Üslub və hikmət
Sual: Bəşəriyyətin üslubsuzluq məngənəsində, ziddiyyət və təzadlar pəncəsində inildədiyi bir dövrdə həqiqətlərin hədər olmaması üçün gözəl üsluba və xüsusilə də üslubda hikmətə ehtiyac duyulduğunu görürük. Bu nöqteyi-nəzərdən Quranın bir həqiqəti olan “hikmət”i necə anlamalı və həyatımıza necə tətbiq etməliyik?
Cavab: “Həkim”/”hakim”, “hakim”, “hökm” sözləri ilə eyni kökdən gələn və məna-məzmun baxımından bu sözlərin hər biri ilə bir cəhətdən bağlı olan “hikmət” kəlməsinə, bildiyiniz kimi, bu günə qədər bir çox tərif verilmişdir. Bəzi alimlər onu əşyanın ləduniyyatına[1], batininə, mavərattəbiəyə[2] vüquf[3], metafizik, metapsixik hadisələrə ittila[4], zehnin hüdudunu aşaraq başqa dərinliyə baş vurma hesab etmişlər.
Bəziləri bir işin vicdanın dörd əsası - hiss, şüur, iradə və lətifeyi-rəbbaniyə tərəfindən qəbul olnunacaq şəkildə ortaya qoyulmasına “hikmət” demişlər.
Kimiləri də “hikmət”i öz dəyərlərindən güzəştə getmədən müxatəbin hissiyyatını nəzərə alıb, bir mənada, onun hissiyyatını oxşayan bir üslubla inandığı dəyərləri başqalarına çatdırma və xeyirxahlıq etmə şəklində başa düşmüşlər. Zənnimcə, sualda məhz hikmətin bu cəhəti nəzərdə tutulur.
"Rəbbinin yoluna hikmətlə dəvət et!"
Qurani Kərimdə "
ادْعُ إِلَى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ
- İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et!" (“Nəhl” surəsi, 16/125) ifadələri ilə bəyan olunan həqiqət, güman ki, “hikmət”in bu cəhətinə işarə edir. Cənabi-Haqq bu ayeyi-kərimə ilə doğru yola dəvət, haqq və həqiqətə çağırma kimi çox mühüm və qüdsi bir vəzifənin hikmətlə, hikmət çərçivəsində yerinə yetirilməsini əmr edir.
Gəlin mövzunu misallarla bir az açaq. Deyək ki siz, bir insana haqq və həqiqətdən danışacaqsınız. İlk növbədə bu mühüm iş üçün əlverişli şərait hazırlanmalıdır. Məsələn, qəlbinizdəki sevgi və səmimiyyətin təzahürü kimi əvvəlcə onu yeməyə, çay içməyə dəvət edə bilərsiniz. Dəvət qəbul olunduqdan sonra ilk görüşünüzdə içdən, təbəssümlə əlini sıxıb dostluğunuzu, səmimiyyətinizi göstərə bilər, həmsöhbətinizi öz mövqeyində qəbul edib düşüncələrinə hörmətlə yanaşaraq öz mülayimliyinizi nümayiş etdirə bilərsiniz. Bu xoş niyyətli davranışların hər biri sizi müxatəbinizə bir addım yaxınlaşdıracaq, onun da sizə doğru bir addım gəlməsinə zəmin hazırlayacaq və nəticə olaraq bütün bunlar ona çatdırmaq istədiyiniz həqiqətlərin qəbuluna şərait yaradacaqdır. Bəli, siz səmimi şəkildə təbəssüm edər, həmsöhbətinizə gözəl davranarsanız, onun da sizinlə gözəl rəftar etməsinə, gözəl söz söyləməsinə və gözəl sözlərinizi qəbul etməsinə zəmin hazırlamış olarsınız.
Davranışda olduğu kimi, üslubda da hikmətli olmaq çox vacibdir. "Doğru" bilavasitə çox dəyərli olduğuna görə hər sözümüz doğru olmalıdır. Lakin doğrunu qarşıdakına çatdırarkən şərtləri, zamanı, əhval-ruhiyyəni, insanların hissiyyatını nəzərə almaq lazımdır. “Doğrunu söyləyirəm” deyə həqiqətləri insanların üzünə vurmaqla, başına qaxmaqla təqdim etsəniz, dəyər verdiyiniz həqiqətlərə ilk növbədə özünüz hörmətsizlik etmiş, dolayısilə müxatəbinizi də hörmətsizliyə sövq etmiş olarsınız. Bu, üslubda hikməti qoruya bilməməyin acı nəticəsidir.
Ürəyimi ağzıma gətirən an
Yeri gəlmişkən bir xatirəmi, icazənizlə, danışmaq istəyirəm. Həbsdə bəzi “solçu” yoldaşlarla eyni kamerada qalırdıq. Bir gün mən imkan tapıb onlara bir məsələni çatdırmaq istədim. Ancaq söz arasında Karl Marks əleyhində bir söz işlətdim. Onların içində fəqirə (özünü nəzərdə tutur) hörmətlə yanaşan bir memar yoldaş da vardı. Hətta bu şəxs dialoq və xoşgörü fəaliyyətləri başlayanda bir qəzetdə təqdiramiz yazı da yazmışdı. Belə yaxın münasibətimiz olan bir adam, mən Marksa azca toxunanda dərhal ayağa qalxdı və: "Xoca! Başlayım?" dedi. Məhz o an ürəyim ağzıma gəldi. Çünki başlasaydı, (Allah qorusun) Allahdan, Peyğəmbərdən, Qurandan başlayacaqdı. Mənim o vaxt açdığım məsələni “zaman” adlı o böyük müfəssir iyirmi il sonra hayqıraraq elan etmiş və o təsbitimin yanlış olmadığını ortaya qoymuşdu. Bəli, söylədiyim səhv deyildi, lakin bu da bir həqiqətdir ki, müxatəbin hissiyyatını, anlayışını nəzərə almadan doğrunu onun başına vurmaq da hikmətə uyğun deyil və yanlış üslubdur. Çünki Qurani-Möcizül-Bəyan: "
وَلاَ تَسُبُّواْ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللَّهِ فَيَسُبُّواْ اللَّهَ عَدْواً بِغَيْرِ عِلْمٍ
- Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər" (“Ənam” surəsi, 6/108) buyurur. Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə ana-ataya söyməyin böyük günah olduğunu bildirir. Səhabələr təəccüblə: "Adam heç ana və atasına söyər?" deyincə Allah Rəsulu (əleyhissalatu vəssalam): "Bəli, bir nəfər durub başqa birinin atasına söyər (nasəza, nabəca sözlər deyər), o da qayıdıb onun atasına söyər. Durub anasına söyər, o da onun anasına söyər" (Buhari, Edeb 4) buyurdu. Əgər Quran və sünnə belə əmr edirsə, mənim o hərəkətim, əlbəttə, doğru deyil. Buna görə mən o səhvimi heç vaxt unutmadım, unuda bilmirəm. Bəli, o insanların qəlbini qırmağın heç bir mənası yox idi. Nəsə demək vacib idisə, onları incitmədən, üsluba uyğun şəkildə ifadə edilməli idi. Ağlı və məntiqi bir kənara atıb, məsələlərə hissi yanaşıb hikmətdən uzaq bir üslub işlətmək böyük xətadır ki, indiyə qədər bu mövzuda çox şey itirmişik. Zənnimcə, içinizdə bu mövzuda mənim qədər keçmişini sorğu-suala çəkən, gündə bəlkə, əlli dəfə nəfsini qınayan, danlayan başqa bir adam yoxdur. Dönüb həyatıma baxıram; ilk dəfə kürsüyə çıxandan məscid söhbətlərinə qədər günləri gözümün qabağına gətirir və ağlıma gələn hər səhvimə görə: "Kaş ki, bunu söyləməsəydim, kaş ki bunu bu vaxt deməsəydim" deyib ah çəkirəm. Bəzən də ayaqlarımda zəncir hiss edirəm öz-özümə: "Ayıb olsun sənə! Ağılsız insan!" deyirəm.
Üslubda hikmət və şəfqətli həkim
İcazənizlə bununla bağlı bir xatirə də danışım. Ədirnədə xütbə verdiyim bir məscidə bir neçə hakim və prokuror gəlirdi. Hətta onlardan biri həmyerlim olduğu üçün mənə yaxınlıq göstərirdi. Mən minbərə çıxanda üsluba sadiq qalmaq üçün kiməsə söz atmamağa diqqət edirdim. Lakin siz müəyyən bir dövrü nəzərdə tutsanız da, insanlar məsələni bu dövrün nümayəndələrinə şamil edirlər. Məscidə gələn hakimlərdən biri bir neçə xütbəni dinlədikdən sonra məni ədliyyəyə çağırdı. Ədliyyədə hakim mənə belə dedi: "Bəzi imamlar xütbədə əlindəki mətni oxumağa çətinlik çəkir, hətta bəzən səhv oxuyurlar. Cənabi-Haqq sənə bədahətən nitq istedadı verib. Mən bir neçə xütbənizə qulaq asdım, ümumi söhbətlərinizi götürəndə gördüm ki, siz filankəs haqqında danışırsınız. Xütbənizə qulaq asmağa bu qədər ziyalı gəlir, nə ehtiyac var bunları deməyə?"
Bütün bunlar gözümün qabağına gələndə öz-özümə: "Əgər o insan məscidə gəlirsə, dini, dinin gözəlliklərini çatdırma, hikmətlə ruhuna nüfuz edib könlünə girmə imkanı var ikən, işarə ilə də olsa, onların: “Bu imam filankəsi tənqid edir, halbuki o, yaxşı adamdır” deyə düşünməsinə imkan verilməməlidir. Çünki belə bir vəziyyətdə ağzınızdan ləl-cəvahirat da tökülsə, qarşıdakı şəxs sizə qulaq asmaz. Halbuki dəyərləri sevdirmənin yolu qəlbləri oxşamaqdan aslıdır. Allah (cəllə cəlaluhu) fironun yanına gedən Hz. Musaya: "
فَقُولَا لَهُ قَوْلاً لَيِّناً لَعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَى
- Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" (“Taha” surəsi, 20/44) buyurmurmu?
Bəli, söz açdığınız mövzuların doğru olması başqa, o doğrunu təqdim etmə üslubu başqadır. Məsələn, həmsöhbətiniz, Allah qorusun, küfrə batmış, zəlalətə, günah cəhənnəminə düşmüş ola bilər. Belə insanların xəta və günahlarını üzlərinə vurmayın və məsələlərə mahir bir həkimtək yanaşın. Reanimasiyadakı bir xəstəyə necə baxılır, necə şəfqətlə, diqqətlə müalicə edilir? Bunun kimi insaflı, mərhəmətli bir mürşid də mənəvi xəstəlikdən taqəti kəsilmiş bir insana xəstəlikləri üzünə vurmaq, başına qaxmaq əvəzinə müalicə üçün nə lazımsa, onu etməyə çalışmalıdır.
Yumşaq söz və açılan qəlb qapıları
Bir xəstəliyim vardı. Müalicə üçün yanıma çox nəzakətli bir həkim gəlirdi. Mənə, bəlkə, əlli cür hərəkət etdirdi, ancaq alicənablığına və nəzakətli üslubuna sadiq idi. Məsələn, ayağımı hərəkət elətdirməli idisə: "Xahiş edirəm, ayağınızı qaldırın", ayağımı endirməli idisə: "Xahiş edirəm, endirin!" və ya sağa dönməli idimsə: "Xahiş edirəm, sağa dönün!", sola dönməli idimsə: "Xahiş edirəm, sola dönün!" deyir və hər hərəkətdə mənə olduqca sayğılı və nəzakətli bir üslubla müraciət edirdi. Əslində belə xəstəyə, məncə, məhz belə davranmaq lazımdır. Çünki müalicə əsnasında xəstənin ürəyi sıxıla bilər və bəlkə, həkimin yanlış bir hərəkəti o insanda yeni problemlərə yol aça bilər. Buna görə də xəstənin sağalması üçün inamın sarsılmaması, təbabətə etibarın azalmaması və ümidsizləşməməsi böyük əhəmiyyət daşıyır. İnsanın fiziki həyatı ilə bağlı məsələlər belə olduğu kimi, psixoloji və mənəvi həyatı ilə bağlı məsələlər də belədir. Şəfqətli bir həkim kimi münasibət qurduğunuz insana onu incitmədən, qırmadan elə bir üslubla yanaşmalısınız ki, qəlbini qazanasınız.
Bu mövzuda Allah Rəsulunun (əleyhi əlfü əlfi salətin və salam) həyatından bir nümunə vermək istəyirəm. Uzun müddət münafiqlik edən bir insan peşman olub həqiqəti dərk edir və bu duyğularla Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) hüzuruna gəlir. Bütün həyatını danışdıqdan sonra özü kimi düşünən, ortada qalmış başqa insanların olduğunu, onları da hüzuruna gətirə biləcəyini deyir. Ancaq Peyğəmbərimiz (əleyhissalatu vəssalam) münafiqlərlə məsafəli davrandığına görə bu təklifi qəbul etmir. Bax bu çox vacib strategiyadır. Çünki hər gün onlardan birinin Peyğəmbərimizin tərəfinə keçdiyini görən münafiqlər yeni bir cəbhə meydana gətirəcəkdi. Daha sonra da özlərini müdafiə etmək üçün müxtəlif yollar axtaracaq, yersiz şaiyələr yayacaq, o cümlədən batilə fəlsəfə uydurub batil düşüncələrində daha da dərinləşəcəkdilər. Lakin Rəhbəri-Küll Müqtədayi-Əkməl Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya) uca fətanət və fərasəti ilə buna imkan vermədən məsələni həll edir. Beləliklə o münafiqlər yavaş-yavaş inananların tərəfinə keçir və nəticədə Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əfdaluttahiyyat və əkməlüttəslimat) ruhunun üfüqünə yürüdüyü bir dövrdə hamısı əriyib yola gəlir, onlardan bircə münafiq də qalmır.
Xüsusilə, xudbinliyin artdığı belə bir dövrdə üsluba çox diqqət etmək lazımdır. Tövhid həqiqəti bizim həyatımızın qayəsidir. Onun yolunda min canımız olsa, qurban verərik. Lakin tövhid həqiqətini ifadə edərkən belə zamanı və şəxsləri düzgün seçməli, müxatəbimizin hissiyyatını və əks-reaksiyalarını nəzərə almalıyıq. Sözlərimiz insanları bizə qarşı çıxarmamalı, rəncidə etməməlidir və əsla fikirləşmədən, götür-qoy eləmədən danışmamalıyıq. Çünki bu məsələ çox əhəmiyyətlidir. Məhz bu çərçivədə hərəkət etməyə “hikmət”, o üsluba da “hakim” üslubu deyilir. Bunun xaricində qalan söz və davranışlar isə kobud söz, qaba rəftar və davranışlardır.
Ümuma xitab və səhvi üzə vurmama
İnsanlığın İftixarı (əleyhi əkməlüttəhaya) ümumiyyətlə heç kimin və heç bir qövmün bilavasitə xətalarını üzə vurmamışdır. Bu da bir həqiqətdir ki, O, sədaqət və vəfa timsalı, yoldan azma ehtimalı olmayan bəzi səhabələrinin səhvlərini üzlərinə demişdir. Məsələn, Hz. Əlini (r.a.) namaza qaldıranda o: "Allah diləsə idi, durardım" demişdi. İki Cahan Sərvəri Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu zaman əlini dizinə vurub: "
وَكَانَ الْأِنْسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلاً
- İnsan isə ən çox mübahisə edəndir." (“Kəhf” surəsi, 18/54) demişdi. Hz. Əli bu hədisi-şərifi şəxsən özü nəql edir. Hədisdə insan oğlunun mübahisə etməsi tənqid edilsə də, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bilirdi ki, Əlini (r.a.) qarşısında oturub bir neçə şillə vursa, o, yenə də küsüb getməz. Ancaq Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu hərəkəti bəzi şəxslərlə məhdudlaşır, ümumi üslubunu əks etdirmir.
Məsələn, Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əlfü əlfi salətin və salam) bir nəfəri bir bölgəyə zəkat amiri kimi göndərmişdi. O şəxs də getdiyi yerdən vergiləri toplayıb gətirmişdi. Ancaq amirlər o dövrdə vali, hakim kimi nüfuzlu şəxslər olduğuna görə bəzi yerlərdə xalq vergilərlə yanaşı onlara hədiyyələr gətirirdi. Bu şəxs xalqdan topladığı vergiləri təslim edərkən: "Bunlar sizindir, bunlar da mənə hədiyyə edildi" deyib verilən hədiyyələri ayırmışdı. Bu zaman minbərə çıxan Allah Rəsulu (əleyhi salavatullahi və səlamuh) Allaha həmd-səna etdikdən sonra həmin şəxsə adı ilə xitab edib utandırmamaq üçün ümuma: "Mən sizdən birinə Allahın mənə əmanət etdiyi bir vəzifə tapışırıram. Sonra o adam gəlib: “Bu, sizə aiddir, bu da mənə hədiyyə verildi” deyir. Əgər bu adam doğru söyləyirsə, ana-atasının evində otursun, görüm hədiyyəsi ayağına gəlirmi?" (Buhari, Hiyel 15) buyurur. Bu sözdən həm o şəxs səhvini başa düşüb dərsini alır, həm də xalq ibrət götürürdü.
Huneyn hadisəsindən sonra baş verənlər də buna misal ola bilər. Bildiyiniz kimi Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) İslamı qəbul etsələr də hələ “müəlləfeyi-qülub”[5] olan bəzi məkkəlilərə qənimətdən pay verməsi ənsarı-kiramdan bəzi gəncləri narahat etmişdi. Onlardan bəziləri belə deyirdi: "Onların qanı hələ qılıncımızdan damır, amma ən çox payı onlar alırlar". Bundan xəbər tutan Allah Rəsulu (əleyhissalatu vəssalam) Ənsarı bir yerə torplayaraq bu sözü deyənləri rəncidə etmədən ümuma xitab edir. Əvvəla özünün onlara Cənabi-Haqqın bir neməti olduğunu xatırladaraq belə buyururur: "Mən gələndə, siz zəlalətdə deyildiniz? Allah mənim vasitəmlə sizə hidayət vermədi? Mən gələndə yoxsul deyildiniz? Allah mənimlə sizi zənginləşdirmədi? Mən gələndə siz bir-birinizə düşmən deyildniz? Allah mənimlə sizi barışdırmadı?" Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlara hər səslənişdə Ənsar: "Bəli, minnət və təşəkkür Allah və Rəsulunadır" deyirdi. O Rəhbəri-Küll-Müqtədayi-Əkməl Peyğəmbərimiz də (əleyhi əkməlüttəhaya) hər zamankı kimi yenə də oxu hədəfindən vurub sözünü belə nöqtələyirdi: "Ey Ənsar topluluğu! Hər kəs evinə dəvə ilə, qoyunla qayıdarkən, siz evlərinizə Rəsulullahla qayıtmağa razı deyilsiniz?" Ənsarı-Kiram göz yaşları tökərək: "Razı olduq!" deyib təslimiyyət və məmnuniyyətini ifadə edirlər (Buhari, Menakıbü'l-Ensar 1-2). Bu hadisələrdə göründüyü kimi Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) kimsənin xətasını üzünə çırpmadan, yumşaq, şəfqətli bir həkim kimi davranmış və problemləri gözdən tük çəkər kimi həll etmişdir.
Bunların hamısı qazanma məsələsidir. Siz də əgər qazanmaq istəyirsinizsə, nəyin insanları qaçırdığını, nəyin cəlb etdiyini çox yaxşı bilməli və daim "
بَشِّرُوا وَلاَ تُنَفِّروا ويَسِّرُوا وَلاَ تُعَسِّرُوا
- Müjdələyin, nifrət etdirməyin, asanlaşdırın, çətinləşdirməyin!" (Ebu Davud, Edəp 20) nurlu bəyanı istiqamətində hərəkət edərək şəfqət və mülayimliklə qəlbləri fəth etməyə çalışmalısınız.[1] Lədunn-Xüsusi bir biliyin adıdır. Bu elmə vaqif olan insan gizli, örtülü, sirli bilikləri kəşf edərək, açaraq gördüyü kimi, İlahi sirlərdən də xəbərdar olur. Bu elmin müəllimi və sultanı Kainatın Fəxri Peyğəmbərimizdir (s.ə.s.). Ləduniyyat-Allahın xüsusi şəkildə batinə ehsan etdiyi hər şeydir. Burada qeyd olunanlarla əşyanın pərdə arxasını nəzərdə tutulur.
[2] Metafizika
[3] Vaqif omaq
[4] Agah olmaq
[5] Qəlbləri İslamiyyətə isindiriləcək şəxslər
- tarixində yaradılmışdır.