Təqlid bəlası və xüsran

Sual: Haqq və həqiqətdən istifadə etmə və ya bundan məhrum qalma nöqteyi-nəzərindən Peyğəmbərimizin əmiləri; Hz. Abbas, Hz. Həmzə, Əbu Ləhəb və Əbu Talibin hal və davranışları müasir dövrün insanları üçün nələr ifadə edir, izah edə bilərsinizmi?

Cavab: Siyərdəki bəzi rəvayətlərə baxsaq, belə bir nəticəyə gələrik: Hz. Abbas İslamiyyəti Bədir döyüşündən sonra, hətta Məkkə fəthindən bir az əvvəl Mədineyi-Münəvvərəyə hicrət əsnasında qəbul etmişdir. Ancaq həyatına bir bütöv olaraq baxsaq, onun daha öncə də Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) sıx əlaqədə olduğunu və İslamın intişarı, yayılması Allah Rəsulunu müşriklərin hücumlarından qorunması kimi məsələlərdə Peyğəmbərimizə məsləhət verdiyini görürük. Məsələn, Aqabə beyətlərində Peyğəmbərimizlə birlikdə olan Hz. Abbas ənsarın Allah Rəsuluna beyət etdikdən sonra üzləşəcəkləri təhlükələrə diqqət çəkmiş və onlardan canı bahasına Onu qorumağa dair söz almışdır.

Məkkədə Peyğəmbərimizin qözü-qulağı: Hz. Abbas

Rəvayətlərə görə, Bədir döyüşündə müsəlmanlar müşrikləri məğlub edəndən sonra məkkəlilərin karvanını izləmə məsələsi ortaya çıxır. Bu mövzuda fikirini deyən Hz. Abbas Peyğəmbərimizə: "Allah sənə “ihdəl-hüsnəyəyn” müyəssər etdi. Yəni Allah sənə döyüşdə zəfər verdi. Ancaq digər şey barədə Allahın vədi yoxdur!" deyərək Peyğəmbərimizə karvanı izləməməyi məsləhət görür. Əgər bu rəvayət düzdürsə, açıq görünür ki, Hz. Abbas Allahın kəlamına inanır və Allah Rəsuluna tərəfdardır.

Hz. Abbasın həyatı ilə bağlı buna bənzər hadisələri hissə-hissə cəmləşdirəndə onun daha əvvəl müsəlman olduğu ortaya çıxır. Hətta demək olar ki, Hz. Abbas Peyğəmbərimiz Mədinəyə hicrət edəndən sonra Məkkədə qalıb özünü tərəfdar kimi göstərərək Məkkənin fəthinə qədər Allah Rəsuluna məlumat ötürmüşdür. Bəli, o, bir mənada Məkkədə Peyğəmbərimizin gözü-qulağı olmuş və Məkkədə olan-keçənləri Allah Rəsuluna xəbər vermişdir.

Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, Hz. Abbasda (r.a.) fitri bir tərbiyə vardı və o bu tərbiyənin mükafatını görürdü. Çünki bəzən insanın kiçik bir üstün cəhəti çox böyük lütflərə səbəb olur. Buna Əbu Süfyanı da nümunə olaraq göstərmək olar. Çünki Əbu Süfyan Əbu Cəhil və ya qayınatası Utbə b. Rəbia kimi sərt və inadkar insan deyildi. Lakin əhalisi on-on beş min olan, yarmarkada isə otuz-qırx minə çıxan Məkkə şəhərinin bir növ məclisi olan Darun-Nədvənin üzvü idi. Bu, Məkkə ilə bağlı məsələlərin baxıldığı məclis idi. Əbu Süfyan Darun-Nədvənin üzvü olduğuna görə bir az da oradakılara uyaraq aldanırdı. Bununla yanaşı, demək olar ki, onda bir alicənablıq var idi, fitrən pisliyə meyilli deyildi. Elə ondakı bu gözəl xislətlərin zamanla müsəlman olmağa gətirib çıxartdığını görürük.

Cəsarət və mərdliyin simvolu: Hz. Həmzə

Rəsuli-Əkrəmin digər əmisi Hz. Həmzə mərd, cəsur və ürəkli adam idi. Ovdan qayıdanda Əbu Cəhlin Peyğəmbərimizi təhqir etdiyini xəbər alan kimi yolunu dəyişib düz Darun-Nədvəyə gedir. Məclisə girən Hz. Həmzə çiynindəki ox və yayla Əbu Cəhilə vurmağa başlayır. Bu zaman Əbu Cəhlin qəbiləsindən bir neçə nəfər Hz. Həmzəyə qarşı çıxmaq istəyəndə Əbu Cəhil Hz. Həmzə Peyğəmbərimizin tərəfinə keçmək qorxusu ilə mane olur və günahı boynuna alır. Burada bir neçə cümlə ilə əhəmiyyətli bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Adam itirməmək və ya bir nəfəri qazanmaq istəyən müsəlmanlar da, ən azı, Əbu Cahil qədər ağıllı hərəkət etməli, "qürurum-şərəfim" deməyib yeri gələndə mənliyini ayaqaltına almağı bacarmalıdırlar. Bu qısa xatırlatmadan sonra əsas mövzumuza dönək. Belə bir hadisə mərd və cəsur şəxsiyyətə malik olan və qohumluq bağları güclü olan Hz. Həmzəni hərəkətə gətirmiş və Peyğəmbərimizin tərəfinə keçməsinə səbəb olmuşdur.

Təkəbbürlə gələn kədərli aqibət: Əbu Ləhəb

Əslində Əbu Ləhəb də çox pis insan deyildi. Ümumi mənada götürəndə şəfqətli və mülayim insan idi. Ancaq təkəbbürlü, qürurlu insan olduğuna görə onu tərifləyən kimi bir çox iş gördürmək olurdu. Məsələn ona: "Sən Abduluzzasan, Bəni Üməyyə qəbiləsi ilə qohumluğun var. Haşimilərlə Bəni Ümeyyənin mərkəzindəsən. Böyük bir tayfanın başındasan. Sən belə adamsan, elə adamsan…" – deyir və onu aldadırdılar. Onun belə təriflərə aldanıb Məkkədə bir çox pis əməl etdiyini bilirik. Lakin bildiyiniz kimi, Əbu Ləhəb Bədir döyüşünə iştirak etməmişdi. Qorxduğuna görəmi? Zənn etmirəm. Qənaətimcə, o Bədirdə qardaşoğlu ilə şəxsən vuruşmaq istəmədiyinə görə iştirak etməmişdi. Bədir döyüşünün getdiyi günlərdə də ölüm həqiqəti ilə üzləşmişdi. Rəvayətlərə görə Əbu Ləhəb Ümmül-Fadl validəmizin başına vurduğu sümük parçasının zərbəsi ilə ölmüşdür. Həqiqətən, aldığı bu zərbədən, beyin qanaması keçirərəkmi ölmüşdü, yoxsa Bədirdə qayınatasının və iki qaynının ölməsi, müşriklərin böyük məğlubiyyəti qarşısında qorxuya qapılması nəticəsində bir ruhi böhran keçirərəkmi, bilmirik.

Ancaq nəticədə, o, aləmləri işıqlandıran bir işıq mənbəyinin yanında olduğu halda, kədərli bir aqibətlə ölmüşdü. Onun bu kədərli aqibətindən belə bir nəticə çıxara bilərik: deməli, yol azmaqla yol azmamaq arasında çox incə bir pərdə var. Bu səbəblə, yol azana "niyə azdı?", azmayana da "necə oldu ki, yol azmadı?" deyə heyrətlə baxmalıyıq. Çünki durduğun yerdə sabit qalmaq aciz insan oğlunun əlində olmadığı kimi, yoldan çıxmaq da onun əlində deyil. Göründüyü kimi, insan yanlış dünyagörüşünə və düşüncədə azca səhvə meyil etməklə tarazlığı poza bilər və Allah qorusun, yuvarlanıb gedər.

“Əraf” surəsində bir şəxsin (bir rəvayətə görə, bu şəxs Bəlam b. Bauradır) faciəvi aqibətini yadımıza salaq. Sözügedən ayədə məalən Allah-Təala belə buyurur: "(Ya Rəsulum!) Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü". Rəvayətlərə görə bu şəxs Allaha aparan yollar haqqında məlumatı var idi və ismi-əzəmi bilirdi. Lakin belə bir insan bir yerdə yoldan çıxmışdı. Buna görə Şəriətin Sahibi Peyğəmbərimiz: "Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!" (“Ali İmran” surəsi, 3/9) duası dilindən düşməzdi. Çünki aqibətindən qorxmayanın aqibətindən qorxulur. Bəli: "Mən də gedə bilərəm!" – deyə qorxmayan, əndişə duymayan, Allah qorusun, çox təhlükəli bir zəmindədir. Çünki gördüyümüz kimi, Əbu Ləhəbin azdığı yerdə Hz. Həmzə, Hz. Abbas sıçrayıb qurtulmuşdur. Baxanda eyni ailə üzlərindən biri Peyğəmbərimizin tərəfində digəri ona qarşı çıxır. Deməli, küfrlə iman arasında çox incə bir pərdə var. İnsan bir ip üstündə gəzir. Buna görə insan, meylani-şərin (şər meyillərin) kökünü kəsib meylani-xeyirə (xeyirə meyillər) güc vermək üçün daim dua etməli, Allaha sığınmalı, istiğfar dilindən heç düşməməlidir. Allah-Taala hamımızı qorusun!

İmanın əvəzolunmaz yeri və Əbu Talib

Sualda adı çəkilən Peyğəmbərimizin əmilərindən biri də Əbu Talib idi. O, atası Həzrəti Abdulmuttalib kimi, Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) daim qorumağa çalışdı. Əslində Allah Rəsulu haqqında Abdulmuttalib Həzrətlərinin düşüncələri ilə Əbu Talibin düşüncələri bir-birindən fərqlənmirdi. Hər ikisi də Peyğəmbərimizi möcüzəvi şəxsiyyət olaraq görür, həm dünyaya təşrif gətirmədən əvvəl, həm də sonra Onun haqqında həmişə gözəl düşüncələr bəsləyirdilər. Ancaq Abdulmuttalibin vəziyyəti ilə Əbu Talibin vəziyyəti bir deyil. Çünki Abdulmuttalib Peyğəmbərimizin ana-atası kimi fətrət əhli sayılır dolayısilə, onun üçün fətrət dövrünün avantajları keçərlidir. Lakin Əbu Talib Peyğəmbərimizin peyğəmbərliyini gördüyü halda, müxtəlif səbəblərlə "Həzrəti Muhamməd Mustafa (sallallahu əleyhi və səlləm) nə deyirsə, biz də onu deyərik," – deyə bilmədi.

Əbu Talib Hz. Əlinin atası idi. Çox çətin bir dövrdə Peyğəmbərimizə dəstək olmuş, Ona kömək etmişdi. Ancaq heç vaxt unutmamalıyıq ki, bunların heç biri imanın yerini əvəz edə bilməz. "Lə ilahə illəllah Muhammədun Rasulullah" elə bir çəkiyə malikdir ki, bir hədisin ifadəsi ilə, tərəzinin bir gözünə saysız-hesabsız günahlar, digər gözünə də kəlmeyi-tövhid qoyulsa, kəlmeyi-tövhidin çəkisi ağır gələr. Çünki onu çəkidə əvəz edən başqa bir şey yoxdur. Məhz Əbu Talib bu çəkini əldən buraxmışdı. Xüsusilə də, bu çəkinin tək başına böyük məna ifadə etdiyi bir zaman kəsiyində əldən buraxmışdı. Çünki Ustadın da “Məktubat”da ifadə etdiyi kimi, Peyğəmbərimizi gördükdən və Peyğəmbərliyinə şahid olduqdan sonra Ona iman gətirmədikcə rəhi-nicat mühaldır (qurtuluş yolu yoxdur).

Əbu Talib üçün "qürur" sözünü işlətməyə tərbiyəm icazə vermir. Ancaq Qureyşin əyan-əşrəfi onu qəbilə və ata-babalara bağlılıq duyğusunu təhrik etdilər, "Sən Abdulmuttalibin yolundan dönəcəksən?" kimi sözlər dedilər və bir mənada Peyğəmbərimizə tabe olmağına mane oldular. Ancaq bildiyiniz kimi, iman gətirməyə maneə olan xüsuslardan biri də, kor-koranə əcdadlara, ata-babalara itaət etməkdir. Buna görə də, nəticə etibarilə deyirik ki, Allah Rəsuluna bu qədər kömək edən və Ona sahib çıxan bir insanın hidayətə gəlməməsi bizim üçün nə qədər kədərli bir hadisə olsa da, bu nöqtədə dilimizi tutub sükuta üstünlük verməliyik.

Burada əsas diqqət ediləsi məsələ kor-koranə əcdadlara, ata-babalara itaət təhlükəsinin bizim üçün də keçərli olmasıdır. Çünki pürməlal halımıza baxaq, çoxumuz iman əsaslarını bir-bir təhlil edib onları möhkəm bir zəminə oturdaraq iman abidəmizi ucaltmamışıq, yəni təhqiqi imana malik deyilik. Demək olar ki, ata-babalarımızın bizə qoyduğu süni imanla yaşayırıq. Bəzi əhli-sünnə imamları təqlidi əsaslı belə bir imanı qəbul etməmişlər. Çünki onlara görə, iman təhqiqi olması üçün insanın iman etdiyi əsasların hər daşını öz əli ilə yerli-yerinə qoymalıdır. Bəli, imanın hər əsasını düşünüb təhlil edəndən, hər birinin üstünə şüur möhürü vurandan sonra əldə etdiyin iman sənin öz iradənin məhsuludur. Ancaq hal-hazırda çoxumuzun imanının memarı ata-babalarımızdır, ata-babalarımızın imanının memarı da babalarımızdır... təqlid həmişə bu şəkildə davam etmişdir. Lakin bunu da əlavə etməliyəm ki, iman çox qiymətli olduğuna görə, onun təqlidi olanını belə rədd etmək imana qarşı hörmətsizlikdir.

Təqlid bəlası və biz

Hz. Ustad bu mövzuda insanları təhqiq qapısına dəvət edir, bizə təhqiq qapısını açmaq istəyir. Risaleyi-Nurda keçən “Ayətul-kübra”ya baxsaq, Ustad bu əsərdə oxucunu kainatın hər zərrəsi ilə görüşdürdüyünü, hər varlığı danışdırdığını və bizi hər məxluq qarşısında düşünməyə sövq etdiyini görürük. Onu oxuyanda insan sanki imanını yenidən formalaşdırır. Təqlidi iman dövrümüzün inkar və zəlalət fırtınaları önündə tab gətirə bilməmiş və əfsuslar olsun ki, yerlə-yeksan olub getmişdir. Hətta əsrlər boyu İslamın mənəvi həyatını ayaqda saxlayan müəssisələrdə olan insanlar belə təqlidi imanla zəlalət fırtınaları qarşısında tab gətirə bilməmuiş, şübhə və tərəddüdlərlə dinini, imanını itirmişlər. Halbuki onlar iman abidəsinin hər parçasını yaxşı bilsə və buna görə möhkəm zəminə oturtmuş olsaydılar, nəticə belə olmazdı. Gördüyümüz kimi, Əbu Talib üçün keçərli olan təqlid fəlakəti bizim üçün də üxrəvi həyatımızı təhdid edən böyük bir bəla və müsibətdir.

Həmçinin unutmamalıyıq ki, təqliddən qurtulub təhqiqin möhkəm zəminində imanımızı inşa edə bilsək, bu hal-hərəkətlərimizə də əks edəcək. Çünki inanmış insanın baxışında, danışığında həmişə ciddiyyət var. Bu mənada, Hz. Ustadın ətrafında da inanmış insanların olduğunu deyə bilərik. Halbuki biz təqlidin “böyük qəhrəmanlar”ıyıq. Çünki biz özümüzlə üzləşərək, inanclarımızı analitik mülahizə ilə təhlil edərək; təhlil edib yeni tərkib və sintez əldə edərək imanımıza sahib çıxmamışıq. Təqliddən qurtulmamış bir insan, güclü bir zəlalət fırtınasında yerlə-yeksan olma təhlükəsi ilə qarşı-qarşıyadır. Bu bəzən etiqadda, bəzən əməldə, bəzən xidmət fəlsəfəsində, bəzən də eqoizmin önə çıxmasında büruzə verir.

Halbuki iman cəhətindən oturaqlaşmış bir insanın hər hərəkətindən inanc tökülər. O, hər yöndən çox təbii və fitridir. Lazımi məsələləri xatırlayanda onun ürəyinin ağızına gəldiyini görərsiniz. Fərqli keçər onun gecələri. Səccadəsi onu çox yaxşı tanıyır. Əksinə təhqiqi imandan süzülməyən hal-hərəkətlər sünidir; alicənablıq və zəriflik aldadıcıdır. Onlarda gözəl vəsflər uzunmüddətli deyil. Bir gün çox zərif insan kimi görünə bilərsən, amma təbiətində o incəliyi əldə edə bilməmisənsə, əhvali-ruhiyənin yaxşı olmadığı bir başqa gün həqiqi üzün ortaya çıxar. "Heç kimə çırtma da vurmaram!" deyən sən elə bir yerdə elə bir təpik atarsan ki, insanların sənin haqqındakı düşüncələri alt-üst olar. Beləliklə, o günə qədər süni hal-hərəkətlərlə formalaşdırmağa çalışdığın hər şey heç olub gedər. Çünki bunlar sənin təbiətinə nüfuz etməmişdir. Rəbbim belə aqibətdən bizi qorusun və hamımızı daxili dərinliyə malik, təhqiqi imanla dolu həqiqi möminlərdən etsin. Amin.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.