Siyər fəlsəfəsi və Hudeybiyə sülhü

Sual: Siyəri-səniyyə ilə müasir dövrün ortaq nöqtələrini müəyyənləşdirməyin zərurət olduğunu deyirsiniz. Bu nöqteyi-nəzərdən Hudeybiyə sülhünü dəyərləndirə bilərsinizmi?

Cavab: Siyəri-səniyyə[1] Qurani-Kərimi anlama yollarını göstərən, nəslərin müfəssiri və müməssili (təfsirçisi və təmsilçisi) sayılan və daim müraciət edilməli olan mühüm bir mənbədir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) söz, hərəkət, davranış və təqrirləri ilə vəhyə uyğun həyatın canlı örnəyini ortaya qoymuşdur. Hər biri mahir söz ustadı olan səhabeyi-kiram da bu iki müqəddəs qaynağı doğru mütaliə etmiş, doğru anlamış, doğru şərh etmiş, doğru ifadə etmiş və gələcək nəsillərə bir yol qoyub getmişlər. Zənnimcə, bizim qurtuluşumuz da "Mənim səhabələrim ulduzlar kimidir. Hansına tabe olsanız, hidayət taparsınız" mübarək sözü ilə şərəflənən səhabeyi-kirama tabe olmaqdan asılıdır.

Böyük bir müfəssir – zaman

Səadət Əsrində baş verən hadisələr cüzi (az) olsa da, onlarda qiyamətə qədər bütün külli hadisələrin işarələri, əlamətləri var. O dövrdə baş verən hər hadisədə, sanki, gələcəkdə ortaya çıxacaq məsələlərin həlli üçün ipucları verilmişdir. Bu ipucları ilə hərəkət edən insanlar öz dövrünün xüsusiyyətlərini və fərdlərin kültür səviyyəsini nəzərə alaraq ortaya çıxan problemləri həllə edə bilərlər. Eyni şəkildə nəqliyyat və informasiya texnologiyası ilə sürətlə qloballaşan müasir dünyanın insanları da siyəri-səniyyədəki ipuclarını əsas götürməklə problemlərinə alternativ həll yolları tapa bilərlər. Ancaq bunu mükəmməl şəkildə həyata keçirmək üçün həm siyəri-səniyyəni yaxşı qavramaq, həm də mövcud şəraiti düzgün təhlil etmək lazımdır. Siz bütün siyər əsərlərini oxuya, oxuduqlarınızı başqalarına danışa bilərsiniz. Əldə etdiyiniz məlumatlarla o dövrün hadisələrini çox yaxşı qavramış da ola bilərsiniz. Hətta o dövrdən söhbət açılanda həmin qəhrəmanların birinə çevrilib kədərli hadisələrdə kədərə, sevincli hadisələrdə sevincə qərq ola bilərsiniz. Ancaq əgər bununla kifayətlənər, o hadisələrin ipuclarını əsas götürüb dövrün tələbatına görə müəyyən boşluqları doldurmağa çalışmazsanız, tarixi hadisələri ustalıqla nəql etməkdən o tərəfə keçə bilməzsiniz.

Şübhəsiz ki, siyər fəlsəfəsi 14 əsrlik İslam tarixinin müxtəlif dövrlərində müzakirə edilmiş və Səadət Əsrində olan bəzi hadisələr sosial tarix aspektindən şərh olunmuşdur. Lakin o dövrlə bu gün arasında sosioloji baxımdan böyük fərqlər var. Müəyyən dövrlərdə ortaya çıxan fəlsəfi görüşlərin bəziləri tədricən sıradan çıxmış, bir qismi dəbdən düşmüş və yeni düşüncə tərzi ortaya çıxmışdır. Buna görə də keçmiş dövrlərə aid siyər şərhlərindən istifadə etsək də, onlar dövrümüzün təlabatına tam cavab vermir. Nəticə etibarilə siyər fəlsəfəsini ancaq ən böyük müfəssir sayılan zamanın təfsirini, şərhlərini nəzərə alanlar, yəni ibnüz-zaman və ya ibnül-vaxt olanlar şərh edə bilər.

Siyərə məhz bu prizamadan baxsaq, onun əvəzolunmaz mənbə olduğunu görərik. Bəli, siyər fikir həyatımız üçün bitib-tükənməyən dupduru bir mənbədir. İstifadə etməyi bacaranlar ondan çox şey əldə edəcəklər. Sualda qeyd etdiyiniz Hudeybiyə sülhünə də bu aspektdən yanaşsaq, onun müasir dövr baxımından nə qədər hikmət ehtiva etdiyini görərik.

Nifrət buzlarını əridən hilm (həlimlik) günəşi

Hicrətin altıncı ili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) səhabələrinə ümrə barədə söz vermiş, İslami ruhda və əsasda ümrəni öyrətmək üçün Kəbəyə yollanmışdı. Ancaq Qureyş sərt və qəti tədbirlər görərək buna mane olmaq istəyirdi. Allah Rəsulu Məkkəyə yaxınlaşanda yalnız ümrə niyyətində olduğunu çatdırmaq üçün şəhərə elçi göndərir. Lakin Qureyş bu elçini öldürmək istəyir. Arxasınca Hz. Osman elçi göndərilir. Qureyşlilər onu da həbs edirlər. Allah Rəsulu (əleyhissalatu vəssalam) da Müsəlmanları beyət etməyə səsləyir. Bu hadisələr gərginliyi xeyli artırmışdı. Əshabi-kiram qılıncını yarıya qədər çəkmiş, Qureyşin hərəkətinə cavab vermək istəyirdi. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Kəbəni təvaf etməyə söz vermişdi. Dörd yüz kilometrlik yolu dəvə və atlarla qət etmiş, Ciddəyə qədər gəlmişdilər, ancaq müşriklərin onları şəhərə buraxmamaqda qərarlı idilər. Əgər Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qürurunu düşünüb bir işarə etsəydi, səhabələr nə Xalid b. Vəliddən, nə Amr b. Asdan, nə də on minlərlə silah-sursatlı Məkkə ordusundan qorxub çəkinərdi. Hamısınə yerə sərər, gedib Kəbəni təvaf edərdilər. Lakin bunun uca və yüksək məfkurəyə bir yararı olmazdı. Çünki qarşı tərəfdə hidayətə namizəd nə qədər insan vardı.

Hansı qərarın hansı nəticəni doğuracağını çox yaxşı bilən təmkinli Rəsul (sallallahu əleyhi və səlləm) Məkkəli müşriklərlə Hudeybiyə sülhünü imzalamışdı. Əshabi-kiramın beyətini ‒ ölənədək vuruşmağa və əsla geri dönməməyə söz verməsini müqavilə bağlamaqla dəyərləndirmişdi. Çünki belə ağır məsələdə beyət edən səhabələrin Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) geri qayıtmaq barədə əmrinə itaət etməsi daha asan idi. Fətanət və bəsirət sahibi Peyğəmbərimizin bu əvəzsiz qərarını həm qeyri-mətluv vəhy[2] kimi, həm də öz fitrətini ortaya qoyması kimi dəyərlədirə bilərsiniz.

Hudeybiyə müqaviləsinin maddələri zahirən Müsəlmanların əleyhinə idi. Əvvəla, ürəyi Kəbə eşqi ilə yanıb qovrulan min beş yüz insan həmin il Kəbəni təvaf etmədən geri qayıdacaqdı. Bu vəziyyət zahirən onlar üçün məğlubiyyət idi. Ancaq Hudeybiyə müqaviləsindən sonra dağ-dərə demədən hər yerdə qəbilə və tayfalar arasına yayılaraq insanları Quranın ayələrinə, İslamın gözəlliklərinə çağırma imkanı əldə etdilər. Müqavilədən sonra yaranan yumşaq abı-hava məkkəli müşrikləri də yumşaltmağa başlamışdı. Belə ki, bir-iki il sonra Xalid b. Vəlid, Osman b. Talha, Amr b. As kimi böyük simalar Müşrik cəbhəsinin boşluğunu hiss etdi, qarşı tərəfdə böyüyən qüvvənin fərqinə vardı, zorla deyil, öz istəkləri ilə Müsəlman oldular. İslamı seçməkdə zorakılıqla qarşılaşmadıqları üçün də incik deyildilər.

Təkcə bu üç şəxs deyil, hətta yüzlərlə, minlərlə insan müsəlman oldu. Peyğəmbərimizin (əleyhi əkməlüttəhaya) həlimliyi sayəsində Hudeybiyə müqaviləsi ilə meydaha gələn sülh abı-havası düşmən cəbhələrini bir-bir dağıtmış və o cəbhənin adamları da tədricən gəlib təslim olmuşdular. Təkcə təslim olmamış, həm də öz istəkləri ilə gəlib İslamı qəbul etmişdilər. Bütün bu hadisələri əvvəlcədən görüb dəyərləndirən Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) məqsədi təkcə Kəbəni təvaf etmək, hətta fəth etmək deyil, həm də könülləri fəth etmək idi. Buna görə də Hudeybiyə şərtləri zahirən əleyhinə olsa da, sülh yolunu seçmişdi. O (sallallahu əleyhi və səlləm), bu qərarı ilə eyni zamanda ətraf qəbilələrin "Kəbəyə qan töküb girdilər" deməsinə də imkan verməmişdi. Qısa müddətdən sonra Məkkə Hərəmi-Şərifə qüsursuz ehtiramla, qan tökülmədən fəth edilmişdi. Düzdür, Məkkəyə girəndə bir neçə adam müqavimət göstərmiş, məsələnin incəliyini qavramayan bəzi kimsələr də onlara müdaxilə etmişdi. Lakin bu, kiçik bir hadisə idi və istisna təşkil edirdi.

Sülh ab-havasında açılan könül qapıları

İndi isə gəlin baxaq görək, müxtəsər nəql etdiyimiz bu hadisə müasir insana hansı məsələləri ilhama edir: Nəqliyyat və informasiya texnologiyaları ilə məsafələrin qısaldığı, müxtəlif mədəniyyət və anlayışların qaynayıb-qarışdığı müasir dünyada fərqli din və mədəniyyətlərin mənsubları eyni məkanı bölüşür, birlikdə yaşayırlar. Məsələn, Afrikanın bir ölkəsinə gedin, orada hələ də qəbilə dinlərinə sitayiş edənlər olduğu kimi, xristianlaşdırılmış insanlar da az deyil. Hətta bəzi xristianlar Qərbdən daha təəssübkeşdir. Aralarında İslama qarşı çıxan, qərəzli yanaşanlar da var. Əgər bu insanlarla münasibət qurulacaqsa, mövcud şəraiti düzgün analiz etmək və hər məsələni yüz ölçüb bir biçəndən sonra hərəkət etmək lazımdır. Çünki bu, sərtliklə, kobudluqla həll olunası məsələ deyil. Heç vaxt başa qaxınc edərək insanlarla münasibət qura bilməzsiniz. Əksinə dialoqla, xoşgörü ilə, hörmətlə, onların əhsəni-təqvimdə yaradıldıqlarını nəzərə alaraq, mahiyyət etibarilə parlaq bir ayna olduqlarını qəbul edərək onlarla xoş münasibətlər qura bilərsiniz.

Bütün bunları düzgün analiz edikdən və "mən bu zamanın övladıyam və bu cəmiyyətdə yaşayıram" dedikdən sonra bir üslub müəyyənləşdirilməlidir. Zənnimcə, hazırda ən böyük nöqsanımız hələ də ümumbəşəri bir üslub ortaya qoymamağımızdır. Kaş dialoq mərkəzləri kimi bu günün insanına belə yüksək üslubu öyrədən “üslub təlimi” mərkəzləri də olaydı. Bu müəssisələrdə "müxtəlif mədəniyyət və anlayışlara mənsub insanlarla əks-reaksiya, mənfi münasibət oyatmadan dialoq qurmaq" öyrədiləydi. Əlimizdə Quran və Sünnə kimi hər dövrün problemlərini həll etmə potensialına malik iki zəngin qaynaq var. Lakin qənaətimcə, bunların müxtəlif toplum və mədəniyyətlərin övladlarına ən uyğun üslubda çatdırmaq üçün müştərək bəyan dilinə ehtiyac var.

O halda toplumların dil, mədəniyyət kimi məsələlərdə çox həssas olduğu belə bir dövrdə addımınızı atmadan qarşı tərəfi tanımalı və onun hislərini nəzərə almalısınız. Bunları nəzərə almadan məsələlərə sırf öz prinsiplərinizdən yanaşsanız, yanılarsınız. Yolda qarşıdan gələn maşını nəzərə almayan, sırf öz maşınını yaxşı sürməyi düşünən sürücü yaxşı sürücü ola bilməz. Bunun əvəzinə sağdan və soldan çıxan, qarşıdan gələn, yoldan keçən insanları da nəzərə almalı və sükan arxasına bu düşüncə ilə keçməlisiniz. Sözlərinizi bişirmədən düşürsəniz, düşünüb daşınmadan danışsanız və həyəcan tufanlarının həmsöhbətlərə necə təsir edəcəyini nəzərə almasanız, fərqinə varmadan neçə-neçə qəlbi qırarsınız.

Əsas mövzumuza qayıdaq, siz də Hudeybiyə sülhünün verdiyi ipucundan hərəkət etməli və kiçilən dünyamızda qarşı tərəf hansı dinə mənsub olur-olsun onlarla sülh yolları axtarmalısınız. Bu istiqamətdə qeyri-hökümət təşkilatı olaraq toplumlar arası əlaqələrdə, məsələn, bir Afrika razılaşması, Uzaq Şərq razılaşması, Kanada razılaşması kimi müqavilələr bağlaya bilərsiniz. Bununla gələcəkdə ehtimal olunan hücumlara və qərəzli yanaşmalara qarşı "Bizdən sizə zərər gəlməz" deməyə münbit şərait əldə etmiş olarsınız. Bunun sayəsində özünüzü daha rahat ifadə edərsiniz. Əslində sizdən heç kimə, heç vaxt pislik gəlməz. Lakin bunu göstərmək üçün elə zəmin hazırlamalısınız ki, orada həm siz öz xarakterinizi tam ortaya qoymaq imkanı olsun, həm də qarşı tərəf sizi dinləmək imkanı əldə etsin. Unutmamalısınız ki, insanlar sizin daxili aləminizi, könül dünyanızı nə qədər tanıyırsa, o qədər sizə güvənib etibar edəcək.

Xülasə, unutmayın ki, bügünkü şəraitdə ancaq dostluq, tərəfdaşlıq və həmrəylik ab-havasında müsbət nəticələr əldə etmək mümkündür. Əgər müxtəlif mədəniyyət və anlayışlara mənsub insanlarla görüşür, əl-ələ averir, bir masa ətrafında yemək yeyir, çay içirsinizsə, deməli, bir-birinizi yaxşı tanımaq imkanınız var. Başqalarının sizi öz dəyələriniz və mədəniyyətinizlə tanıması da ancaq bunun sayəsində mümkün olacaq. Və ancaq bunun sayəsində müxtəlif mədəniyyət və coğrafiyalarda yaşayan insanlar sizə qərəzli yanaşmaqdan əl çəkəcəklər.

[1] Peyğəmbərimizin (s.ə.s.) uca həyatından bəhs edən kitablar
[2] Allah Rəsulunun Qurandan savayı aldığı vəhy
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.