Sui-zənn və həsəd

Sual: Buyurulur ki, sui-zənn və həsəd ruhi xəstəlikdir. Bu kimi hallara hansı amillər səbəb olur? Onları aradan qaldırmaq üçün nə etmək olar?

Cavab: Sui-zənn və həsəd ‒ hər ikisi öz-özlüyündə böyük günahdır. Onlar arasında müəyyən əlaqə var. Yəni birinin varlığı digərinn meydana gəlməsi ilə nəticələnir, biri o birini tələb edir. Məsələn, ətrafa sui-zənlə baxan adam sui-zənn etdiyi adamın hərəkət və davranışlarında həmişə mənfi cəhət axtardığına görə fərqinə varmadan həmin insana gizli düşmənçilik bəsləməyə başlayır. Eyni zamanda həmin adamın ən məsumanə hərəkət və davranışlarına belə sui-zənlə yanaşır. Məsələn, həsəd etdiyi adam həqiqətdə Allah rizası üçün çalışıb-çabalayan insandır. Həsədkar adam onun bu hərəkətlərini özünü göstərmə kimi qiymətləndirir və onun haqqında daim belə düşünür. Xülasə, bəzən sui-zənn həsədə, bəzən də həsəd sui-zənnə səbəb olur. Bu mənada hər iki günah da insanı fasid dairəyə salır. Mömin isə fasid deyil, saleh dairənin dalınca getməlidir. Yəni möminin hər işi başqa bir xeyirli işə zəmin hazırlamalıdır. Beləcə o, bir xeyir əməli bitirər-bitirməz dərhal başqa bir xeyirxahlığın ardınca qaçmalıdır.

Qığılcım və yanğın

Əslində sui-zənn və həsəd kiçik bir inhirafdan, meyillənmədən başlayır. İradəni ortaya qoyaraq tədbir görülməsə, bu, tədricən ruhi xəstəliyə çevrilir. Başqa sözlə desək, pərgəlin mərkəzində meydana gələn kiçik bir inhiraf o biri ucunda böyük bucaq əmələ gətirir. Məsələn, həsədkar həsəd etdiyi insanın namaz, həcc kimi sırf axirətə aid ibadətlərinə belə paxıllıq etməyə başlayır. Hətta o həddə gəlib çatır ki, bu ruhi xəstəlik küfür dərəcəsində paxıllığa çevrilir və həsədkar həsəd etdiyi mömin qardaşı barədə: “Ayağı qırılsın, mindiyi təyyarə düşsün, həccə gedə bilməsin!” kimi imanla heç cür örtüşməyən sözlər deməyə başlayır.

Bu baxımdan, qəlbdə cücərən bu cür hislərin xəyallarını belə boğmalı və böyük günahlara qapı açmasına imkan verməməlidir. Çünki başlanğıcda bu cür günahların öhdəsindən gəlmək daha asan olur. Əgər bu mərəz başını qaldıran kimi tövbə-istiğfarla təmizlənməsə, böyüməsinə imkan verilsə, tədricən qəlbin başdan-ayağa qaralmasına, hətta möhürlənməsinə səbəb ola bilər. Bildiyiniz kimi, Hz. Pir, “Ləmalar”da günahın bu xüsusiyyətini belə izah edir: “Hər bir günahda küfrə gedən yol var. Günah istiğfarla məhv edilməsə, qurd deyil, kiçik bir mənəvi ilana çevrilib qəlbi sancar.”

Rəsuli- Əkrəm Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) bu həqiqəti bir hədisi-şərifdə belə dilə gətirir: “Qul bir günah işləyəndə qəlbində qara bir nöqtə əmələ gəlir. Əgər o, günahdan imtina edər, əfv dilər, tövbə edib Allah yoluna dönərsə, qəlbi təkrar parlayar. Əksinə günah işləməkdə davam etsə, qara nöqtə böyüyər və bütün qəlbi bürüyər. Quranda: “Vərdiş halına gətirdikləri pis əməllər get-gedə qəlblərini paslandırdı” (“Mutəffifin” surəsi, 83/14) ayəsində bəhs edilən pas məhz budur.” (Tirmizi, Təfsirul-Quran 75; İbn Macə, Zühd 27)

Hədisdən də göründüyü kimi, hər günah sinədəki qəlbi deyil, qəlbi həyatımızı ləkələyir. Hər ləkə də başqa bir ləkəyə zəmin hazırlayır. Dişin dibinə düşən mikrob dərhal “Bura gəlin, burda əlverişli şərait var. Birlikdə dişi çürüdək, diş ətində yara əmələ gətirək” deyib digər mikrobları da çağırır. Qəlbdə əmələ gələn bir ləkə “Məni tək qoymayın” deyə digər ləkələri çağırır. Beləcə get-gedə ləkələrin sayı artır. Bir ləkə, ikinci ləkə, axırda da Qurani-Kərimin: “Vərdiş halına gətirdikləri pis əməllər get-gedə qəlblərini paslandırdı” həqiqəti zühür edir. Beləliklə, qəlbi elə bir zülmət bürüyür ki, bu zülmətdə insanın doğrunu yanlışdan ayırd etməsi mümkün deyil. Nəyin doğru nəyin əyri olduğunu tam seçə bilmədiyinə görə də doğru sandığı əyri yollara düşür.

Söhbəti-canandan söhbəti-canana

Bu təhlükədən yaxa qurtarmağın ən mühüm və təsirli yolu üç-beş nəfər də olsa, hər gün söhbəti- canan məclisləri qurub imanı təzələməkdir. Bəli, bu cür xəstəliklərin müalicəsi ancaq vicdanda öz təravətini saxlayan iman həqiqətləri ilə mümkündür. Buna görə də insan hər gün imana bu gözlə baxmalı, hər yeni günün başlanğıcında “Allahım, dünən Səni bu cür tanımamışdım. Məgər mən nələri fövtə vermişəm. Bu gün Səni ayrı cür hiss edir, ayrı cür tanıyıram” deyərək yeni bir iman və mərifət üfüqünə qanad açmalıdır.

Eyni mülahizələrlə həşr əqidəsinə yanaşmalı, axirət əndişəsi və hesab vermə xofu hərəkət və davranışlarımızı istiqamətləndirən əsas amil olmalıdır. Əbədi səadət yurdu Cənnətə qovuşmaq qəbirdən, sirattan, mizandan asılıdır. Əgər buralarda qurtulmasaq, Allah eləməsin aqibətimiz yamandır. Buna görə də axirətə iman mövzusunu “əlif-bə” kimi bilməli və hər gün məsələyə yeni bir rəng, yeni bir naxış və yeni bir üslubla yanaşaraq o həqiqəti bir daha vicdanən hiss etməliyik.

Axirətə imanla yanaşı, nübüvvətə iman mövzusu da bu şəkildə işlənməli və elə bir üslubda təqdim olunmalıdır ki, İnsanlığın İftixarı (əleyhi əlfü əlfi səlatin və salam) yada düşəndə insanların həsrətdən içi sızlasın. Həmçinin qədərə elə inanmalıyıq ki, başımıza ən böyük müsibət gəlsə belə, “Xeyir, Allahın məsləhət bildiyindədir” Və ya “Küfür və zəlalət istisna olmaqla hər şey üçün Allaha həmd olsun” deməyi bacarmalıyıq. Bəla, müsibətlərlə, ağır və çətin sınaqlarla üz-üzə gələndə tərəddüd etmədən: “Bunda da bir xeyir var. Demək ki, Cənabi-Allah bizə xəbərdarlıq edir” deməyi bacarmalıyıq.

İman həqiqətləri barədə düşünmək çox mühüm olduğu kimi, İslami əsasları hərfi-hərfinə, nöqsansız və ciddi bir təəbbüdilik ruhu ilə yerinə yetirmək də çox əhəmiyyətlidir. Çünki əmrə itaətdə incə məqamı dərk etmək min ağılın min mühakiməsindən əhəmiyyətlidir. Şeytan o möhtəşəm ağılını işlətmiş və uduzmuşdur. Hz. Adəm (əleyhissalam) isə bir mənada ayağı büdrədikdən sonra əmrə itaətdəki incə məqamı qavramış və təkrar yüksələrək mələkləri belə geridə qoymuşdur.

Bütün bunları həyata keçirmək üçün az-çox məlumatlı olan və dili söz tutan hər kəs səfərbər olmalı, bu işi sürətləndirməli, dərsdən dərsə tələsməli və məsələləri söhbəti-canan ətrafında müzakirə etməlilər. Payız fəslində göbələk infeksiyalarının qarşısını almaq üçün əvvəlcədən bəzi tədbirlər görüldüyü kimi, cismani mərəzdən daha böyük olan ruhi xəstəliklərin qarşısını almaq üçün də mütləq tədbir görülməli, layihə və planlar irəli sürülməlidir. Çünki mənəvi xəstəliklər təhlükəliyinə görə maddi xəstəlik və müsibətlərlə müqayisəyə gəlməz. Cismani xəstəliklər insana bir az ağrı verir və ən uzağı onun fani ömrünü əlindən alır. Ruhi xəstəliklərə gəlincə, onlar qəlbi və ruhi həyatı öldürdüyü kimi, axirətdə də əbədi həyatı məhv edir. Buna görə də məsələ böyümədən tədbir görülməli və kökündən həll edilməlidir.

Mürşid mövqeyində olanlar həsəd, paxıllıq, qısqanclıq kimi ruhi xəstəliklərin öhdəsindən həmişə gələrmi-gəlməzmi, bilmirəm. Çünki qəlbin kir, pas və möhrünü silib-silməmək Allaha aiddir. Yenə də “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, onun zəhmətinin nəticəsi görünəcəkdir!” (“Nəcm” surəsi, 53/39-40) ayəsinə istinadən bizim vəzifəmiz bu istiqamətdə səy göstərməkdir. Bəli, inanan insan fərdi və ictimai həyatda meydana gələn çatları doldurmağa, yaralanmış insanları sağaltmağa, müvaiznətini itirən və səndələyənlərin əlindən tutmağa, zehinə, hətta xəyallara soxulub təsəvvürü çirklədən mənfi düşüncələri aradan qaldırmağa çalışmalıdır. Mömindən məhz bu vəfa, bu insanlıq gözlənilir. Bunun əksi isə böyük vəfasızlıq və insani həssaslığı itirmək deməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.