Vəhmin izaləsi

Sual: Nə qədər şəffaf hərəkət edilir-edilsin, qatı qərəzli insanların Könüllülər Fəaliyyəti haqqında "gizli gündəlikləri var (hidden agenda)[1]” kimi vəhmləri aradan qalxmır. Bu mövzu ilə bağlı fikrilərinizi və adanmış ruhların çiyninə düşən məsuliyyəti bizimlə bölüşə bilərsinizmi?

Cavab: Ümumiyyətlə, demək olar, bütün dünyada ciddi mənada xroniki paranoyya hökm sürür, hər şeyə əndişə və şübhə ilə baxılır. Hətta bəzi yerlərdə paranoyya cinnət[2] səviyyəsinə çatıb. Hz. Pirin ifadəsi ilə imkanat[3] vüquat[4] yerinə qoyur, sonra da bu imkanat əsasında insanlar haqqında hökm verirlər. Bildiyiniz kimi, Ustad Həzrətləri məhkəmədə onun haqqında irəli sürülən əsassız ittihamların müqabilində bir məqama diqqət çəkir: “məhkəmə hakimi və prokurorunun da cinayət işləmə ehtimalı var və əgər ehtimallara görə insanlar dərdəst edilib istintaqa cəlb olunursa, onlar da mühakimə edilməlidir.

Bəli, ehtimallarla hökm verib insanların gələcəyi haqda fantaziyalar qurmaq və bu yolla onları potensial günahkar kimi göstərmək ancaq cinnətin əlaməti ola bilər. Lakin neyləmək olar, dünyada məhz belə bir cinnət hökm sürməkdədir. Dolayısilə, bu cür cinnət tutan insanlara özünüzü (inanc və dəyərlərinizi) ifadə etməyiniz olduqca müşküldür. Buna görə də ilk növbədə bu reallığı qəbul etməli, sonra da ümidsizliyə qapılmadan, bezmədən-usanmadan hüsnü-niyyətinizi, gələcəklə bağlı heç bir gizli plan və “gizli gündəliyinizin” olmadığını sözlə, davranışla ortaya qoymalısınız. Bəli, nə bizim gündəliklərimiz, nə “gündəlik”lərimizdə gizli planlarımız, nə də gələcəklə bağlı sirlərimiz var, ola da bilməz. Ona-buna müdaxilə etmə, nə isə dəyişdirmə.. həvaü-həvəs arxasınca düşmə bizim duyğu və düşüncə dünyamıza yaddır. Məncə, belə bir arzu nəinki ömrünü bu yola həsr etmiş, onun göbəyində, mərkəzində olan insanların, heç Könüllülərlə uzaqdan-yaxından əlaqəsi olanların da yuxusuna girməz. Buna görə də “adanmış ruhlar”a onlara aid edilən belə şeyləri desəniz, "Allah, Allah! Siz nədən danışırsınız!?" deyib məsum-məsum üzünüzə baxacaqlar. Bəli, onların xəyalına da, yuxusuna da belə paranoyyalı fantaziyalar gəlməz.

"Allaha nədə vəfasızlıq etdiyimi gördünüz ki?"

Haqq rizasını qazanmağı ən böyük qayə bilənlər dünyada ən dəyərli şeyə talib olmuş sayılırlar. Bu qayəyə çatmaq üçün bütün ömrü fəda etsələr də, az sayırlar. Onlar bu məqsədə çatmaq üçün ileyi-kəlimətullahı və Allahın cəlil adını bütün dünyaya yaymağı əsas vasitə hesab edirlər. Xüsusən, hal-hazırda dinin düzgün anlaşılmasını təmin etmək, yanlış düşüncə və şərhlərin qarşısını almaq, onları düzəltmək böyük əhəmiyyət kəsb edir. Bəli, din yolunda xeyirxahlıq etdiyini sanıb zorakılığa əl atan, qan tökən insanların hərəkət və davranışlarının yanlış olduğunu göstərmə, “silm”, “səlamət” sözündən gələn İslamın həqiqi mahiyyətini ortaya qoyma Allah rizasını qazandıran ən doğru, ən kəsə yollardan biridir. Bu gün biz inananlar Rəbbimizin rizasını qazanmaq üçün əlimizdən gələn qədər bu yolda olmağa çalışırıq. Buna görə də doğru olan, doğru əmrlərlə gələn və doğruluğu təlqin edən İslamiyyətin düzgün anlaşılması üçün səy göstərir, onun ümumbəşəriliyini, cahanşümulluğunu insanlara çatdırmağa çalışırıq. Həmçinin müxtəlif anlayış, dünyagörüşə və həyat fəlsəfəsinə malik insanlar arasında müştərək mühitlər təsis etmək və bununla müxtəlif kültürlərlə ortaq dəyərlərə malik olduğumuzu, bu dəyərləri bölüşməyin, paylaşmağın mümkünlüyünü göstərmək istəyirik.

Əgər siz bu ali həqiqətlərə təşnəsinizsə, ömrünüzü buna həsr etmişsinizsə, bu yolda fədakarlıq göstərirsinizsə, haqqınızda deyilən "filan planları, bəsməkan işləri var" sözlərini eşidəndə çaş-baş qalar və belə şeyləri öz adınıza tənəzzül sayarsınız. Hətta qənaətimcə, “adanmış ruhlar”ın böyük səmimiyyətlə həyata keçirdiyi bu fəaliyyətlər (birbaşa imana xidmət və könülləri fəth etmək məqsədini daşıdığı üçün) İstanbulun fəthindən on qat üstün işdir. Əgər mənə desələr ki: "Bu yoldaşlardan, bu xidmət anlayışından, duyğu və düşüncələrindən əl çəksən, sənə Qanuni Sultan Süleymanın belə əliboş qayıtdığı Vyananın açarlarını verəcəyik". Mən onlara: "Allah xatirinə, siz mənim hansı işdə Rəbbimə vəfasızlıq etdiyimi gördünüz ki, məni belə bir tənəzzülə çağırırsınız" deyərəm. Bəli, biz Allahın rizasına talibik. Biz mühüm sərmayə olan ağlımız, fikrimiz, düşüncəmiz, hissiyyatımız, mühakiməmiz, məntiqimizlə Allahın bir dəfə verdiyi həyatı dəyərləndirməyə çalışırıq. Məhz bu düşüncələr, qənaətimcə, hər kəsin virdi-zəbanı, dilinin əzbəri olmalıdır. Bəli, hər imkanda, hər yerdə açıq-gizli bir plana malik olmadığımızı vurğulamalı, izah etməli, hərəkət və davranışlarımızla ortaya qoymalı, işləri də şəffaflıqla görməli və müxatəblərimizə şəffaflıqla təqdim etməliyik.

Tanıdıqca fikirləri dəyişəcək

Unutmayaq ki, insan bilmədiyinin düşmənidir. Hz. Pirə görə, kafirlərin Allaha qarşı düşmənçilik etməsi, münkirlərin İki Cahan Sərvəri ilə ədavət saxlaması Allahı və Rəsulunu tanımamaqla bağlıdır. Bunun kimi İslam düşmənçiliyini İslamın təməl prinsiplərini bilməməklə əlaqələndirir. Buna görə də “adanmış ruhlar” bu istiqamətdə səfərbər olmalı, həyata keçirilən fəaliyyətləri qaynaq və təməl prinsipləri ilə müxatəblərinə izah etməyə çalışmalıdır. İnsanları Türkiyədə fəaliyyət göstərən təhsil müəssisələrində gəzdirmək, onları görülən işlərlə tanış etmək bu baxımdan çox faydalıdır, fikrimcə. Hətta müəssisələrə apardığınız qonaqlara: "Sərbəst olun. İstədiyiniz kimi gəzin. İstəsəniz, gedin şəxsən özünüz tələbələrlə görüşün, fikirlərini soruşun. İmkan və qabiliyyətinizi işə salıb onların ruhuna nüfuz edin, düşüncələrini oxumağa çalışın. Əgər gizli fikirləri, – sualda deyildiyi kimi – “gizli gündəlik”ləri, gündəliklərində gizli planları varsa, onları üzə çıxarın" demək olar. İnanın, bu məsələdə zərrə qədər əndişə və tərəddüd etmirəm. Çünki indiyə qədər bu məktəbləri, bəlkə də, min dəfə təftiş etdilər, lakin qeyri-qanuni heç bir fakt tapmadılar ki, sorğu-suala çəksinlər. Yalnız Türkiyədə deyil, bütün dünyada – Xristianlıq, Yəhudilik, Buddizm, Brahmanizm, Sintoizm, Konfutsizm kimi fərqli mədəniyyətlərin hakim olduğu yerlərdə də belə təftiş və yoxlamalar oldu, ancaq bu təhsil müəssisələrindən mənfi qənaətlə, nəticə ilə geri dönən olmadı. Halbuki bu ölkələrdən bəziləri şübhə və paranoyya ilə idarə olunurdu. Dolayısilə, müxtəlif anlayış və mədəniyyətə malik sözügedən ölkələr on, on beş ildən bəri məktəblərə nəzarət edirdi, ürək döyüntülərini belə dinşəyirdi. Buna rəğmən təhsil fəaliyyətləri bu ölkələrdə də həyata keçirildi. Hətta müxtəlif müəssisələr vasitəsilə bu ölkələrin insanları ilə dialoq quruldu. Hər şeydən şübhələnən bu ölkələrdə belə indiyə qədər insanlarda təhsil və dialoq fəaliyyətləri ilə bağlı mənfi qənaət hasil olmadı.

Bu məqamda diqqətinizi bir xüsusa yönəltmək istəyirəm. Vaxtilə nazir işləmiş dəyərli bir şəxs İngiltərədə bir toplantıdan sonra mənə zəng vurdu və görüb eşitdiklərinə heyran qaldığını bildirdi. Sonra da: "Xocam, yəqin, bu gözəllikləri sonuncu eşidən, anlayan və dəyərləndirən ölkə Türkiyə olacaq," – dedi. Həmin telefon söhbətindən çıxardığım nəticə; niyyət nə qədər xalis olur-olsun, fəaliyyətlər nə qədər şəffaf olur-olsun, məsələlərin doğru anlaşılması üçün kifayət deyil. Bəli, təkcə şəffaflıq kifayət etmir, şübhələri aradan qaldırmaq üçün həm də insanların əlindən tutub müəssisələri gəzdirmək, görülən işləri bir-bir göstərib izah etmək lazımdır. Siz insanları müəssisələrinizə dəvət edib fəaliyyətlərlə tanış etdikcə onlar gizli, sirli bir şey olmadığını görəcək, anlayacaq və qərəzi bir kənara atacaqlar. Bu məqamda əsas məsələ gecə gündüz demədən, səsdən iti bir aksiyon anlayışı ilə ortaya peyğəmbəranə əzm və səy qoymaqdır. Buna görə də on səkkiz saat işləyən yoldaşlardan biri yanıma gəlib bunun kifayət edib-etmədiyini soruşsa, ona "niyə iyirmi saat işləmirsən?!" deyərəm. Çünki sən inancında, səmimiyyətində, vəfanda, sədaqətində qərəzli insanlardan irəlidə olmalısan ki, sənin bu İslami övsafın ilahi təvəccöhlə qarşılaşsın və Allah səni müvəffəq etsin. Çünki Allah insanlarla onların sifətlərinə (vəsflərinə) uyğun rəftar edir.

Bu baxımdan “adanmış ruhlar” bu gözəl və xeyirxah fəaliyyətləri olduğu kimi tanıtmaq və çatdırmaq üçün dəqiqələrini, saniyələrini belə boş keçirməməli, hədər etməməlidir. Bu istiqamətdə müştərək ağıl yaxşı dəyərləndirilməli, yeni-yeni layihələr hazırlanmalı və insanlığın istifadəsinə təqdim edilməlidir. Bəli, insanlar nə qədər qərəzli olur-olsun, Allah onları kərim yaratmışdır, onların xarakterində bu kərimliyin nüvələri mütləq var. Dolayısilə, bir gün gələcək onlar da Allahın izni və inayəti ilə bu gözəl işləri təqdir edəcəklər.

Bu yolun taleyidir qısqanclıqla üzləşmək..

Digər məsələ; qısqanclıq və gözü götürməzliyi normal qarşılamaq lazımdır. Çünki Allah Təala bu ölkənin xalqına bir çox ehsan lütf etdi. Təsəvvür edin ki, tarixdə ən güclü olduğumuz dövr üç əsrlik Osmanlı dövrüdür. Bu zaman kəsiyində Dövləti-Aliyə (Osmanlı) dövlətlər arasında tam hakim mövqedə olmuşdu. Ölkəmizin hazırkı iqtisadi imkan və şəraiti isə göz qabağındadır. Lakin Allaha həmd olsun ki, bu gün o dövrdə belə ayaq basılmayan yerlərə gedilir, Allahın izni ilə yüzə qədər ölkədə təhsil fəaliyyətləri həyata keçirilir. Bu, yüzə yaxın ölkədə fəxri lobbilərin qurulması orada Türkiyənin tanıdılması deməkdir. Mediayada əksini tapdığı kimi, bu təhsil müəssisələrinin məzunları bir Türk dostu olaraq Türkiyədə ali təhsil alır və ya ixtisas üzrə təkmilləşirlər. Bütün bunlara Allahın müstəsna təvəccöhü kimi baxılmalı, qısqanc və qərəzli yanaşmalar təbii qəbul edilməli və bu xüsus əsla yaddan çıxarılmamalıdır.

Yaddan çıxarılmamalıdır ki, şeytan Hz. Adəmi qısqandığına görə məhv olmuşdur. Təbiətinə hakim kəsilən düşmənçilik, qısqanclıq və həsəd gözəllikləri görməsinə imkan verməmişdi. Şeytanın bu halı kin və nifrətdən bir-biri ilə əlbəyaxa olan və ya bıçaq çəkib bir-birinə hücum edənlərin halına bənzəyir. Siz bu özündən çıxmış insanların yanına gedib "Siz Allahın qullarısınız. Bir-birinizin qardaşısınız. Heç qardaş qardaşı vurar?" deyə onları tənbeh etsəniz, çönüb bir bıçaq da sizə saplayarlar. Dolayısilə, o həngamədə, o vurhavurda bu insanlara nəsə başa salmaq müşkül məsələdir.

Heç nəyi qəbul etməyən müəyyən təbəqələrin halı, haləti bundan fərqlənmir. Buna görə də mənfi və neqativ hislərlə gərilmiş insanların sizi həzm etməyəcəyini qəbul etməlisiniz. Bu baxımdan da şəffaf və nəzakətli olmaqla yanaşı, mübaliğəli üslubdan çəkinmək, şou və şouya bənzər görüntülərdən qaçınmaq, kütləni hərəkətə gətirən üslub və davranışlardan uzaq olmaq lazımdır. Onsuz da cüzi iradə ilə görülən işlər kiçik şeylərdir. Lakin biz o kiçik şeyləri belə başqa insanlara aid etməliyik. Məsələn, Cənabi-Haqq sizi bir işdə müvəffəq edərsə, siz: "Bu demokratiyanın neməti və nəticəsidir" deyib uğurları mühit və şəraitlə izah etməlisiniz. Başqa bir uğurunuz haqqında: "Allah Təala xalqın dəstəklədiyi işləri bərəkətləndirir. Əgər belə bir xoşgörü mühiti olmasaydı, biz bu fəaliyyətləri həyata keçirə bilməzdik" deməlisiniz. Bəli, bacardıqca elə üslubdan istifadə etməlisiniz ki, başqa insanlar sizə qarşı həsəd və kin saxlamasın, düşmənçiliyə sövq olunmasın. Onlar bu xeyirxah fəaliyyətlərin necə gerçəkləşdiyini bilsələr də, biz başqa insanların narahat edəcək hərəkətlərdən uzaq dayanmalı və hissiyyatı təhrik etməməliyik, bu çox əhəmiyyətlidir.

Məsələni bir misalla izah etməyə çalışım. Deyək ki, üst mərtəbə qonşunuz alkoqolikdir. Siz onun hər gecə evə sərxoş gəldiyini bilirsiniz. Lakin sizə bir zərəri toxunmasa, o qədər diqqətinizi çəkməyəcək və əhəmiyyət verməyəcəksiniz. Lakin o, sərxoş vəziyyətdə pilləkənləri çıxarkən çığıra-çığıra "Kimin cürəti çatar qarşıma çıxmağa!" deyə haray salırsa, binanı ayağa qaldırıb insanları narahat edirsə, sizin ona reaksiyanız bu dəfə fərqli olacaq. Bu baxımdan bildirmək, tanıtmaq başqa, təhrik etmək tamamilə başqa məsələdir. Buna görə də biz məsələləri heç vaxt çətin, həzm edilməz üslubla təqdim etməməliyik.

Şirk qoşmamaqda qətiyyət

Əslində əqidəmiz baxımından biz bu qədər xeyirxah fəaliyyətlərin bir-iki nəfərə və ya bir qrupa aid edilməsini şirk sayırıq. Bəli, bütün bunlar Allahın inayətidir. Bu həqiqət belə bilinməli, belə də qəbul edilməlidir. Allah (cəllə cəlaluhu) insanlar arasında olan vifaq və ittifaqa görə bu gözəllikləri lütf edir. Çünki vifaq və ittifaq ilahi tövfiqə səbəb olan əvəzsiz vəsilədir.

Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm, hər kəsin bu gözəllikləri qəbul etməsini gözləmək doğru deyil. Əlbəttə ki, daim bu yolda olmalı, ən inadkarların da (insan olduqlarına görə) insani duyğularının bir gün oyanacağına ümid etməliyik. Ancaq qarşı tərəf heç nə anlamayanda da ümidsizliyə qapılmamalıyıq. Bildiyiniz kimi Hz. Nuhun xanımı (peyğəmbər zövcəsi olmasına baxmayaraq) o ülul-əzm peyğəmbəri anlamamışdı. Qurani-Kərimdə Həzrəti Nuhun (ala nəbiyyina və əleyhissalatu vəssalam)  bəyanlarına, iman yolunda ortaya qoyduğu qaneedici üsluba baxanda, həqiqətən, bir peyğəmbər fətanətinə şahid olursunuz. Hz. Lutun (əleyhissalam) xanımı da Hz. İbrahimin tərbiyəsi ilə yetişmiş uca peyğəmbərin təbliğ və təmsilindən heç bir şey anlamamışdı. Hz. İbrahim nə qədər şəfqətli və həlim olsa da, atası imana gəlməmişdi. İnsanlığın İftixarı (əleyhi əkməlüt-təhaya) insanların imanını qurtarmaqdan, onlara əbədi səadəti qazandırmaqdan başqa nə etmişdi ki, Ona bu qədər düşmən kəsilmişdilər. Dolayısilə, bəzən dönüb keçmişə baxacaq, təsəlli tapacaq, dərs çıxaracaq və deyəcəksiniz ki, insanların imana gəlməsindən bu qədər narahat olan zehniyyətə, məntiqə deyiləsi söz yoxdur. Hətta məntiqsizliyin də bir sərhədi var, siz o sərhəd çərçivəsində dediyiniz bir sözə görə xoş qarşılana bilərsiniz. Lakin məntiqsizliyin hüdudu olmayanda sizin deməyə sözünüz qalmaz. Bu zehniyyətin insanları əsassız düşünər, əsassız danışar və əsassız hərəkət edər. Bu baxımdan unutmayın ki, bu dövrdə müəyyən zehniyyətə heç vaxt heç nə izah edə bilməzsiniz. Çünki onlar dünən dediyini sabah, sabah deyəcəyini də birisi gün inkar edə bilər.

Xülasə, bizim bütün qeyrətimiz, – söhbətin başında da ifadə etdiyim kimi, – Allahın rizasını qazanmaq və bu yolda günəşlərdən parlaq və işıqlı olan İslamın dirəxşan[5] çöhrəsini olduğu kimi göstərmək, vurulan ləkələri silərək onu qibtədoğuran tablo şəklində insanlara təqdim etməkdən ibarətdir. Bundan başqa heç bir mülahizə və düşüncəmiz yoxdur. Niyyətimiz və düşüncəmiz məhz budur, buna görə də hər bir qeyri çağırışı tənəzzül sayır və o çağırışlara qarşı da "boş yerə özünü yorma, qapılar qıfıllıdır" deyirik.


[1] Arizona ştatının Tukson şəhərinin Tukson Vikli (Tucson Weekly) qəzetində Tim Vanderpool imzalı 2009-cu ilin son həftəsində çıxan “Hidden agenda” adlı yazıya əsasən

[2] Dəlilik

[3] Mümkünlük

[4] Hadisələr (mümkün olanın baş verməsi)

[5] Parlaq

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.