Nəfsin Sorğuya Çəkilməsi

Sual: Qurani-Kərimin: "And içirəm özünü qınayan nəfsə!" (“Qiyamə” surəsi, 75/2) ayəsi nöqteyi-nəzərindən nəfsi sorğuya çəkmə məsələsini necə anlamalıyıq?

Cavab: "And içirəm özünü qınayan nəfsə!" şəklində mənasını izah etməyə çalışdığımız nəfsi-ləvvamə, nəfsin nəfsi-əmmarə dərəcəsindən sıçrayıb bir üst dərəcəyə yüksəlməsidir. Bu səbəbdən, istəsəyirsiniz əvvəla nəfsi-əmmarəyə qısaca təmas edək.

Nəfsi-əmmarə insana pis və çirkin şeyləri əmr edən və bu pis əməllərdən heç bir narahatlıq duymayan nəfsdir. İnsanın təbiəti və cismaniyyəti əgər bir tərbiyə, təzkiyə (pak etmək) görməsə, ruhən tərəqqi yoluna düşüb qəlbini təmizləməsə, Ustadın təbirincə cismaniyyətdən çıxıb, heyvaniyyəti buraxıb qəlb və ruhun həyat dərəcəsinə yüksəlməsə, o nəfs insana daim pis əməllər etdirər, pisə yönəldər, boynuna ip keçirib onu istədiyi yerdə otladar. Halbuki insan boynunda iplə otlamaq üçün dünyaya göndərilmiş bir varlıq deyil. Çünki yaradılış qayəsi istiqamətində bu işi yerinə yetirən bir çox məxluq yer üzündə, onsuz da, mövcuddur. İnsan isə məxluqatın ən şərəflisi kimi Cənabi-Haqqa müxatəb ola biləcək ən mükəmməl surətdə, daxili-xarici, maddi-mənəvi təchizatıyla ən gözəl şəkildə xəlq edilmişdir. Bütün bu gözəlliklərə rəğmən insan boynuna ip keçirilmiş bir məxluq kimi həyatını yaşasa:

“Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər." (“Əraf” surəsi, 7/179) zərbəsinə tuş gələr və səviyyəsini itirər.

Heç bir tərbiyə və təzkiyə görməmiş, ancaq heyvani və cismani arzularını təmin edən bir nəfsin üst dərəcəsi nəfsi-ləvvamə dərəcəsidir. Bu dərəcədə olan bir insan saleh əməl arxasınca düşmüş olsa da, bəzən xəta və günahlara girər, bəzən yoldan çıxar, bəzən də nəfsinə məğlub olar. “Tövbə” surəsində deyildiyi kimi, saleh işlər görər, ancaq bununla yanaşı, pis əməllərə də bulaşar; bəzən xətaları savabların çöhrəsini qaraldar; bəzən də gözəlliklərin arxasınca çirkinliklər gələr. Lakin bu dərəcədə olan insan xəta və günahlar qarşısında dərhal tövbə və istiğfara yönələr. Pis əmələ niyyətlənəndə, bu və ya digər şəkildə pis iş görüb xətaya düşəndə, dərhal o pis duyğu və pis əməldən uzaqlaşıb özünə gələr, istiğfar etməyə tələsər və Allaha yönələr. Hər dəfə:

"Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim!" (“Qəsəs” surəsi, 28/16) və ya: "Səndən başqa heç bir ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam" (“Ənbiya” surəsi, 21/87) və yaxud da: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" (“Əraf” surəsi, 7/23) kimi mübarək kəlamlarla peşmançılığını dilə gətirib arınma çeşmələrinə tələsər. Bu nəfsi-ləvvamə dərəcəsidir.

Sualdaki ayədən belə bir nəticəyə gəlmək olar ki, Allah (c.c.) insanlar da bu dərəcəyə qarşı qibtə hissini oyatmaq üçün bu dərəcəyə (nəfsi-ləvvamə) and içir. Yeri gəlmişkən, bildiyiniz kimi nəfs Quranın bəzi işarələrinə əsasən yeddi dərəcədir və nəfsi-ləvvamə, bəhs etdiyimiz kimi, nəfsi-əmmarədən sonra üfüqü istiqamətdə ikinci dərəcə qəbul edilmişdir. Əgər Qurani-Kərimdə nəfsi-ləvvamə dərəcəsinə and içilirsə, demək olar ki, bu dərəcənin üst dərəcələri hesab edilən nəfsi-mülhəmə və nəfsi-mutmainnəyə; nəfsi-mutmainnənin iki qolu sayılan nəfsi-raziyə və nəfsi-mərziyyəyə də and içilmiş və bu iki qolun davamı olan və ya sadəcə müəyyən təbiətə və fitrətə malik insanlara açıq bir üfüq olan nəfsi-safiyə və ya nəfsi-zakiyəyə də and içilmişdir. Çünki ilahi xitab və ilahi kəlamda çox vaxt məsələnin ən aşağı mərtəbədən götürülməsi ilə burada üst mərtəbələrin də əhatə edildiyini müşahidə edirik.

Bundan başqa daha ətraflı müzakirə edilə bilər, ancaq mövzumuz xaricində olduğuna görə sadəcə təmas edib keçmək istəyirəm. Belə ki, sualda qeyd olunan olan ayənin əvvəlində qiyamətə and içilir, arxasınca da:

"Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!" (“Qiyamə” surəsi, 75/3) buyurulur. Yəni insan elə güman edirmi ki, bir vaxt dünyaya onu gətirən Biz öləndən sonra onun sümüklərini, parçalarını, bədən orqanlarını; molekul, atom, elektron, proton, neytron və zərrələrini təkrar toplaya bilməyəcək, bir xəlqi-cədidlə (yenidən yaradılış) yenidən onu var edə bilməyəcəyik? – deyilir. Deməli, nəfsi-ləvvamə ilə qiyamət və həşr əqidəsi arasında bir münasibət var. Çünki göründüyü kimi həşrlə bağlı belə bir məsələdə ən böyük zamin və ən inandırıcı Zat olan Allah (c.c.) nəfsi-ləvvaməyə and içərək bu iman həqiqətini bəyan edir. Ayələr arasındakı bu münasibətdən belə bir nəticə çıxara bilərik: Nəfsi-ləvvamə dərəcəsində olan insan qiyamət və həşr əqidəsinə inanmış, qəlbində bu iman həqiqətini hiss edə bilmək səviyyəsinə gəlmiş insandır.

Bu qısa şərhdən sonra əsas mövzumuza nəfsi-ləvvaməyə davam edək:

Ən Gözəl Əməllər Qarşısında Nəfsi-Ləvvamə

Nəfsi-ləvvamə dərəcəsi sadəcə pis əməl və günah qarşısında peşmançılıq çəkmək, özünü qınamaq, istiğfar etmək deyil, o, eyni zamanda ən gözəl əməlləri belə az görmək, ən gözəl əməllərdə belə şeytanın bir barmağı ola bilər mülahizəsi ilə gördüyü işləri bəyənməməkdir.

Məsələn, fərz edin ki, siz bir yerdə çıxış və ya söhbət edərkən əvvəlcədən heç ağlınıza gətirmədiyiniz, daxilən ənaniyyət və qürurdan heç bir əsər-əlamətin olmadığını güman etdiyiniz bir anda çox gözəl söz çıxdı ağzınızdan və ya gözləmədiyiniz halda verilən bir suala Cənabi-Haqqın köməyi ilə gözəl, orijinal, mükəmməl bir cavab verdiniz. Allah qorusun, həmin anda ağılınızdan azca da olsa: "Deyəsən əla cavab oldu", kimi bir fikir keçərsə, özünüzü şirk cəhənnəminin kənarına görməli, həyəcan keçirməli və nəfsinizin başına elə bir zərbə endirməlisiniz ki, bir daha ayağa dura bilməsin. Zərbəni endirib öz-özünüzə: "Vay həyasız! Ağız Onun, dil Onun, dodaq Onun, ağıl Onun, məntiq Onun, mühakimə Onun. Sənin danışdıran O, sənə eşitdirən, hiss etdirən O. Sənə dərk etdirən O" – deyərək dərhal nəfsinizi hesaba çəkməlisiniz. Çünki haqqı haqqın sahibinə vermək haqqpərəstliyin nişanəsidir. Əksinə belə düşünmək başqasının mülkünə sahib çıxmaqla haqqa təcavüz etmək deməkdir.

Misalları çoxalda bilərik. Məsələn, kürsüdə zil səslə "Allah!" deyib hayqırdın. Görəsən, bunu Onun üçünmü elədin? Əgər bu hayqırtı titrəyən qəlbinin, yaşaran gözlərinin qeyri-iradi, təbii bir nəticəsi isə bu səsin Onun yadında deyə bilərik. Yoxsa Əfəndilər Əfəndisinin (s.ə.s.) dediyi kimi: "əsammu-qayib"ə (Buxari, Daavat 50), yəni eşitməyən, duymayan, uzaqlarda olan bir şəxsə səslənilmir ki.. O, için-için fısıltıları belə eşidir, bilir. Sonra bizə: "O nə idi qışqırıb, bağırıb, vəlvələ salmışdınız?" deməzlərmi?

İndi məsələni, yuxarıda qeyd etdiyimiz kimi, saleh və gözəl əməldə belə ağlımıza gələ biləcək nəfsani bir qıcıqdan tut, Allah qorusun, dövrümüzdə tez-tez deyilən "Yaratdım, yaratdı, şahanə əsərlər yaradır…" kimi, Kainatın Xaliqinə üsyan edən, başqalardan dilimizə keçmiş, bizə heç yaraşmayan sözlərlə şirkə qədər geniş bir sahədə nəzərdən keçirmək olar. Buna görə ən kiçikdən ən böyüyə qədər bu geniş sahədə gördüyü, dediyi, ortaya atdığı hər məsələ qarşısında insan, bəlkə də:

"Yüz minlərlə əstağfirullah! Hər günaha, hər xətaya, hər səhvə, Allahın xoşlanmadığı hər şeyə görə istiğfar edirəm" deməli və Allaha tövbə, inabə, əvbə etməlidir.

Nəyə Görə Bu Qədər Həssas Olmalıyıq?

Çünki nəfsi-əmmarə çox hiyləgərdir. O heç ağla gəlməyən, ehtimal edilməyən yerlərdən hücum edir; sağdan-soldan, öndən-arxadan gələrək bir yolunu tapıb insana zərbə endirməyə çalışır. Bəli, nəfsi-əmmarə müəyyən hikmət və məsləhətə görə, insandan ayrılmayan, ona yerləşdirilən şeytana meyilli bir cihaz kimidir. Şeytan onunla özünü ifadə edir. Onunla danışır, onunla pis əməlləri gözəl göstərib insanı aldadır. Unudulmamalıdır ki, şeytan insana zorla iş gördürtməyə qadir deyildir. Ancaq insan qəflət, səhlənkarlıq və ya başqa bir səbəbdən şeytana və onun təlqinlərinə meyil etsə, şeytan nəsə elətdirə bilir və insanı yoldan çıxarır. Çünki şərə meyilli mahiyyəti ilə adəm övladının yoldan çıxması, məğlub olması çox asandır və onu bu hala gətirmək üçün böyük bir cəhdə də ehtiyac yoxdur. Bir az əvvəl dediyimiz kimi, bəlkə, iradəsizliyi, diqqətsizliyi bu vəziyyətə düşməsi üçün kifayətdir. Buna görə də, şeytan və nəfsi-əmmarənin işi pis əməlləri gözəl göstərərək aldatmaqdan ibarətdir.

Elə isə insan hər yerdə, hər an hazır olmalı, ən gözəl əməllərində belə bir xəta, şeytanın barmağı ola biləcəyi fikrini ağlından çıxarmamalıdr.

Dar Düşüncənin Qurbanları

Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) bu mövzuda baxın necə xəbərdarlıq edir. O buyurur ki, "Qiyamət günü əleyhində qərar verilən ilk insan şəhid (kimi bilinən) insandır. Bu insan Allah-Təalanın hüzuruna gətirilir və ona cənnət nemətləri göstərilir. O da bu nemətləri tanıyır. Allah (c.c.) ona: “Bu nemətlər üçün nə etdin?” – deyə soruşur. O: “Sənin yolunda şəhid olana qədər vuruşdum” – deyir. Cənabi-Haqq: “Yalan danışırsan! Sən “Necə də cəsur, qəhrəman insandır!” desinlər deyə, vuruşdun. Dünyada sənə bunu dedilər, sən mükafatını aldın!" buyurur. Sonra əmr verir, həmin şəxsi sürüyərək Cəhənnəmə atırlar." (Müslim, İmare, 152)

Bəli, o şəxs cəbhədə vuraşanda öldü, ancaq Cəhənnəmə yuvarlandı. Çünki o məsələni Allahın rəhmətinin sonsuzluğu, İlahi lütflərin ənginliyinə görə deyil, öz dar mülahizələrinə bağlamışdı.

Eyni hədisin davamında Allah Rəsulu (s.ə.s.) "desinlər" deyə elm öyrənib öyrədən, "desinlər" deyə əliaçıqlıq edən insanların da eyni aqibətə düçar olacağını bildirir.

Bəli, mən burada pul kisəmi açıb boşalda bilərəm. Ancaq bunu "desinlər" deyə edirəmsə, o biri aləmdə: "Bunu Allah üçün etmədin. İnsanlar sənə “Nə aliaçıq insandır”, desinlər deyə etdin və dedilər də. Halbuki, sən pul kisəni boşaldarkən Cənnətin yeddi təbəqəsini də qazana bilər, qanadlanıb Firdövsə də uça bilərdin. Lakin sən nədənsə darlığı seçdin. Dar düşüncə, dar arzu və dar dünyəvi mülahizlərlə məsələyə yanaşdın. Buna görə də sən “darzadəsən”, dar düşüncənin qurbanısan. Bu səbəbdən Cənnətə layiq olmaq haqqını itirdin" deyələr.

Eyni şəkildə kürsüdə bar-bar bağıra bilərsən, aləmə vəlvələ sala bilərsən. Allahdan, peyğəmbərdən, səhabədən bəhs edə bilərsən. Əgər o həngamədə ağlından: "İllərlə danışıram, onlara izah edirəm. Artıq bu insanlar azda olsa mənə qulaq verib dinləsələr. Niyə bu qədər vəfasızdırlar, niyə mənə qulaq asmırlar!" keçsə, bu İlahi rizanı qazanma dəmində yol azmaq olar. Çünki bu sənin işin deyil ki… Cənabi-Haqq Rəsuli-Əkrəmə (s.ə.s.) timsalında bizə də:

"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan," (“Maidə” surəsi, 5/67) deyə xəbərdarlıq etmirmi?

"Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar," (“Qəsəs” surəsi, 28/56) – deyə buyurmurmu? Elə isə sən sadəcə hidayətə bir vəsiləsən. Dediklərini qəbul etdirmək, onun vicdanlara duyurmaq isə Allaha məxsusdur. Əgər sən: "Niyə mənə qulaq asmırlar, niyə mənə gəlmirlər?" deyə düşünsən, bunun üçün danışmış, bunun üçün elmini satmış və əməllərini insanlara görə və onların sənə olan münasibətlərinə bağlamış olursan. Və bəlkə də, niyyətinə görə getdiyin yolda acəmilərin böyükləri qarşısında ayağa qalxdığı kimi, səni də ayaqda qarşılasınlar, sənə də hörmət eləsinlər, səndən bəhs etsinlər, qəlblərdə iz qoyasan deyə o işi yerinə yetirmiş olarsan. Əgər ömür boyu kürsülərə, Allah qorusun, bu niyyətlə çıxmısansa, deməli mükafatını burada aldın.

"Siz dünyada həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı)" (“Əhqaf” surəsi, 46/20) ayəsinə də bu nöqteyi-nəzərdən baxa bilərsiniz.

Riza Üfüqünə Bağlı Bəndələr

Deməli, axirətə aid əməllər dünyəvi mənfəətlə hədər edilməməli, hər şey Allahın rizasına bağlanmalıdır. Üxrəvi əməllər "…deyim, edim, əliaçıqlıq göstərim, filan yolda çox çalışım ki, adım qalsın, baş nazir olum, dövlət başçısı olum..." kimi dünyəvi arzu, istəklərə bağlansa, Allah qorusun, bütün qazandığı dünyada tükənib gedər.

Halbuki, bir mömin kimi, biz ömrümüzü Haqq qapısının eşiyində gözlərimiz qapıda keçirməli, Onun rizasına beləcə hər zaman bağlı qalmalıyıq. Bu mənada Allah qapısında duran insan onsuz da, sağa-sola baxmaz. Nəinki Həqiqi Məhbubun sevdalısı-inanmış könüllər, hətta fani məşuq üçün dağları yaran Fərhad, çöllərə düşmüş Məcnun belə sevgilisinin arxasınca qaçarkən sağa-sola baxmaz və daim gözü maşuqda olar, onu addımbaaddım təqib edər. Hətta ona qovuşanda belə, bəlkə, onu görməz. Məhbubu-Həqiqinin gerçək sevdalıları da vüsal mövzusunda Ona qovuşma eşqi ilə için-için yanıb tutuşsalar da: "Qəlbimiz hicranla yansa, bəzən qeyri-ixtiyari gözlərimiz ağlasa da, Sənin yolunda olmaq, Sənin yolunda min kərə ölüb dirilmək bizim üçün daha şirin gəlir" deyirlər. Çünki bu Onun haqqı, qapı qullarının da vəzifəsidir. Bəli, gözü Allah rizasında olan dünyəvi heç bir şey istəməməlidir.

Söz açılmışkən bir məsələyə toxunmaq istəyirəm. Alvar İmamı bir yerdə: "Əl əldən üzülmüş, yar əldən getmiş. Bu hümaqayi-zaman nanay oynayırlar" deyir. Bu dövrdə də nanay oynayan bəzi hüməqayi-zaman (zəmanənin axmaqları): "Bu müsəlmanlar dünya səltənəti, güc və iqtidar arxasındadır," deyir .

Mən həyatım boyu, üzr istəyirəm, bu sözü ifadə etdiyimə görə, bu qədər axmaq bir iddia ilə qarşılaşmamışam. Allah üçün indiyə qədər neçə dəfə demişəm və yenə deyirəm; mən Allahın rizasının arxasıncayam və Ondan daha böyük heç nə bilmirəm. Onun razasından başqa bir şeyə könül verməyi Ondan üz çevirib başqa yönə dönmə hesab edir, bunu alçaqlıq sayıram. Ancaq neyləmək olar Füzulinin: "Desəm, ol bivəfa bilməm inanarmı, inanmazmı?" dediyi kimi mən də: "Bu ağılsızlar, bu hüməqayi-zaman bilmirəm sözümə inanarmı, inanmazmı?" – deyib bir daha iztirabımı ifadə edirəm. Ancaq bunu da deməliyəm ki, onlar inansalar da, inanmasalar da, indiyə qədər min dəfə demişsəm, bezmədən, usanmadan, min birinci dəfə də deyəcəyəm və Rəbbim imkan versə, bundan sonra da deməyə davam edəcəyəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.