Quran və vəhy
İlahi kəlamın insanların istifadəsi üçün ən əlverişli təcəllisi Quranın təcəllisidir. O, insanların dil, anlayış, halət və idrakına uyğun danışıq tərzi və təcəllidir. Üslubunda xitab etdiyi kütlənin anlayış və idrak səviyyəsi nəzərə alınır. Dolayısilə, Quran potensial olaraq elə bir təcəlli tezliyində - bu təbiri bəzi nöqsanlı kəlmələrdən qaçınma və "bu şəkildə çox nöqsanlı olmaz" mülahizəsi ilə işlədirəm - nazil olmuşdur ki, Onu hər kəs dəyərləndirə, istifadə edə bilər.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) vəhy nazil olarkən bizim bilmədiyimiz başqa bir aləmə keçir, sanki bizim dünyamızla əlaqəsini tamam kəsirdi. Bu aləmdən çıxıb, tamam başqa aləmə keçirdi. Bu məsələdə xüsusi fitrətə, xilqətə malik olmaqla yanaşı, vəhyin ağırlığını ciddi şəkildə hiss edir, həmin aləmlə irtibatın mənəvi yükünü yaşayır; vəhyi qəbul etməyin çətinliyini duyurdu.
Vəhyin nazil olarkən cərəyan edən əxzü-əta (alıb-vermə) bizim üçün sirdir və onu tam izah etmək mümkün deyil. Ancaq müəyyən bənzətmələrlə anlamağa və izah etməyə çalışaq. Məsələn, reseptorlar (qəbuledicilər) morze əlifbası ilə göndərilən müxtəlif siqnalları hərf və sözlərə çevirir. Hər gələn siqnal bir hərfə, bir sözə uyğun gəlir. Reseptorun başında kim durur-dursun müəyyən siqnallardan müəyyən hərf və sözləri qəbul edib oxuyur, anlayır. Vəhy məsələsini daha asan qavramaq üçün onu bu misal çərçivəsində dəyərləndirə bilərik. Haşa, bənzətmədə xəta olmasın, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) mahiyyətinə yerləşdirilən minlərlə mənəvi reseptor vasitəsilə gələn hər bir ilahi "siqnal" bir söz kimi qəbul edilir. Bu incə nüansı dərk edə bilməyənlər: "Vəhy Peyğəmbərimizə məna şəklində gəlir, o da mənanı kəlimə qəliblərinə və şəkillərinə salır," - deyirlər.
Bəzi insanlardan "Quranın mənası Allahdan, sözləri Peyğəmbərimizdən..." sözlərini eşidəndə çox üzülmüşdüm. Xeyr, elə deyil, "Yalnız məna vəhy edilir" deyə bilmərik. Gələn hər siqnal bir hərfə təqabül edir (uyğun gəlir, çevrilir). Bunlar reseptorlara daxil olanda əsl mahiyyətinə uyğun şəkildə açılır. Bu məsələdə də Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) mahiyyətindən istifadə edilir. Bu elə bir əxzü-ətadır ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "Rəbbim, bu ayəni bir daha söylə" demir, əksinə, vəhyi qaçırmamaq üçün həyəcanla və tələsik hərəkət edir. Bu yerdə də ilahi xəbərdarlıq gəlir: "(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!) Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə" ("Qiyamə" surəsi, 75/16-18) buyurulur. Yəni sanki, "Sən yalnız diqqətini cəmlə. O siqnallar Sənin vücuduna nazil olanda öz qəliblərinə töküləcək" deyilir. Ona görə də vəhyi bəşəri qəliblərlə yanaşmaq ümumiyyətlə xətadır.
Ərz etdiyim xüsus məsələni ağıla, məntiqə yaxınlaşdırmaq üçün kiçik bir misaldır. Yoxsa vəhyin həqiqi mahiyyətini ancaq Allah (cəllə cəlaluhu) bilir.
- tarixində yaradılmışdır.