün bunlar isarın təcəlliləridir.
Qarşıdurma və müharibələrin padzəhəri
İman, mənəvi həyat, Allaha yaxınlıq, şəfqət, yaşatmaq hissi ilə çox yaxın əlaqəsi olan isar ruhuna, xüsusilə bu gün, çox ehtiyacımız var. Bəli, bu gün dünya nemətlərindən imtina edən, yalnız yaşatmaq üçün yaşayan və “Allahım! Başqalarını yaşadacağamsa, yaşamağımın bir qiyməti var. Yoxsa mən başqalarına bir fayda toxunmayan və onlarda dirçəliş ruhu hasil etməyən bu mənasız həyatdan iyrənir və ondan Sənə sığınıram. Məni bu ağır yükdən xilas elə” deyən igidlərə ehtiyac var.
Çünki “mən” deyən və hər şeyə eqoizmlə yanaşan insanlar xalqı bir-birinə qırdırmış, həsəd, qısqanclıq, paxıllıq və mənfi rəqabət hislərini oyatmır və cəmiyyəti alt-üst emişdir. Halbuki filanın, fəsmanın gördüyü işləri görəsi minlərlə insan var. Nə olardı azca Allaha etimad edilsə idi, nə olardı səhabə və peyğəmbərdən danışandan sonra onların yolunda gedilsə idi, nə olardı lazım gələndə bir addım geri atılsa və “Götür bu işi bir az da sən gör” deyilsə idi! Pərən-pərən olmuş cəmiyyətdə birliyin təkrar bərqərar olmasını istəyiriksə, isar ruhunu dirçəltməliyik.
Yoxsa hazırkı problemləri tam şəkildə nə diplomatiya, nə siyasi manevrlər, nə fəndgirlik, nə də “tink-tank” təşkilatlarının strategiyaları ilə həll etmək mümkündür. Mümkün olsa idi, bugünədək müxtəlif təbəllütlar keçirən cəmiyyət çoxdan yüksək nailiyyətlər əldə etmişdi. Ancaq gördüyünüz kimi, hələ də vəhşət davam edir və hələ də insanlar yam-yamlar kimi bir-birini yeyirlər. Allah xatirinə, siz deyin, bomba yağdırmaqla, qaz silahları işə salmaqla, insanları öldürməklə, İslamofobiya ilə, camaatfobiya ilə zülm etməyin yamyamlıqdan nə fərqi var?! Bütün bunların hamısı vəhşilikdir. Bütün bunları aradan qaldırmağın bir şərti var, isan insan olduğunu xatırlamalı və isar ruhu ilə əhsəni-təqvim yolunda getməlidir.
- tarixində yaradılmışdır.