Sui-zənn
Sual: Bir hədisi-şərifdə buyurulur ki, insanların həlak olduğunu söyləyən şəxsin, əslində, özü həlak olmuşdur. Sui-zənn bəsləmək və ya başqalarını daima tənqid eləmək sözügedən hədisin məzmununa daxil olur?
Cavab: Müslim “Səhihi” kitabına daxil edilən bir hədisi-şərifdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur: ““İnsanlar həlak oldu” deyən, əslində özü həlak olmuşdur” (Müslim, “Birr”, 139; Əbu Davud, “Ədəb”, 77; Muvatta, “Kəlam”, 2). Bu kəlam cəvamül-kəlimdir (az sözlə çox məna ifadə edir), nəticə etibarilə, bir çox həqiqəti özündə ehtiva edir. Bu həqiqətlərdən biri də başqalarına sui-zənn bəsləməkdir. Çünki kiminsə haqqında “O həlak olmuşdur” demək, bir başqası barədə “Aqibəti pis olacaq” kimi sözlər danışmaq sui-zənnin nəticəsidir. Halbuki Rəsuli-Əkrəm Peyğəmbərimiz (aleyhi əkməluttəhaya) xəbər verir ki, pis aqibətə, əslində başqaları haqda bu cür sözlər danışan düçar olur.
Nəfsini bütləşdirənlər kənarda günahkar axtarar
Sui-zənn nəticəsində başqaları haqqında dilə gətirilənxoşagəlməz sözlərdəeqoizm, eqosentrizm, hətta hər şeyi özündən bilmək, yəni narsizm vardır. Bir insan hamını pisləməklə, hər kəsi günahlandırmaqla öz-özünü bütləşdirir, özünə sitayiş edir və bir mənada güzgüyə baxıb “Məndən yoxdur. Bir telimə bütün mülkü-əcəm fədadır” düşüncələrinə qapılır.
Sui-zənnəqapılmış bir insan başqalarının namaz kimi vacib ibadətinin belə üstündən xətt çəkə bilər. Məsələn, namaz qılan bir adamı görəndə: “Görəsən, bu namazı layiqincə qılırmı?” düşünər. Amma bilmir ki, bu cür düşünənəPeyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “Yarıb ürəyinə baxmısan?” bəyanı ilə cavab vermişdir (Buxari, “Məğazi”, 45, “Diyat”, 2; Müslim, “İman”, 158). Biz insanların ürəyindən nələr keçdiyini bilmirik. Biz kiminsə üzdə namaz qıldığını düşünürük, ancaq nə bilmək olar, bəlkə də, o, namazını dərin xüşu içində əda edir.Ona görə də, həqiqi namaz, möminə xas xüsusiyyətlər kimi məsələlərdə həqiqəti söyləmək vəzifəmiz olsa da, onun-bunun qıldığı namaz və ya tutduğu oruca sui-zənn bəsləməkdən, ələlxüsus da bu fikrimizi dilə gətirməkdən uzaq olmalıyıq. Çünki insanların ibadətinə qərəzli yanaşmaq, onları başqa mənalara yozmaq dəhşətli sui-zənndir. Bu sui-zənn insanın mənəvi tənəzzülünə gətirib çıxara bilər. Allah-taala (cəllə cəlaluhu): “Ey iman gətirənlər! Zənnə-gümana qapılmaqdan çox çəkinin. Bir-birinizin eybini, sirrini arayıb axtarmayın!” (“Hucurat” surəsi, 49/12) buyuraraq sui-zənni qəti qadağan etmişdir.
Buna görə də, insanlar haqqında mümkün qədər hüsnü-zənn bəsləmək lazımdır. Belə ki, qarşıdakı insanın bircə müsbət cəhəti də olsa, ona hüsnü-zənn etməli, sui-zənndən uzaq durmalıyıq. Məsələn, bir adamın yalnız bir axirət sərmayəsi – kəlmeyi-tövhid və ya kəlmeyi-şəhadəti var. Zahirən saleh əməli görünməyən belə bir insan haqqında bu cür düşünməliyik: “Bəlkə də,o, kəlmeyi-şəhadəti ürəkdən söyləyib və bu söz ilahi dərgahda məqbul sayılıb.Nəticə etibrailə, təkcə kəlmeyi-şəhadət gətirməklə nicat tapa bilər ”. Özümüzə gəlincə, gündə beş deyil, beşdən əlavə əlli namazın qəzasını da qılsaq, yenə də ibadətlərimizə şübhə ilə baxmalı, riya və süma qarışıb bizi həlakasürükləyər deyə əndişə etməliyik.
Örnəkləri çoxaltmaq olar. Məsələn, bir insan ibadətlərini nöqsanlı yerinə yetirdiyinə görə zahirən Allahla irtibatı zəif görünsə də, daima düz danışır, sözlərinə yalan qarışdırmır. Biz onun dürüstlüyünün Allah qorxusundan irəli gəldiyini düşünməliyik: “Bu insan danışığına bu qədər fikir verirsə, demək, Allahla güclü irtibatı var”. Çünki bir insanın haramdan uzaq olması, başqasının bir arpasını belə yeməməsi, bir şey veriləndə layiq olmadığını düşünərək imtina etməsi kimi fəzilətlərini Allah rizasından başqa bir şeylə izah eləmək mümkün deyil. Ona görə də, belə hallarda insanların Allahla irtibatına daimahüsnü-zənlə baxmalıyıq.
Hüsnü-zənn və adəmi-etimad
Ancaq ifrat və təfritə yol vermək istəmiriksə, bu düsturu əldə rəhbər tutmalıyıq: xüsusilə, tərəddüdlü insanlara hüsnü-zənn bəsləməklə yanaşı, onlara münasibətdə adəmi-etimadqaydasını da (bir insan haqqında gözəl düşünməklə yanaşı, ona tam etimad etməmək, ehtiyatı əldən verməmək) əsasgötürməliyik. Çünki hüsnü-zənn bəslədiyimiz insan arabir yol dəyişdirirsə, demək, o qədər də kamil və mükkəmməl olmaya bilər. O baxımdan bu cür insanlara hüsnü-zənn bəsləsək də, onlara bəzi həyati əhəmiyyətli vəzifələri tapşırmaqda və ya çox vacib işləri əmanət etməkdə tələsməməliyik. Lakin belə hallarda da: “Mən filankəsə çox etibar eləmirəm, filankəs etibarlı adam deyil” deməməli və unutmamalıyıq ki, bu cür sui-zənn mahiyyətli sözləridanışmağa haqqımız yoxdur.
O halda biz başqalarının ən kiçik gözəl əməllə belə nicat tapacağını düşünməli, xətalarına tolerant yanaşmalı və onların əleyhinə söz söyləməməliyik. Səadət Əsrində baş verən bir hadisə möminlərə bu mövzuda yol göstərir. İçki yeni qadağan edilmişdi. Bir səhabə bir neçə dəfə sərxoş vəziyyətdə məscidə gəlmiş, buna görə cəzalandırılmış, bir dəfə də Allah Rəsulunun hüzuruna gətirilmişdi. Yenə bir gün eyni əməlinə görə Peyğəmbərimizin hüzurundaydı. Bir nəfər “Allah cəzanı versin. Sən nə pis adamsan. Neçənci dəfədir bu vəziyyətdə gəlirsən!” kimi sözlər dedi. Bunu eşidən Allah Rəsulu “Qardaşınızın əleyhinə (danışmaqla) şeytana kömək olmayın. Allaha and olsun o, Allah və Rəsulunu sevir” buyurdu (Buxari, “Hudud”, 4-5; Əbdürrəzzaq, “əl-Müsənnəf”, 7/381, 9/246). Biz də insanlara Allah Rəsulunun gözü ilə baxmalıyıq.
Ən gözəl ibadət - hüsnü-zənn
Xüsusilə, Allah Rəsulu ilə, Quranlairtibatda olan, həyatını iman və Quran həqiqətlərinin ehyasına həsr edən insanlara sui-zənn bəsləmək, onlarda nöqsan axtarmaq və onları ayıblamaqdan ciddi şəkildə çəkinmək lazımdır. Çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) “Kim müsəlman qardaşını xəta və günahına görə ayıblarsa, həmin əməli işləmədən ölməz” (Tirmizi, “Sifətül-qiyamə”, 53; ət-Tabərani”, “əl-Mücəmül-övsat”, 7/191) hədisi ilə xəbərdarlıq etmişdir. Ona görə də insan: “Mən filankəsi filan əməlinə görə pislədim. Görəsən, məni və ya ailəmi belə bir əmələ görə ayıblasalar, mən nə edərəm?!” şəklində düşünməli və buna görə qorxub titrəməlidir.
Bəli, həqiqi mömin, kim olur-olsun, insanlar haqqında düşünəndə diqqətli olmalı və təmkinli hərəkət etməlidir. Bildiyiniz kimi, "daim ayıq-sayıq olma" mənasına gələn “təyəqquz” sufiliyin ilk pilləsidir. Mömin Allah yolunda daim sayıq olmalı, mümkün qədər hüsnü-zənn bəsləməli, qətiyyən sui-zənn günahına girməməlidir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də: “Hüsnü-zənn ibadətin gözəlliyindəndir” buyuraraq bizə hüsnü-zənnin fəzilətini göstərmişdir.
Buna paralel olaraq, ilan kimi sancmaqdan həzz alan və daim başqalarını “buynuzlamağa” çalışanlara qarşı təmkinli davranmalı və özümüzü onlardan qorumağı da unutmamalıyıq. Ancaq sizin təmkininiz əleyhinizə məkrli planlar quran insanlara dua edib Allahdan hidayət diləməyinizə mane olmamalıdır. Məhz buna görə də, əlli il əleyhimizə yazı yazan insanlar barədə Cəhənnəm əzabı ağlıma gələndə: “Xeyr, ya Rəbbi! Nə olar onlara Cəhənnəm əzabı vermə! Qəlblərinə iman ver, onları da imanla şərəfləndir!” deyə dua edirəm.
Buna baxmayaraq, edilən zülmün müqabilində Allah sizə başqa bir seçim haqqı da vermişdir. İstəsəniz: “Allahım, onların öhdəsindən gəl, onları məğlub et, birliyini parçala, cəmiyyətini dağıt, sistemlərini başına yıx!” deyə bilərsniz. Bu, sizin haqqınızdır. Çünki: “Cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin” (“Nəhl” surəsi, 16/126) ayəsinə əsasən bir nəfər sizə işgəncə edir, əziyyət verir, əleyhinizə məkrli planlar cızır, yolunuza tələ qurursa, sizin də bu planların pozulmasına çalışmağa haqqınız var. Bununla yanaşı, ayənin arxasınca gələn: “Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir”məallı ilahi bəyan şəxsi haqq və hüquqlarda səbir etməyin, alicənablıq göstərməyin sizin üçün daha xeyirli olduğunu bildirir.
- tarixində yaradılmışdır.