Qənaət və təsvif

Sual: İqtisadi həyatımızdan düşüncə dünyamıza qədər qənaət məfhumu bizim üçün hansı mənaları kəsb edir? Qənaəti təsvif aspektindən dəyərləndirə bilərsinizmi?

Cavab: Qənaət iqtisadi və tarazlı yaşamaq, nə qədər ehtiyac varsa, o qədər almaq və istifadə etməklə israfdan uzaq olmaq deməkdir.  Başqa ifadə ilə qənaət:

وَابْتَغِ فِيمَا آَتَاكَ اللَّهُ الدَّارَ الْآَخِرَةَ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا  "Allahın sənə verdiyi hər şeydə özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma" (“Qasəs” surəsi, 28/77) ayeyi-kəriməsində lakonik bir üslubla dilə gətirildiyi kimi, Haqq Təalanın bəxş etdiyi imkanları axirəti qazanmağa sərf etməklə yanaşı, dünyanı da unutmadan ondan məşru (halal) dairədə istifadə etməkdir.

Qənaət bərəkət vəsiləsidir. Dolayısilə səbəblər baxımından qənaətkar insan təkəffüfdən[1], təsəüldən[2] və zillətdən uzaq olduğu kimi, ilahi bərəkətə də nail olar. Hz. Pir bu mövzunu izah edərkən öz həyatından misal verir. Məsələn, bir oqqa[3] balı tələbələrini də qonaq edə-edə üç ay yesə də, amma qurtara bilmədiyini deyir. O ruhunun üfüqünə yüksələndən (vəfat edəndən) sonra qalan balı Ustadın xas (seçilmiş, ixlaslı) tələbələrindən biri olan Hulusi Əfəndi götürmüşdü. 1986-cı ildə ona baş çəkməyə getmişdim, "Bu Ustad Həzrətlərindən qalan baldır" deyib həmin baldan bir qaşıq da fəqirə (özünü qəsd edir) ikram etdi. Bəli, qənaət bərəkət vəsiləsi olduğuna görə, siz bir şeyi işlətsəniz də, o heç fərqinə varmadan olduğu kimi qala bilər.

Ancaq burada daha çox dünya işlərinə düşkün olmamaq, onları çox düşünməmək və beləcə, zehni onlarla kirləndirməmək mənasına gələn qənaətdən danışılır. Başqa sözlə qənaətin o biri tayında "Allah bəs, baqi həvəs" və  ya:

حَسْبُنَا اللّٰهُ" " deyib Allahla qənaət etmək dayanır. Yəni “Allah bizə bəsdir, Ondan qeyri şeylər haqda "istər olsun, istər olmasın" düşüncəsi ilə hərəkət etmək. Yanlış anlaşılmasın, səbəblərə riayət etmək başqa bir məsələ, səbəblərin nə gətirməsinə çox əhəmiyyət vermək tamam başqa bir məsələdir. Çünki Haqq Təala hikmətinə binaən bəzən verər, bəzən verməz. İnsanın hər iki vəziyyətdə də məmnun olması qənaətə riayətin göstəricisidir.

Zati-Uluhiyyətlə qənaət etməklə yanaşı, qayə səviyyəsində bir vəsilə saydığımız Həzrəti Ruhu Seyyidil-Ənamın (əleyhi əlfü əlfi salatın və salam) peyğəmbərliyinə və İslam dininə qənaət etmək də çox əhəmiyyətlidir. Bildiyiniz kimi səhər-axşam oxuduğumuz dualardan biri də; "

رَضِينَا بِاللهِ رَبًّا وَبِاْلإِسْلاَمِ دِينـــــاً وَبِمُحَمَّدٍ رَسُـــولاً  Rəbbimiz Allahdan, dinimiz İslamdan, peyğəmbərimiz Həzrəti Məhəmməddən (əleyhissalatu vəssalam) razıyıq" duasıdır.

Təsvif

Qənaət yönümlü bu duyğu, düşüncə və mülahizələri dəstəkləyən, təsdiq edən müəyyən arqumentlər var, sualda dilə gətirilən “təsvif” də məhz bu arqumentlərdən biridir. Ərəb sözü olan təsvif "səvfə" köməkçi sözündən törəmişdir. Müzare felin[4] əvvəlində gələn "sin" hərfi yaxın gələcəyi bildirsə də, "səvfə" uzaq gələcəyi ifadə edir. Yəni müzare felin əvvəlində gələn "səvfə" həmin işin uzaq gələcəkdə baş verəcəyini bildirir. Dolayısilə, təsvif “bu iş dərhal olmalıdır” deyə inadkarlıq etmək deyil, "bu gün olmur, sabah olar, sabah olmasa, o biri gün olar, o biri gün də olmasa, başqa bir gün olar" düşüncəsi ilə hərəkət etməkdir. Başqa sözlə, əslində pərdə olan səbəblərə riayət etməklə yanaşı, işin baş tutmasını tamamilə səbəblərdən asılı görməməkdir. Çünki işinizin baş tutmasını qeydsiz-şərtsiz səbəblərlə əlaqələndirib onlara dilbəstə olsanız, hərisliyə qapılar, dolayısilə də İlahi təqdirə qənaətsizlik edərsiniz. Beləcə gözünüzü səbəblərin gətirdiyi faydalara dikər, “hökmən olsun” deyə bir yerdə qərar tutmazsınız. Sonra da bu təminsizlik, bu hərislik insanı bu gün tez-tez qarşılaşdığımız müxtəlif spekulyasiyalara yönəldər, talançılıq yolları axtarmağa sövq edər və nəticə olaraq boğaza qədər harama batırar.

Halbuki qənaət insanı dilənçilikdən qurtarır, gözü, könlü tox edir və özgə malına göz dikməkdən qoruyur. Əslində elə dediyimiz “təsvif” də budur. Ustad Həzrətlərinin “Həqiqət çəyirdəkləri”ndə işarə etdiyi kimi, bir nəfər ürəyi bir şey istəyəndə "sanki, yedim" deyib pulunu yığmış və “Sanki Yedim” Məscidini tikdirmişdir. Siz də ağılınıza bir şey gələndə qüvvei-zaiqəni[5] bir neçə loğma və ya bir neçə damla ilə sakitləşdirə bilərsiniz. Çünki boğazdan keçəndən sonra paxlava ilə qoğalın, soğanla sarımsağın fərqi yoxdur. Demək ki, paxlava ilə qoğal ağzımızın, dilimizin və dodağımız arasına girib qüvvei-zaiqədə hasil etdiyi ləzzətlə bizi bir az aldadır. Elə isə biz də onu aldadaq. Ağzımıza bir neçə loğma atıb o tərəfə, bu tərəfə çevirək və "sənin payın budur" deyək.

"Nəvələrimə də bir bağ evi"

İnsanın bəzi dünyəvi arzu və istəkləri ola bilər. Xüsusilə, adət-ənənə və vərdiş üzündən arzu və istəklərimiz qarşısıalınmaz mahiyyət qazana bilər. Bir gün bu elə böyüyər, elə qabarıb şişər ki, onunla başa çıxmaq müşkül işi çevrilər. Məsələn, meşənin içində, şırıl-şırıl axan bir çayın kənarında evlər, villalar görürük, bu mənzərə bizim də həvəsimizi qabarda bilər. Öz-özümüzə "kaş, mənim də belə bir bağ evim olaydı" deməyə başlayırıq. Hətta bununla kifayətlənməyib "Mənim həyatım əhəmiyyətli olduğu kimi, uşaqların həyatı da çox əhəmiyyətlidir. Bir ev də onlara alım. Hələ nəvələrim gəlir, mütləq onlara da bir şey hazırlamalıyam. Bir villa, bir bağ evi də onlara almalıyam" kimi xəyallara qapılırıq. Əgər cəmiyyətimiz, adət və vərdişlərimiz bizdə bu arzuları oyadır, bizi o işə mübtəla edirsə, bu zaman məsələni təsvifə həvalə etməliyik. Yəni əlimizdə olana qənaət edib üzümüzü Haqq Təalanın o biri tərəfdə lütf edəcəyi nemətlərə çevirməliyik. Bu qənaətlə, inşallah Allah (cəllə cəlaluhu) bizə axirətdə altından çaylar axan saraylar lütf edəcək. Əksinə dünyəvi imkanlara bənd olub onları (lütfləri, nemətləri) burada sərf etmək istəsək 

أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا  (“Əhqaf” surəsi, 46/20) ayəsinin hökmü ilə məhkum olarıq. Yəni orada bizə: "Siz dünya həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı)," deyilər.

Bu mülahizə və əndişə ilə yaşayan Əbu Zər əl-Ğifari Həzrətləri bu gün yeməyi olanda sabahı düşünməzdi. Ömər b. Abdüləziz xəlifə olsa da, həyat tərzini heç vaxt dəyişdirməmişdi. Gündə iki dəfə çörəyi zeytun yağına batırıb yeməklə ömür sürmüşdü. O uca şəxsiyyət Əməvilərin bütün məsavisinə[6] bərabər gözəl əxlaqı, yaxşı əməlləri ilə müasirlərinin bitib tükənməyən dünya arzusunu, dünyaya bağlılığını, təvəhhümü-əbədiyyətdən (İnsanın əbədi yaşayacağını zənn edib Allahın əmirlərinə riayət etməməsi və axirətə hazırlaşmaması, qafillik etməsi) qaynaqlanan istəklərini dəyişdirməyi bacarmış böyük mücəddid, misilsiz simadır. İki il yarımda iki yüz əlli illik iş görən bu insan bu qısa xəlifəlik dövrünü “qızıl dövr” kimi tarixə nəqş etmişdir.

Qurani-Kərim və Səhih sünnət bizə məhz bu üfüqü göstərir. Elə isə vəzifəmiz "hər şey hökmən bu gün olmalıdır" demədən təsvif mülahizəsi ilə ömür sürməkdir. Yanlış anlaşılmasın, əlbəttə, işləyək, çalışaq, qazanaq, amma bütün bunları bir mənada gələcək nəsil üçün, millətimizin gələcəyi üçün edək. Bu ali qayələr ola-ola məsələni tamamən nəfsin, cismaniyyətin ixtiyarına buraxıb Allahın lütf etdiyi nemətləri dünyada istifadə edib qurtarmaq bir mənada insanın özünü axirət mükafatlarından məhrum etməsi deməkdir.

Hərisliyin caiz olduğu yerlər

Qənaət dünyadan müstəğni, gözütox olmaqla yanaşı, Allah rizasını qazanma istiqamətində də hərisliklə, canla-başla çalışmaq deməkdir. Çünki ehtirasın caiz olduğu bir yer var, o da Allah rizasını qazanma və səbəblər çərçivəsində nami-cəlili-ilahini (Allahın uca adını) yayma ehtirasıdır. Bəli, yer üzündə hər kəsə uluhiyyət həqiqətini –belə demək düzgünsə – mahiyyəti-nəfsil-əmriyyəsinə[7] uyğun şəkildə tanıtma imkanı olsa, hər kəsə Peyğəmbərimizi sevdirmə, Qurani-Kərimin və Müsəlmanlığın həqiqi mahiyyət və gözəlliyini yayma imkanı ələ düşsə, yenə də ileyi-kəlimətullah və irşad mövzusunda sonsuz arzu ilə "Görəsən, göylərə aparan bir nərdivan varmı?" deməliyik. Bəli, "Görəsən, səsimizi göylərdə ifritlərə, cinlərə qulyabanilərə, şeytanlara eşitdirə bilərikmi?“ deyə daim axtarmalıyıq. Hədəfə çatmaq üçün edilən təşəbbüslər nə qədər sadə bir vəsilə, bir səbəb olsa da, bizdə səbəblərə riayət məsələsində güclü hərislik olmalıdır. Şübhəsiz, qəbul etdirmək Haqq Təalaya aiddir. Ancaq bizim vəzifəmiz sonsuz arzu və hərisliklə bu vəzifəni yerinə yetirməkdir. Nəticəni xəlq etmək isə

إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ  "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Ancaq Allah dilədiyini hidayətə çatdırar" (“Qasas” surəsi, 28/56) ayeyi-kəriməsində də bəyan edildiyi kimi Allaha aiddir.

Allahın rizasına gəlincə, o, bilavasitə hərislik göstərməyə dəyər mövzudur.

اَللّٰهُمَّ عَفْوَكَ وَعَافِيـَتَكَ وَرِضَاكَ وَتَوَجُّهَكَ وَنَفَحَاتِكَ وَأُنْسَكَ وَقُرْبَكَ وَمَحَبَّـتَـكَ وَمَعِيَّـتَكَ وَحِفْظَكَ وَحِرْزَكَ وَكِلاَئَـتَكَ وَنُصْرَتَكَ وَوِقَايَتَكَ وَحِمَايَتَكَ وَعِنَايَتَكَ “  "Allahım! Səndən, Sənin uca əfvini, afiyətini, məmnuniyyətini, təvəccöhünü, ilahi nəfhalarını, dostluğunu, yaxınlığını, uca şanına xas məhəbbətini, maiyyətini (yaxınlığını), hifz və siyanətini, zəfərlər nəsib etməyini, himayəni… istəyirəm!" duasında da əksini tapdığı  kimi, bu sadalananlar Haqq Təaladan şiddətlə istəniləsi diləklərdir. Bundan qeyri şeylər isə gəlib-keçici, fanidir. Çünki insan həyatı ilə məhduddur. Onların ömrü ömrümüz qədərdir. Halbuki insan elə bir gözələ dilbəstə olmalı, bağlanmalıdır ki, heç ölməsin, saralıb-solmasın və onu tərk etməsin. Dostluğu əbədi olsun. Bu baxımdan Allahın rizası və maiyyətini əldə etmək üçün ortaya sonsuz ölçüdə bir hərislik qoymaq lazımdır.

Həzrəti Piri-Muğan bir yerdə əgər “İmam Rəbbani Əhməd Faruqi Hindistanda sağdır, yaşayır” desələr, görüşünə dəvət göndərsələr, bütün zəhmətə və təhlükəyə qatlanaraq görüşə gedəcəyini deyir. Bəs biz niyə ətrafında minlərlə Faruqi Sərhəndilər olan Həzrəti Məhəmməd Mustafanı (əleyhissalatu vəssalam) görməyə tələsmirik? Bizdə bu mövzu ilə bağlı ciddi şövq olmalıdır. Biz Allah "gəl" demədiyi üçün burada qalmağa dözürük. Bəli, bizim üçün dünyada yaşamaq dözmək deməkdir. Bu səbəblə bizim mülahizəmiz budur: "Mən, bu uydurmalar, yalanlar yığınına dözürəm. Məni buraya əsgər göndərən də, tərxisi verən də Odur. Məni öz rizası ilə tərxis etmədən tərxisi arzulamaq Onun rizasına zidd hərəkət etmək deməkdir. Bu isə Ona hörmətsizlik olar".

Vüsal arzusu və əmrə itaətdə həssaslıq

Bütün bunları bir kənara qoyaq, bir insan təkcə Hz. Əbu Bəkiri, və ya Hz. Öməri görmək üçün yüz il tər töksə, dəyər. Ancaq bunu dəlicəsinə arzu etsək də, bizi dayandıran bir məqam var, o da Haqq Təaladan "gəl" nidasının gəlməməsidir. Bəli, için-için alışıb yansaq da, Allaha ehtiram vüsal arzusunu "gəl" sədasına bənd etməyi tələb edir. Allaha ehtiram Onun rizasına hörmətdir. O nə qədər ki, bizim burada qalmağımızı istəyir, o zaman bizim vəzifəmiz Onu xoşnud etmək və rizasını qazanmaq üçün dünyaya dözməkdir. Bu baxımdan mömin daim bu üfüqə yönəlməlidir. Bu məqamda ağıla bir sual gələ bilər: Bu üfüqdən geridə olanlar necə məhv və həlak olur? Əlbəttə, xeyr. İman gətirib saleh əməl işləyənlər qurtular. Lakin insanın vəzifəsi  belə bir uca qayəyə könül vermək, yüksək hədəflərə yönəlmək və daim kamil insan olmağa can atmaqdır.

Buradakı ziddiyyəti düzgün anlamaq lazımdır. Yəni bir tərəfdən buradan köçüb o biri aləmdə var olmağa can atma, gözləri o biri aləmə dikib Onun əmrini  gözləmə, "niyə hələ də bir əmr gəlmədi" deyib heyfslənmə, digər tərəfdən də "Əstəğfirullah, ya Rəbbi! Sən göndərməsən, mən kiməm ki" demə – həyatı bu ziddiyyətlər içində yaşama. Haqq Təaladan "gəl" fərmanı göndəriləndə də "oh" deməyi bacarma. Əsl mömin həyatı ancaq belə bir ziddiyyət nəticəsində ortaya çıxır.

Rəhmətlik Ahmed Feyzi vəfat edəndə Ali Riza və Sacit bəy üzünü açıb baxmış, mənə "vallah xocam, gülürdü" demişdilər. Cənazə namazını mən qıldırmışdım. Yaxın dost idik. Buna baxmayaraq üzünü açıb o gözəl camalına baxmadığıma görə həmişə üzülürəm. O, ürək çatışmazlığından vəfat etmişdi. Bildiyiniz kimi, ürək insanı sıxanda üzdə büzüşmələr əmələ gəlir. Ona nə göstərilmişdisə, gülürdü. Çünki o dəyərli insanın ömrü Quran yolunda, Quran düşüncəsi ilə keçmişdi. "Bir yerdə oturum, gəlsinlər ətrafımda halqa olsunlar" kimi ən kiçik iddiası olmamışdı və ömrü boyu bir təmənna ummamışdı. 


[1] Əl açıb dilənmək

[2] Dilənmək, dilənçilik

[3] Qədim ölçü vahidi, təxminən 1,2 kq

[4] Qeyri-qəti gələcək zaman

[5] Dadbilmə hissi

[6] Pis, səhv işlərini

[7] Həqiqi mahiyyəti

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.