Keyfiyyət və qardaşlıq

Sual: Allah-Təalaya Şükür ki, insanlarımız həm ölkə daxilində, həm də xaricdə xeyirli işlərə vəsilə olur. Lakin bəzən şəxslər arasında baş verən xoşagəlməz hadisələr qardaşlıq duyğusunu zədələyir və hüsnü-zənnin sönməsinə səbəb olur. Bu, şəxslərin mənəvi keyfiyyətindəki problemlərdən irəli gəlir. Mənəvi keyfiyyəti qorumaq üçün nə tövsiyə edərdiniz?

Cavab: Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Allah-Təalaya dua edərək Ümməti-Muhammədin kökdən yox edilməməsi, ümumi bir qıtlığa məruz qalmaması və ümmətinin əksərini həlak edəcək düşməndən qorumaq üçün yalvarmış və Allah (c.c.) da Rəsulunun (s.ə.s.) bu duasını qəbul etmişdir. Buna görə də, bu ümmət nə toplu şəkildə həlak olacaq, nə də uzunmüddət müstəmləkə altında da qalacaq. Ancaq Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ümmətin öz içində bir-biri ilə vuruşmaması, bir-biri ilə ixtilafa düşməməsi üçün etdiyi duanın qəbul edilmədiyini bildirmişdir. (Müslim, Fiten, 19/20)

Bu istəyin qəbul olmaması hikməti ilə bağlı bunu demək olar: Bu məsələ insanların öz iradələri ilə həll edəcəyi bir məsələdir. Çünki insan ağıl və şüura malik bir varlıqdır. Öz iradəsi olmadan, sürü kimi güdülmək, bir yerə toplanmaq, ağac kimi üst-üstə yığılmaq insanın şərəf və izzətinə ziddir. Bunu əvəzinə insan iradəsini işə salaraq birlikdə yaşaya bilmə və başqaları ilə birlik qurma yollarını araşdırmalıdır.

"Bəzilərimizi bəzilərimizlə sınağa çəkəcəyik"

Allah-Təala ilahi kəlamda müxtəlif ayələrlə dəfələrlə insanların bir-biri ilə sınağa çəkiləcəyini bəyan edərək Ümməti-Muhammədə bu böyük fitnə barəsində xəbərdarlıq edir ("Ənam" surəsi, 6/53). Bəli, Allah (c.c.) bizi bir çox şeylə sınağa çəkir. Bəzən xəstəliklərlə, bəzən müsibətlərlə, bəzən ibadətlərlə, bəzən də günahlarla, yəni günahlara qarşışındı bizə verdiyi zəflə sınayır. İnsan hansı sınaqda uğur qazansa, o sahədə imtahanı keçmiş sayılır.

Bu imtahanlardan biri də bizim bir-birimizlə sınağa çəkilməyimizdir. Allah (c.c.) insan növündə müxtəlif növlər yaratmışdır. Hər bir insan fərdi öz-özlüyündə ayrıca bir növdür. Hər kəsin məzac və xasiyyəti fərqlidir. Heç kim heç kimə bənzəmir. Allah insanları bu şəkildə fərqli-fərqli yaratmaqla əsmayi-ilahiyyə və sifəti-sübhaniyəsinin cilvələrini göstərir. Və eyni zamanda bununla bizi sınayır və sınaqda uğur qazananlara mükafat vəd edir. Yəni sənin xasiyyətin onun xasiyyətinə uyğun gəlmədiyi kimi, onun xasiyyəti də sənə uyğun gəlməyəcək. Sən ayrı bir məşrəbin övladı, o ayrı bir məzacın övladı, o biri də ayrı bir məzaqın övladı olacaq. Ancaq bu fərqlərə baxmayaraq, birlik qurmanın, birlikdə yaşaya bilmənin yollarını axtaracaqsınız.

Ustad həzrətləri ixlasdan bəhs etdiyi bir yerdə tələbələrindən birinə: "Filankəsin yazısı sənin yazından daha gözəldir," – deyib bir tələbəsinin fəzilətini dilə gətirir. Bax, bu da bir imtahandır. Söz dediyi tələbə buna məmnuniyyətini bildirir. Ustad həzrətləri görür ki, bu adam məmnuniyyətini ürəkdən ifadə edir. Hz. Pir ixlas üçün bunu çox vacib sayır. Bəlkə, hər insan buna ürəkdən məmnun olmaya bilər, belə bir qəlb paklığı hər kəsdən gözlənilməyə bilər. Ancaq hal və hərəkətlərimizə nəzarət etmək bizim əlimizdədir.

Digər tərəfdən heç vaxt unudulmamalıdır ki, bəzi xasiyyətləri pis olan insan "mütləq mənada pis insan" deyildir. Xüsusən də, namaz qılan, oruc tutan bir insana pis desəniz, siz öz pisliyinizi, öz əyri baxışınızı ortaya qoymuş olarsınız. Bəli, siz Allaha, Peyğəmbərə, həşrə iman edən bir insana pis desəniz, deməli, özünüz pis bir yola girmisiniz. Yoldaşınızdan bir pislik görə bilərsiniz. Aranızda söz-söhbət ola bilər. Ancaq bu zaman ona dərhal "pis" damğası vurmaq deyil, bir yol tapıb incikliyi aradan qaldırmaq lazımdır. Çünki şəxslər arasındakı inciklikdə birinci üzr istəyib "Məni bağışla qardaşım, haqqını halal et " deyən insan bu işin qəhrəmanı sayılır. Bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu məsələyə təmas edir və küsənlərin ən xeyirlisinin birinci salam verən olduğunu deyir (Buxari, Ədəb 62). Bu mövzuda Quranın fərmanı isə bu şəkildədir: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, yaxın bir dost kimi görərsən!" ("Fussilət" surəsi, 41/34)

Qüdsi bəyanlara baxmayaraq

Bütün bu qüdsi nəsihət və xəbərdarlığa baxmayaraq, yenə də bu məsələdə yol verilən boşluqlar zaman-zaman məni ciddi mənada sarsıdır, dərindən kədərləndirir və iztiraba qərq edir. Çünki baxırsınız ki, söhbət məclislərinə davam edən, imani əsərləri müzakirə edən iki insan bir-biri ilə didişir, bir-biri ilə yola gedə bilmir. Deməli, onlar küfr və zəlalət düşüncəsinin inanan insanlar üstünə kin və nifrətlə yürüdüyünü görmür, görə bilmir. Düşmənçilik anlayışının qurduğu planların bütün bu xeyirxah fəaliyyətlərə mane olacağını dərk edə bilmirlər. Allah xatirinə, əgər bunlar kiçik məsələlərsə, bəs böyük məsələlər nədir? Şərəf və qürurumuzun nəzərə alınmasımı? Yoxsa biz Allah və Rəsulunun inkar edilməsini əhəmiyyətli görmürükmü ki, əleyhimizə deyilən bir sözə ilişib qalırıq. Bunumu daha vacib görürük?!

Elə isə gəlin nəyə, nə nə qədər dəyər verdiyimizə bir baxaq. Hansı kiçik hadisələri lazımsız yerə böyütməyimizə və əksinə hansı böyük məsələləri gözümüzdə kiçiltməyimizə insafla baxaq. Allah bizə ağıl verib. Üstəlik iman nəsib edib. Bu səbəblə, gəlin bu qədər müştərək cəhətlərimiz var ikən "niyə bu hala düşürük," deyə oturub bir düşünək. "Uhuvvet Risaləsi"ndə deyildiyi kimi, Xaliqimiz bir, Malikimiz bir, Rəbbimiz bir, Peyğəmbərimiz bir, dinimiz bir, qibləmiz bir-bir.. bir-bir, minlərlə bir-bir.. vətənimiz bir, məfkurmiz bir, eyni yolun yolçusuyuq.. bir-bir, yüzə qədər bir-bir. Bu qədər "bir-bir"lər birliyə səbəb olmalı ikən milçək qanadı qədər əhəmiyyətsiz məsələlərə görə niyə və necə bir-birimizdən küsürük, deyə bir düşünməliyik? Bəli, məsələn, biri durub mənə "alçaq" deyib, söyür, təhqir edirsə, bu mənə həmin şəxsə eyni şəkildə cavab vermək hüququnu vermir. Çünki Həzrəti Ustadın dediyi kimi, zülmə zülmlə cavab vermək "zalım qayda"dır.

Həmçinin: "Dünyanın Allah qatında bir milçək qanadı qədər dəyəri olsaydı, kafir ondan bir udum su içə bilməzdi." (Müslim, Zühd, 13) buyurulmurmu? Deməli, dünyanın elə bir dəyəri yoxdur ki, kafir su içə bilir. Madam, dünya belədir, dünyaya aid bəzi xırda işlərin nə əhəmiyyəti ola bilər, inanan insan qan qardaşından daha üstün olan can qardaşına, məfkurə və yol yoldaşına necə zidd düşə bilər. Allah xatirinə siz deyin, bunun bir məntiqi yönü varmı?

Həmçinin "Uhuvvet Risaləsi"ndə Ustad həzrətləri Hafiz Şirazidən "Dünya elə bir əmtəə deyil ki, bir nizaa dəysin," ifadəsini nəql edir. Zənnimcə, heç birimiz: "Bu insan mübaliğə edir," – deyə içimizdən keçirməmişik. Deməli düz danışır, həqiqəti ifadə edir. Lap yaxşı, bəs biz o həqiqəti, o doğrunu həyatımızda nə qədər əks etdiririk, nə qədər yaşayırıq?

Bütün bunlar ağlıma gəlincə: "Niyə oxuyuruq bu kitabları.. niyə Quran və sünnə ilə məşğul olur, niyə Nurları oxuyuruq.. niyə sual verir, bizi müsəlmanlığın zirvəsinə aparan təfərrüat mövzularını niyə təhlil edirik?" – deyə öz-özümü sorğuya çəkirəm. Bəli, işə yaramayacaqsa, bizə faydası yoxsa, kamillik naminə əlimizdən tutub bizi Allah Rəsuluna aparmayacaqsa, niyə vaxtımızı israf edir, niyə boşboğazlıq edirik!..

Bezaram bir-birini bağışlamayan qardaşlardan

Deməli, bizim də ciddi mənada yenilənməyə, öz insanlığımızı düşünüb onu yenidən nəzərdən keçirməyə ehtiyacımız var.

Qənaətimcə, bu hamımıza aiddir. Çünki çox kiçik məsələləri böyüdür, dil ucu ilə də olsa dərhal qeybətə giririk. Beləcə zehin qeybət düşüncəsi ilə kirlənir; qəlblər qeybət zülməti ilə qaraldılır.

"Bunun hesabını verə bilmərəm" qorxusu ilə bir məsələni sizə bildirmək istəyirəm. Deyək ki, bir yoldaşımız durub çölə çıxdı. Mən də onun arxasınca: "Yəqin yuxusu gəlir. Mən görməyim deyə qalxıb aşağıya endi," – şəklində düşünmüş və ya bu mənada bir söz demişəmsə, bu yoldaş bu sözü eşidəndə inciyəcər deyə, onunla qarşılaşan kimi ilk sözüm: "Haqqını halal et," olmuşdur. Çünki qeybət böyük günahdır. Bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm); "Qeybət zinadan daha ağır günahdır," buyurur. "Necə yəni" deyə soruşanda da belə cavabı verir: "İnsan zina edib tövbə etsə (bir daha etməsə), Allah-Təala onun tövbəsini qəbul edər. Lakin qeybət edəni qeybət etdiyi şəxs bağışlamasa, günahı bağışlanmaz" (Beyhaki, Şuabul-iman, 14/255). Deməli, elə qeybət var ki, zinadan daha ağır günahdır. Məsələn, alim, insanların sevib-saydığı, arxasınca getdiyi böyük bir şəxs arxasınca danışmaq böyük günahdır. Çünki belə insan haqqında qeybət etmək onun arxasınca gedən bütün insanların haqqına girmək qədər böyük bir günaha səbəb ola bilər. Bəli, bu məsələ bu qədər incə məsələdir. Ancaq əgər biz Allah-Təalanın böyük gördüyünü böyük görüb böyük bilməsək, bir çox kiçik məsələlər bu böyük məsələlərin yerinə keçəcək.

Deməli, imanımızda böyük nöqsanlarımız var. İctimai sahədə olduğu kimi fərdi planda da iman əsaslarında boşluqlarımız var. Bəli, deməli, Allahın hər yerdə olduğuna, Onun rizasını hər şeydən üstün tutulmasına və hər şeyə görə o biri aləmdə hesaba çəkiləcəyimizə kamil mənada inana bilmirik.

Xülasə, dərdliyəm, üzülürəm, bezaram bu bizə yaraşmayan hal və hərəkətlərdən, zəif yönlərimizdən, boşluqlarımızdan. Bəli, bezaram, bir-birini bağışlamayan qardaşlardan.. bezaram nöqsan görən, nöqsan axtaran yoldaşlardan.. bezaram "Kiramən katibin" kimi günahları yazanlardan.. bezaram qardaşının səhv və qüsurlarını sayıb-tökdüyü halda savablarını görməyənlərdən…

Bunu da deyim ki, bütün bunları öz şəxsim adına deyil, sizin də hörmət etdiyiniz qaynaqlara bağlı olaraq dilə gətirməyə çalışdım. Bu səbəblə deyə bilərəm ki, əgər bu deyilənlərə həqiqətən inanırıqsa, elə isə gəlin qardaşlığı zədələyən hər cür duyğu və düşüncənin yuxumuza da girməsinə imkan verməyək. İnanırıqsa, yamanlıq edənin belə əlini öpməyi bilək; bizə üz döndərənə qucaq açmaq yollarını axtaraq. Bəli, əgər inanırıqsa, Mövlana kimi "döyənə əlsiz, söyənə dilsiz" düsturunu həyatımıza tətbiq edək.