Ruhun və imanın zəfəri

İnsan bu dünyada ruh və bədən kimi bir-birindən fərqli iki gücü təmsil edir. Zaman-zaman bu iki gücün birləşib bir bütöv meydana gətirdiyi müşahidə olunsa da, daha çox bir-biri ilə zidləşdikləri və birinin zəfərinin digərinin məğlubiyyəti ilə nəticələndiyi görülmüşdür. Bədəni arzu və istəklərin şaha qalxdığı və azğınlaşdığı bir bünyədə ruh, çəlimsiz, əlacsız və cismani arzuların köləsidir, buna qarşılıq nəfsin iştahalarına üsyan edildiyi, qəlbin ağıla, ruhun bədənə hakim olduğu bir bünyədə isə ruh min-bir labirinti bir göz qırpımında aşan və bir anda əbədiyyətə çatan azadlıq abidəsidir.

Hər oymağında yüzlərlə zəfər nəğməsi söylənsə və hər yeri saysız-hesabsız gül-çiçəklə bəzənsə də, ruhən çökmüş bir ölkənin məzardan fərqi yoxdur. Bəli, ruhun zəfər sədaları üzərinə qurulmamış bir dünya qaba qüvvətin əlində oyuncaq, onun fəzilət dolu iqlimində böyüməmiş mədəniyyət, bəşəriyyətin yolunu kəsmiş bir cadugər və belə bir ölkədə yaşayan kütlələr də böhrandan-böhrana süründürülən gözübağlı talesizlərdir. Əfsuslar olsun ki, şəxsi həzz və zövqlərindən başqa bir şey düşünməyən və heç cür öz varlığını başqalarının səadəti ilə birləşdirə bilməyən insanlara heç vaxt bunu izah etmək də mümkün olmayacaq.

Güclü və müzəffər insan özünü məğlub edən insandır. Nəfsin və pis ehtirasların əsarətindən xilas ola bilməmiş miskin insanlar, dünyanı fəth etsələr də, məğlub sayılırlar. Belələrinin bütün dünyanı işğal etmələrinə fəth deyilmədiyi kimi, zəbt etdikləri yerlərdə uzun müddət hökm sürmələri də qeyri-mümkündür.

Əsl qəhrəmanlar

Özünü dünyanın yeganə hakimi görmə çılğınlığı ilə filosof Molmeyin simasında elm və fəziləti ayaqlar altına alan Napoleon, görəsən, ruhdakı bu həzimət və məğlubiyyətin Yenadakı məğlubiyyətdən daha ağır və daha alçaldıcı olduğunu anlaya bilmişdimi?..

Merzifonlu, ordusunun Vyanadakı məğlubiyyətindən əvvəl, öz içində məğlub olmuşdu. Onun ruhundakı həzimətlə başlayıb yayılan tariximizdəki bu ilk məğlubiyyət, onun kəlləsini uçurmaqla yanaşı, dünyanın ən əzəmətli fateh ordusuna fərarilik kimi, o günə qədər heç bilmədiyi bir zilləti də öyrətdi.

Həmçinin, Tarık bin Ziyad da Herakl sütunlarını aşıb bir ovuc fədaisi ilə doxsan minlik İspaniya ordusuna qələbə çaldığı zaman deyil, Əndəlüsü fəth etdikdən sonra Toleytulada xəzinə otağına girib qızılları, ləl-cəvahiratı görüncə öz-özünə: "Tarık, dünən bir kölə idin. Bu gün müzəffər bir komandansan. Sabah nə olacağını da ancaq Allah bilir…" - dediyi və sonra təkəbbürə, qürura qapılmamaq üçün yatağını saraya deyil, axura sərdirdiyi gün ruhu ilə qanadlanmış və həqiqi nüsrəti (qələbəni) əldə etmişdi.

Səlahəddinin "Aslan Ürəkli Riçard"a qarşı mərdliyi, qürur və təkəbbürdən özünü unutmuş bu məğrur hökmdarı heyrətə gətirmiş və çox utandırmışdı. Həmçinin, Alparslanın Roman Diyogeni hönkür-hönkür ağladan mürüvvət və alicənablığı; Antalya Qalasında vəhşi xaçlılara qarşı üz-üzə mərdliklə çarpışdıqdan sonra, ələ keçirdiyi əsirləri azad edən Qılıncarslanın əsalət (ali soyluluq) və insanlığı məhz bu uca ruhun zəfərləri idi...

Fatehin Bizans qalaları önündəki, o dövrə görə, o ən əzəmətli və müasir ordusunun gücünə güc qatan, ona dövrün qapılarını taybatay açan ən böyük gücü də Ağşəmsəddinlərlə təmsil edilən həmin ruh və iman qüvvəti idi. Fateh azğın maddi iqtidarın təmsilçisi deyildi. O, hərbi dirayət, dahilik və iqtidarı ilə bu uca ruh və inancı təmsil edirdi. Elə olmasa idi, onun İstanbula girişi də Sezarın Romaya girişi kimi olmazdımı?.. Halbuki, o, Bizansın bu köhnə paytaxtına Məkkəni fəth edən Müqəddəs Ruhun əfvediciliyi, müsamihəsi, məğlub olanlara sonsuz haqlar bəxş etməsi və mərdliyi kimi yüksək xisləti təmsil edərək girirdi.

Dünyanı iki hökmdara az görən Yavuz dünyanın dörd bucağını vəlvələyə salan fateh ordusu ilə krallara tac qoyub tac aldığı günlərdə deyil, Ridaniyə zəfərindən sonra İslam aləminin yeganə hökmdarı ünvanı ilə İstanbul qapılarında təbəəsinin alqışlarını görməmək üçün xalqın yuxuda olduğu vaxtı gözləyib paytaxta səssizcə girdiyi zaman həqiqi fateh; müəlliminin atının ayağından sıçrayan palçıqla çirklənmiş, -əstağfirullah- ətirlənmiş cübbəsinin tabutuna sarılmasını vəsiyyət etdiyi zaman da həqiqi müzəffər idi.

Gələcək, Mənfəət Düşüncəsindən və Eqoizmdən Uzaq İnsanların Olacaq!..

Bizdə nəfsin cilovlanması, fərdin öz-özünü məğlub etməsi bir əsasdır. "Ən böyük cihad" ünvanı ilə fərdin qəlbində başlanan bu mücadilə, daha sonra onun bütün davranışlarını təsir altına alaraq, ona məğlubedilməzliyin sirrini öyrədər. Çünki öz içində zəfər əldə etmiş belə bir qəhrəman, maddənin və gücün bütün hiylələrini bir anda yox edər. "Tur"un sirrini ruhuna hopdurmuş bir igidin nəzərində, kəmiyyət bütün dəbdəbə və ehtişamı ilə, keyfiyyətin zərrəsinə ram olar. Əksinə, nəfsin əsir və zəbunu olan bir insan İskəndər də olsa, zavallıdır və acınacaqlı haldadır.

Xülasə, ali duyğu və yüksək idealları könüllərində abidələşdirə bilməyənlər, şəxsi istək və arzularına qarşı gələ bilməyənlər, Haqqa hörmət və həqiqətə ehtiram zövqünü dərk edə bilməyənlər dünyanın bütününü fəth etsələr də, əsla müzəffər sayıla bilməzlər. Çünki onların müvəqqəti qələbələri, əslində böyük məğlubiyyətlərinin qaranquşlarıdır. Məğlubiyyətləri əbədi müvəffəqiyyətə çevirmənin yolu isə, sadəcə ruhun zəfərinə nail olmaqdan keçir.

Xülasə

  • İnsan bu dünyada ruh və bədən kimi bir-birindən fərqli iki gücü təmsil edir. Zaman-zaman bu iki gücün birləşib bir bütöv meydana gətirdiyi müşahidə olunsa da, daha çox bir-biri ilə zidləşdikləri və birinin zəfərinin digərinin məğlubiyyəti ilə nəticələndiyi görülmüşdür.
  • Güclü və müzəffər insan özünü məğlub edən insandır. Nəfsin və pis ehtirasların əsarətindən xilas ola bilməmiş miskin insanlar, dünyanı fəth etsələr də, məğlub sayılırlar.
  • Hər oymağında yüzlərlə zəfər nəğməsi söylənsə və hər yeri saysız-hesabsız gül-çiçəklə bəzənsə də, ruhən çökmüş bir ölkənin məzardan fərqi yoxdur. Ruhun zəfər sədaları üzərinə qurulmamış bir dünya qaba qüvvətin əlində oyuncaq, onun fəzilət dolu iqlimində böyüməmiş mədəniyyət, bəşəriyyətin yolunu kəsmiş bir cadugər və belə bir ölkədə yaşayan kütlələr də böhrandan-böhrana süründürülən gözübağlı talesizlərdir.

Xəşyət istəmək Allahı tanımağın meyvəsidir

"Allahım içimi xəşyət hissi ilə doldur və məni Zati-Üluhiyyətinə qüsursuz ehtiram göstərən qul et ki, hər anım Səni görürmüş kimi keçsin" duası, niyazı İnsanlığın İftixarının dilindən düşməzdi. Belə ki, Allahdan xəşyət diləməyin zəruriliyini bizə təlim edən Müəllim məhz qulluq ədəbini öyrəndiyimiz Rəhbəri-Əkməl Peyğəmbərimizdir.

Qeyri-ciddi və laübali insanların "dava, məfkurə insanı” olması və insanlara rəhbərlik etməsi mümkün deyil. Çünki daxilən ehsan olmalıdır ki, zahirən itqan[1] olsun; insan könül aləmini ciddiyyətlə süsləməlidir ki, bu (ciddiyyət) onun zahiri aləminə də əks olunsun və müxatəblərə də təsir etsin. Bəli, davranış və hərəkətlərinə diqqət yetirməyənlər insanlara heç nə öyrədə bilməzlər, əksinə onlarda o yola qarşı nifrət hissi oyadarlar.

Təəssüf ki, müasir dünyanın insanları çox laübali və qeyri-ciddidir. Belə ki, ciddiyyət məfkurə qəhrəmanlarının əsas vəsflərindən biri olsa da, laübalilik bu dairəyə də sızdı. Elə dünənədək məsuliyyətin ağırlığı ilə bişən və hər an məsuliyyət duyan Quran xadimləri ciddi və müdrik insanlar idi. Hərçənd bəziləri iman xidmətinin əsaslarından biri olan "şövq"ü bir az nəşəli olmaq və hərdənbir gülüb əylənmək kimi anlasa da, bu anlayış o qədər də geniş yayılmamışdı. Onların əksəriyyəti "şövq" məfhumunu qətiyyən bədbinləşməmə, ümidsiz olmama və daim iştiyaqla xidmət etmə kimi qəbul edir, onu (şövqü) "gülüb oynamaq” kimi şərh etməyi isə təhrif sayır, həmişə təmkinli davranırdı.

Qənaətimcə, bu laübaliliyin kökündə mərifətin azlığı dayanır. Çünki insan Allahı tanımalıdır ki, xəşyətli olsun. Quranda "Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)" ("Fatir” surəsi, 35/28) buyurulduğu kimi, Mövlayi-Mütəala (Allaha) layiqli ehtiram və təzimi ancaq Onu sifəti-sübhaniyə və əsmayi-hüsnası ilə tanımaya müvəffəq olmuş, ehsan üfüqündə səyahət edən Haqq ərənləri yerinə yetirə bilər.

Elə isə xalis bir mömin əllərini açarkən, məsələn, can sağlığı istəyərsə, diləyini dərhal qürbət (Allaha yaxınlıq) niyazı ilə taclandırmalıdır. Əks halda, səhv seçim edər. Bir "dava insanı” bir ölkədə iki yüz, üç yüz məktəb açılmasını və onların hər birində də öz dəyərlərinin insanlara çatdırılmasını diləyə bilər, bu, qeyri-adi, qınanası bir dilək olmadığı kimi, Haqq-Təalanın rizasına da zidd deyil. Hətta belə bir arzu həmin insanın müəyyən bir üfüqə yüksəldiyini də göstərir. Lakin nəfsin bu məsələyə qarışması mümkündür, buna görə də, yalnız rəğbət göstərməklə kifayətlənmək və üstüörtülü də olsa, bu rəğbəti daha əngin mərifətə çatma arzusundan üstün tutmaq yenə də bir növ özünü aldatmaqdır. Bəli, Allahın rizasını qazanmaqda ileyi-kəlimətullahdan üstün vəsilə yoxdur, lakin bu uca vəsilə belə Rəbbi-Rəhimə daha da yaxınlaşma istəyinin, Onu görürmüşcəsinə, heç olmasa Onun tərəfindən görülürmüşcəsinə yaşama üfüqünə yüksəlmə arzusunun və Ona qovuşma iştiyaqı ilə dolub-daşma amalının yerinə qoyulmamalıdır.

Həftənin duası

Ey Rəbbim! Dünyada insi-cinni şeytanların və daim pis əməlləri əmr edən nəfsi-əmmarənin şərindən, axirətdə də rəzil-rüsvay olub ümidlərimizin puça çıxmasından Sənə sığınırıq. Zatın, gözəl isimlərin və ülvi sifətlərin haqqına və Peyğəmbərimiz Məhəmməd Mustafa hörmətinə, bizə dünyada da, üqbada da mərhəmət et, təvəccöhünü üstümüzdən əskik etmə. Ey Rəbbim! Peyğəmbərimizə, Onun pak ailə üzvlərinə, uca dostlarına salətü-salam olsun.

Sözün cövhəri

İnsan, məsələn, yemək yeyərkən ona verilən iradə ilə yalnız loğmanı ağzına qoyub boğazdan mədəyə ötürür. Bundan sonra insandan asılı və müdaxilə etmə imkanı olmayan bir əməliyyat silsiləsi işə başlayır. İnsan buna baxıb "Gücüm çatmayan, mənimlə bağlı olduğu halda fərqinə də varmadığım, iradəmin tamam xaricində cərəyan edən bir çox hadisə var ki, bütün bunlar məni çox yaxşı tanıyan və bilən bir Qüdrət tərəfindən idarə edilir” deyərək əşya və hadisələri haldan-hala salan, onlara hökm edən Sonsuz Qüdrət Sahibini tapa bilər.


[1] Möhkəmləndirmək, həqiqəti dərk etmək, dəlillərlə ona vaqif olmaq, inanmaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.