Müqəddəs dəyərlər və yuxu bilməz gözlər

Sual

Bir hədisi-şərifdə Cəhənnəm odu görməyən iki gözdən danışılır. Bunlardan biri sərhədlərdə oyaq qalıb keşik çəkən gözdür. Bu günün şərtlərini nəzərə alsaq, hədisdə keçən “uyunu-sahirə” ibarəsini necə anlamalıyıq?

“Uyunu-sahirə”nin lüğəvi mənası yuxu bilməz və daim oyaq gözlər deməkdir. Bu ifadə düşmənin ölkəyə soxulmasının qarşısını almaq üçün ayıq-sayıq və dörd gözlə keşik çəkən igidlər haqqında işlənir. Onlar "amandı, ölkəmə, dinimə, nəslimə, nəfsimə, gələcəyimə, torpağıma, bayrağıma… zərər gəlməsin" deyib gözlərini qırpmadan səhərə qədər keşikdə dururlar. Sizin də sualda ifadə etdiyiniz kimi, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu “uyunu-sahirə”ni belə müjdələmişdir:

"İki göz var ki cəhənnəm odu onlara toxunmaz: Allah xəşyətindən göz yaşı tökən gözlə gecələri oyaq qalıb Allah yolunda keşik çəkən göz" (Tirmizi, Fədailul-cihad 7).

Daxili təhlükə və vaxtında müəyyənləşdirilməsi

Peyğəmbərimizin bu sözləri o dövrkü şəraitdə sərhədlərdə keşik çəkən insanlar üçün, həqiqətən, böyük bir mükafat idi. Belə iltifat görən o insanlar ölkəsini və dinini qorumaq üçün göz qırpmadan keşik çəkirdilər. Ancaq bu gün dinimiz, gəncliyimiz, ölkəmiz, idealımız daha fərqli təhlükələrlə üz-üzədir. Hazırda casus kimi içimizə girən elə təhdid və təhlükələr var ki, onlarla yan-yana yaşayırıq. Bəli, nifaq (münafiqlik) pərdəsi altında dinimizə, diyanətimizə, keçmişdən miras qalan dəyərlərimizin əleyhinə elə layihələr, alternativ planlar içimizə girmişdir ki, hər an ciddi təxribatla üz-üzəyik. Bütün bunları görüb daim iztirab çəkmək, "amandı, ölkəmiz, idealımız, millətimiz, dinimiz, diyanətimiz bir də ayaq altına düşməsin!" deyib inləmək, "ruhumuzun abidəsi bir də yerlə-yeksan olmasın" deyib göz qırpmadan daima ayıq-sayıq olmaq, sərhədlərdə keşik çəkən oyaq, yuxusuz gözlər kimi uyunu-sahirə çərçivəsinə daxildir.

Bu gözlər həmişə diqqətli və təmkinli olduqlarına görə təhlükəni daha erkən təyin edib qarşısını almağa çalışar, gözlənilən təhlükələrin qarşısını almaq üçün qədim surlar kimi bir deyil, bir çox alternativ surlar inşa edər. Bəli, onlar elə surlar inşa edər ki, hücum edənlər hasarı dağıdanda, qarşılarına başqası çıxar, onu da aşsalar yenə də əzəmətli sədlə qarşılaşarlar.

Bağlı gözlər və güdülən cəmiyyət

Ata-babalarımızı tənə etməkdən Allaha sığınaram. Çünki Peyğəmbərimiz (əleyhissalatu vəssalam) ölənlərin pis cəhətlərini deyil, gözəl yönlərini anmağı tövsiyə etmişdir. Biz də əlimizdən gəldiyi qədər, onların həmişə yaxşı yönlərini anmağa çalışırıq. Buna baxmayaraq bir həqiqəti dilə gətirmək istəyirəm. Əfsuslar olsun ki, bir vaxtlar dünyadan üz çevirdiyimizə görə bir mənada bizi güdməyə başladılar. Qəflətə və rahatlığa düşkünlük ucbatından biz idarə olunana çevrilmişik. Qlobal xarakterli plan və layihələrimiz olmayıb. Böyük iddialarla ortaya atılıb millətimizə qəhrəmanlıq dastanları qoşanlar belə ciddi, uzunmüddətli bir layihə ortaya qoya bilməmişlər. Qapılarımızı bağlamış, yeyib içib yatmışıq. Bu həm də həyəcanımızı, hissiyyatımızı və qəhrəmanlıq duyğularımızı da məfluc etmişdir. Əgər vaxtında bu təhlükələri görən “oyaq gözlər”imiz olsaydı, hər sahədə islahatlar aparar, lazımi tədbiri görüb içimizə sızan təhlükələrinin qarşısına sədd çəkə bilərdik. Bunu bacarsaydıq, aqibətimiz belə pis olmazdı. Bəli, çevrəmizi və müasir dünyanı yaxşı tanıyıb düzgün dərk edə bilsəydik, təhlükələri vaxtında müəyyənləşdirsəydik və ən əsası da bunlara qarşı “alternativ baryerlər” qura bilsəydik, vəziyyət bundan fərqli ola bilərdi.

Hal-hazırda ruh və məna köklərimizdən süzülən dəyərləri bəşəriyyətə çatdırmaq üçün müəyyən fəaliyyətlər olsa da, pis fikirli, çirkin əməlli şəxs və qurumlar da boş dayanmır. Qoca dünya qazan kimi qaynayır. Bəzi ölkələrdə insanlar başda duran tiranları taxtdan salmağa çalışır. Ancaq unutmayaq ki, əgər cəmiyyətdə aşınma və deformasiya olmuşsa, bunların düzəldilməsi, islahı üçün yol və üsulları düzgün müəyyənləşdirmək lazımdır. İnsanları birdən-birə düzəldə bilməzsiniz. Uzun müddət dindən uzaq qalmış və dünyəvi həyat tərzinə düşkün insanların yenidən özünüdərki üçün müəyyən vaxta ehtiyac var. Bu baxımdan bütün islahat layihələri başdan ayağa yaxşıca nəzərdən keçirilməlidir. Üstəlik söhbət imandan, sağlam düşüncəli və ilahi əxlaqlı nəsil yetişdirməkdən gedirsə... əgər siz bu problemlərin həllini tapa bilməsəniz, Mefisto yenə oyununu oynayacaq və insanlıq yenə ona məğlub olacaq.

Xaos və qarışıqlıqla sabitliyi təmin etmək olmaz

Bəli, lazımi tədbir görülməsə, ictimai üsyan çox vaxt iğtişaşa səbəb olur. Ola bilsin ki, bu işdə yaxşı niyyətli insanlar da olsun. Ancaq iğtişaşın nə ilə nəticələnəcəyini bilmək qeyri-mümkündür. Məhz buna görə həmişə iğtişaşlardan əndişələnmişəm. Əsas mövzumuza qayıdaq, bütün bunlar “lunatizmliyin”, hadisələrin düzgün dərk edilməməsinin, kor-koranə dəyərləndirməsinin nəticəsidir. Cəmiyyətin uyunu-sahirələri bütün bunları əvvəlcədən sezib tədbir görməyi bacaran insanlardır. Məsələn, Seyid Qütb ömrü boyu mübarizə aparmışdır. O, mübariz bir ailədən çıxmışdı. Atası, anası, qardaşı – hamı eyni düşüncənin insanları idi. "Fi zilalil-Quran" və ya "əl-Ədalətül-ictimaiyyə" kimi əsərlərinə baxsaq, onun da həyəcan dolu, çəkinmədən ölümə atılan insan olduğunu görərik. Vəfatından əvvəl Nasirin tərəfdarları Nasirdən üzr istəyərsə, əfv olunacağını və asılmayacağını deyirlər, ancaq o, “mömin kafirdən üzr istəməz” deyib təklifi rədd edir. Ləyaqətlə ölür, şəhidlik ünvanı ilə axirətə köçür. Bu qədər mücadilə etməsinə baxmayaraq, həbsxanada qələmə aldığı son xatirələrində "Biz iman məsələsini ehmal etmişik. Cəmiyyətin əsl dərmanı iman imiş. Biz bunu görə bilməmişik" sözləri ilə bir həqiqəti diqqətə çatdırır. Demək ki, bir toplumun islahı üçün ilk öncə fərd ruhu ilə ayağa qaldırılmalı və bir daha inşa edilməlidir. Başqa sözlə, əgər bir dəyişiklik, tərəqqi gerçəkləşdiriləcəksə, o zaman məsələ hər cəhətdən nəzərə alınmalıdır. Bədən funksiyasını tam yerinə yetirmək üçün bütün orqanlar sağlam və gumrah olmalıdır. Bunun kimi cəmiyyəti də ancaq bütün sahələri inkişaf etdirməklə islah etmək mümkündür. Bir boşluq qoysanız, heç fərqinə varmadan iflic olub həmin yerdəcə yığılıb qalarsınız. Bəli, əgər sağlam məntiq və mühakimə ilə, huşyar könül və bəsirətlə hadisələri analiz etmir, fəaliyyətlərinizi buna uyğun aparmırsınızsa, hər bir cəhdiniz iğtişaş və qarışıqlığa səbəb olar. Buna görə də nə, nə cür edilməlidir? Din-diyanətimizi, yeni nəsil və gələcəyimizi hansı təhlükələr gözləyir? “Yol təhlükəsizliyi” təmin olunubmu? Yoxsa yolda bəzi problemlərlə qarşılaşma ehtimalı var? – bütün bunlar haqqında dərindən düşünmək lazımdır. Bütün bunları "uyunu-sahirə"nin çərçivəsinə daxil edə bilərik. Dolayısilə, gecə-gündüz Allah üçün ağlayan göz Cəhənnəm odu görməz. O cümlədən cəmiyyət, din, diyanət, adət-ənənədən süzülmüş dəyərlərin əleyhdarları ilə mübarizədə əlindən gələni əsirgəməyən iztirablı və oyaq gözlər də Cəhənnəm odu görməyəcək.

Sual

Uyunu-sahirə və iztirab əlaqəsi haqqında fikirlərinizi bildirərsinizmi?

İnsan şəxsi və ya ailəsi üçün, yaxud da daha geniş dairədə məhəllə, qəsəbə, hətta ölkəsi üçün iztirab çəkə bilər. Çəkilən bu iztirabı vicdanən duyub hiss etmək insanlığın bir göstəricisidir. Əsl iztirab isə bütün bəşəriyyətin problemləri ilə məşğul olmaq, bu problemlərə çarə axtarmaq, bütün insanlara bağrını, qucağını və ürəyini açmaq mənalarını ehtiva edən yüksək bir duyğudur. Əgər siz bütün bəşəriyyətin maddi-mənəvi, dünyəvi-üxrəvi səadətini istəyir, bu düşüncə ilə oturub-durur, bunun iztirabını çəkirsinizsə, mənə elə gəlir, nə yuxunuz qalar, nə də yataqda rahatlığınız. Üstəlik problemlərin çarəsini tapa bilmir, həllinə alternativ yollar göstərə bilmirsinizsə, yəqin ki, yorğanınızı atıb dəli-divanə kimi otaqda o baş-bu başa gəzəcəksiniz. Bəli, iztirab yuxunuza haram qatacaq və sizi uyunu-sahirə olmağa sövq edəcəkdir.

Bir daha xatırladıram, iztirabın əsas mənbəyi Allaha imandır. Yəni insan bu iztirabı hiss etmək üçün Cənnət və Cəhənnəmin hansı mənaya gəldiyini vicdanən hiss etməli, Peyğəmbər yolunu öyrənməlidir.

"Kaş bütün bəşəriyyətə qucaq aça biləm! Kaş onlara, necə, hansı səviyyədə olur-olsun, dəyərlərimizi çatdıra biləm! Kaş ruhumun ilhamlarını onların qəlbinə boşalda biləm!" deyən və qəlbi iztirabla dolu olan bir insan yuxunu unudar, oturub-durub plan və layihələr qurar. Onun, -üzr istəyirəm- istibra edərkən belə fikri-zikri problemlərin həlli ilə məşğul olar. Ağılına gözəl bir fikir gəlsə, dərhal onu bir yerə qeyd edər və ya dərhal bu mövzu ilə maraqlanan insanlara zəng edib tapdığı həll yolunu onlarla bölüşər. Hətta bəzən ağılına gələn bir fikir dəstəmazını və ya nafilə namazını yarımçıq qoyar. Çünki o, cəmiyyətin problemlərini həll etmək üçün təbiblik edir və ağlı daim həmin problemlərin həll yollarını axtarmaqla məşğuldur. Yara-bərə içində olan insanları sağaltmaq üçün əlli cür dərman işlətsə də, fayda vermədiyini görən və "görəsən, başqa nə edə bilərəm?" deyə düşünən iztirbalı insan bir yol tapan kimi "görəsən, onların dərdinə dərman olar?" deyib dərhal tətbiq etməyə çalışar. Məhz bu cür iztirab yuxuya haram qatıb insanı dəli edər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.