İslamın xarakterlə bütünləşməsi

Fəthullah Gülən: İslamın xarakterlə bütünləşməsi

Sual: İnsan xarakterinin İslamla bütünləşməsi üçün nə etməlidir?

Cavab: İslama aid nəzəri biliklərin mahiyyətini vicdanən dərk və hiss eləməyin, onları tədricən xarakterinə hopdurmağın və mənliyin ayrılmaz parçasına çevirməyin birinci və əsas şərti həmin nəzəri bilikləri əməllə əhya etməkdir. Bəzi filosoflar “əməli ağıl” və oxşar məfhumlarla bu məsələyə diqqət çəkmiş, sufilər də “seyrü süluqi-ruhani” kimi yol və üsullarla bu mövzunu vurğulamışlar.

Məsələn, fəlsəfəçilərdən Berqsona görə, həqiqəti ancaq vicdani hiss və duyumla tapmaq mümkündür. Kant isə hesab edir ki, Allahı əməli ağılla bilmək mümkündür. Düzdür, “Qərb mədəniyyətindən dərs alan bu filosoflar həqiqətə nə qədər aşina idilər?”, “Onlar bizi həqiqətə nə səviyyədə çatdıra bilər?” kimi suallara birmənalı cavab vermək çətindir. Bu, ayrı məsələ!.

Lakin bu da bir həqiqətdir ki, Allahı bilib-tanımaq mövzusunda çox vaxt sizin ortaya qoyduğunuz dəlillərin nəzəri bilik çərçivəsindən kənara çıxmaması iman və İslama aid əsasların qorunub saxlanılmasına kifayət eləmir. Bəli, nəzəriyyə şəklində qalmış hər cür bilik və dəlil güclü bir rüzgarla sovrulub gedə bilər. Bu baxımdan nəzəri biliklərin əməl bünövrəsi üzərinə oturdulması bir zərurətdir.

Nicat yolu: iman və saleh əməl

Əslində Qurani-Kərim də: “And olsun ki, Biz insanı əhsəni təqvimdə (ən gözəl biçimdə) yaratdıq! Sonra da onu qaytarıb rəzillərin rəzili etdik! Ancaq iman edib saleh əməl işləyənlər istisna…” (“Tin” surəsi, 95/4-6) bəyanları ilə xüsrandan və əsfəli-səfilindən (ən aşağı səviyyə) qurtuluş açarının iman və saleh əməl olduğunu bildirmişdir.

Ayədə həm iman, həm də əməl məfhumunun ifadəsində feil, yəni hərəkət formasından istifadə edilməsi qurtuluşa gedən yolda iman və əməlin mütəmadiliyinin zəruri olduğuna işarə etməkdədir. Bu baxımdan insan dünənki imanını heç vaxt kafi görməməli və səhabələr kimi din qardaşlarına “Gəlin Allaha yenidən iman edək” (Baxın: Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, III/265) deyərək imanını daima yeniləməyə çalışmalıdır. İmansızlığa aid bütün problemləri həll etmək, onları aradan qaldırmaq mümkündür. Ancaq iman istiqamətində əldə etdiyiniz nailiyyətləri itirmək istəmirsinizsə, uğurlarınızı yetərli saymamalı və imanınızı hər gün bir daha yeniləməyin yollarını axtarmalısınız.

İmanın ardınca nöqsansız, qüsursuz, riyasız, sümasız və mütəmadi yerinə yetirilən saleh əməl vurğulanır. Saleh əməl məfhumunun məna dairəsi çox genişdir. Allaha imandan ibadət və itaətə, ibadətdən ana-ata hüququna riayətə, ondan da möminlərin haqlarını qorumağa qədər bütün zəruri əməllər, salihat (saleh əməllər) kateqoriyasında götürülür. Saleh əməl məfhumunun ifadəsində də hərəkət formasından istifadə edilməsi göstərir ki, insan bir-iki saleh əməllə kifayətlənməməli, özünü saleh əməl ümmanına ataraq ömrünü bu çağlayanda keçirməlidir.

Eyni mənanı “Əsr” surəsində də görə bilərsiniz. Bu surədə də Qurani-Kərim insanın xüsranda olduğunu bəyan etdikdən sonra xüsrandan qurtuluşun iman və saleh əməldən asılı olduğunu bildirmişdir. İnsanın mahiyyətində “şəhvət”, “qəzəb” və “ağıl” kimi batil əməllərə də meyilli bir qisim hiss və qabiliyyətlər vardır və bunlar insanı hər an xüsran girdabında batıra bilər. Məhz bu iki surədə Cənabi-Haqq insana bu təhlükəli hallardan qurtuluş yolunu göstərir. İmam Şafei “İnsanlar “Əsr” surəsinin əvvəlini və axırını düşünüb təfəkkür etsəydilər, başqa şeyə ehtiyacları qalmazdı” (İbn Kəsr, “Təfsirül-Quran, I/3) sözləri ilə bu həqiqətə toxunur.

Acizlik, fəqirlik, şövq və şükür

Sufilər də müsəlmana xas xarakterin formalaşması və yeni bir fitrətin meydana gəlməsi üçün seyri-süluqi-ruhani yolunu tövsiyə etmişlər. Lakin bunun da müxtəlif üsulları vardır. Böyük zatlar öz dövrlərində müsəlmanların təzyiqlərlə üzləşdiyini nəzərə almış və bu hücumlara qarşı mübarizə aparmağa qadir üsullar ortaya qoymuşlar. Kimisi “yeddi nəfs mərtəbəsi”ni, kimisi də “lətaifi-əşərə”ni (on lətifə) əsas götürmüşdür.

Həzrəti Pir isə öz yolunu dörd təməl − aczi-mütləq, fəqri-mütləq, şövqü-mütləq və şükrü-mütləq üzərində qurmuş, bunları iki düsturla – şəfqət və təfəkkürlə tamamlamışdır (Baxın: Bədiüzzaman, “Məktubat”, s. 17 (Dördüncü məktub); “Sözlər”, s. 518 (26-cı söz, Zeyl)). Bu yol potensial insanın həqiqi insan olmasına və kamala çatmasına xidmət edir. Lakin bu düsturları qəbul etmək və mənimsəmək cidd cəhd və səy tələb edir.

Bu düsutlardan birincisi, yəni aczi-mütləq insanın arzu etdiyi hər şeyi bacara bilməməsinin şüurunda olması deməkdir. Hadisələr Cənabi-Haqqın müəyyən etdiyi plan əsasında cərəyan edir və biz çox vaxt bunlara müdaxilə edə bilmirik. Bu məsələdə iradənin funksiyasını inkar etməsək də, nəticələri yaradan məhz Allahdır. Ona görə də insan övladı Allahın sonsuz qüdrət və iradəsi qarşısında özünü dəryada damla kimi görməli və kiçicik yerini, məqamını qəbul etməlidir.

Fəqri-mütləq isə insanın “Allah bütün əşya və varlığın həqiqi sahibidir” gerçəyini qavrayıb dərk etməsi deməkdir. Nəyimiz varsa, hamısı Ondandır, onun mülküdür. Bizə varlıq libasını geyindirən, müəyyən imkanlar lütf edən, İslamla şərəfləndirən, Nəbilər Sultanını (sallallahu əleyhi və səlləm) tanıdan, layiq olmadığımız halda, bizə yüksək üfüqləri göstərən, bizi uca idealların ardınca yönəldən və bu amalları gerçəkləşdirməyə sövq edən Odur. Rəbbimizin nemətlərini bir kənara qoysaq, əlimizdə heç bir şey qalmaz. Bədənimiz, ağılımız, hissimiz, fikirimiz və digər şeylər Ondandırsa, Onun nemətləridirsə, bəs biz nəyik? Biz, Həzrəti Pirin sözləri ilə desək, Onun varlığının ziyasının kölgəsinin kölgəsinin kölgəsiyik. Onun qarşısında heç dəryada damla da deyilik (Bədiüzzaman, “Məktubat”, s. 61-62 (On beşinci məktub, Altıncı sual)).

Təfəkkür və şəfqət

Bu əsaslar çox əhəmiyyətli olsa da, onları bir neçə dəfə oxumaq və düşünməklə xarakterə nəqş etmək mümkün deyildir. Bunların insan təbiəti ilə bütünləşməsi ciddi bir təəmmül (yaxşı-yaxşı, ətraflı və dərin-dərin düşünmək), tədəbbür (bir şeyin əvvəlini, axırını düşünmək) və təzəkkürdən (anmaq, zikr etmək) asılıdır. İnsan Quran və kainat kitabı üzərində dərindən düşünməli və hər sözü, hər söhbəti bu mülahizələrin izahına gətirməlidir. O, nəyə, nə qədər imkan və gücə malik olduğunu daima düşünməlidir. Həqiqətdə insanın şövq və şükür məfhumlarını dərk eləməsi bu cür aktiv düşünməklə sıx bağlıdır.

Yolumuzun məhək daşlarından biri də şəfqətdir. Şəfqət insanlığa mərhəmətlə baxmaq və başqaların qurtuluşu uğrunda ölümü də gözə alaraq cidd səy göstərmək deməkdir. Hətta insan şəfqət duyğusunun çərçivəsini bəşəriyyətlə məhdudlaşdırmamalı, onunla bütün varlığı qucmalı və hər fürsətdə bu duyğunu bütün səmimiyyəti ilə ortaya qoymalıdır. Hətta şəfqəti o qədər əngin olmalıdır ki, bir arının yerdə çırpındığını görəndə göz yaşları yanaqlarını islatsın.

Şübhəsiz ki, belə bir şəfqət duyğusunu da təfəkkür və tədəbbürlə yanaşı, güclü axirət inancına malik olmaqla əldə etmək mümkündür. Fikrimcə, ənbiyayi-izamın fövqəladə həyəcan və hələcanının kökündə də sui-aqibət (dəhşətli aqibət) narahatlığı və hüsnü-aqibət (gözəl aqibət) iştiyaqı yatır. Çünki onlar başıboş buraxılan insanların Cəhənnəmə yuvarlanacağını bilir, o biri tərəfdə dəbdəbəli və ehtişamlı Cənnətin varlığına qəti inanırdılar. Bu səbəbdəndir ki, onlar insanların belə bir Cənnətə getməsi üçün bütün cəhd və səylərini ortaya qoyurdular. “İnanmırlar deyə az qala özünü öldürən” (“Şuəra” surəsi, 26/3; Kəhf surəsi, 18/6) İnsanlığın İftixarının (sallallahu əleyhi və səlləm) bu cəhdləri də Onun əngin düşüncəsindən irəli gəlir.

Bəli, insan övladı istər Həzrəti Pirin ortaya qoyduğu bu yolla, istərsə də başqa yol və üsullarla mənən yüksəlməyi bacarmalıdır. O, bir tərəfdən tutduğu məqamın tələblərini yerinə yetirməli, digər tərəfdən də daima nəzərlərini daha yüksək məqamlara dikməli və mənəvi feyzlərdən doymayan mərifətullah yolçusu kimi hər an: “Yenə varmı?” deməlidir. Əgər dayandığı məqamda lütf edilən ilahi nemətləri yaxşı qiymətləndirə bilsə, bu duyğular onu yeni şeylərə və daima müxtəlif qapılar çalmağa sövq edər.

Düzgün istiqamət və fasiləsiz səy göstərmək

Bu duyğular istiqamətində hərəkət edən haqq yolçusu daima hədəfini yüksəltməyə çalışar və yüksəltdikcə buna uyğun hərəkət imkanı meydana çıxar. Beləcə, saleh bir dairəyə girdiyinə görə daima şövqə gələr və bu şövqlə də yeni hədəflərə yönələr. Yəni insan şərti-adi planda (adi, qiymətsiz şərt) səylərini ortaya qoyduğu zaman əsil şərt sayılan ilahi iradə gerçəkləşər və onu arzu etdiyi məqamlara çatdırar.

Əlbəttə, bütün bunların bir anda xarakterin ayrılmaz parçasına çevrilməsi qeyri-mümkün görünür. Bu, ciddi səy göstərməkdən asılıdır. Hərçənd bəzən xariqüladə halların meydana gəlməsi və insanların birdən-birə bəşəri kamalatın zirvəsinə yüksəlməsi mümkündür. Məsələn, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzurunda qısa müddət qalan insanlar səhabə məqamına yüksəlmişlər. Çünki Onun hüzuru həmsöhbətlərinə dərindən təsir edirdi, onları öz rənginə boyayırdı. Onun halı, rəftarı, oturuş-duruşu, sükutu, danışması, bəzən əndişə, bəzən də sevinc hissini ifadə edən üz cizgiləri həmişə Allahı xatırladırdı. Onun hər halı hüzuruna qədəm qoyanlara Allahın hüzurunda olduqlarını hiss etdirirdi.

Eyni şəkildə Nəbilər Sərvərindən (sallallahu əleyhi və səlləm) sonra gələn bəzi Allah dostları da həmsöhbətlərini bəzən bir anda kamil insan üfüqünə çatdıra bilmişlər/bilərlər. Məsələn, Həzrəti Pirdən dərs alan Tahiri Mutlu, Həsən Feyzi, Hafiz Əli və Xülusi Əfəndi kimi uca insanlarda bu amudi (şaquli) yüksəlişi görə bilərsiniz.

Lakin bu kimi hadisələr nadirdir, mütəmadi baş vermir. Çünki bu, ilahi bir ərməğandır. Bu ilahi ərməğan ənbiyayi-izamda möcüzə şəklində təzahür etmiş, övliyalarda isə kəramət kimi ortaya çıxmışdır. Bu məsələdə hamıya aid xüsus isə iradəni layiqincə ortaya qoymaqdır.

Biz öz dəyərlərimizi xarakterimizə nəqş etmək istəyiriksə, qaynaqlarımızı daima oxuyub araşdırmalı, hər yerdə söhbəti-canan deməli, hər söz və söhbətimizdə bu qaynaqlara istinad etməliyik.

Bir də, unutmayaq ki, insan Allaha ibadətdə ciddi səy göstərsə, Allah da ona yardım edər.

Sən Mövlanı sevəndə Mövla səni sevməzmi?
Rizasına ivəndə Haqq rizasın verməzmi?
Sən Haqqın qapısında canlar fəda eyləsən,
Əmrincə xidmət etsən, Allah əcrin verməzmi?

Siz Allaha təvəccöh etsəniz, O da sizə təvəccöh edər, siz nəzərlərinizi Ona yönəltsəniz, O da sizə baxar. Siz qəlbinizi Ona açsanız, O da qəlbiniz boş qoymaz.

Yekun olaraq qeyd edim ki, insan İslamı yaşamağı xarakterinə mənimsədərsə, bir qism ibadət və mükəlləfiyyətləri yerinə yetirməkdə çox da çətinlik çəkməz. Məsələn, gecənin bir vaxtında yuxunu bölüb qalxmaq və təhəccüd namazını qılmaq nəfsə ağır gəlir. Lakin insan bunu adət halına gətirmiş, xarakterinə hopdurmuş və Allahla bir mənada “gizli bir vicdani müqavilə” bağlamışsa, gecə yarısı yataqdan qalxmaqda çox çətinlik çəkməz. İlk anda yuxusuzluğun təsiri ilə sarsılsa da, namazgahda namazına duadan tac qoyanda və qəlbini Allaha açanda ürəyində: “Nə yaxşı elədim, qalxdım və gecənin bu tənha saatlarını ibadətlə bəzədim!” deyəcək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.