Səbir növlərinin kəsişmə nöqtələri
Sual: Əsərlərdə ibadətlərə, günahlara, müsibətlərə səbir etməkdən, yəni səbrin üç növündən bəhs olunur. Səbrin bu növlərinin bir-biri ilə əlaqəsini izah edərsinizmi?
Cavab: İnsanları mənəvi kamilliyə yönəldən keçmiş dövrlərin böyük şəxsiyyətləri kimi Həzrəti Pir də öz əsərlərində səbrin bu üç növündən bəhs etmişdir. Bu səbir növləri bir-biri ilə bağlıdır. Gəlin, icazənizlə, bu əlaqəni ümumi şəkildə izah etməyə çalışaq.
İbadətdə istiqamət insanı günah işləməkdən qoruyur
İbadətləri mükəmməl və nöqsansız yerinə yetirmək və ələlxüsus da bu məsələyə mütəmadi şəkildə riayət etməyə çalışmaq güclü səbir tələb edir. Çünki bir işi başldıqdan sonra onu heç bir qüsura yol vermədən başa çatdırmaq çox çətindir. Buna baxmayaraq, insan bunun səbir etməklə, inşallah, Allahın sevgisinə nail olacaqdır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifdə buyurur: “Allahın ən sevdiyi əməl az da olsa, mütəmadi işlənən əməldir” (Buxari, “Riqaq” 18; Müslim, “Səlatül-müsafirin”, 216-218). Nafilə ibadətlər bir kənara, insanın fərz ibadətləri müntəzəm yerinə yetirməsi belə kamil ibadət baxımından hədsiz vacibdir. Nəticə etibarilə, insan Ustad həzrətlərinin “məqami-məhbubiyyətə qədər yüksəldir” ifadəsi ilə diqqətə çatdırdığı “ibadətlərə səbir ibadəti” ilə İlahi dərgahda yüksək məqamlara çatır.
Əgər siz sizə fərz olduğu gündən bəri, hətta alışma mərhələlərini də nəzərə alsaq, yeddi-səkkiz yaşınızdan son nəfəsinizədək namaz, oruc, zəkat və digər ibadətləri müntəzəm yerinə yetirmisinizsə, İlahi rizaya gedən yolda ciddi addımlar atmış sayılırsınız. Əgər bir insan ibadətlərdən bu cür möhkəm yapışmışsa, qıldığı namazlar, tutduğu oruclar, verdiyi zəkatlar və s. bir mənada cürmlərə sipər olacaq və onu böyük günahlardan qoruyacaqdır.
Məsələn, müasir dövrdə bəzi insanlar bəzi əlamətdar günləri bəhanə gətirərək zərərli içkilər içir, hətta bunun ucbatından komaya düşənlər də olur. Belələri şər hiss və ehtiraslara qapılıb dünya və axirətini qaraldırlar. Ancaq ibadətini müntəzəm yerinə yetirən bir insan – nəzərə alsaq ki, belə gecələrdə də həmişəki kimi məscidə gedəcək və ibadətlərindən qalmayacaq, –məsciddən çıxandan sonra dost-tanışı və qohum-əqrəbası israr və təşviq eləsə belə, dinin qadağa qoyduğu belə bir günahı işləməz. Çünki qıldığı namaz, oxuduğu övradü-əzkar (zikir və dualar), Allahın izni və inayətilə, ona bir sütrə (maneə) və “baryer” olur və onun ömür yolunda heç bir əngəllə qarşılaşmadan sağ-salamat mənzilə çatmasını təmin edir. Bir məqamı da qeyd edək; mütəmadi axan su mərməri aşındırdığı və “əritdiyi” kimi, ibadətlərdə sabitqədəmlik nəfsin günaha meyillərini “əridir”.
İbadət düşüncəyə düzgün istiqamət verir
Bir insanın ibadətini həssaslıqla yerinə yetirməsi bəla və müsibətlərə münasibətdə də köməyinə çatır. Çünki ibadət insana Cənabi-Allahın rizasını, Onun qəzavü-qədərini xatırladır. Bu səbəbdən belə bir mömin çətinliklərlə üzləşəndə doğru düşünür və Allahın izni ilə, taleyinə üsyankarlıq etmir. Əksinə, Allahla irtibatı möhkəm olduğuna görə “Bütün bu hadisələr əmrə müntəzir şəkildə hüzurunda dayandığım Zatın icraatıdır” deyə düşünərək taleyi ilə barışır. Başqalarının sarsıldığı məqamlarda belə o: “Xoşdur mənə Səndən gələn / Ya xilatü, yaxud kəfən / Ya tazə gül, yaxud tikan / Lütfün də xoş, qəhrində xoş” deyərək həmişə Cənabi-Allahdan razı olur.
Bəli, ibadət, übudiyyət və übudətlə (ibadətin dərəcələri) Cənabi-Allaha üz tutub Ona kamil bir bəndə olmağa çalışmaq insanı həm bir qala kimi qoruyur, həm də bəla və müsibətlərlə üzləşəndə doğru düşüncəyə yönəldir. Bütün bunları nəzərə alanda görürük ki, səbrin növləri arasında sıx əlaqə vardır.
Burada səbrin növləri çətinlik dərəcəsinə görə sıralanmışdır. Belə ki, bir insanın ibadətlərini ömür boyu nöqsansız və müntəzəm yerinə yetirməsi çox çətindir. Bu çətinliyin öhdəsindən gələn insanın səbrin digər növlərinə sinə gərməsi də asan olur. Çünki qandan-irindən dəryaları keçən bir insan üçün bir çayı keçib o biri tərəfə adlamaq o qədər də çətin olmaz, Allahın izni və inayətilə. Nəticə etibarilə birinci verilən səbir növü ikincini və üçüncünü, ikinci də üçüncünü asanlaşdırır və onlara kömək edir.
Sual: Bu səbir növlərindən başqa səbir növləri var?
Cavab: Həzrəti Bədiüzzamanın qeyd etdiyi bu səbir növlərinə yenilərini də əlavə etmək mümkündür. Məsələn, zamandan asılı olan bəzi məsələlərdə dişini dişinə tutub səbir etmək çox vacibdir. Deyək ki, siz bütün insanların Allaha inanmasını, sevginin hər tərəfə yayılmasını, hər yanda sülh və əmin-amanlığın hakim olmasını, hər kəsin bir-birinə can deyib can eşitməsini, irqçilik düşüncəsinin yerlə-yeksan olmasını və s. arzulayır və bunun üçün canla-başla çalışırsınız. Ancaq unutmayaq ki, bütün bu gözəl arzuların həyata keçməsi üçün yeni bir nəslin yetişdirilməsinə və məsələnin kökündən həll edilməsinə ehtiyac vardır. Şübhəsiz ki, bunun gerçəkləşməsi ən az çərək əsr, hətta bəlkə də, yarım əsr vaxt tələb edir. Tələskən insanların buna səbri-səbatı çatmaz. Şairin dediyi kimi, bu məsələdə tələskənlik edənlərin “payinə damən (ayağına ətək) dolaşar”, təmkinlə hərəkət edənlər isə mənzil başına çatar.
Bundan əlavə, hakimiyyətə gəlib iqtidarı ələ keçirənlər çox vaxt qısa müddətdə cəmiyyətin rəngini, şəklini, naxışını və adətlərini dəyişdirə biləcəyini düşünür və bu anlayışla toplumu formalaşdırmağa çalışırlar. Halbuki məsələni kökündən həll etməsəniz, insanların azad iradəsinə hörmət göstərməsiniz və əlverişli mühitin formalaşması üçün tələb olunan səbri ortaya qoymasanız, özünüz də bilmədən zaman və hadisələrin məcrasını öz əleyhinizə döndərmiş olarsınız. Bəzi işləri uğurla başa vurduğunuzu sanarsınız, ancaq tikdiyiniz zəif bünövrəli bina hər an uçub dağıla bilər. Çünki tələskənlik və “yakobinlik” insan təbiətinə və ictimai təkamülə ziddir. Ona görə də öz xalqına, hətta bütün bəşəriyyətə sülh və sevgi bəxş etmək uğrunda çalışıb-çabalayan könül ərləri buna hazır olmalıdır; bu yolda canla-başla çalışsalar da, ola bilsin ki, arzuladıqları gözəllikləri görmək onlara nəsib olmayacaq. O gözəllikləri görmək gələcək nəsillərin qismətinə yazılıb. Biz “öz vəzifəmizi yerinə yetirib şəni-rübubiyyətə (İlahi icraata) qarşımamalıyıq” prinsipinə bir ömür boyu sadiq qalmağa borcluyuq.
Səbrin digər növü isə dünyanın mübah görünən cazibədar gözəlliklərindən uzaq olmaqdır. Bəli, dünyanın gözqamaşdırıcı şüalarına dik baxıb mətin dayanmaq da çətin səbirlərdən biridir. Həzrəti Pirin də əsərlərində bəhs etdiyi kimi, bir nəfər “sanki yedim” deyə-deyə bir məscid tikdirib. Nəfsi çəksə də, yeməyib içməyib, dişini sıxıb səbir etmiş, “sanki yedim” deyə-deyə yığdığı pullarla gözəl bir məscid inşa etdirmişdir.
Ən üstün səbirlərdən biri də müqərrəbinə aiddir. Bu insanlar Cənabi-Allahın camalına və Rəsuli-Əkrəmə qovuşmaqdan ötrü alışıb yansalar da, ruhlarının üfqünə qanad açanadək (vəfat edənədək) dünyada yaşamağa səbir edirlər. Bu məqama yüksələnlərdən biri olan Mövlana: “Sinə hahəm şərha şərha əz firaq; tabə güyəm şərhi-dərdi iştiyaq! (Mənə parça-parça olmuş bir qəlb verin ki, bu fəraq dərdimi ona danışım)”deyir. Yəni bir insan gərək dərdli olsun ki, dərdi anlasın. Dərddən anlamayana dərdi anlatmazlar. Həzrəti Mövlana bir bəşər kimi itirilən cənnətin bir övladı olduğunu, Allahdan gəldiyini və dünyaya atılan bir zavallı bəndə məqamında dayandığını deyir və vüslət həsrəti ilə yanıb qovrulurdu. “Şəbi-arus” kəlməsi son nəfəsədək dilindən düşməmişdi. Halbuki “Nə vaxt qovuşacağam?” deyə yanıb qovrulsa da, həsrətdən burnunun ucu göynəsə də, heç vaxt: “Allahım, canımı al ki, Sənə qovuşum!” deməmiş, iradəsini ortaya qoyub hicran odunu səbirlə söndürməyə çalışmışdı.
Çünki bizi buraya göndərən Odur. Əmr ədəbdən, hətta eşqdən də üstündür. İnsan eşqdən dəli-divanə olsa da, O “Gəl!” demədən getməyi istəmək Ona qarşı ədəbsizlikdir. Bizi buraya əsgər kimi göndərən Odur, tərxis sənədini də O verəcək. O halda bizim borcumuz tərxis olunanadək dişimizi sıxıb dünayaya dözməkdir. Məhz budur hicran səbri. Ancaq bu səbir qəlbən inanan, hətta mərifət məqamına çatan, mərifətdən məhəbbətə, məhəbbətdən eşqə qanad açan çox böyük şəxsiyyətlərin işidir, bizim həddimiz deyil.
- tarixində yaradılmışdır.