Məfkurə mühacirləri və onlara sahib çıxan qəhrəman könüllər
Sual: Həzrəti Lutdan sonra göndərilən peyğəmbərlər güclü ailələrdən seçilmişdir. Buna binaən Xidmətin şəxsi-mənəvisi varı-yoxu ixlas və səmimiyyət olan müasir hicrət qəhrəmanları üçün rüknü-şədid sayılırmı? İzah edə bilərsinizmi?
Cavab: Hz. İbrahimin nəslindən olan (qardaşı və ya bacısı oğlu) Lut peyğəmbər (əleyhissalam) bir vaxtlar Sodom, Qomorro xalqlarının da məskunlaşdığı bölgəyə - bugünkü Lut gölü hövzəsinə göndərilmişdir. Müasir dövrdə bəzi ölkələrdə icazə verilən, hətta insan hüquqlarının qorunması zərurəti kimi qəbul edilərək barəsində qanunlar ortaya qoyulan bir feili-müstəhcən (ədəbsiz hərəkət, əməl) həmin bölgədə geniş yayılmışdı. Qurani-Kərim bu xüsusu siyaq-sibaq (bir sözün ondan əvvəl və sonra gələn sözlərlə uyğunluğu, tutarlılığı) prinsipinə əsasən müxtəlif ayələrdə fərqli versiyalarla izah etmişdir. Haqq Təala Lut qövmünün həlakından əvvəl Hz. Luta (ala nəbiyyinə və əleyhissalatu vəssalam) bir möcüzə olaraq mələklər göndərmişdi. Mələklər gözəl və yaraşıqlı insan cildində Hz. Lutun yanına gəlmişdi. Onların belə yaraşıqlı insan surətində göndərilməsi eyni zamanda Lut qövmü üçün sonuncu sınaqdı. Lut qövmü onlara qarşı da təcavüzkarlığa cəhd etmişdi. Bununla söz və nəsihət sona yetmiş, sınaqdan çıxmayan o azğın qövm yerin dibinə batırılmışdı. Haqq Təala meteor və ya meteoritlərlə rəcm edərək onları cəzalandırmışdır.
Bu qövmün o mənən çürümüş insanları mələklərin gəldiyini görən kimi o müstəhcən əməli işləmək üçün ağızlarından su axa-axa tez-tələsik Hz. Lutun (əleyhissalam) yanına gəlirlər. Bu mənzərəni görən Hz Lut (əleyhissalam) belə deyir:
لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ اٰوِۤي إِلٰى رُكْنٍ شَدِيدٍ
“Kaş sizə güc-qüvvəm çataydı, yaxud möhkəm bir qalaya söykənəydim!” (“Hud” surəsi, 11/80). Hər halda kim o böyük peyğəmbərin yerində olsaydı, belə deyərdi. Lakin heç kim bu məsələni bir peyğəmbər kimi belə düzgün, məqsədəuyğun, əhatəli şəkildə dilə gətirə bilməzdi. Buna binaən də Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Hz. Lutun o məqamdakı əczü-fəqrinin duaya çevrildiyini bəyan etmişdir:
فَمَا بَعَثَ اللّٰهُ تَعَالَى مِنْ بَعْدِهِ نَبِيًّا اِلَّا فِي ثَرْوَةٍ مِنْ قَوْمِهِ
"Allah ondan sonra hər peyğəmbəri böyük qövmlərdən (güclü ailələrdən) seçdi" (Tirmizi, Təfsir 13) Yəni Haqq Təala Hz. Lutdan (ala nəbiyyina və əleyhissalatu vəssalam) sonrakı peyğəmbərləri bir qəbilə və tayfadan seçib göndərmiş, təcavüzkar insanların onlara zərər verməsinə imkan verməmiş, onları öz qəbilə və tayfaları ilə qorumuşdur.
Səbəblər pərdəsi və İlahi inayət
Məsələn, İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhissalatu vəssalam) Məkkədə çox güclü olan Bəni-Haşim qövmünə mənsubdu. Babası Abdülmuttalib Məkkədə “müşarun bil-bənan”, yəni barmaqla göstərilən insan idi. Abdülmuttalibin vəfatından sonra yerinə Rəsuli-Əkrəmin əmisi Əbu Talib keçmişdi. Allah Rəsulunun (əleyhi əkməlüttəhaya) uşaqlıq və gəncliyi onun himayəsində keçmişdir. Dolayısilə, Peyğəmbərimizə yavaşca toxunmaq bütün Bəni-Haşimi ayağa qalxmasına kifayət edirdi. Buna görə də Məkkə müşrikləri Peyğəmbərimizə (əleyhi əlfü əlfi salatin və salam) hücum etməkdən qorxurdular. Allah (cəllə cəlaluhu) müqəddəs icraatını bu şəkildə səbəblərlə pərdələyir və bununla Həbibi-Ədibini himayə və hifz edirdi.
“Yasin” sureyi-cəliləsinin ikinci səhifəsində əksini tapan hadisəni də bu mövzu ilə əlaqələndirə bilərik. Haqq Təala - təfsirlərin çoxuna görə - Antakya şəhərinə iki elçi göndərdiyini, ancaq bölgə xalqının bu elçiləri təkzib etdiyini bildirdikdən sonra belə buyurur:
فَعَزَّزْنَا بِثَالِثٍ
"Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik" (“Yasin” surəsi, 36/13). Haqq Təala üçüncü elçi göndərməklə onlara mənəvi dəstək verir və onların tək olmadığını göstərir. Belə ki, iki elşiyə üçüncüsünün əlavə edilməsi lazım gələrsə, dördüncüsünün də göndəriləcəyini göstərir. Beləliklə, onlar bu şərəfləndirmə sayəsində təbliğ vəzifəsini daha rahat yerinə yetirmə imkanı əldə edir, bu da onlar üçün bir rüknü-şədid sayılır. Peyğəmbərlər tarixinə baxsaq, buna dəlil təşkil edən bir çox örnəklərlə qarşılaşa bilərik. Biz bu örnəkləri o sahənin mütəxəssislərinə həvalə edib sualın ikinci hissəsinə keçək.
Bəli, bu günün “qarasevdalıları”, adanmış ruhlar da qəlblərində insanlıq eşqi və sevgisi ilə dünyanın hər tərəfinə səfər edir. Bəzən bir ölkəyə bir-iki nəfər, hətta bir insan təkbaşına gedir. Onlar getdikləri ölkələrdə fərqli mədəniyyətlərin övladları ilə təmasda olurlar. Müxatəbləri fərqli mühitdə yetişmiş, fərqli dəyərlərə malik insanlardır. Başqa dildə danışır, başqa dinlərə inanır, başqa dəyərlərə üstünlük verirlər. Dolayısilə, bu mühacirlər başqa mühit və bölgələrdə müxtəlif çətinliklərlə, məşəqqətlərlə qarşılaşırlar. Məhz bu məqamda sualda da vurğulandığı kimi, Xidmətin şəxsi-mənəvisi onların rüknü-şədidi, yəni yıxılmaz, möhkəm dayağı, etibarlı limanı ola bilər. Onsuz da bu hərəkata dəstək olan Anadolu insanı, hətta bəzi dövlət rəsmiləri getdikləri hər yerdə xidmət etməyə çalışan bu yoldaşlara sahib çıxdı. Həmçinin iş qurmaq üçün oralara gedən, oralarda iş yeri açan insanlar da bu yoldaşlara dəstək olmaqla onların tək olmadığını göstərdilər. Beləliklə, bu yoldaşlar “bizə sahib çıxırlar” duyğu-düşüncəsi ilə getdikləri yerlərdə özlərini arxasız, köməksiz, tək-tənha hiss etmədi. Bu da onların müxatəb olduğu insanlara öz təsirini göstərdi.
Könüllərə inşirah verən dil olimpiadaları
Bu nöqteyi-nəzərdən baxanda hər il ölkəmizdə təşkil edilən dil olimpiadaları da dünyanın hər tərəfində xidmət edən “xidmət ərənləri”nə bir rüknü-şədid ola bilər. Çünki bir-birindən fərqli ölkələrdən gələn şagirdlər Türk dilində danışır, bu dillə sevgi, sülh, xoşgörü, yəni insanlığın həsrət çəkdiyi bir mənzərəni nümayiş etdirirlər. Bütün ölkəmiz xalqı ilə, dövlət xadimləri ilə bu şagirdlərə və buna vəsilə olanlara qəlbən dəstək olurlar. İldən-ilə böyüyən bu fəaliyyətlərə əvvəllər təkcə İstanbul və Ankara ev sahibliyi edirdi, indi isə Bursa, Balıkəsir, Ədirnə, Kaysəri, Konya, Van, Sivas, Dənizli, Trabzon, Adana, Ərzurum, İzmir, Qırxlareli, Qaziantep, Diyarbəkir, Şanlıurfa, Qaraman, Afyon, Samsun, Mersin, Antalya, Sakarya və digər şəhərlər bu olimpiadalara sahib çıxır. Gələcəkdə, kim bilir, neçə vilayət bu fəaliyyətlərə qucaq açacaq və dünyanın dörd tərəfindən gələn şagirdlər ümid dolu gələcəyin şeir, türkü və mahnıları ilə qəlblərə inşirah verməkdə davam edəcəklər. Dövlət rəsmiləri də daxil olmaqla bütün millətin bu işə arxa olması, onu alqışlaması dünyanın müxtəlif yerlərində xidmət edən dostları mənən gücləndirəcək, onların mənəvi güc mənbəyi olacaq.
Mövzu ilə əlaqədar bir məsələyə toxunmaq istəyirəm: Hz. Lutun (əleyhissalam)
لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ اٰوِۤي إِلٰى رُكْنٍ شَدِيدٍ
sözünə istinadən belə bir nəticəyə gələ bilərik: Allah yolunda mücahidə və mücadilə edən hər kəs kürəyini mütləq möhkəm bir dayağa söykəməlidir. Çünki qüvveyi-mənəviyəni gücləndirmək və qarşıdakı insanların etibarını qazanmaq üçün bunu təmin edən bir güc mənbəyinin, bir “dinamo”nun olması şərtdir. Məsələn, Türkiyə rəsmilərinin dünyanın dörd tərəfində xidmət edən təhsil müəssisələrini səmimi olaraq ziyarət etməsi və dəstəkləməsi, daima bu fədakar insanlara arxa olduqlarını söyləməsi, fəaliyyətlərə dəstək olması hal hazırda zilliyyət (kölgə) planında dünya miqyaslı hadisəyə çevrilmiş bu hərəkat üçün mühüm güc mənbəyidir. Şübhəsiz ki, möminin ən böyük arxası Haqq Təalanın güc-qüvvəti, qüdrət və inayəti, inayət və siyanətidir. Lakin unutmamalıyıq ki, səbəblər dünyasında yaşayırıq və səbəblərə riayət etməklə mükəlləfik. Dolayısilə, əsbabı görməməzliyə vura bilmərik.
Qeyd edim ki, nə olur olsun, biz öz duyğu-düşüncəmizi, ruhumuzun ilhamlarını könüllərə çatdırmağa çalışarkən əsla iddialı olmaqdan çəkinməli, zorla mənimsətmə arzusunudan və təmayülündən uzaq durmalı, hətta bu cür anlaşılan hərəkət və davranışlardan uzaq olmalıyıq. Duyğu və düşüncəmizi olduqca yumşaq üslubla elə təqdim etməliyik ki, qarşıdakı insan tərəfindən xoş qarşılansın. Hətta unutmamalıyıq ki, bizim onlara verəcəyimiz gözəl və faydalı şeylərlə yanaşı, onlardan da götürəcəyimiz, istifadə edəcəyimiz gözəl və faydalı şeylər vardır. Belə ki, qloballaşan dünyanın müxtəlif bölgələrində əhəmiyyətli sahə və istiqamətlərdə inkişaf və tərəqqi mümkündür. Başqalarından götürdüyümüz fərqli fikir və dəyərləndirmələr duyğu və düşüncə dünyamızda bizi yeni tərkiblərə, sintezlərə apara bilər. Elə isə bizim vəzifəmiz insanlığa faydalı olan hər bir gözəlliyi götürüb istifadə etməyə çalışmaqdır.
Gül alıb gül satılan yerlər
Öz gözəlliklərimizi könüllərə duyurma məsələsinə gəlincə, bu gözəllikləri halımızla, təhsil sistemimizlə, mədəniyyət ocaqlarımızla və varsa, media qurumlarımızla ortaya qoymağa çalışarıq. Gözəllik mübadiləsini bazar yerinə çevirməyə çalışarıq ki, hər kəs əlindəkini orada nümayiş etdirə bilsin. Beləliklə, dəyərlər tələblərə uyğun olaraq müştərisini tapar. Əksinə keçmişdən miras qalan dəyərlər zəncirini başqalarına zorla yeritmək, özünü üstün sayıb təqdim etmək əsla doğru deyildir. Heç vaxt unutmayaq ki, dəyərlərinizə qarşıdakı insanların hədsiz ehtiyacı olsa da, üslubda xəta etsəniz, onlar kənardan gələn hər cür gözəlliyi rədd edərlər. Belə bir reaksiyaya səbəb olmamaq üçün qarşılıqlı mübadilə şəklində bir tərəfdən başqa insanlarda bizim üçün gözəl və faydalı şeylər mövcudluğunu unutmamalı, digər tərəfdən də gözəlliklərimizi onların razılığına və məmnuniyyətinə uyğun təqdim etməliyik.
Əslində qloballaşan dünyanın belə bir təsirlənməyə, inteqrasiyaya çox ehtiyacı var. Çünki ziddiyyətlərlə nəticələnən anlaşılmazlıqları ancaq qarşılıqlı kültür mübadiləsi ilə aradan qaldıra, aradan qaldırıb dünya miqyaslı sülhü bərqərar edə bilərik. Kültür və mədəniyyətlər arasında bu cür dialoq körpüləri qurulmasa, səmimi atmosfer əmələ gətirilməsə, fərqlər və uyğunsuzluqlar bəşəriyyəti fəalkətli döyüş və müharibələrə sürükləyə bilər. Bu müharibə isə nə birinci, nə də ikinci dünya müharibəsinə oxşayar. Şübhəsiz ki, belə bir müharibə daha dağıdıcı və dəhşətli olar. Çünki atom və ya hidrogen bombası ilə aparılan müharibənin qalibi olmaz. Bu, bütün bəşəriyyətin axırı deməkdir.
İnsanlığı belə bir təhlükədən qorumaq üçün fərqli anlayış və mədəniyyətlər arasında sülh körpüləri qurmaq, bəzi şeyləri onlara çatdırmaqla yanaşı onlardan da bəzi şeyləri götürmək və beləliklə, müxtəlif toplum və mədəniyyətlərin bir-birinə yad və düşmən olmadığını göstərmək lazımdır. Bunun həyata keçirilməsi bir xüsusu ortaya qoyacaq: mədəniyyət və anlayışlar arasındakı fərqlər müharibəyə və böyük anlaşılmazlıqlara səbəb mahiyyəti daşımır. Bu da öz-özlüyündə yumşalmağa və uzlaşmağa böyük ehtiyac duyulan bir dövrdə insanlıq naminə mühüm və həyati əhəmiyyətli bir xidmətdir.
- tarixində yaradılmışdır.