Küsmə xəstəliyi və çarəsi - 2
Hər nə qədər küsmək çox çirkin, xoşagəlməz (məzmum) bir hərəkət olsa da, ömrünü elmə, insanlığa həsr etmiş fədakar ruhlar arasında da bəzən bu kimi hallara şahid oluruq. Buna görə də cəmiyyətdə və gündəlik həyatda yaranan inciklik və küskünlüyü aradan qaldırmaq üçün xüsusi heyətlər təşkil olunmasını çox faydalı görürəm.
Çünki Həzrəti Pirin ifadəsi ilə desək, vifaq və ittifaq, yəni insanların bir-birilə razılığa gəlib uzlaşması İlahi inayətin ən böyük vəsiləsidir. Bu fikri təsdiq edən bir ayədə də belə buyurulur:
يَدُ اللّٰهِ فَوْقَ أَيْدِيهِمْ
"Allahın “əli” onların əllərinin üstündədir" (“Fəth” surəsi, 48/10). Yəni Allahın himayəsi, inayəti, riayəti, hifzi, lütfü, ehsanı onların üstündədir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu ayə haqqında:
يَدُ اللّٰهِ مَعَ الْجَمَاعَةِ
"Allahın “əli” camaatla birlikdədir" (Tirmizi, Fitən 7) buyurur. Bir başqa hədisdə isə Həzrəti-Ruhi- Seyyidil-Ənam (əleyhi əlfü əlfi salatin və salam) belə buyurur:
مَنْ أَرَادَ بُحْبُوحَةَ الْجَنَّةِ فَلْيَلْزَمِ الْجَمَاعَةَ
"Kim alaçağını Cənnətin ortasına qurmaq istəyirsə, toplumdan ayrılmasın." (Tirmizi, Fitən 7). Yəni ixtilafa, iftiraqa düşməsin. Çünki toplumdan, heyətdən qapılıb gedən eyni zamanda Allahın inayətindən də uzaqlaşmış sayılır. Bəli, küskünlük, inciklik, paxıllıq, həsəd və ya bəzi şeyləri həzm edə bilməməyə görə heyətdən cüda düşən, eyni zamanda Allahın inayətindən də cüda düşmüş olur.
Kiçik şey yoxdur
Bütün bunları nəzərə alsaq, küskünlük və incikliyin nə qədər böyük bir fəlakət, insanları barışdırmaq və uzlaşdırmağın isə necə böyük savab iş olduğunu daha yaxşı başa düşərik. Əslində dinimiz heç bir xeyir əmələ, yaxşılığa etinasız yanaşmamağı tövsiyə edir. Çünki Allah (cəllə cəlaluhu) insanları bəzən kiçik əməllərinə görə cənnətin göbəyində röyət yamaclarının bir yerində oturdaraq onlara eşitmədiyi şeyləri eşitdirər, görmədiyi şeyləri göstərər. Mövzu ilə bağlı bir hədisdə buyurulur ki:
اِتَّقِ اللَّهَ عَزَّ وَجَلَّ وَلَا تَحْقِرَنَّ مِنْ الْمَعْرُوفِ شَيْئًا
"Təqva dairəsində ol və mərufa, yəni Allahın xoşnud olduğu heç bir şeyə etinasız yanaşma" (Əhməd ibni Hənbəl, 5/63; hədis nömrə: 20651). Hadisələrə bu prizmadan baxanda əslində “kiçik” adlı bir şeyin olmadığını görürük. İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhissalatu vəssalam) başqa bir hədisində isə bu xüsusu dilə gətirərək bir insana gülümsəməyin, gözəl söz söyləməyin, həyat yoldaşının ağızına qoyulan bir tikənin, yolda insanlara əziyyət verən bir şeyi götürüb kənara atmağın sədəqə olduğunu buyurur (Bax: Buxari, Cihad 72; Tirmizi, Birr 36; İbn Macə, Ticarət 1). Yəni əgər yolda bir çala varsa, siz kiminsə maşını ora düşməsin deyə çökəyi daşla doldurmaqla və ya insanların ayağına batmasın deyə bir tikanı yoldan götürüb kənara atmaqla ibadət etmiş olursunuz. İnsanın bu cür adi görünən əməllərin hansına görə cənnətin ortasında alaçaq quracağını bilmək olmaz.
Mövzu ilə bağlı bir mənqibə var: Harun Rəşidin zövcəsi Zübeydə xanım xalqı üçün böyük xeyriyyə işləri görmüşdür. Bir vaxtlar hacılar Ərafat və Müzdəlifəyə gedəndə suyu Məkkədən tədarük edib çiyinlərində aparırmışlar. Zübeydə anamız o dövrün şərtlərində Məkkədən Mina, Müzdəlifə və Ərafata qədər kanallar və bulaqlar çəkdirərək hacıları əziyyətdən qurtarmış, böyük bir xeyir işə səbəb olmuşdur. Milyonlarla insanın bu sudan içməsinə və dəstəmaz almasına şərait hazırlamışdır. Əlbəttə, Allah-taala belə böyük bir işi hədər etməz. Mən 68-də həccə gedəndə o böyük qadının çəkdirdiyi həmin bulaqları görmüşdüm. Osmanlılar bu kanalı təmir edərək onu uzun müddət qorumuşlar.
Bu böyük xidmətin səbəbkarını yuxuda görənlər ondan: "Allah-taala səni necə qarşıladı?" deyə soruşurlar. O belə cavab verir: "Mən filan-filan işləri görmüşdüm. Ancaq məni xilas edən başqa əməl oldu: bir gün minarələrdə azan oxunurdu, o əsnada yanımdakılara “Azanı dinləyək” dedim, hamı sakit oldu. Öləndən sonra mənə “Allah buna görə səni bağışladı” dedilər".
Bəli, bir çox kiçik və adi görünən bir məsələnin Allah-taalanın dərgahında nə qədər dəyərli oluğunu bilmərik. Allahın (cəllə cəlaluhu) hansı əməlimizə görə bizdən razı olacağını, hansı əmələ görə bizi rıdvanı ilə (cənnət) sərəfraz edəcəyini, hansı vəsilə ilə cənnəti ilə sevindirəcəyini bilmərik. Buna görə də böyük-kiçik demədən Onun əmr etdiyi hər şeyi yerinə yetirməyə çalışmalıyıq.
Barış heyətləri
Bütün bunları sizə küsənləri barışdırmağın əhəmiyyətinə diqqət çəkmək üçün ərz etdim. Bir də təkrar edirəm, bu məsələ çox əhəmiyyətli olduğuna görə dar çərçivədən çıxarılmalı, onun üçün xüsusi qruplar təşkil edilməlidir. Bu mövzuda təcrübəli, qarşıdakı insanın xarakterini, psixologiyasını düzgün müəyyən edən, məntiq, mühakimə və ifadə qabiliyyətləri güclü olan insanlardan ibarət heyətlər quraraq küskünlük və incikliyin caynağına keçənlərə kömək göstərilməlidir. Cəmiyyətdə din, diyanət mövzusunda müəyyən boşluq, müəyyən cəhalət olsa da, xaqımız Allaha və Peyğəmbərə bağlı, dininə, diyanətinə hörmət edən xalqdır. Buna binaən hər kəsə xitab edən dinimizin ümumbəşəri prinsiplərindən istifadə edərək küsülüləri, incikləri barışdırmaq və insanların bir-biri ilə qucaqlaşmasını təmin etmək mümkündür.
Adına vasitəçilik də deyə biləcəyimiz bu missiya, bu vəzifəni dar dairə ilə yanaşı, daha geniş dairədə də yerinə yetirmək mümkündür. Yəni bu gözəl işi məhəllə, kənd, şəhərlə yanaşı, daha geniş dairədə, hətta ölkə səviyyəsində də görə bilərsiniz. Hətta məsələni daha da irəliyə apararaq beynəlxalq münasibətlər səviyyəsinə də çıxara bilərsiniz. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu mövzuda vasitəçi olanlara fəzilət və savab vəd edir:
أَلاَ أُخْبِرُكُمْ بِأَفْضَلَ مِنْ دَرَجَةِ الصِّيَامِ وَالصَّلاَةِ وَالصَّدَقَةِ؟ قَالُوا: بَلَى . قَالَ: إِصْلاَحُ ذَاتِ الْبَيْنِ وَفَسَادُ ذَاتِ الْبَيْنِ الْحَالِقَةُ
"Sizə oruc, namaz və sədəqədən daha üstün olan bir şeydən xəbər verimmi? Ver (Ey Allahın Rəsulu, buyur!) dedilər. Bu, insanların arasını düzəltməkdir (onları barışdırmaqdır). Çünki insanlar arasındakı fəsad (dinin kökünü) qazır" (Əbu Davud, Ədəb 58; Tirmizi, Qiyamət 57).
Əslində, Anadolu insanının hazırda dünya miqyasında həyata keçirməyə çalışdığı dialoq fəaliyyətlərini bu çərçivədə dəyərləndirə bilərsiniz. Bəli, "dialoq" naminə dünyanın hər tərəfinə getmək, küsülü millətləri barışdırmaq, bu mövzuda mütəmadi olaraq strategiya formalaşdırmaq və metodları təkmilləşdirmək ehtimalı ixtilafların, müharibələrin, hərc-mərcliyin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır. Bu gün ixtilaf və təfriqə ilə mübarizədə isə ən təsirli yol təhsil fəaliyyətləridir. Yəni siz sülh, xoşgörü, dialoq və s. kimi insani fəzilət və ümumbəşəri dəyərlərə sahib mükəmməl fərdlər yetişdirəcəksiniz. Onlar, bir neçə dil bilməklə yanaşı, müxtəlif fənlərdə ixtisaslaşacaq, eyni zamanda insani dəyər və fəzilətlərlə məşbu, yaşatma idealı ilə dolub-daşacaqlar. Hara getsələr, harda olsalar, insanlığa fayda vermək üçün doktoranturalar, post doktoranturalar bitirəcəklər. Hər yerdə barmaqla göstərilən bu insanlar ortaya çıxan fitnə və azğınlığın yolunu kəsməkdə “əyləc” amili olacaq və bu istiqamətdə mühüm bir missiya yerinə yetirəcəklər. Bu, bir mənada beynəlxalq miqyasda barışdırma və uzlaşdırma fəaliyyətidir. Dolayısilə, mikro səviyyədə və ya lokal çərçivədə həyata keçirilən bu fəaliyyət beynəlxalq miqyasda da nəzərə alınmalıdır.
Dövlət nümayəndələri fərqliliklərin müharibəyə gətirib çıxarmaması üçün mədəniyyətlər ittifaqı şüuru ilə bir araya gəlib müəyyən mövzularda razılıq əldə edib müştərək hərəkət edə bilərlər. Əlbəttə belə bir hərəkət insanlıq üçün çox əhəmiyyətlidir, təqdirə və alqışa layiq bir fəaliyyətdir. Lakin bu anlayış topumların “kapilyar damarları”na qədər nüfuz etməmişsə, yəni cəmiyyətin bütün təbəqələrinə həzm etdirilməmiş, mənimsədilməmişsə, bu cür fəaliyyətlər bir nəticə verməz. Bu səbəbdən xalqların sözügedən məsələni qəbul etməsi və ona sahib çıxması üçün yollar axtarmaq lazımdır. Siz bu işə dövlət rəsmilərinin başlatdığı hərəkatı xalqa mənimsətməklə onlara kömək göstərmək kimi də baxa bilərsiniz. Bu işin uzunömürlülüyü də ancaq bundan asılıdır.
Soyuq müharibə dövründə uzun müddət kommunist dünya ilə kapitalist dünya bir-birilə mübarizə apardı. Arada qalan kiçik ölkələrin bəziləri bu pakta, bəziləri də digər pakda qoşuldular. Bu ölkələrin hamısı, məlum bölünmə və qütbləşmə nəticəsində neçə illər əzab-əziyyətlərlə, çox çətinliklərlə üzləşdi. Bəzən insanın ağılına, görəsən, o dövrdə fikir adamı, filosof və ya mütəfəkkir gur səda ilə bu problemin müharibəsiz də həll ola biləcəyini hayqıra bildimi? Görəsən, belə bir uzlaşdırma iradəsini ortaya qoydularmı, belə bir uzlaşdırma işinə cəhd göstərdilərmi? Mənə elə gəlir ki, etmədilər. Əksinə dövlətlər bir-birini “yesin” deyə körükləyən, qızışdıranlar oldu. Hər iki tərəf öz adamlarını qızışdırdı, beləliklə silah yarışı başladı. Hər pakt bir yeri işğal edərək oraya nüfuz etdi və illərlə insanları qorxu və dəhşət içində saxladı. İnformasiya və xəbərləşmə imkanlarının inkişaf etdiyi, öldürücü silahların daha da gücləndiyi bir dövrdə, məncə, bu məsələni beynəlxalq səviyyəyə çıxararaq millətləri bir-birilə barışdırma yollarını axtarmaq böyük bir ibadətdir.
Tərtəmiz ürəklə dünyaya vida etmək
Küsülüləri barışdırmaq, bunun üçün vasitəçilik etmək üstəlik Allahın əxlaqına yiyələnmək (mənimsəmək, bəzənmək) deməkdir. Çünki hədislərdə deyilir ki, Allah-taala bəzi qullar arasında, belə demək mümkünsə, bir mənada vasitəçilik edəcək. Məsələn, bir nəfər kiminsə haqqını yeyib bu dünyadan köçdü. Ancaq haqq yeyən bu insan Allahın dərgahında qiymətli insandır. Axirətdə Allah-taala haqq sahibinə deyəcək ki: "Sənin bu qulumdan alacağın var. Əgər sən Mənim bu quluma haqqını halal etsən, Mən də sənə filan şeyləri verəcəyəm". Məhz bu davranış tərzini fərdi, ailəvi və ictimai həyatımızda tətbiq edərək o ilahi əxlaqı mənimsəyə bilərik. Bəli, əgər Allah (cəllə cəlaluhu) axirətdə insanlara qarşı belə münasibət göstərirsə, bu, bizim üçün də mühüm bir istinad nöqtəsidir. Fikrimcə, biz bu ilahi əxlaqı dəyərləndirməli və aramızdakı küsülüləri barışdırmağa çalışmalıyıq.
Mən kimdənsə küsdüyümü xatırlamıram. Qırx-əlli ildir əleyhimə yazı yazan insanlar var. Bu insanlar gülsəm də, əleyhimdə yazırlar, ağlasam da. İkisinin ortasında dayansam, onda da mütləq bir şey tapıb yazacaqlar. Mən bu insanlardan küsmədim, küsmərəm də, əksinə onların halına yanıram. “Demək ki, yazmaq üçün başqa mövzu tapmağa çətinlik çəkirlər” deyə düşünərəm. Belə insanların cəhənnəmə getməsini arzulamaq təbiətimə xas deyil, ona görə də "Cəhənnəmə getsinlər" demədim. Hətta bir vaxtlar yaxın bir adam mənə olmazın əziyyətini verdi, onda bir ara Allahın onu cəzalandırmasını düşündüm. Çünki yaxın adamın əziyyəti insana daha çox təsir edir. Buna baxmayaraq otağıma girib öz-özümə: "Nə haqla!" dedim və Allah şahid, hıçqıra-hıçqıra ağladım. Çünki bir insan haqda Cəhənnəm hökmünü vermək asan şey deyil. Axı onun etdiyi pislik səni Cəhənnəmə məhkum etmək deyildir! Qaldı ki, o səni Cəhənnəmə atdı deyə, sən də onu Cəhənnəmə ata bilməzsən. Bu baxımdan, məncə, küsməyin, incinməyin, qisas hissi bəsləməyin bir mənası yoxdur. Allahın hüzuruna ürəyimiz təmiz və içimizdə kimsəyə qillu-qal olmadan getməliyik. Biz ərəb dilindən bizə keçən bu ifadəni “içimizdə kiməsə qarşı tük qədər də bir şey olmadan” şəklində başa düşürük. Əslində bunun mənası ürəyinizdə heç kim haqda mənfi, xoşagəlməz bir şeyin olmaması deməkdir. Canın canana can atması kimi, Allahın sizi gözləməsinə cavab olaraq siz də Ona tərtəmiz bir könüllə getməlisiniz. Füzuli nə gözəl deyir: "Canımı canan əgər istəsə, minnət canıma/Can nədir kim, anı qurban etməyəm cananıma..." Məncə "Sən həmişə belə təmizlənə-təmizlənə yaşadın, gəl artıq!" dəvətinə saf, pak və tərtəmiz getmək lazımdır. Rəbbim hamımıza belə bir üfüq, belə bir anlayışla axirətə getməyi nəsib etsin. Amin!
- tarixində yaradılmışdır.