Təvəccöh fürsəti

Sual: Müxtəlif müsahibə və yazılarınızda xalqın zati-alinizə (sizə) olan təvəccöhünü (hüsn-rəğbətini) onların nöqteyi-nəzərindən bir ictihad xətası, sizin zaviyənizdən də bir imtahan olduğunu söyləyərək bu təvəccöhü insanları xeyirxahlığa yönəltməkdə bir fürsət kimi dəyərləndirməyə çalışdığınızı deyirsiniz. “Təvəccöh fürsəti” təbirinə yüklədiyiniz mənaları və bundan necə istifadə etməyi izah edə bilərsinizmi?

Cavab: Dünya əhli, xüsusən də özünü eqoizm və eqosentrizmdə həbs edənlər daim təvəccöh axtarır, təvəccöh dalınca qaçır, alqış axtarır. Bəzi sənət və elm adamlarını, bir qisim siyasətçiləri də bu kateqoriyaya daxil etmək olar. Bəli, bu insanlarda hakim duyğu və düşüncə təvəccöh təmənnasıdır. Hətta bu gün bəzən nəfyi-vücud[1] etməyi əsas prinsip kimi qəbul edən insanların rəftar və davranışlarında belə bu anlayışın təsiri sezilir. Halbuki tariximizə baxanda imanda dərinləşmiş həqiqi möminlərin bu cür rəftar və davranışlardan daima uzaq olmağa çalışdığını görürük. Məsələn, İstanbulu fəth edənlər o böyük zəfərdən ötrü alqış gözləmədikləri kimi, Belqraddan qalibiyyətlə qayıdanlar da alqış ummamışdılar. Yavuz (cənnətməkan aleyhirrahmətü vəlğufran) həzrətləri Mərcidabiq və Ridaniyə səfərindən İstanbula qayıdarkən  xalqın alqışından qaçmaq üçün gecə yarısına qədər Üsküdarda gözləmiş, xalq yuxuya gedincə səssizcə Topqapı Sarayına girmişdi. Bundan başqa Qanuninin böyük bir səfərdən qayıdarkən bir komada yatması və Tariq b. Ziyadın İspaniyanı fəth edəndən sonra yatağını bir dəhlizdə saldırması da mühüm tarixi hadisələrdir. 

Təvəccöh və istidrac[2] əndişəsi

Bu böyük şəxsiyyətlərin öz nəfsinə qarşı belə mövqeyinə təsəvvüf terminologiyasında "həzmi-nəfs" deyilir. Demək ki, mömin hansı mövqedə olur-olsun, hansı nailiyyətə çatır- çatsın nəfsini məğlub edərək onu nəzarətdə saxlamalı, idarə etməli və sözünü ona yeritməyi bacarmalıdır. Beləcə nəfs əmmarəlikdən (daim pisliyi edən) ləvvaməyə (özünü tənqid edən), ləvvamədən mütmainnəyə (yəqinlik hasil edən), oradan raziyyə və mərziyyəyə, hətta insanın istedad və qabiliyyətinə görə zakiyə və safiyə pilləsinə yüksələr, mələkləri belə ötüb keçər. Ancaq bunun yolu ilk öncə nəfsə nəzarətdən, onu cilovlamaqdan keçir. Nəfsə hakim olma yollarından biri də təvəccöhü-nasdan (insanların hüsnü-rəğbətindən) uzaq olmaq, istəməyərək də olsa belə bir vəziyyətlə üzləşərkən onu istidrac olma əndişəsi ilə qarşılamaqdır. Bu səbəbdən ruhi-mənəvi tərbiyə görmüş bir insan əsla təvəccöhü-nası istəməz, belə bir təmənna ummaz. Təvəccöhün əsas xüsusları ilə qarşılaşarkən də səmimi qəlblə Allaha əl açaraq, hətta bəzən Allaha əl açdığını belə bildirmədən ya bir səcdədə, ya bir rükuda, ya da bir təsbihatda "Nə olar Allahım! Məni bir anda olsa nəfsimlə baş-başa qoyma, bu təvəccöh təmənnasını içimdən çıxar at!" deyə dua edər.

Alqış altında əzilənlər

Cənabi-Haqqın inanan insanların Onun rizası üçün göstərdiyi cəhd və səyə, ortaya qoyduğu vifaq və ittifaqa, bir olmasına, birlikdə hərəkət etməsinə görə bəzi lütf, inayət və təvəccöhü ola bilər. Məsələn, belə bir inayət və təvəccöhün nəticəsində Anadolu insanı dünyanın hər tərəfində böyük fəaliyyətlər həyata keçirir. Mərhum Bülent Ecevitin – yeri cənnət olsun – bu fəaliyyətlərlə bağlı belə bir mülahizəsi var: "Osmanlı Dövləti böyük bir dövlət olaraq dünya müvazinətində müvazinət amili idi. Bütün dövlətlərə sözünü keçirə bilirdi. Lakin o dövrdə belə bu səviyyədə bir fəaliyyət (açılım) olmamışdı". İndi insanlar bu böyük açılıma və bu açılımı həyata keçirən, ona dəstək verən insanlara, bu fəaliyyətin fikir memarlarına baxarkən işin arxasında görünən insanları gözdə böyüdüb onlara böyük təvəccöh, hüsnü-rəğbət göstərə bilər. Hətta bəzən bu təvəccöhü qat-qat böyüdüb şişirdə də bilərlər. Bu məqamda əgər insan "həzmi-nəfs" edə bilməmiş, hər şeyi yerli-yerinə qoya bilməmiş, fəaliyyətlərin vifaq, ittifaq, anlaşma, uzlaşma, məntiqlilik kimi dinamizmlərinə bəxş edilən ilahi lütf və inayəti görə bilməmişsə, xalqın göstərdiyi iltifat və təvəccöh onun ağlını başından ala bilər.     

Buna görə də sizin üçün “təvəccöhləri qəbul etməmə” bir prinsip olmalıdır. Bəli, necə böyük nailiyyət əldə edilir-edilsin, bütün yaxşılıqların, bütün gözəlliklərin, uğur və müvəffəqiyyətlərin Allahdan olduğunu və Ona aid edilməsinin zəruriliyini heç vaxt unutmamalıyıq. Əks təqdirdə insanların yersiz təvəccöh, şişirtmə, alqışları qarşısında hədisin ifadəsi ilə “boynumuz qırılar”, belə bir təvəccöh və iltifatın altında qalıb əzilərik. Xatırladığınız kimi, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) yanında bir nəfər başqa bir nəfəri uğurlarına görə təqdir edir. Bunu görən İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) "Qardaşının boynunu qırdın!" buyurur. Çünki təqdir edilən şəxsin o (tərif) yükünü daşımağa gücü çatmayacaqdı. Ancaq neyləmək olar, insanları bu cür iltifat və alqışına mane olmaq mümkün deyil. Bir də görürsünüz ki, böyük alayların, batalyonların əldə etdiyi qəniməti gətirib bir adama verirlər və "filan qurtardı, filan yaratdı, filan belə vifaq və ittifaq abidəsidir" kimi sözlər işlədirlər. O yazıq da, bunları edə bilməyəcəyinin fərqinə varmadığına görə deyilənləri qəbul edir. Məhz buna görə də bacardıqca təvəccöhü-nası qırmalı və həmişə sadə bir qul kimi öz mövqeyimizi dərk etməliyik.

Məsələn siz bütün könülləri fəth etmək, bütün ruhları yumşaltmaq, insanları uzlaşdırmaq, öldürücü və qorxunc silahların at oynatdığı bir dövrdə dünya miqyasında sülhü bərqərar etmək uğrunda cəhd və səy göstərirsiniz. Haqq-Təala sizi bu gözəl işdə müvəffəq edə bilər. Buna binaən insanlar sizə təvəccöh göstərib "o elədi”, “o həyata keçirdi", hətta bu günün yanlış ifadəsi ilə desək, "o yaratdı" da deyə bilərlər. Bütün bu mülahizələrə cavab olaraq insanın özünü bu şeylərdən təcrid etməsi və bu rəğbəti qəbul etməməsi çox əhəmiyyətlidir. Çünki bütün bu müvəffəqiyyətlər nisbi, kisbi və şərti-adi olan iradəmizi ortaya qoyduğumuza görə Cənabi-Haqqın bizə lütfdür. Hətta bidayətdə, işin başlanğıcında belə Onun sövqü ilə iradəmizi ortaya qoyuruq.

Təvəccöhü xidmətə təvcih et (yönəlt)!

Lakin bütün bunlara baxmayaraq bəzən təvəccöhü uzaqlaşdırmaq mümkün olmur. Belə vəziyyətlərdə insan onu əhvəni-şər (iki şərdən daha zərərsiz olanı) və ya xeyri-kəsirlə (böyük xeyir) müqayisədə xeyri-qəlil (kiçik xeyir) kimi xidmət üçün istifadə etməlidir. Yəni kimsə sizə təvəccöh edirsə, imkan daxilində, bu təvəccöhü təvəccöhə həqiqi mənada layiq olana istiqamətləndirin. Əlinizdə bir fırça olsa və hər hərəkətlə heyrətamiz mənzərələr təsvir etsəniz, yenə də bunu rahatlıqla deyə bilməlisiniz: "Vallah, billah, tallah bunları Allah etdirir. Məndə bu qədər mükəmməl iş görməyə qabiliyyət, istedad və üfüq yoxdur". Məsələn, Hz. Piri Muğan ona təvəccöh edib yanına gəlmək istəyənlərə: "Niyə bu qədər pul verib xərcə düşürsünüz. Oturub əsərləri oxusanız, daha yaxşı olar" kimi sözlər deməklə insanların nəzərini başqa tərəfə istiqamətləndirir.

Bəli, insanlar ətrafınızda halqalar meydana gətirir, sizə təvəccöh edir, sizin tövsiyələrinizi dinləyirsə və sizin də bu təvəccöhü özünüzdən uzaqlaşdırmağa imkanınız yoxsa, elə isə bir ictihad xətası olan bu təvəccöhü – hüsnü-zənn əsaslı ictihad xətası onlara savab belə qazandıra bilər – lazımi işlərə istiqamətləndirməklə dəyərləndirə bilərsiniz. Əlbəttə, bu məqamda təvəccöh edilən şəxsin Allahla irtibatı, bağlılığı möhkəm olmalıdır ki, “boynu qırılmasın”..

Həmçinin insanların bir məfkurəyə dərindən inanıb etimad etməsi əvəzolunmaz fürsətdir. Məhz bu fürsəti millətimiz üçün, bəşəriyyət üçün səmərəli şəkildə dəyərləndirmək lazımdır. Məsələn siz sizə təvəccöh edənlərə belə deyə bilərsiniz: "Təhsil müəssisələri və mədəniyyət ocaqları millətimiz və insanlıq üçün həyati əhəmiyyət daşıyır. Ona görə də hər yerdə məktəb açın, mədəniyyət ocaqları qurun. Əgər tək başına edə bilmirsinizsə, hümmətinizi birləşdirin, imkanlarınızı bir araya gətirin və beləcə daha böyük işləri, daha böyük xidmətləri qayə seçin və beləcə dünyanın müxtəlif bölgələrində ruhunuzun ilhamlarını qəlblərə boşaltmaq üçün əlverişli mühit hazırlayın!"

Yoxsa el-aləmin sizi alqışlamasının, göylərə qaldırmasının sizin axirətiniz üçün heç bir faydası yoxdur. Bəli, bunlar sizin üçün bir üstünlük deyildir, sadəcə nəfsani hislərinizi təmin edər. Əslində buna hislərin təminindən çox insanı təmənnaya sövq edən, sövq edib onu mütəmadi anguaz və stressə salan bir fəlakət desək, daha doğru olar. Bəli, bu təmənna insanı təvəccöh və alqış acgözünə çevirməkdən başqa bir işə yaramaz. Dövlət idarəsində zirvəyə çatmış bir insan özü kimi bir şəxsin yas mərasimində yüz minlərlə insan iştirak etdiyini görüb "Görəsən mən öləndə məni də bu qədər insan yola salacaq?" deyir. Sən həqiqi mənada öləndən, yəni həyatda ikən ruh və qəlb həyatını öldürdükdən sonra, həmin kütlədən on dəfə çox insan gəlsə, namazını da qılsa, bütün bunların sənə nə faydası var?! Çünki hər şey qəbir qapısına qədərdir. O qapıdan sonra əsas məsələ Allahla münasibətdir. Sağ ikən Allahla irtibatın nə səviyyədə idi? Onun rizasını axtarırdınmı? "Allahım, məndən razı ol!" deyirdinmi? "Allahım! Məni “mən”in əsarətindən qurtar, “Sən”ə qovuşdur. Maiyyətinə çatdır!" deyə bir diləyin oldumu? Əgər belə bir dua və diləyin olmayıbsa, yasına milyonlarla insan da gəlsə, sənə bir fayda verməz!

Xülasə, siz bir tərəfdən xalqın təvəccöhünü uzaqlaşdırmalı, digər tərəfdən də bu hüsnü-rəğbəti bu və ya digər formada səmərəli istifadə etməyə çalışmalısınız. Bəli, insanların etimadını, hüsnü-zənnini və tövsiyələrinizə etibarını onların üxrəvi həyatı istiqamətində dəyərləndirməlisiniz. Məsələn, mən bir kənd təsərrüfatı mütəxəssisi olsam, sözümü dinləyənlərə əkinçilik üzrə mütəxəssis kimi yetişmə yollarını göstərərdim. Və ya yaxşı kimyaçı olsam, onlara kimyanın müxtəlif yönlərindən istifadə metodlarını öyrədərdim. Məsləyimiz etibarilə insanları irşada sövq etmək də bu cür səy göstərməkdir. Təvəccöh fürsətini belə dəyərləndirməliyik. Bununla siz günahdan qurtular, onlar da hüsnü-zəndən qaynaqlanan ictihad xətasının savabını qazanarlar.

Lakin bunu da qeyd edim ki, hər kəsdən belə bir rəftar gözləmək, xüsusilə, indiki dövrdə çox çətindir. Çünki şöhrət zəhərli bir bal kimidir. Bildiyiniz kimi, Ustad Həzrətləri bu məsələni izah edərkən: "Şöhrət eynən riyadır, qəlbi öldürən zəhərli bir baldır. İnsanı insanlara əbd və kölə edər… O bəla və müsibətə düşsən, إِنَّا لِلّٰهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ de, o bəladan qurtul..." deyib həm bizə şöhrət fəlakətini, həm də ondan xilas olma yolunu göstərir. Bu nöqteyi-nəzərdən bir cəhdlə, bir həmlə ilə insanların müsbət yöndə dəyişməsini, şöhrət hissini ayaq altına salıb əzməsini gözləmək doğru deyil. İnsanlardan belə bir şey gözləsəniz, inkisarı-xəyala düşərsiniz. Bu məsələdə ancaq yavaş-yavaş, tədricən və insanları alışdıra-alışdıra nəticə əldə etmək olar.


[1] Bir şeyin varlığını danma,

[2] Açıq-aşkar fasiq və kafir olan bir insanın kəramət kimi qeyri-adi hallara məzhər olması, istəklərinin yerinə yetməsi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.